İctimaiyyətimizin və
mədəniyyətimizin
yubileyi
Ədəbiyyat İnstitutu - 80
Bu günlərdə
Azərbaycan Milli Elmlər Akademiyasının Dairəvi
zalında Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik
yubiley tədbiri böyük təntənə ilə qeyd
olundu. AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş
sözü ilə çıxış edərək
qonaqları və bütün mərasim
iştirakçılarını salamladıqdan sonra Nizami
adına Ədəbiyyat İnstitutunun 80 illik fəaliyyəti
ilə bağlı nitq söylədi. Akademik bildirdi ki, Ədəbiyyat
İnstitutunun keçdiyi bu yol həqiqətən də
böyük yoldur. İnstitutun ötən illərdəki fəaliyyəti
ölkəmizdə milli ziyalılığın, ictimai fikrin
və elmin inkişafında əvəzsiz rol
oynamışdır.
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutu özünəməxsus şərəfli tarixi,
böyük araşdırma ənənələri, görkəmli
yaradıcıları, adlı-sanlı yetirmələri və
ədəbiyyatşünaslıq elminin inkişafındakı
böyük xidmətləri ilə mühüm elmi mərkəzlərdən
biri kimi qəbul olunur. Ümummilli liderimiz Heydər Əliyevin
böyük uzaqgörənliklə həyata keçirdiyi
daxili siyasət sayəsində elmimizin digər sahələrində
olduğu kimi, ədəbiyyatşünaslıq elmi də
çağdaş dünyamızın tələbləri səviyyəsinə
qaldırılmış və inkişaf etdirilmişdir. Ulu
öndərimizin siyasətini uğurla həyata keçirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
diqqət və qayğısı sayəsində milli elmimizin
bütün sahələrində yüksək nailiyyətlər
əldə edilmişdir.
Bu
gün dövlət başçısı cənab İlham
Əliyevin fərman və sərəncamlarla təsdiq etdiyi
dövlət sənədləri, proqramları əsasında
həyata keçirilən milli strategiyanın yeni uğurlara
imza atmasında şübhəsiz ki, elmin mühüm rolu vardır. Bu baxımdan ictimai və humanitar elmlərin
üzərinə ciddi vəzifələr düşür. Hazırkı müstəqillik şəraitində
azərbaycançılıq və milli dövlətçilik
məfkurəsinin formalaşmasında mühüm rol oynayan
elm sahələrində fəaliyyət göstərən
alimlər və mütəxəssislər öz öhdələrinə
düşən vəzifələrin yerinə yetirilməsinə
daha artıq məsuliyyətlə
yanaşmalıdırlar. Qeyd olunan sahələrdə isə
hazırda böyük elmi potensial mövcuddur.
Təntənəsinə
toplaşdığımız Nizami adına Ədəbiyyat
İnstitutunun ədəbiyyatşünaslıq elminin
inkişaf etdirilməsində və milli ideologiyanın,
humanitar düşüncənin formalaşmasında, heç
şübhəsiz, böyük xidmətləri vardır. Unutmamalıyıq ki, hələ keçmiş sovet
ideologiyasının ən çətin və ən dəhşətli
illərində belə ədəbiyyat və onun haqqında
olan ədəbiyyatşünaslıq elmi milli
varlığımızın, dilimizin və vətənpərvərlik
ideyalarının qorunub saxlanılmasında misilsiz rol
oynamışdır. Demək istəyirəm
ki, alimlərimiz hələ o illərdə də böyük
fədakarlıqlar göstərmişlər. Ədəbiyyat
İnstitutu həmişə xalqımıza görkəmli
simalar bəxş etmişdir. İnstitut bu gün də öz
üzərinə düşən vəzifələri məsuliyyətlə
yerinə yetirməklə daha böyük uğurlarla fəaliyyətini
davam etdirir.
Qeyd etməliyəm
ki, son vaxtlar Ədəbiyyat İnstitutunda baş verən dəyişikliklər
ədəbiyyatşünaslıq elmimizin daha da inkişaf
etdirilməsinə imkan yaratmışdır. Bütün
bunlara görə də Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun 80 illik yubileyi ədəbiyyatşünaslıq
elminin böyük bir epoxasının elmi hesabatı olmaqla bərabər,
həm də müvafiq sahədə qarşıda duran vəzifələrin
müəyyən olunmasına imkan yaradan
mühüm bir hadisədir. Ümid edirəm ki, Nizami adına
Ədəbiyyat İnstitutunun kollektivi bundan sonra da daha məsuliyyətlə
çalışacaq və müstəqil dövlətimizin
yeni çağırışlarına layiqincə cavab vermək
üçün bütün imkanlarından istifadə edəcəkdir.
Çıxışımın sonunda Nizami adına
Ədəbiyyat İnstitutunun bütün kollektivini yubiley
münasibətilə təbrik edir və onlara uğurlar
arzulayıram.
Tədbirdə
məruzə ilə çıxış edən AMEA-nın
vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin
deputatı, akademik İsa Həbibbəyli qeyd etdi ki, bu elmi-tədqiqat
institutu bir əsrə yaxındır ki, Azərbaycanda ədəbiyyatşünaslıq
elminin baş qərargahı funksiyasını yerinə
yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq
tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu
vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir.
Bu elm məbədi Azərbaycan Respublikasının ədəbiyyat
siyasətini sistemli və davamlı şəkildə,
uğurla həyata keçirir.
Ulu öndərimiz
Heydər Əliyev demişdir ki, Azərbaycan Milli Elmlər
Akademiyası Azərbaycan xalqının böyük milli sərvətidir.
Həqiqətən də Azərbaycan Milli Elmlər
Akademiyasının 1945-ci ildə yaranması və
inkişafı ilə elmin bütün sahələrində
olduğu kimi, ədəbiyyatşünaslıq elmi də
inkişaf etməyə başlamışdır. Bundan sonrakı
mərhələdə Akademiyanın fəaliyyətində o
zamankı ideoloji prinsiplərə baxmayaraq, yenə də diqqətçəkən
uğurlar əldə olunmuşdur.
Nizami adına Ədəbiyyat
İnstitutunda müxtəlif tarixi dövrlərdə Azərbaycan
ədəbiyyatı tarixinin ayrı-ayrı mərhələlərinin
tədqiq edilməsi istiqamətində mühüm işlər
həyata keçirilmişdir. Hələ sovet
hakimiyyəti illərində mövcud rejimin
yaratdığı çətinliklərə baxmayaraq,
görkəmli yazıçılar haqqında
çoxsaylı dissertasiya işlərinin müdafiə
olunması, monoqrafiyaların çap olunub ictimaiyyətə
çatdırılması, klassik və müasir ədəbiyyat
nümunələrinin kitab halında təqdim edilməsi
institutun ölkəmiz və xalqımız
qarşısında böyük xidmətidir. Xüsusən
“Azərbaycan ədəbiyyatı tarixi”nin 1957-1960-cı illərdə
3 cilddə hazırlanıb nəşr edilməsi mühüm
elmi nailiyyət hesab olunmalıdır. Nəşrin
hazırlanmasına həmin dövrdə institutda direktor vəzifəsində
çalışmış Məmməd Arif Dadaşzadə rəhbərlik
etmişdir. İdeoloji prinsiplər nəzərə
alındığı üçün əvvəlcə
1957-ci ildə Azərbaycan ədəbiyyatının sovet
dövrünü əhatə edən üçüncü
cild (redaktorları Ə.Sultanlı, Ə.Mirəhmədov,
K.Talıbzadə), 1960-cı ildə ən qədim
dövrdən XVIII əsrin sonuna qədərki mərhələdən
bəhs edən birinci cild (redaktorları H.Araslı, M.Quluzadə,
M.C.Cəfərov) və XX əsrin əvvəllərindən
1917-ci ilin sonuna qədərki ədəbiyyatdan söz
açan ikinci cild (redaktorları Ə.Sultanlı,
Ə.Mirəhmədov, K.Talıbzadə) nəşr olunub
ictimaiyyətə çatdırılmışdır. Təkcə 3 cildlik “Azərbaycan ədəbiyyatı
tarixi”nin meydana çıxması Azərbaycan humanitar-ictimai
elmi sahəsində, ədəbiyyatşünaslıq elmi sahəsində
çox böyük nailiyyətdir. Çəkinmədən
qeyd etmək olar ki, bu gün Ədəbiyyat İnstitutunun əməkdaşlarının
çap olunmuş kitabları əsasında böyük bir
kitabxana yaratmaq mümkündür. İndiyədək
burada on minlərlə məqalə, habelə 3966 adda monoqrafik
tədqiqat əsəri işıq üzü
görmüşdür.
Ədəbiyyat
İnstitutu Azərbaycan ədəbiyyatşünaslıq
elminin aktual məsələlərinin, problem məsələlərinin
həllinə özünün sanballı töhfəsini
vermişdir. Müstəqillik illərində isə Azərbaycan
elmi bütövlükdə öz inkişafının yeni mərhələsinə
qədəm qoymuşdur. Burada təbii olaraq azərbaycançılıq
məfkurəsinin ön mövqeyə çıxması,
milli maraqların ön plana çıxması, beynəlxalq əlaqələrin
inkişaf etdirilməsi, bu günədək gizli qalan məxfi
sənədlərin üzə çıxarılması və
böyük elmi müstəvidə təqdim olunması və
s. müstəqillik dövrü ictimai-humanitar elmimizin
taleyinə düşən yeniliklərdir. Bu baxımdan biz
yaranmış belə bir imkandan istifadə edərək
tariximizi, ədəbiyyatımızı, elmimizi sistemli şəkildə
və gerçək faktlarla daha da inkişaf etdirməli və
geniş ictimaiyyətə çatdırmalıyıq.
Təsadüfi
deyil ki, Ədəbiyyat İnstitutunda vaxtilə böyük
Mirzə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə
və 25 il ərzində nəşr olunmuş “Molla Nəsrəddin”
jurnalının 8 cildinin latın qrafikası ilə yenidən
nəşrini müstəqillik dövrünün böyük
hadisələrindən
biri kimi qiymətləndirməliyik. Eləcə
də böyük mütəfəkkir Əli bəy
Hüseynzadənin redaktorluğu ilə çap olunmuş
“füyuzat” jurnalının da latın qrafikası ilə yenidən
işıq üzü görməsini də ədəbiyyatşünaslıq
elmimizin böyük nailiyyəti hesab edə bilərik.
Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il
tarixli sərəncamı əsasında kifayət qədər
dəyərli ədəbi nümunələrin nəşr
olunması və həmin ədəbiyyatın ölkə
kitabxanalarına hədiyyə olunması həm Azərbaycan
dilinə, həm də ədəbiyyatımıza verilən
böyük bir qiymətdir. Onu da qeyd etməliyəm ki, bu
kitablar bizim əməkdaşlarımızın zəhməti
sayəsində və elmi nəşrlər çərçivəsində
yeni nəsillərə çatdırılmışdır.
Hazırda da bu proses davam etməkdədir.
Bir məsələni
də qeyd etmək istərdim ki, Ədəbiyyat İnstitutunun
əməkdaşlarının zəhməti sayəsində
Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi
7 cilddə yazılmaqdadır. Artıq 2011-ci ildə həmin
nəşrin dörd cildi nəşr olunmuşdur və bu
iş hazırda da institutun əməkdaşları tərəfindən
davam etdirilir. Biz indi bütün diqqətimizi bu məsələyə
yönəltmişik. Eyni zamanda, Nizami adına
Ədəbiyyat İnstitutu Elmi Şurasının 4 cildlik “Azərbaycan
ədəbi tənqidinin tarixi”, 10 cildlik “Azərbaycan
mühacirət ədəbiyyatı”nın və 10 cildlik
“Türk xalqları ədəbiyyatı antologiyası”nın
hazırlanıb elmi izahlarla birlikdə nəşr edilməsi
haqqındakı qərarları əsasında aparılan
işlər də yeni mərhələdə həyata
keçirilən tədbirlərin sırasında xüsusi yer
tutur.
Dünya
ədəbiyyatının öyrənilməsi istiqamətində
də institutun əməkdaşları mühüm nailiyyətlər
qazanmışlar. İnstitutun Xarici ölkələr ədəbiyyatı
və ədəbi əlaqələr, Türk xalqları ədəbiyyatı
şöbələrində Azərbaycan ədəbiyyatının
dünya xalqlarının ədəbiyyatları ilə qarşılıqlı əlaqələri
ardıcıl olaraq öyrənilir.
Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət heyətinin Nizami adına Ədəbiyyat
İnstitutunun 80 illik yubileyinin keçirilməsi
haqqındakı 17 oktyabr 2013-cü il tarixli qərarı
göstərilən diqqətin daha bir təzahürüdür.
Bu gün ədəbiyyatşünaslıq elmi müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının və
ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini
məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq
ideyasının formalaşması və inkişafında milli
ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq
elminin də özünəməxsus xidmətləri
vardır. Geniş mənada Azərbaycanşünaslıq elmləri
sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq
elmi xüsusi çəkiyə malikdir.
Hazırda
bütövlüklə Azərbaycan Milli Elmlər
Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat
İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə
və dəyişikliklər müstəqillik dövrü Azərbaycan
ədəbiyyatşünaslıq elminin daha dərindən və
əsaslı şəkildə, ölkənin milli
maraqlarına və dünya elmi-ədəbi mühitində
gedən proseslərlə əlaqəli şəkildə
öyrənilməsinə geniş şərait yaradır.
Bu mənada 2013-cü idə
yaradılmış müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı,
Ədəbi tənqid şöbələri,
Nizamişünaslıq və füzulişünaslıq
sektorları ədəbiyyatşünaslıq elminin
nüfuzunun genişləndirilməsinə yeni imkanlar
açır. Bundan başqa, Elmi informasiya
və tərcümə, Elmi nəşrlər və
proqnozlaşdırma köməkçi şöbələri,
Mətbuat xidməti qrupu ədəbiyyatşünaslıq elmi
sahəsində qazanılan nailiyyətlərin ictimaiyyətə
çatdırılması, tərcüməsi, nəşrə
hazırlanması istiqamətlərində səmərəli
iş aparır.
Nizami
adına Ədəbiyyat İnstitutunda 1946-cı ildən
çıxan “Ədəbiyyat məcmuəsi” jurnalı
respublikada filologiya üzrə əsas elmi nəşrlərdən
biri kimi qəbul olunur. İnstitutda yeni təsis olunmuş
“Poetika.izm”, “Ədəbi əlaqələr” jurnalları
aparılan yeni tədqiqatların elmi dövriyyədə yer
alması imkanlarını genişləndirir. “Ədəbiyyat məcmuəsi”
jurnalının 2013-cü ildə çıxan və 282 səhifədən
ibarət olan iyirmi dördüncü sayı Nizami adına
Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr
edilmişdir. “Ədəbiyyat məcmuəsi”nin növbəti
25-ci sayının bütövlükdə Nizami adına
Ədəbiyyat İnstitutunun yeni elmi nəslinin tədqiqatlarına
həsr edilməsi qərara alınmışdır.
Son
vaxtlarda Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq
əlaqələrinin genişləndirilməsi sahəsində
də mühüm addımlar atılmışdır.
İnstitutun tarixində ilk dəfə olaraq ayrı-ayrı
ölkələrin akademik qurumları ilə yaradılan əlaqələr
Nizami adına Ədəbiyyat İnstitutunun ölkə
hüdudlarından kənarda da iş aparmasına, qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsində yaxından iştirak etməsinə
imkan yaradır. Almaniyanın Humbold Universitetinin
Azərbaycan tarixi kafedrası, Qazaxıstanın paytaxtı
Astana şəhərində fəaliyyət göstərən
Türk Akademiyası ilə imzalanan müqavilələr,
Türkiyənin Yunus İmrə Vəqfi, Polşa Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutu, Ukrayna Elmlər
Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat
İnstitutu, Gürcüstanın Şota Rustaveli adına
Ədəbiyyat İnstitutu, habelə Özbəkistanın
Ədəbiyyat İnstitutu ilə əldə olunan
razılaşmalar elmi-tədqiqat institutları arasında əlaqələrin
inkişaf etdirilməsinə geniş meydan açır.
Türkiyə Cümhuriyyətinin Qafqaz Universitetlər Birliyi
ilə müqavilə bağlanması nəzərdə
tutulur. Həmçinin institutun 60-a yaxın əməkdaşı
dünyanın müxtəlif ölkələrində
keçirilən beynəlxalq konfrans və simpoziumlarda
iştirak etmiş və Azərbaycan elminin nailiyyətlərini
həmin ölkələrdə nümayiş etdirmişlər.
Nizami
adına Ədəbiyyat İnstitutunda XXI əsrdə Azərbaycan
ədəbiyyatşünaslıq elminin milli və bəşəri
dəyərləri əsasında inkişaf etdirilməsinə
xüsusi diqqət yetirilir. Ədəbiyyat İnstitutunun
böyük elmi ənənələri və mühüm elmi
nailiyyətləri bu elmi-tədqiqat ocağının nüfuzunu daha da
artırır. Ölkənin müasir inkişaf prinsiplərinə
və istiqamətlərinə uyğun olaraq Nizami adına
Ədəbiyyat İnstitutu ədəbiyyatşünaslıq
elmini irəli aparan əsas elmi mərkəz funksiyasını
layiqincə və daha məsuliyyətlə yerinə yetirməyə
ciddi səy göstərir. “Nizami adına Ədəbiyyat
İnstitutu əməkdaşlarının biblioqrafiyası:
“Kitablar” adlı biblioqrafik göstərici institutun əməkdaşlarının
uzun illər ərzindəki ardıcıl elmi fəaliyyətinin
layiqli salnaməsidir. Nizami adına Ədəbiyyat
İnstitutunun “Ədəbiyyat məcmuəsi” adlanan elmi əsərlərinin
iyirmi dördüncü sayının yubiley nəşri olaraq
xüsusi buraxılış səviyyəsində çap
edilməsi bu elm ocağının səksən il ərzində
keçdiyi şərəfli yolun
işıqlandırılmasına və ümumiləşdirilməsinə
imkan yaratmışdır.
Nizami adına Ədəbiyyat
İnstitutunun 80 illik yubileyi ədəbiyyatşünaslıq
elminin böyük bir dövrünün hesabatıdır. Bu
yubiley keçilmiş şərəfli və məsuliyyətli
yolun təcrübəsini və dərslərini öyrənmək
və yeni vəzifələri müəyyən etmək
üçün də özünəməxsus əhəmiyyətə
malikdir. Nizami adına Ədəbiyyat İnstitutunun yubileyinin
keçirilməsi Azərbaycan ədəbiyyatşünaslıq
elminin böyük yaradıcılarının xidmətlərinə
ehtiramın ifadəsidir. Yubiley tədbirləri böyük ənənələrin
fonunda daha böyük gələcəyə doğru
açılan üfüqləri də nəzərə
çarpdırır. Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi müstəqillik
dövrünün işığında elmi-ədəbi və
ictimai fikrin inkişafı yollarında irəliyə doğru
addımlamaqda davam edir. Bu gün mən bu yubiley
tədbirində bir daha bütün ölkə
ziyalılarını təbrik edirəm və müstəqillik
dövrünün imkanlarından istifadə etməklə Azərbaycan
Respublikasının daha da inkişaf etdirilməsi istiqamətində
öhdəmizə düşən vəzifələri layiqincə
yerinə yetirəcəyimizi tam əminliklə bildirirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevi əmin etmək istəyirəm ki, Azərbaycan
Milli Elmlər Akademiyasının bütün kollektivi, eləcə
də 80 illiyini bu gün qeyd etdiyimiz Nizami adına Ədəbiyyat
İnstitutunun bütün əməkdaşları bundan sonra
da ölkəmizdə müstəqil dövlətimizin
inkişafı istiqamətində həyata keçirilən
dövlət siyasətini dəstəkləyəcək və
bu yolda əllərindən gələni əsirgəməyəcəklər.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar Birliyin adından Ədəbiyyat
İnstitutunun kollektivini 80 illik yubiley münasibətilə təbrik
etdi. O, Yazıçılar Birliyi ilə Ədəbiyyat
İnstitutunu ədəbiyyatımızın qoşa
qanadı, iki müqəddəs ocağı adlandıraraq, istər
dilimizin qorunub saxlanmasında, istərsə də milli-mənəvi
dəyərlərimizin qorunub saxlanılmasında bu təşkilatların
özünəməxsus rolu olduğunu qeyd etdi. Bu da təsadüfi deyildir ki, Stalin rejiminin ən
ağır illərində ən çox qurban verən
zümrə məhz yazıçılar və ədəbiyyatçılar
olmuşdur. Əgər Yazıçılar Birliyi Cavidi,
Cavadı, Müşfiqi, Seyid Hüseyni, Çəmənzəminlini
itiribsə, ədəbiyyatşünaslığımız da
Əli Nazimi, Əmin Abidi, Hənəfi Zeynallını,
Bəkir Çobanzadəni və başqalarını
itirmişdir.
Ədəbiyyatımızın
və ədəbiyyatşünaslığımızın bu
kimi böyük xidmətlərini ulu öndərmiz Heydər
Əliyev həmişə minnətdarlıq hissi ilə qeyd
edirdi. Bu gün həm ədəbiyyatımız və həm
də ədəbiyyatşünaslığımız Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin diqqət və
qayğısını hiss edir.
Bu günlərdə
biz də Azərbaycan Yazıçılar Birliyinin 80 illik
yubileyini qeyd edirik. Mən istərdim ki, bundan sonra Azərbaycan
Yazıçılar Birliyi ilə Nizami adına Ədəbiyyat
İnstitutu arasında daha sıx əlaqələr olsun. Təbiidir
ki, indi ədəbiyyatımız və ədəbiyyatşünaslığımız
qarşısında daha böyük və məsul vəzifələr
durur. Bu da məlumdur ki, indiki bazar iqtisadiyyatı
dövründə mətbuat azaddır və hər bir kəs
öz istəyini sərbəst şəkildə yaza bilir. Ona
görə də problemlər qaçılmazdır və bu
da bizi daha sıx şəkildə və birgə fəaliyyət
göstərməyə sövq edir. Mən bir daha
Yazıçılar Birliyi adından Nizami adına Ədəbiyyat
İnstitutunun bütün kollektivini bu əlamətdar gün
münasibətilə təbrik edir və sizə yeni-yeni
uğurlar arzulayıram.
AMEA Humanitar və
ictimai elmlər bölməsinin akademik-katibi, AMEA-nın
müxbir-üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal
Abdulla dedi ki, ədəbiyyatla professional şəkildə məşğul
olmaqdan söhbət getdiyi bir vaxtda 80 il əlbəttə, son
dərəcə simvolik bir rəqəmdir. Məgər
Füzuli ədəbiyyatşünas
deyildi, məgər Axundzadə, Zərdabi, Ü.Hacıbəyli,
Mirzə Cəlil Məmmədquluzadə, Məhəmməd
Əmin Rəsulzadə, Haqverdiyev və onlarca bu kimi simalar ədəbiyyatımızın
ən vacib məsələləri ilə məşğul
olmamışdılar. Bu missiya hazırda Nizami adına
Ədəbiyyat İnstitutu tərəfindən böyük
bir məhəbbət və şərəflə davam
etdirilir. Bu gün ədəbiyyatla məşğul
olmağın çətinliyini xüsusilə vurğulamaq
lazımdır. Yəni demək istəyirəm
ki, çoxlarının maraqlandığı və ya üz
tutduğu, hamının qiymət verməyə
çalışdığı bir məkanda professional ədəbiyyatçının
öhdəsinə həqiqətən də daha böyük vəzifələr
düşür. Məhz həmin vəzifələri həyata
keçirən bugünkü Nizami adına Ədəbiyyat
İnstitutu öz professional sözünü deyə bilir. Bu adlara bir diqqət yetirin: Əli Nazim, Mirzə
İbrahimov, Mehdi Hüseyn, Mir Cəlal, Məmməd Cəfər,
Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Həmid
Araslı, Kamal Talıbzadə, Mirəli Seyidov, Əziz Mirəhmədov,
Feyzulla
Qasımzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev, Mirzağa
Quluzadə, Əkbər Ağayev və onlarca
başqaları. Heç şübhəsizdir ki, bu görkəmli
alimlərin ədəbiyyatımızın və ədəbiyyatşünaslıq
elmimizin tarixində xidmətləri əvəzsizdir. Təbiidir
ki, bu gün həmin alimlərin ruhu da şad olur. Bu alimlərin
hər birinin qarşısında sirli, əfsunkar bir aləm
durur. Bu gün nəinki ədəbiyyatçı
alimlərimiz, eləcə də bütün cəmiyyətimiz
onların adlarını minnətdarlıqla yad edir. Ədəbiyyat
İnstitutunun bütün fəaliyyəti göz
qabağındadır və mən də AMEA-nın Humanitar və
ictimai elmlər bölməsinin alimləri adından Nizami
adına Ədəbiyyat İnstitutunun kollektivini bu yubiley
münasibətilə təbrik edirəm.
Macarıstan Elmlər
Akademiyası Türkoloji Araşdırmalar İnstitutunun
direktoru, akademik Georg Xazai ona söz verildiyinə görə
minnətdarlığını bildirərək Azərbaycan
elm adamları ilə elmi əlaqələrinin 1960-cı ildən
etibarən başladığını qeyd etdi. O, Nizami adına Ədəbiyyat İnstitutunun
kollektivini səmimi qəlbdən təbrik etdiyini bildirərək
eyni zamanda, son illər ərzində Azərbaycan
Respublikasının xeyli inkişaf etdiyini tədbir
iştirakçılarının nəzərinə
çatdırdı. Natiq həmçinin Azərbaycanla
Macarıstan elm adamları arasındakı əlaqələrin
bundan sonra da inkişaf etdirilməsinin vacibliyini söylədi.
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı Səttar Mehbalıyev Nizami adına
Ədəbiyyat İnstitutunun kollektivini AHİK-in İcraiyyə
Komitəsi adından 80 illik yubiley münasibətilə təbrik
etdiyini vurğulayaraq dedi ki, hər hansı bir qurumun yubiley tədbirinin
keçirilməsi artıq ənənəyə çevrilib. Ümummilli
liderimiz Heydər Əliyev tərəfindən bünövrəsi
qoyulan bu ənənə günü-gündən daha da
möhkəmlənməkdədir və sevinirik ki, bu gün də
Ədəbiyyat İnstitutunun yubiley tədbirini keçiririk.
Buraya gəlməmişdən öncə bəzi kitablara bir
daha nəzər saldım və məni ən çox kədərləndirən
o oldu ki, vaxtilə bizim ədəbiyyat xadimlərimizin
başına çox dəhşətli oyunlar gətirilmişdir.
Nə qədər alimimiz heç nədən, heç bir
günahı olmadan və müxtəlif bəhanələrlə
sürgünlərə göndərilmiş və ya
öldürülmüşdür. Bütün
bunlara baxmayaraq, dil və ədəbiyyat alimlərimiz Azərbaycan
dilinin və ədəbiyyatımızın inkişafında
misilsiz xidmətlər göstərərək, həm ədəbiyyatımızı,
həm də dilimizi qoruyub saxlaya və daha da inkişaf etdirə
bildilər. Sözümün sonunda bir daha bu kollektivi səmimi
qəlbdən təbrik edirəm. Onu da qeyd etmək istəyirəm
ki, AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə
Nizami adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı
AHİK-in fəxri fərmanlarına və pul mükafatına
layiq görülmüşdür.
Azərbaycan
Atatürk Mərkəzinin direktoru, Milli Məclisin Mədəniyyət
komissiyasının sədri, AMEA-nın müxbir üzvü Nizami
Cəfərov dedi ki, bu gün qeyd etdiyimiz Ədəbiyyat
İnstitutunun yubileyi həm də ictimaiyyətimizin və mədəniyyətimizin
yubileyidir. Məclisdə
də qeyd olundu ki, 80 illik yubiley hardasa rəmzi məna kəsb
edir və bu tarix ümumi tariximizin çox qısa bir hissəsidir.
Ədəbiyyatımızın və mədəniyyətimizin
əsrlərlə ölçülə biləcək bir
tarixi vardır, ancaq bu son səksən ilin bayramını da
qeyd edib ondan zövq almaq mümkündür. Həqiqətən
də Nizami adına Ədəbiyyat İnstitutu və
bütövlükdə Azərbaycan Milli Elmlər
Akademiyası çox ağır vaxtlarda yaranıb. Bəzən
biz, ümumiyyətlə, sovet dövrünü həddən
artıq tənqid edirik, ancaq nəzərə almalıyıq ki,
bizim milli ictimai fikrimiz, onun modelləşməsi, konkretləşməsi
də məhz həmin dövrə təsadüf edir. Qəribədir
ki, həmin dövrdə ədəbi ictimai fikrimiz gənc ədəbiyyatşünaslarımız
tərəfindən yaradılmışdır ki, bu gün
onlar bizim klassiklərimizdir. Məmməd Arif, Həmid
Araslı, Əli Sultanlı, Mir Cəlal, Məmməd Cəfər
Cəfərov və başqalarının fundamental
düşüncəsi ilə yaranmış Ədəbiyyat
İnstitutu çox yaxşı ki, bu gün də həmin ənənələri
uğurla davam etdirir.
Ədəbiyyat həm
də ideologiyadır. Azərbaycanın müstəqilliyi uğrunda
mübarizə aparanların mütləq əksəriyyəti
ədəbiyyatçılardır. Əlbəttə ki, məhz
onların sayəsində ictimai şüur inkişaf edib.
Ən az ölümdən qorxanlar da ədəbiyyatçılardır.
Bu, bir inersiyadır və bu mənada da ədəbiyyatın
öyrənilməsi xüsusi bir hadisədir. Həm
də son dərəcə müqəddəs bir hadisədir.
Əlbəttə, hər bir xalqın milli
varlığını müəyyənləşdirən
birinci onun dilidir, ikincisi isə onun ədəbiyyatıdır.
Ümummilli liderimiz Heydər Əliyev həm dil məsələsinə,
həm də ədəbiyyat məsələsinə
xüsusi diqqət yetirirdi. Əgər başqa ölkələrlə
müqayisə edəsi olsaq, qeyd etməliyik ki,
ziyalılarımıza diqqət və qayğı Azərbaycanda
çox yüksək səviyyədədir. Bu, həm də
bizim dövlət siyasətimizdir. Məhz bu siyasət Azərbaycan
xalqının daha da yüksəlməsinə imkan verir. Buna
görə də hər hansı bir azərbaycanlının
öz dilini, öz ədəbiyyatını və öz
tarixini bilməməsi faciədir.
Türkiyə
Cümhuriyyətinin Qafqaz Universitetlər Birliyinin sədri,
Ərdahan Universitetinin rektoru, professor Ramazan Qorxmaz Nizami
adına Ədəbiyyat İnstitutunun kollektivini 80 illik yubiley
münasibətilə təbrik edərək, hər iki təşkilat
arasındakı əlaqələrin gələcəkdə
daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi. O, həmçinin son illər
ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin
xeyli dəyişildiyini və daha da gözəlləşdiyini
vurğulayaraq, Bakı şəhərini bütün Türk
dünyasının söz və ədəbiyyat sahəsində
Başkəndi adlandırdı. Natiq eyni zamanda türkdilli
respublikalar arasındakı əlaqələrin də
genişləndirilməsinin zəruriliyini qeyd edərək bu
məsələdə də Bakının önəmli yer
tutduğunu söylədi.
Görkəmli cərrah-alim,
professor Dr. Cavad Heyət çıxış edərək
AMEA-nın Ədəbiyyat İnstitutunun dahi Nizami Gəncəvinin
adını daşıdığını qeyd edərək
dedi ki, bu gün bütün dünya Nizami ilə fəxr edir.
Azərbaycan ona görə fəxr edir ki, Nizami Gəncəvi
məhz azərbaycanlıdır. İran ona görə fəxr
edir ki, Nizami Gəncəvi əsərlərini fars dilində
yazmışdır. Alim sözünün sonunda dahi
şairimiz Nizami Gəncəvinin adını daşıyan
Ədəbiyyat İnstitutunun kollektivini bu yubiley münasibətilə
təbrik etdi.
Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, professor Nərgiz
xanım Paşayeva öncə AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunun kollektivini bu yubiley münasibətilə təbrik
etmiş, kollektivə uğurlar arzulamışdır. N.
Paşayeva dedi:
-Mən şərəf
duyuram ki, belə bir məclisdə iştirak edirəm.
Çünki mən həm ədəbiyyatçı ailəsində
dünyaya gəlmişəm, həm də peşəm ədəbiyyatla
bağlıdır. Heç kəsə sirr deyil ki, ədəbiyyat
böyük dühalar aləmdir. Dünya dühasının
mənşəyində də elə söz durur. Bu, olduqca
böyük bir mövzudur. Bu mövzuya insaniyyət əsrlər
boyu özünü həsr edib, biliyini sərf edib. Biz də
bir millət olaraq, bir dövlət olaraq öz töhfəmizi
bu böyük işə bəxş edirik. Zənnimcə, biz
Azərbaycan ədəbiyyatına bir neçə nəzər
bucağı daxilində baxmalıyıq. Ona görə ki, Azərbaycan
ədəbiyyatı yalnız Azərbaycan ədəbiyyatı
olaraq kifayətlənmir. Onun simaları, onun dühaları
Yaxın və Orta Şərq düşüncəsini, mədəniyyətini
özündə ehtiva edir. Bu dünyaya məxsus olan
bütün fəlsəfi fikirlər, bütün fəlsəfi
məktəblər məhz Azərbaycan ədəbiyyatı
daxilində özünü dünyaya tanıdıbdır.
XVIII və
XIX əsrlərdə Avropa mədəniyyətini təmsil edən
maarifçilər insanın və cəmiyyətin
azadlığını və xilasını maariflənmədə,
maarifçilik ənənələrində
görürdülərsə, bu fikri hələ XII əsrdə
dahi Nizami Gəncəvi xüsusi olaraq qeyd edirdi. Bu, həqiqətən də
böyük bir zənginlikdir. Bəzən özümüz də
bilmirik ki, biz nə qədər də varlıyıq, nə qədər
zənginik. Ona görə də bu irsi öyrənmək, bu
irsi tədqiq etmək bizim müqəddəs vəzifəmizdir.
Ancaq nə qədər acı da olsa qeyd etmək istərdim
ki, biz Azərbaycan ədəbiyyatını hələ
lazımi səviyyədə tədqiq edə və onu
dünyaya layiq olduğu qədər təqdim edə bilməmişik.
Bu faktdır və mən demək istəyirəm
ki, Azərbaycan ədəbiyyatının dəyəri, onun
unikal mövqeyi, yəni həm Qərbi, həm də Şərqi
özündə birləşdirməsi faktı həqiqətən
də son dərəcə tədqiq olunası əhəmiyyətli
bir mövzudur.
Tarixin hər bir
dövründə, hər bir mərhələsində Azərbaycan
ədəbiyyatı xalqları özündə birləşdirə
bilib. Təsadüfi deyildir ki, çoxları dahi Nizami Gəncəvi
haqqında danışırlar, onu müxtəlif səmtlərə
çəkib aparmaq istəyirlər. Elə bu da dediklərimizin
sübutudur. Nizami Gəncəvi məhz bir neçə
dühanı özündə birləşdirmişdi. Mən
deyərdim ki, bu ənənə elə həmin dövrdən
qoyulmuşdur. Ona görə də bu, yalnız Nizami Gəncəvidə
deyil, digər yazıçı və şairlərimizin
simasında da özünü büruzə verir. Deməli, əsl
ədəbiyyat xalqları birləşdirir, fikirləri birləşdirir
və insaniyyəti birləşdirir. Bədii söz insanı
göylərə ucaldır, insanı daxilən təmizləşdirir
və ülviləşdirir. Bu, sözün, ədəbiyyatın
gücüdür, bədii fikrin gücüdür. Hər bir
halda dünyaya, insana və cəmiyyətə bu dərəcədə
təsir edə bilən ikinci bir gücü, ikinci bir
silahı hələ ki kimsə icad etməyib.
Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət
vəkili Rafael Hüseynov dedi ki, bu gün biz Azərbaycan mədəniyyətinin,
Azərbaycan mənəviyyatı və
ziyalılığının xoş bir günündəyik.
Bu gün bəlkə də ilk növbədə Azərbaycanın
ictimai-siyasi həyatında çox əlamətdar bir hadisə
baş verir. Nizami adına Ədəbiyyat
İnstitutunun 80 illik yubileyini yalnız mədəniyyət
hadisəsi kimi deyil, ilk növbədə ictimai-siyasi gerçəkliyimizin
hadisəsi kimi dəyərləndirməliyik. Ədəbiyyat
heç bir vaxt tarixin ən müxtəlif mərhələlərində
Azərbaycan insanı üçün yalnız bədii təfəkkür məsələsi, söz hadisəsi olmayıb.
Ədəbiyyat Azərbaycan insanı və Azərbaycan cəmiyyəti
üçün tarixin bütün dövrlərində millət
quruculuğunda çox ciddi bir yer tutan siyasi elementdir.
Ümummilli liderimiz Heydər Əliyev ədəbiyyat
adamlarından, yazıçı və şairlərdən bəhs
edərkən onlara mütəfəkkir deyə müraciət
edərdi.
Nizami adına Ədəbiyyat
İnstitutu elə bir şərəfli yol keçib ki, onun bu
gün bir çox şeylərə haqqı vardır.
Haqqı var ki, bu gün onun haqqında kitablar yazılsın,
ona ən yüksək təltiflər verilsin. Ədəbiyyat
İnstitutu elə bir şərəfli yol keçib ki, onun bu
gün bir çox şeylərə haqqı yoxdur. Haqqı
yoxdur ki, bu institutun divarları arasında aşağı səviyyəli
kitablar yazılsın, əyalət səviyyəli
dissertasiyalar müdafiə edilsin. Mən inanıram ki, Nizami
adına Ədəbiyyat İnstitutu ənənələrə
sadiq qalacaq və haqqı çatan dəyərləri əldə
edəcək, haqqı çatmayanlardan isə həmişə
uzaq olacaqdır.
Ədəbiyyat və
əbədiyyət sözlərinin yazılışında və
səslənişində zahiri bir oxşayış vardır.
Bu oxşayış onların zahirlərindən daha çox,
onların mahiyyətində, fəlsəfəsində və
cövhərindədir. Ədəbiyyat İnstitutu
bütün varlığı boyunca əbədi olan dəyərlərə
xidmət edib. Sözümüzə, dilimizə və əlbəttə
ki, Azərbaycanımıza xidmət edibdir. Heç
şübhəsizdir ki, əbədi dəyərlərə
xidmət edənlərin özlərinin də ömrü uzun
və əbədi olur.
Millət
vəkili, xalq şairi Sabir Rüstəmxanlı
çıxış edərək vaxtilə Azərbaycan Milli
Elmlər Akademiyası ətrafında yaranmış
söz-söhbətləri yada salaraq dedi ki, bir vaxtlar bu binaya
da göz dikənlər, bu binanı hərraca
çıxarmaq fikrinə düşənlər var idi.
İndi Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik
yubileyini qeyd etdiyimiz bir gündə öz-özümə
düşünürəm ki, həqiqətən də
yüz illər boyu davam etmiş qəddar ərəb, fars
sistemlərindən möcüzə ilə xilas olmuş son
nüsxə əlyazmaların, son nüsxə “Oğuznamə”nin,
son nüsxə “Divani-lüğat-it-türk”ü, son nüsxə “Hophopnamə”ni, nəhayət, Dədə
Qorqud boyları kimi millətin 1300 il öncəki hiss vəsiqəsini,
dünyanın şah əsərlərindən birini millətə
qaytarmaq üçün bir yox, Ədəbiyyat İnstitutu,
Ədəbiyyat Muzeyi, Əlyazmalar İnstitutu, Şərqşünaslıq
İnstitutu kimi bir neçə qurumu yaratmağa və
onların ən yüksək şəraitdə fəaliyyət
göstərməsini tam təmin etməyə dəyər.
Çünki bu qurumların araşdırdığı və
millətə çatdırdığı o abidələr
olmasa, millət də olmaz. Bizim təbii elmlər sahəsindəki
və ekologiya sahəsindəki boşluğu qabaqcıl
ölkələr doldura bilər. Amma heç bir böyük
dövlət füzuli kədərini, Nəsimi
ucalığını və ya Vaqif ruhunu bizim əvəzimizə
xalqa qaytara bilməz. Bizim simamız budur və biz dünya mədəniyyətini
bununla zənginləşdiririk.
Azərbaycanın
bugünkü mənəvi potensialının, milli
şüurunun və müstəqil yaşama
gücünün təməlində də elə ədəbiyyatımız,
şerimizin və nəsrimizin vətəndaşlıq ruhu
dayanır. Bu, həm də Ədəbiyyat İnstitutunun
müstəqil Azərbaycan üçün
oynadığı rolu göstərir. Burada onu da qeyd etməyi
özümə borc bilirəm ki, bizim azadlıq uğrunda
mübarizəmizdə Ədəbiyyat İnstitutunun çoxlu
alimləri iştirak ediblər və onların şəhid
olanları da vardır. Onları heç vaxt unutmaq olmaz.
Bugünkü
yubileyin mənim üçün dəyərli cəhətlərindən
biri də odur ki, indi Nizami adına Ədəbiyyat
İnstitutuna mənim köhnə dostum akademik İsa Həbibbəyli
rəhbərlik edir. İsa Həbibbəylinin Bakıya gəlməsi
ilə Akademiya və Ədəbiyyat İnstitutu qazandı.
Bunu inkar etmək mümkün
deyil. İsa akademikdir və ədəbiyyatı bayrağa
çevirən adam deyildir. O, yorulmadan çalışan bir
insandır, elinin əkinçisidir, fəhləsidir və
qurucusudur. İsa Həbibbəyli əsl milli ziyalıdır.
Onun vaxtında Naxçıvan Universitetini şəhərciyə
çevrilmişdir. Naxçıvan Universitetini Bakı
universitetlərindən daha tez beynəlxalq aləmə
çıxardı. Dünyanın onlarca məşhur
universitetləri ilə əlaqələr qurdu. Böyük
alimlər dəstəsi yetişdirdi. İnanıram ki, İsa
Həbibbəyli öz quruculuq və yaradıcılıq
imkanlarından istifadə edərək burada, Akademiyada da dəyərli
işləri ilə yadda qalacaqdır.
Nizami adına Ədəbiyyat
İnstitutunun Gənc Alimlər və Mütəxəssislər
Şurasının sədri, filologiya üzrə fəlsəfə
doktoru Eşqanə Babayeva çıxış edərək
dedi ki, bu gün möhtəşəm bir gündür. Bu
gün Ədəbiyyat İnstitutunun - bu müqəddəs elm
ocağının 80 illik yubiley günüdür. Bu bayram günündə mən İnstitutun gənc
alimləri adından hamınızı bir daha təbrik edirəm.
Ədəbiyyat İnstitutu möhkəm təməllər
üzərində qurulmuşdur və
çıxışlarda da bu məsələ bir daha
vurğulandı. Bu gün Ədəbiyyat İnstitutunda biz gənc
alimlərə hərtərəfli diqqət və
qayğı vardır və buna görə də rəhbərliyə
öz minnətdarlığımızı bildirmək istəyirəm.
Bir daha deyirəm ki, bayramınız mübarək olsun!
Tədbirin sonunda
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli yekun sözü
söyləyərək məclisdə iştirak edənlərə
öz minnətdarlığını bildirdi.
Çapa
hazırladı:
Ələsgər
BEHBUDLU
Ədəbiyyat qəzeti.- 2014.- 24 yanvar.-S. 4-5.