Aslan Qəhrəmanlı

      

Ədəbiyyatımıza ağır itki üz vermişdir. Yanvarın 19-da tanınmış dramaturq və yazıçı, istedadlı qələm sahibi, pedaqoq, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Aslan Qəhrəmanlı vəfat etmişdir.

Aslan Qəhrəman oğlu Qəhrəmanov (Qəhrəmanlı) 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində davam etdirmiş, ali təhsilli mütəxəssiz kimi əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamışdır. Sonrakı illərdə o, Kibernetika İnstitutunda, "İttifaqneftmaş" Birliyində, NeftKimya İnstitutunda, Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında çalışmışdır. Onun son yerləri Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Universiteti olmuşdur. O, son iki təhsil ocağının dosenti idi.

Harada çalışmasından asılı olmayaraq, Aslan Qəhrəmanlı ilk növbədə yazıçı idi. O, oxucu və tamaşaçıların yaddaşında televiziyaradio pyeslərinin, gözəl hekayə və povestlərin müəllifi kimi dərin iz buraxmışdır. Yazıçının indiyə kimi 30-a yaxın bədii, elmi-publisistik kitabları işıq üzü görmüşdür. O, dramaturq kimi ilk çoxhissəli televiziya tamaşasının müəllifidir. Tamaşaçılar onun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" adlı üç hissəli telepyesini yaxşı xatırlayırlar. Bu tamaşalar təkcə onun müəllifinə deyil, bütün yaradıcı heyətə, xüsusən orada çıxış edən aktyorlara böyük şöhrət gətirdi. Onun "Ürək" pyesi 1986-cı ildə televiziya pyesləri müsabiqəsində ilk yeri tutmuşdur. Yazıçının 13 pyesi radioda səsləndirilmişdir. Onların sırasında "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və s. pyeslər var. İxtisasca riyaziyyatçı olan yazıçı səhnələşdirmək üçün yazdığı əsərlərində dramaturji qanunlara riyazi dəqiqliklə əməl edir, onları yüksək bədii səviyyəyə qaldırırdı.

Aslan Qəhrəmanlının "Meteor yağışı", "Gültən", "Bir payız axşamı", "Müsabiqə", "Qızıl zəncirli açar", "Səni axtarıram", "Parodiyalar" və s. kitabları yüksək tirajla işıq üzü görmüşdür. Həmin kitablarda toplanan hekayə və povestlər, dram əsərləri çoxlu oxucu kütləsinin qəlbinə geniş yol tapmışdır.

Aslan Qəhrəmanlı istedadlı yazıçı olmaqla yanaşı, təvazökar insan, gözəl dost, səmimi yoldaş idi. Onun qələminə sədaqəti Vətəninə, xalqına sədaqəti idi. Görkəmli yazıçı, dəyərli pedaqoq, gözəl insan Aslan Qəhrəmanlı öz ölməz əsərləri ilə xalqımızın, geniş oxucu kütləsinin qəlbində daim yaşayacaqdır.

Qəbri nurla dolsun. Allah rəhmət eləsin.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2014.- 24 yanvar.- S.8.