Bu həsrət bizim...
Nazim Hikmətin doğum günü münasibətilə
Yazıçı-jurnalist
Aqşin Babayev 2006-2011-ci illərdə “ANS-ÇM” radiosunda
apardığı həftəlik müəllif proqramı əsasında
“Efirdən vərəqlərə” adlı yeni kitabını
nəşrə hazırlamışdır. Həmin kitabdan
Nazim Hikmətə həsr olunmuş “Bu həsrət bizim”
bölümünü oxucuların diqqətinə təqdim
edirik.
Aqşin Babayev: Bugünkü
proqramımızı Türk dünyasının böyük
sənətkarı Nazim Hikmətə həsr edirik. Bu
münasibətlə studiyamıza görkəmli sənət
xadimləri bəstəkar Arif Məlikovu və
yazıçı Anarı dəvət etmişik. Bu iki şəxsiyyətin
xüsusi təqdimata ehtiyacı yoxdur. Hamınız onları
çox gözəl tanıyırsınız. Arif Məlikov
Nazim Hikmətin “Bir aşk masalı” (“fərhad və
Şirin”) pyesi əsasında ölməz “Məhəbbət əfsanəsi”
kimi dünyaca məşhur balet yaradıb. Onun şeirlərinə
silsilə romanslar həsr edib. Anar müəllim də,
valideynləri- unudulmaz xalq şairlərimiz Rəsul Rza və
Nigar xanım Rəfibəylinin Nazim Hikmətlə
böyük dostluğunun canlı şahidi olub. Eyni zamanda o,
Nazim Hikmətlə bağlı çox dəyərli əsərlər
yazıb, nəşr etdirib.
Nazim Hikmətin
keçdiyi həyat yolu və çoxşaxəli
yaradıcılığı haqqında danışmaq
üçün saatlar lazımdır. Dinləyicilərimizə
xatırlatmaq istəyirəm ki, Nazim Hikmət 61 il ömür
sürüb. 1902-ci ildə Salonikdə anadan olub. 1963-cü ildə
Moskvada vəfat edib. Məzarı məşhur sənət
xadimlərinin dəfn olunduqları “Novodeviçi” qəbiristanlığındadır.
Nazim Hikmət Azərbaycanla
çox bağlı olub. İlk dəfə 1927-ci ildə
Bakıya gəlib. 1928-ci ildə burada onun ilk kitabı -
“Günəşi içənlərin türküsü” nəşr
olunub. Uzun illər Türkiyədə həbsxanalarda yatan,
mütərəqqi insanların təkidi ilə zindandan azad
olunduqdan sonra Moskvaya gələn Nazim Hikmət,
ömrünün son 13 ilini keçmiş sovetlər birliyində
yaşayıb. Bu illərdə o, tez-tez Bakıya gələrdi,
vətən həsrətini dili bir, ruhu bir azərbaycanlılarla
görüşlərində ovudardı.
İndi mən
sözü qonaqlarıma vermək istəyirəm. Arif müəllim,
siz ilk dəfə Nazim Hikmətlə nə vaxt və necə
görüşmüsünüz? Ümumiyyətlə xatirələrinizi
dinləmək istərdik.
Arif Məlikov: Mənim
Nazim Hikmətlə ilk görüşüm bir neçə
saniyəlik olub. Nazim Bakıda idi, “İnturist” otelində
qalırdı və mən onunla görüşə gəldim,
içəridə də xeyli qonaqlar var idi. Dedim ki, ustad, mən
sizin “Bir aşk masalı” pyesiniz əsasında balet
yazıram. “Çox gözəl, çox gözəl” - dedi.
Sonra nə mənim bir sözüm oldu, nə də onun. Mən
getdim. Orada kinorejissor Əjdər İbrahimov da vardı. Sonra
o, mənə hər şeyi danışdı. Nazim Hikmət
deyib ki, o, yazacaq. Çünki gəncdir. Nazim Hikmət gənclərə
həmişə inanırdı və gənclər də onu
çox istəyirdi.
Mən sizə səkkiz
yaşlı bir türk qızının da əhvalatını
danışmaq istəyirəm. Neçə illər bundan əvvəl
İstanbulda idim. O vaxt təmirdə olan Sultan sarayına adam
buraxmırdılar. Amma sarayın müdiri məni ora dəvət
etdi. Nahar etdik. Süfrə başında bir qız da oturmuşdu.
Bir kəlmə də danışmırdı. Amma
sözlü adama oxşayırdı. Sonra bildim ki, bu,
müdirin qızı imiş. Müdir dedi ki, biz Nazimsevərik.
Qızım Nazimə şeir həsr edib, onu sizə oxumaq istəyir.
Qız şeri oxudu. Səsi titrəyirdi. Tam şeri sizə əzbər
deyə bilmərəm, məzmunu təxminən belə idi:
“Nazim əmi, məzarından bir ovuc torpaq ver mənə.
Bağçamda əkdiyim güllərin dibinə səpim. O
gülləri dərməyəcəyəm. O gülləri dərmək,
Nazimi torpaqdan ayırmaq deməkdir”.
Məni çox
kövrəltdi o qız, sonra çıxdıq
bağçaya, gəzdik. Qızılgüllər
açmışdı. Rəngbərəng idilər.
Açıq qırmızı rəngdə bir gülü
göstərdim qıza, soruşdum: Bumu Nazim Hikmət? Dedi,
yox. Tünd qırmızı rəngdə bir gül var idi.
Özü də güllərin boyu insan boyundan da yüksəkdi.
Dedi hə, bax budur. Dedim, qızım, sənə nə hədiyyə
edim. “Mənə Nazim Hikmətin əsərini göstər” -
dedi. O, “Məhəbbət əfasanəsi”ni görmək istəyirdi.
O dövrdə bu mümkün deyildi. Nazim Türkiyədə
yasaq idi. Sonralar Ankarada tamaşanı qoya bildik. Sonra
İstanbula da gəldik. İstanbula gəlməyin də bir səbəbi
var idi. Ankarada tamaşanın premyerasını verəndən
sonra Türkiyənin Baş naziri məndən soruşdu ki, nə
arzunuz var? Dedim, mənim bir arzum var ki, “Məhəbbət əfsanəsi”ni
İstanbulda göstərək. Dedi, problem yoxdur.
Çağırdı müdiri, dedi: “Üç-dörd
tamaşadan sonra gedin İstanbula, göstərin
tamaşanı”. Gəldik İstanbula, özüm də pult
arxasında oturmuşdum. Salonda həmin qızı da atası
ilə əyləşdirmişdim. Tamaşadan sonra qız mənə
dedi ki, çox sağ olun. Mən Nazim Hikməti
gördüm. Bakıya gələndən sonra o qızın
şeirini “Ədəbiyyat və incəsənət” qəzetində
çap etdirdim.
Nazim Hikmət
haqqında danışanda ürəyimizi açan, fərəhli
hadisələr olduğu kimi, bizi kədərləndirən
duyğular da var. Deyirlər kişi göz yaşlarından
utanmamalıdır. Mən Nazim Hikmətlə bağlı
ağlamışam. “Məhəbbət əfsanəsi”ni Ankarada
tamaşaya qoymaq istəyəndə premyeraya bir gün
qalmış tapşırıq gəldi ki, Nazim Hikmətin
adı afişalardan çıxarılsın.
Çıxarılsa premyera olacaq, çıxarılmasa
olmayacaq. Mən dedim ki, bütün ölkələrdə bu əsər
Nazim Hikmətin adıyla gedir. Əgər Türkiyə
bugün Nazimi qəbul etmirsə, tamaşa olmayacaq.
Aparaturamı vurdum qoltuğuma, getdim. Premyera olmadı. Sonra
hökümət dəyişildi, iki ildən sonra Ankarada “Məhəbbət
əfsanəsi” tamaşaya qoyuldu. Sonra İzmirdə də
qoyuldu, İstanbulda Bələdiyyə Teatrında da
nümayiş etdirildi. Nazim Hikmətin 100 illiyində təntənəli
bir premyera verdik.
Anar: Aqşin müəllim,
siz düzgün qeyd etdiniz ki, Nazim Hikmət Bakıya ilk dəfə
1927-ci ildə gəlib. O vaxt Nazimin ilk kitabı “Günəşi
içənlərin türküsü” 1928-ci ildə ərəb
əlifbası ilə çap olundu. Bu kitabın redaktoru
Süleyman Rüstəm idi. O vaxt Nazim Hikmətlə atam
tanış deyildi. Sonra tanış oldular onlar. Çox
qısa bir zamanda da yaxın dost oldular. Mən isə Nazim Hikməti
ilk dəfə 1957-ci ildə gördüm. Bakıya gəldi,
atam onu evimizə dəvət etmişdi. Yadımdadır ki, həkimi
Qalina idi. Qalina və Əkbər Babayevlə bir yerdə gəlmişdilər.
Evimiz üçüncü mərtəbədə idi. Hər
mərtəbədə stul qoymuşduq. Nazim otururdu, nəfəsini
dərirdi, sonra qalxırdı. O gecə bizdə Süleyman
Rüstəm, Cəfər Cəfərov, Sabit Rəhman,
Ənvər Məmmədxanlı qonaq idilər.
Bülbülü də atam dəvət etmişdi.
Bülbül mahnılar oxuyurdu və Nazim: “Bayıldım bu
mahnılara. Nə gözəl, nə gözəl” - deyirdi. Hər
dəfə Nazim Bakıya gələndə bizdə belə
qonaqlıqlar olurdu.
Sonra mən Moskvada
olanda Nazim Hikmətə zəng etdim, telefonla
danışdıq. Heç bir-iki saat keçməmişdi
ki, Əkbər mənə zəng elədi ki, Nazim bir yerə
gedir, səni də dəvət edir. Mən Moskva
mehmanxanasında qalırdım. Dedi ki, düş
aşağı, bir yerdə gedək. Düşdüm
aşağı, iki maşınla gəlmişdilər. Nazimin
maşını qabaqda gedirdi. Arxada da Əkbər özü
sürürdü. Mən Əkbərin yanında
oturmuşdum. Nazimin maşını bir az gedəndən sonra
dayandı və Nazim düşdü. Nazim çox şık
geyinmişdi. Ümumiyyətlə, o yaxşı geyinməyi
sevirdi. Düşdü maşından küçədə
var-gəl elədi, sonra yenə əyləşdi. Bir az gedəndən
sonra başqa bir küçədə yenə maşından
düşdü. Mən Əkbərdən soruşdum ki, niyə
belə edir? Dedi, özündən soruşarsan. Gəlib
çatanda dedim ustad, niyə belə etdiniz, niyə arabadan
endiniz? Zarafatla dedi: “Mən bu moskvalılara şık geyinməyin
nə olduğunu göstərmək istədim.” Güldük.
Son söhbətimiz
yenə də telefonla oldu. Çox ağrılı bir
söhbət idi. Çünki o vaxt növbəti dəfə
atama qarşı kampaniya başlamışdı. Mən Nazimə
zəng etdim, kefini soruşmaq üçün. Mənə
dedi ki, Rəsul nasıldır? Dedim necə olacaq, yenə
başlayıblar. Mənim Nazimdən eşitdiyim son söz bu
oldu: “Allah bəlalarını versin”. Ondan bir həftə sonra
Nazim rəhmətə getdi. Dəfnində də iştirak
etdim. Atam Bakıdan gəldi, orada çıxış elədi.
Mən o vaxt gənc idim, amma onun öz səsilə oxuduğu
şeirlər, söhbətlər əbədi olaraq xatirəmdə
qalacaq.
Aqşin Babayev: Anar müəllim, siz 1957-ci ili xatırladız. 1957-ci ildə mən tələbə idim, III kursda oxuyurdum. Nazim Hikmət Bakıya gəldi və Azərbaycan Dövlət Universitetində tələbələrlə görüş oldu. Mən də o görüşdə iştirak edirdim. Siz təsəvvür edin ki, oturmağa yer yox idi. Mən lap arxada, ayaq üstə dayanmışdım. Əlbəttə, onda mən ağlıma da gətirə bilməzdim ki, gün gələcək, mən Nazim Hikmətlə üzbəüz oturub saatlarla söhbət edecəyəm, yaradıcılığı haqqında dissertasiya müdafiə edəcəyəm, ona həsr olunmuş kitablar yazacağam. Bu kitablardan biri də Türkiyədə işıq üzü görəcək.
Anar: Aqşin müəllim,
siz dediyiniz o görüşdə mən də iştirak
edirdim. O vaxt Azərbaycanda türk sözü yasaq idi.
Heç kim demirdi ki, biz türkük. Amma Nazim deyirdi ki, mən
türkəm, siz də türksünüz, dilimiz bir, millətimiz
bir. Mən Türkiyədə olanda deyirəm ki, siz Nazimi
kommunist kimi qəbul etmirsiniz. Amma biz onu türk kimi qəbul
etdik. Biz onu kommunist kimi deyil, Türkiyədən gələn,
türkcə danışan insan kimi xatırlayırıq.
Aqşin Babayev: 1957-ci
ildə universitetdəki görüşdən Nazim Hikmətin
səsi var məndə. Bunu öz arxivimdə qiymətli bir ərməğan
kimi saxlayıram. Deyirəm, o səsə gəlin birlikdə
qulaq asaq.
Nazim Hikmətin səsi: “Bu mukaddes, bu kutsal evinize, darülfununuza beni
çağırdınız için teşekkür ederim.
Beni dünyanın en bahtiyar insanlarından biri yapdınız.
Ve ben şimdi burada düşünüyorum. Belke,
ben görmem, amma oğlum görecek. Nasıl
İstanbulda da, bizim universitetde de böyle salon olacak.
Nasıl oraya da Azerbaycandan şairler gelecek... Siz beni nasıl karşıladınızsa, onlar da
onu öyle karşılayacaklar. O şairden bir ricam var. O,
Türkiyeye gittiyi vakit, benim istanbullu genclere desin ki, bize de senin
Nazım geldi. Biz onu kardeş gibi
bağrımıza basdıq. Ve biz ona
çok şey öyretdik. Ne öyrendiyse
bu dünyada, çoğunu bizden öyrendi. Bunu
söylemeyi unutmasın! Ve benden selam söylesin! Çünki ben belke memleketime kovuşamam, amma o
memleketimi görür”.
Aqşin
Babayev: Arif müəllim, mənim
yadımdadır, Nazim Hikmətin 100 illiyi ərəfəsində
siz İstanbula getmişdiniz və orda sizin “Məhəbbət
əfsanəsi” baletinizin 65-ci premyerası olmuşdu. Düzdürmü? Mən səhv
etmirəm ki? Və o günlə əlaqədar
sizin mətbuatda xatirəniz də çap olunmuşdu. İstərdim ki, siz dinləyicilərimizə bu
haqda məlumat verəsiniz. Çünki o
premyera, sözün həqiqi mənasında, böyük bir
bayram oldu.
Arif Məlikov:
İstanbul Nazim Hikmət
üçün Türkiyənin ürəyi idi. Nə qədər söhbətlərimiz olub Nazim
Hikmətlə. O, həmişə İstanbulla bitirirdi
sözlərini. Şükür Allaha ki, Nazim Hikmətin 100
illiyində, baxmayaraq ki, bu tamaşanı Türkiyədə
qoymuşduq, amma onun sevdiyi şəhərdə bir də
göstərməyimiz, sizə deyim ki, çox gözəl
oldu. Qriqoroviç o dövrdə Avropada -
fransada çalışırdı, başqa bir tamaşa
üzərində işləyirdi. Dedim ona ki, sən
işlərini atmalısan və Nazim Hikməti yad edərək
ilk tamaşanı - Leninqradda göstərilən
tamaşanı bərpa edib tam olduğu kimi İstanbulda
qoymalısan. Sizə deyim ki, Türkiyə bu
tamaşaya çox böyük məbləğdə pul xərclədi.
Moskvadan rəssamlar gəlmişdilər. Böyük Leninqrad Teatrının səhnəsindən
də gözəl dekorlar yaratdılar, türk truppası ilə
təzədən işlədilər. Sizə
deyim ki, İstanbulda çox təntənəli premyera oldu.
Mən sizə bir neçə saniyəlik
ilk görüşümüzdən Nazim Hikmətin vəfatına
qədərki hadisələrdən danışdım. Nazim Hikmətlə mən həmişə ünsiyyətdə
olmuşam, baxmayaraq ki, bugün Nazim Hikmət yoxdur, amma mənim
yaradıcılığımda yaşayır. Vaxtilə istəyi o idi ki, mən onun “Yusif və
Züleyxa”sı əsasında balet yazım. Bəzi səbəblərə görə
böyük fasilə oldu. İndi bu balet üzərində
işləyirəm. Mən yenə Nazim
Hikmətə qayıtmışam.
Bir şeyi də deyim ki, bugün
milyonlarla insanın evində Nazim Hikmətin şəkli,
kitabları var. Bayaq, Aqşin müəllim, 65-ci premyera dediz,
bu həqiqətdir. 1961-ci ildən bu günə
qədər bu tamaşa Leninqradın teatr səhnələrindən
bir gün də düşməyib. Böyük
Teatrda bu günə qədər bir gün də repertuardan
çıxarılmayıb. “Məhəbbət əfsanəsi”ni 1500-2000 adam tutan salonlarda göstərmişik.
Moskvanın Kreml sarayında bu əsərə eyni vaxtda 6 min nəfər
adam baxıb. Türkiyədə
15 min nəfər eyni vaxtda bu tamaşada olub. Bir dəfə
də “Məhəbbət əfsanəsi”ni
1 milyon tamaşaçıya göstərmişik, o da
Brazilyada oldu. Tamaşanı göstərmək
üçün açıq havada xüsusi dekorlar
qurmuşdular. Dağların, çəmənliklərin
üstündə millət oturub tamaşaya baxırdı.
Nazim Hikmət 1963-cü ildə vəfat
etdi. Mən Bakıda küçədə
gedirdim, təsadüfən eşitdim. Mən
evə getmədim. Birbaş təyyarə
meydanına gəldim, mindim təyyarəyə, Moskvada onun dəfninə
çatdım. Mənim evimdə Nazim Hikmətin
o qədər kitabları, fotoları var ki, yadigar. Bütün kitabların, fotoların üzərinə
yazıb ki, oğlum Arif Məlikova yadigar.
Bilirsiniz ki, Nazimin yaşadığı
dövrdə onun birinci romanslar silsiləsini
yazmışdım. Nazim Hikmət
eşitmişdi onu. Nazim Hikmətin vəfatından
sonra ikinci romanslar silsiləsini yazdım.
Bir epizod da danışım sizə. Bir dəfə mən Leninqrada getməliydim. Moskvaya gəldim, gecə idi. Nazim
Hikmətə zəng vurmadım. Mən
Moskvaya hər dəfə gələndə ilk telefonlaşmam
Nazim Hikmətlə olurdu. Səhərisi
gün başım qarışdı. Nazimə
zəng vurmadım. Leninqrada uçdum.
Kimsə məni görüb Nazim Hikmətə
demişdi ki, Arif Moskvadadır. Nazim deyib ki, ola bilməz, çünki o gələndə
mənə telefon açır. Mən
Leninqraddan gəlib zəng vurdum, hiss elədim ki, mənlə
çox soyuq danışır. “Bin arabaya bu dakika gəl
buraya - dedi. Mən səni oğul kimi qəbul
edirəm, elə bilirdim ki, sən də məni ata kimi qəbul
edirsən”. Tez özümü Nazimə
çatdırdım. Üzr istədim.
Ürəyi ağrıyırdı. Dedi
ki, “Ataya telefon açmaq üçün çokmu vaxt
lazımdır?”. Təkrar
üzr istədim. Onun o vaxtlar böyük arzusu “Yusif və
Züleyxa”nı səhnədə görmək
idi. Bu arzusu yerinə yetsə, mən
özümü xoşbəxt hiss edərəm ki, bir oğul
kimi borcumu yerinə yetirdim.
Aqşin
Babayev: İnşallah, Nazimin bu arzusu
da yerinə yetər. Nazim Azərbaycana çox
bağlı idi. “Nazim Hikmət və Azərbaycan”
mövzusu ayrıca bir elmi tədqiqat işidir və bu,
işlənilib. Nazim Hikmət tədqiqatçıları
Tofiq Məlikov, Azər Abdulla, Qadir İsmayıl, Tofiq Abdin və
başqaları bu haqda yazıblar. Rəssamlarımız
onun pyeslərinə tərtibat veriblər. Münəvvər Rzayeva əvvəlcə onun
büstünü, sonra da heykəlini yaradıb. Nazim Hikmət
Münəvvər Rzayevaya demişdi: “Heykəlimi mən
öləndən sonra yaradarsan. Özü də
bilirsən necə? Yalnız iki gözlərimi
verərsən. Bilinsin ki, mənəm
baxan. Bilinsin ki, bu şəffaf damcılar
ömrünün sonuna qədər vətən həsrəti
ilə yanan bir insanın gözləridir”. Münəvvər Rzayeva o heykəli yaratdı və
çox orijinal bir əsər meydana çıxdı.
Bəzən mətbuatda, televiziyada, radioda
belə fikirlər səslənir ki, guya Nazim Hikmət təbliğ
olunmur, unudulur. Elə şey yoxdur. Bayaq dediyim kimi, Nazim Hikmətin ilk kitabı “Günəşi
içənlərin türküsü” 1928-ci ildə
Bakıda nəşr olunmuşdu. Anar
müəllimin təşəbbüsü ilə o əsər
bəzi əlavələrlə yenidən nəşr edildi.
Mən istərdim ki, Anar müəllim, bu haqda
danışasınız. Mənim
yadıma gəlir, həmin kitabın təqdimat mərasimi də
Yazıçılar İttifaqında təntənəli
şəkildə keçirildi. Mən
özüm də orda iştirak etdim, çıxış elədim.
Nazim Hikmətin şeirlərini səsləndirdik.
Anar: Yadınızdadırsa, Nazim Hikmətin
100 illiyi ərəfəsində biz özümüz
Yazıçılar İttifaqında komissiya yaratdıq. Komissiyaya siz də, Aqşin müəllim, Arif müəllim
də daxil idi. Bu komissiya dövlətin
komissiyası deyildi. Bizim təşəbbüsümüz
ilə yaradılmışdı. Bu komissiyada
bəzi işlər planlaşdırıldı. Nazim Hikmət haqqında televiziya verilişləri
olsun, radioda çıxışlar edək, mətbuatda
yazılar çap olunsun. O cümlədən bizim rəhmətlik
türkoloq, sənin də, Aqşin müəllim, dostun Qadir
İsmayıl Nazim haqqında Azərbaycanda çıxan
şeirləri və məqalələri tərtib eləmişdi.
Bir kitab hazırlamışdı. Mən fikirləşdim ki, belə bir kitaba Nazimin
özünün də şeirlərini əlavə edək.
Bunları Qadir müəllimlə
razılaşdırdıq. Kitabın da
adını “Günəşi içənlərin
türküsü” qoyduq. Nazimin ilk
kitabı kimi buraxdıq. Onda
Yazıçılar Birliyi başqa bir məsələ də
qaldırdı. Yazıçılar
Birliyinin tədbirinə Türkiyənin səfirini də dəvət
etdik. Yazıçılar Birliyinin təklifi
irəli sürüldü ki, Nazim Hikmətə türk vətəndaşlığı
qaytarılsın. Mən şəxsən
səfirə verdim o məktubu. Bu
yaxında qəzetdə oxudum ki, Nazim Hikmətin vətəndaşlığının
bərpa olunması məsələsi yenidən qalxıb.
Mən elə hesab edirəm ki, Nazim Hikmətin vətəndaşlığı
bərpa olunsa da, olunmasa da o, Türkiyənin, daha doğrusu,
dünyanın XX əsrdə yetirdiyi ən böyük
şairlərdən biridir. Yunus İmrədən
tutmuş bu günə qədər türk
dünyasının ən böyük şairlərindəndir.
Mənim bu barədə mübahisələrim
çox olub. Necə olur ki, türk ədəbiyyatını,
türk dilini, türk mədəniyyətini sevəsən və
Nazimi sevməyəsən, bu dilin ən böyük
daşıyıcısını sevməyəsən.
Onun 100 illiyində Türkiyədə oldum - Atatürk
Kültür Mərkəzində, bir az
gecikmişdim, ayaq üstə qaldım. Bütün
salon dolu idi. Nazim Hikmətin şeirləri
səsləndikcə salonda da o şeirləri təkrar edirdilər.
Xüsusilə gənclər. İstiqlal küçəsilə gedərkən
dükanlarda Nazimin səsi, kasetləri səslənirdi. Yəni Türkiyədə Nazimi sevənlərin
sayı sevməyənlərin sayından yüz dəfə
çoxdur. Elə bir vaxt gələcək
ki, onu sevməyən qalmayacaq. Mənim
üçün Dədə Qorqudsuz, Nəvaisiz, Yunus İmrəsiz
türk dünyası olmadığı kimi, Nazimsiz də
türk dünyası yoxdur. Nazim Hikmət
türk dünyasının ən böyük şəxsiyyətlərindən
biridir. Azərbaycanda ona sevgi çox
böyükdür. Elə Arif Məlikovun
baleti ona çox böyük, əziz bir yadigardır. Onun haqqında atamın, anamın şeirləri var,
rəssam Toğrul Nərimanbəyov onun şəklini çəkib,
Münəvvər xanım onun heykəlini yaradıb,
tamaşaları gedir, filmləri çəkilib. Yəni Türkiyə ondan imtina edəndə Azərbaycan
ona sahib çıxdı. Və bu gün
də Azərbaycan ona sahib çıxmağa hazırdır.
Onun özü Azərbaycanı, Bakını
çox sevirdi. Gözəl şeirlər
həsr edib Bakıya. Azərbaycan sənətkarları
ilə dostluq edirdi. Təbiidir ki, Nazim Hikmət
hamımızın ürəyindədir.
Aqşin
Babayev: Nazim Hikmətdən söhbət
açarkən mənə elə gəlir ki, Əkbər
Babayevin adını biz xüsusi qeyd etməliyik. Nazim Hikmətin ölüm xəbəri kimi Əkbər
Babayevin vəfatı da məni çox sarsıtdı. Mənə
“Ədəbiyyat qəzeti”ndən baş redaktor Ayaz Vəfalı
zəng vurdu, dedi ki, Rəsul Rza Əkbər Babayev haqqında
“Bizim Əkbər” adlı çox təsirli bir yazı
yazıb. Nekroloq əvəzi verəcəyik onu.
Amma şəklini tapa bilmirik. Mən baxdım foto arxivimə, gördüm ki,
türk müğənnisi Müşərrəf Tezcan
Bakıya gələndə Arif Məlikov, mən və Əkbər
Babayev birlikdə şəkil çəkdirmişik. Həmin şəkli Ayaz müəllimə göndərdim.
O şəkildən Əkbərin fotosunu ayırıb
çap elədilər. İndi mən istərdim ki, həm
Arif müəllim, həm Anar müəllim Əkbər Babayev
haqqında bir-iki kəlmə söz desin. Mən bir şeyi də
xatırladım ki, Moskvaya gələndə Nazim Hikmət
bilirdi ki, Əkbər Babayev onun tədqiqatçısıdır
və Nazim sonralar öz kitabını Əkbər Babayevə
yadigar olaraq verəndə yazmışdı: “Beni, bana
tanıtana”, yəni “Məni mənə tanıdana”.
Arif Məlikov:
Əkbər Babayev həmişə
Nazim Hikmətin yanında olub. Bir şeyi də
deyəcəyəm ürək ağrısı ilə. Əkbər özünü Nazim Hikmətə həsr
etdi. Əkbər Babayev ədəbiyyat sahəsində,
elm sahəsində çox böyük işlər görə
bilərdi. Ona dəfələrlə
demişdilər ki, sən doktorluq dissertasiyasını gərək
müdafiə edəsən. Amma o,
mübaliğə olmasın, günün iyirmi dörd
saatını Nazim Hikmətə həsr edirdi. Nazimin 8 cildliyini Əkbər Babayev hazırlayıb
Bolqarıstanda çap etdirmişdi. Şairin
külliyyatı indi yavaş-yavaş Türkiyədə
çap olunmağa başlayır. Amma birdən-birə
o həcmdə, 8 cild ancaq Əkbər Babayevin sayəsində
çap olunmuşdu. Əkbər Babayev Nazim Hikmətin
sağ əli idi. Çünki nəsə bir
şey olanda o ilk növbədə Əkbərdən
soruşardı. Əkbər Babayev onun
yaddaşı idi. Tərcüməçisi
olmuşdu. Onun işlərini aparan adam
idi. Əkbər Babayevlə 1958-ci ildən sonra
lap yaxın olduq. Mən Moskvaya gələndə
daha oteldə qalmırdım. Əkbərin
evində yaşayırdım. Əkbər
Babayev mənim üçün qardaş kimi olmuşdu. Gözəl insan, gözəl şəxsiyyət
idi.
Bir şeyi də qeyd etmək istəyirəm. Biz həmişə Nazim Hikməti türk şairi
kimi görürük. Mənim
üçün Nazim Hikmət XX əsrin dünya
miqyasında ən böyük şairlərindən biridir.
Mən Türkiyədə
tamaşalarımla bağlı tez-tez oluram. Dörd dəfə
ancaq “Məhəbbət əfsanəsi”ni
qoymuşuq. Həmişə mən türklərə
deyirəm ki, Nazim Hikmət həm sizindir, həm də sizin
deyil. Dünyanındır! Mən Nazim Hikmətin
İtaliyada çıxmış iki cildlik kitabında Abidin
Dinonun yüzlərlə rəsmini görmüşəm.
Bu gün də mənim evimdə Abidin Dinonun rəsmləri
var. Abidin Dino bilirdi ki, mən Nazimlə yaxınam.
Sizə deyim ki, Nazim İstanbula çox
bağlı idi. Türklər həmişə
deyir ki, İstanbulda Nazim Hikmətin ad günündə, vəfat
günündə bilmirik ki, çiçəkləri hara
qoyaq. “Məhəbbət əfsanəsi”
ilk dəfə İstanbulda tamaşaya qoyulanda bir metrlik
gülləri dərdik, gəldik Qalata körpüsünə.
O gülləri Nazimi anaraq körpüdən bir-bir atdıq. Sonra türklər demişdilər ki, bundan sonra biz də
Nazim Hikmətin ad günündə gülləri Qalata
körpüsündən atacağıq. Elə
də etdilər və sonra mənə dedilər ki, türk rəssamı
bu hadisəni eşidib böyük bir rəsm əsəri
çəkmiş, Nazim Hikmətin sevdiyi Qalata
körpüsünü təsvir etmişdir. Sonra həmin rəssam o rəsmi mənə
bağışladı. Bu gün də o rəsm
mənim evimi bəzəyir.
Bilirsiniz, Nazim Hikmət haqqında saatlarla
danışmaq olar. Türkiyədə bir dəfə
altı-yeddi kamera qarşısında bir gün səhərdən
axşama qədər Nazim Hikmət haqqında
danışmışam.
Anar: Nazimi Əkbərsiz təsəvvür
etmək mümkün deyildi. Bakıda da Əkbərlə
olub dəfələrlə. Moskvada da həmişə
onun işlərini Əkbər görüb. Əkbər həm atamın dostu idi, həm də mənim.
Əkbər Nazimin ölümündən sonra
da Moskvaya gələn türk yazıçıları ilə
əlaqə saxlayırdı. Amma Əkbərin
belə bir faciəsi vardı ki, bu qədər Türkiyəni
sevə-sevə, türk yazıçıları ilə bu qədər
bağlı ola-ola, bir dəfə də onu Türkiyəyə
buraxmadılar. Mən Türkiyəyə
gedib-gələndən sonra, yadımdadır, Əkbər məni
hava limanında qarşıladı. Elə
qarşıladı ki, elə bil özü gedib-gəlmişdi
Türkiyəyə. Evində,
yatağının üstündə İstanbulun xəritəsi
asılmışdı. O, deyirdi ki, hər səhər
gözümü açıb bu xəritəyə baxıram
və Nazim Hikmətin çox sevdiyi İstanbulu görməyi
arzulayıram... Əkbərlə bağlı xatirələr
bir az kədərlidir. O, nisgilini
özüylə apardı.
Aqşin
Babayev: Nazim Hikmətli dəqiqələrimiz
çox sürətlə keçdi və təəssüf
ki, vaxtımız sona çatdı. Mən sizlərə
çox təşəkkür edirəm Arif müəllim,
Anar müəllim. Dəyərli vaxtınızı
ayırıb studiyaya gəldiyinizə görə çox sağ olun!
Gəlin verilişimizi Nazim Hikmətin səsindən
onun “Dəvət” şerilə bitirək.
Nazim Hikmətin
səsi:
Dörtnala gelip Uzak Asyadan
Akdenize bir kısrak başı gibi uzanan
bu memleket, bizim.
Bilekler kan içinde, dişler
kenetli,
ayaklar çıplak
ve ipek bir halıya benziyen toprak,
bu cehennem, bu cennet bizim.
Kapansın el kapıları, bir daha açılmasın,
yok edip insanın insana kulluğunu!
Bu davet bizim.
Yaşamak! Bir ağaç gibi tek və hür
ve bir orman gibi kardeşcesine,
bu hasret bizim!
Aqşin
Babayev
2006-cı
il
Ədəbiyyat
qəzeti.- 2014.- 24 yanvar.- S.6.