Sevimli qəzetim

 

Bir zamanlar "Ədəbiyyat və incəsənət" adı altında çıxan "Ədəbiyyat qəzeti" ilə mənim tanışlığımın qəribə tarixçəsi var. BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmaq üçün respublika mətbuatında dərc olunmuş məqalələrin siyahısı tələb olunurdu. Bu siyahı olmadan jurnalistika şöbəsinə heç bir sənəd qəbul olunmurdu. Rayonda yaşayan, məktəbi yenicə bitirmiş bir qızın respublika mətbuatında yazılarını dərc etdirməsi absurd bir məsələ idi. Həm də nəzərə alsaq ki, respublikada barmaqla sayıla bilən sayda mətbu orqanları vardı, onlar da təbii ki, peşəkar yazılarına üstünlük verir, rayonlardan yazan "ştatdankənarların" olsa-olsa kiçik, xəbəryönümlü yazılarını dərc edirdilər. Mən "Azərbaycan gəncləri", "Azərbaycan qadını", "Azərbaycan pioneri" ilə yanaşı, "Ədəbiyyat və incəsənət" qəzetinə də bir məqalə göndərdim və üstündən üç həftə keçəndən sonra (qəzet o zaman da həftədə bir dəfə çıxırdı) yazımı qəzetin səhifəsində gördüm. Bu, Zaqatalanın Yuxarı Pala kəndindəki dulusçulardan, onların düzəltdiyi məişət əşyalarından, bu sənətin nəsildən-nəslə ötürülməsindən bəhs edən bir yazı idi. Şəkillərlə birgə yazı qəzet səhifəsinin xeyli hissəsini tuturdu. Bu, "Ədəbiyyat və incəsənət" qəzetinin mənə bəxş etdiyi ilk, unudulmaz sevinc idi. Az sonra Bakıya gələrkən sərgilərdən biri haqda, buraxılan bukletlər barədə bir yazı yazıb onu da redaksiyaya təqdim etdim. Bu yazım da dərc olunduqdan sonra "Ədəbiyyat və incəsənət" qəzeti mənim ən doğma qəzetim oldu və hər həftə bu qəzetin çıxacağı günü səbirsizliklə gözləyərdim.

Oradakı hekayələri, şeirləri, resenziyaları oxuduqdan sonra, qalan yazıların da, hamısını sonadək oxuyardım. Beləliklə, "Ədəbiyyat və incəsənət" qəzeti özümhiss etmədən mənim həyatıma daxil olduson dərəcə arzu edilən bir tələbata çevrildi. "Ədəbiyyat və incəsənət" ən çox oxunan qəzet idi. Satışa çıxandan az sonra onu köşklərdə tapmaq mümkün deyildionda əlac kitabxanalara qalırdı.

Sonralar tale elə gətirdi ki, mən kiçik fasilələrlə (dekret məzuniyyətlərinin əvəzçisi kimi) bu qəzetdə işləməli oldum. Həmin illər mənim ömrümün ən maraqlı və yaddaqalan illəridir. Bu illərdə mən görkəmli şairlərlə, yazıçılarla, jurnalistlərlə, qəzetin çox istedadlı əməkdaşları ilə yaxından tanış olurdum, onları canlı-canlı görür, maraqlı söhbətlərinə qulaq asırdım. Əlbəttə ki, bu mənim sonrakı həyatıma və dünyagörüşümə də öz təsirini göstərdi.

Sonralar Milli Elmlər Akademiyasında işləyərkən "Neftçilər"dən "Elmlər Akademiyası" stansiyasına gedənə qədər hər gün metroda çox müxtəlif ziyalılarla qarşılaşmalı olurdum (Nədənsə o zaman ziyalıların əksəriyyəti ucqarlarda yaşayırdı və çoxunun da avtomobili yox idi). Əllərində qəzet, papka olan bu adamlar metroya girən kimi köşkdən yenicə aldıqları qəzetləri oxuyardılar, istər-istəməz onların buya digər məsələ barədə fikir və mülahizələrinə türklər demişkən qulaq müsafiri olardım. Cümə günləri isə əllərdə ən çox görünən "Ədəbiyyat və incəsənət" qəzeti olardı.

Yadıma gəlir, o zaman yerlərində bizi müxtəlif qəzet və jurnallara abunə yazılmağa məcbur edərdilər. Partiya mətbuatı (bu, məcburi idi), daha sonra istədiyimiz mətbu orqanlarına yazılardıq, bir də görərdin ki, aylıq məvacibimizin yarısından çoxu abunəyə gedibPoçt yeşiklərimizdən onları götürüb evə gətirmək, vərəqləmək insana bir ayrı sevinc verərdi…

Texniki inovasiyaların insan həyatından sıxışdırıb çıxardığı, gənclərin "dadmadıqları" bu sevinclər bəzən təəssüf doğurur. Bu, həm də oxu vərdişlərini, danışıq mədəniyyətini, gözəl, bəlağətli dili də sıxışdırıb çıxarır, danışıq dili əvəzinə terminlər yığını və qırıq-kəsik sözlər eşidilir.

Düşünəndə ki, bu dilin inkişaf etdirilməsi üçün təkcə "Ədəbiyyat qəzeti" bütöv bir institutu, bütöv bir akademiyanın görə biləcəyi qədər böyük işlər görmüşdür.

"Ədəbiyyat qəzeti"nin bu ilki ilk sayında baş redaktor, hörmətli Ayaz Vəfalının qəzetin 80 illik yubileyi münasibətilə yazdığı "Ədəbiyyatımızın salnaməsi" məqaləsini oxuduqda bu qənaətə gəldim ki, doğrudan da bu qəzet illər uzunu ədəbiyyatımızın salnaməsini yaratmışdır. Bu illərdə qəzetdə müxtəlif dövrlərin görkəmli ədiblərinin, alimlərinin, filosoflarının əsərləri, şeirləri, poemaları, romandan parçaları, ədəbiyyatşünaslıq məsələləri barədə fikirləri dərc olunmuşonlarla hamıdan əvvəl "Ədəbiyyat qəzeti"nin oxucuları tanış olmuşlar.

Qəzetdə daimi və müvəqqəti rubrikalar vardı, ədəbi-tənqidi yazılar, resenziyalar, yeni kitablar, tamaşalar, səfər qeydləri çox maraqla oxunardı.

O zaman, sovetlər birliyi dönəmində xaric bizim üçün bir o qədər də açıq deyildi. Ona görə də ən xırda təfərrüatlarına qədər təsvir edilən xarici səfərlər, xüsusən yaxın və uzaq Türkiyə haqda, oradan tək-tük ölkəmizə gələn qonaqlar, yazarlar, onların yaradıcılığı, bizim təkəm-seyrək Türkiyəyə gedən yazıçılarımızın təəssüratları, dünya klassikasından tərcümə edilən nümunələr qəzeti olduqca maraqlı, oxunaqlı edirdi.

Bir şeyiqeyd etmək çox yerinə düşərdi. "Ədəbiyyat qəzeti"nin bütün dövrlərdə çox istedadlı və bacarıqlı kollektivi olub. Elə onların əməyinin bəhrəsidir ki, səksən ildir qəzet maraqla oxunurbu günsevilir.

Bu kollektivin bir üzvüvar ki, illər uzunu, əməkdaşlıqdan baş redaktorluğa, qara saçlardan saçlara qədər uzun bir yol keçərək ən sədaqətli, ən etibarlı, ən cəfakeş qəzetçi kimi bu qəzetin təəssübünü və zəhmətini hamıdan çox çəkmişdir.

Hörmətli Ayaz müəllim! Bu il 80 yaşını qeyd etməyə hazırlaşdığınız, az qala yaşıdınız olan "Ədəbiyyat qəzeti"nin bütün uğurları ilə öyünməyə hamıdan çox sizin haqqınız var.

Qəzetinizin yubileyi münasibətilə siz başda olmaqla bütün kollektivinizi, qəzetin indikikeçmiş əməkdaşlarını, oxucularını, bütün müəlliflərini, qəzeti araya-ərsəyə gətirənlərin hamısını ürəkdən təbrik edirəm, sizə və kollektivinizə cansağlığı, yeni yaradıcılıq üfüqləri arzulayıram.

Oxucu

 

Gülafət Davudova

 

Ədəbiyyat qəzeti.- 2014.- 24 yanvar.- S.8.