Azərbaycan Milli Elmlər Akademiyasının

vitse-prezidenti, Nizami adına Ədəbiyyat

İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə

  

Hörmətli İsa müəllim!

Əziz dostlar və həmkarlar!

İcazə verin hamımız üçün əlamətdar gündə - Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illik yubileyinin qeyd olunduğu bir vaxtda taleyi və uğurları bu elm məbədi ilə sıx bağlı olan keçmiş əməkdaş kimi sizi Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin kollektivi adındanöz adımdan səmimi təbrik edim, xalqımız, elmimiz, mədəniyyətimiz üçün son dərəcə gərəkli fəaliyyətinizdə hər birinizə uğurlar və yaradıcılıq sevincləri arzulayım.

Ədəbiyyat İnstitutu 80 ildir ki, mədəniyyətimizə, milli mənəviyyatımıza böyük əzmlə xidmət edir. Klassikmüasir Azərbaycan ədəbiyyatının tədqiqində, folklorklassika nümunələrinin nəşrində, ədəbi-mədəni əlaqələrin araşdırılmasında, ədəbi uğurlarımızın beynəlxalq miqyasda təbliğində, yüksək peşəkarlığı ilə seçilən filoloq-alim kadrlarının hazırlanmasında bir elm ocağı kimi institutun rolu həqiqətən də diqqətəlayiqdir. İnstitut əməkdaşlarının gərgin əməyinin bəhrəsi kimi ortaya qoyulan çoxcildlik Azərbaycan ədəbiyyatı tarixi, bir sıra digər sanballı nəşrlər hər şeydən öncə alimlərimizin yüksək vətənpərvərlik duyğularının, milli-mədəni köklərə bağlılığının, xalqa və ədəbiyyata təmənnasız xidmətlərinin parlaq təzahürü kimi dəyərləndirilməlidir.

Ədəbiyyat İnstitutu həmişə məktəb olub. Vaxtı ilə burada çalışan, adlarını Azərbaycan elminin tarixinə həkk edən və bu günböyük sayğı ilə andığımız görkəmli alimlər özlərinin sözə, ədəbiyyata xidməti, onun keşiyində dayanmaq bacarıqları ilə cəmiyyətin saflaşmasına, yad ideologiyaların bütün təzyiqlərinə baxmayaraq milli fikir və düşüncənin yaşadılmasına mühüm töhfə veriblər.

Ədəbiyyat İnstitutu həmişə milli mərkəz olub. Onun fədakar əməkdaşları şəxsiyyətə pərəstiş illərində əqidələri uğrunda ölümə gedəndə də, sovet imperiyasının süqutu ərəfəsində milli azadlıq hərəkatının ön sıralarında şərəflə addımlayanda da yalnız xalqın sözünü deyil, həm də özünü yaşatmaq, imzalar içində millətin imzasını görmək amalına xidmət ediblər.

Ədəbiyyat İnstitutu həmişə məbəd olub. Yaşı institutun yaşına bərabər olan qocaman alimlərimiz də, elmin çətin yollarına yeni qədəm basan gənclərimiz də bu məbəddə saflıq, doğruluq, mənəvi dəyərlərə bağlılıq, sözün keşiyində dayanmaq inamına, əqidəsinə xidmət ediblər və zəmanənin bütün dəyişkənliklərinə, bütün çətinliklərinə baxmayaraq bu gün də həmin xidməti davam etdirirlər.

İnanıram ki, hamımızın ümumi evi, istinadgah yeri olan Nizami adına Ədəbiyyat İnstitutu bundan sonra da bütün tariximövcudluğu üçün səciyyəvi olan bu son dərəcə gərəkli ənənələri yaşadacaq.

Şərəfli yubiley münasibətilə Milli Elmlər Akademiyası və İnstitut rəhbərliyini, hər bir əməkdaşı ürəkdən təbrik edir və hər birinizə ən xoş arzularımı çatdırıram. İnstitutumuzun 100 illik yubileyində görüşənə qədər!

 

Hörmətlə:

Vilayət Quliyev

 

Ədəbiyyat qəzeti.- 2014.- 17 yanvar.- S.2.