Gənc tədqiqatçının
füzulişünaslığa
töhvəsi
Klassik Azərbaycan ədəbiyyatının bir qolunu təşkil edən
ərəbdilli ədəbiyyatın öyrənilməsi
istiqamətində maraqlı və dəyərli işlər görülmüşdür. Buraya
daxil olan bir çox ədəbi-bədii
nümunələr üzərində tədqiqat işləri
davam etdirildiyi kimi, qaynaqlarda adı
çəkilən, lakin əlimizdə olmayan bir sıra əsərlərin
ortaya çıxarılması üçün axtarış işləri də
aparılmalıdır. Azərbaycan-türk, ərəb
və fars dillərində əsərlər
yazmış ədəbiyyat klassiklərinin ərəbcə
yaratdığı poetik nümunələr
sırasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin
ərəbcə şeirləri xüsusi əhəmiyyət
daşıyır. Bu şeirlər dünya və Azərbaycan
füzulişünaslığında alimlərin diqqətini
cəlb edərək elmi məqalələrin
mövzusu olsa da (Y. Bertels, Ə. İnan, H. əl-Misri, V. Feyzullayeva, İ. Həmidov),
ayrıca araşdırma obyektinə çevrilməmişdir.
«Cəmii-lisanə qadir». Füzulinin ərəbcə
şeirləri onun geniş
yaradıcılıq dünyasının ayrılmaz tərkib
hissəsidir. Qeyd etmək lazımdır ki, şairin Azərbaycan dilində
yazdığı əsərlərin ətraflı təhlilinə
xeyli tədqiqat işi
həsr olunsa da, şairin fars və ərəb
dillərindəki əsərlərinin öyrənilməsi
sahəsində bəzi məsələlər öz
həllini tapmamışdır. Xüsusilə Füzulinin ərəbcə poetik
irsinin tədqiqi istiqamətində ciddi boşluqlar duyulmaqda idi. Bu şeirlərin öyrənilməsi isə
nəinki ərəbdilli Azərbaycan ədəbiyyatının
inkişaf meyillərinin izlənilməsi,
eyni zamanda XV əsrdə
ərəbdilli ədəbiyyatın durumu
haqqında təsəvvür yaratmaq üçün çox
gərəklidir. Bu baxımdan AMEA akad. Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlünün
Füzuli yaradıcılığına müraciət
etməsi və dahi şairin
ərəbcə şeirlərini xüsusi
tədqiqat işi kimi
öyrənməsi təqdirəlayiqdir.
Dahi Füzulinin indiyə qədər monoqrafik
tədqiqat obyektinə çevrilməmiş ərəbcə
poetik irsi haqqında yeni söz olan
bu tədqiqat əsərinin ən mühüm məziyyətləri onun yeni düşüncələrə
təkan, ustad sənətkarın poetik-fəlsəfi
dünyası və təsəvvüf aləmi haqqında fikirləşməyə
güclü impuls verməsidir.
Monoqrafiyanın
strukturu və məzmunu, elmi-nəzəri
müddəaları ilə dərindən tanışlıq onu deməyə əsas verir
ki, tədqiqat işinin
bütün fəsil və bölmələri
problemin konkret aspektləri
ilə bağlı olduğundan mövzu tam
açılmışdır. Belə ki, bu tədqiqat
əsəri füzuli dühası, onun zəngin ərəb dili
və poetik sintaksisinə, möhtəşəm
obrazlar və məcazlar aləminə, bədii
ifadə vasitələrinə dərindən vaqifliyi
haqqında dolğun təsəvvür yarada bilir. Füzulinin ərəbcə şeirlərinin mövzu istiqamətlərini düzgün
müəyyənləşdirən Ruhəngiz Cümşüdlü
bu şeirlərin ideya-mövzu
baxımından zənginliyini poetik faktlarla əsaslandırır, şairin
ərəbcə şeirlərinin bədii dəyəri
haqqında indiyədək deyilən mülahizələri cəsarətlə
təkzib edib, onun bu sahədə də böyük
söz ustası olmasına
inandırır. Sevindirici haldır ki, gənc tədqiqatçı
özünəqədərki
füzulişünaslığın, Azərbaycan və dünya şərqşünaslıq və ədəbiyyatşünaslığının
əldə etmiş olduğu
elmi-nəzəri biliklər toplusunu dərindən
öyrənmiş, onlardan yaradıcı
şəkildə bəhrələnmiş, lakin
Füzulinin ərəbcə bədii irsi və bütövlükdə
poetikasını öz elmi
baxış bucağından tədqiq etmişdir.
Müəllif öz konsepsiyasını izah etmək, ona
inandırmaq, onu sübut
etmək üçün həm klassik ərəb, həm də geniş mənada türk poetika mədəniyyətinə, konkret elmi və bədii
nümunələrə müraciət edir.
Mövzuya belə bir
yaxınlaşma tərzi və təhlil metodu
klassik Azərbaycan ədəbiyyatının
yenidən oxunması və təhlilinin vacibliyini
sübut edir, bu sahə ilə məşğul olanlara yeni elmi-nəzəri
imkanlar yaradır. Müəllif
tədqiqat zamanı öz mülahizə
və fikirlərində, bunların möhkəmləndirilməsi
və isbatında konkret ədəbi faktlara - qəsidələrə,
ayrı-ayrı beytlərə, bu nümunələrin
təhlil və şərhlərinə, müasir
ədəbiyyatşünaslığın, o
cümlədən füzulişünaslığın
sınaqdan çıxmış elmi-nəzəri dəlillərinə
söykənir. Monoqrafiyanın bütün
fəsillərində elmi tədqiqatın
ciddiliyi, tədqiqatçının
özünə qarşı tələbkarlığı nəzərə
çarpır. Füzulinin ərəbcə poetik
irsinin bir tam halında öyrənən Ruhəngiz Cümşüdlü ayrı-ayrı qəsidələr,
ayrı-ayrı beytlər, hətta bu beytlərdəki
sözlər və söz birləşmələri
haqqında o qədər dərin, əhatəli,
öz ciddiliyi və elmiliyi ilə seçilən
araşdırmalar aparır ki, gənc tədqiqatçının
gələcəyin dəyərli alimi kimi formalaşacağı heç
bir şübhə doğurmur.
Monoqrafiya ilə diqqətli tanış olduqdan sonra belə bir qəti qənaət hasil
olur ki, tədqiqatçı
Ruhəngiz xanım araşdırılan mövzu
ilə əlaqədar heç bir nüansı nəzərdən
qaçırmamış və predmetin
spesifikasına uyğun fəsillər və
yarımfəsillər vermişdir. İlk öncə mövzunun tədqiq tarixinə
ekskurs edilir. Tədqiqatçı
Azərbaycan, türk, rus
və ərəb ədəbiyyatşünaslarının Füzulinin ərəbcə poetik
irsi haqqındakı fikir
və mülahizələrini diqqətlə nəzərdən
keçirərək onların elmi qiymətini
verir. Ruhəngiz Cümşüdlü
Füzulinin ərəbcə poetik
irsi haqqında zaman-zaman
dilə gətirilən “ögey və
haqsız münasibət”ə etirazını bildirərək
yazır: “Füzulinin ərəbcə poetik
irsinin öyrənilməsi sahəsində
bir sıra təşəbbüslər
göstərilmiş, dəyərli mülahizələr irəli
sürülmüşdür. Lakin təəssüf ki, şairin ərəbcə şeirlərinin bədii
məziyyətləri haqqında bəzi alimlərin
yanlış və subyektiv mülahizələri
füzulişünaslıqda uzun illər ərzində
mövcud olmuş və
“təsiri tənqidindən çox olmuşdur”. Doğrudur, heç bir dəlilə istinad edilmədən irəli sürülən
bu mübahisəli fikirlər müəyyən
zamanlarda M. Quluzadə,
V. Feyzullayeva, S. Əliyev kimi Azərbaycan alimləri tərəfindən
tənqid olunsa da, hökm sürən iradlar
müqabilində qaneedici
olmamışdır. Daha doğrusu
bu tənqidi fikirlərin həcmi və
problematikası füzulinin ərəbcə
şeirlərinin Azərbaycan və ərəb ədəbiyyatı
tarixində tutduğu yerə, onların
ideya-bədii tutumuna və həqiqi elmi dəyərinə bərabər
olmamışdır”.
Tədqiqatda
daha sonra dahi Füzulinin
bütövlükdə poeziyasının, xüsusilə də
ərəbcə şeirlərinin yaranmasında münbit zəmin olmuş
Bağdad ictimai-ədəbi mühiti, Azərbaycan-ərəb mədəni
əlaqələri nəzərdən keçirilir.
İraq-Bağdad-Azərbaycan ədəbi-mədəni əlaqələrinin təkamül mərhələləri
geniş araşdırılaraq üç dildə yazıb-yaradan Füzulini
yetirən XV əsr kulminasiya mərhələsi
kimi şərh olunur.
Əsas diqqət monoqrafiyanın tədqiqat yükünün
əsas daşıyıcıları olan
III və IV fəsillərə yönəldilmişdir. R.Cümşüdlü bu
zaman belə bir
mülahizəni xüsusi olaraq
vurğulamışdır ki, Füzulinin ərəb dilində olan
poetik irsi onun fəlsəfi fikirlərinin, ümumilikdə
təfəkkür və dünyagörüşünün
gözəl nümunəsidir. Bu fəsillərdə
Füzulinin ərəbcə poetik
irsinin ideya-mövzu
xüsusiyyətləri, nəzəri-estetik məsələləri
geniş şəkildə tədqiq edilmişdir. Tədqiqatçı
çox böyük
ustalıqla ustad sənətkarın ərəbcə
şeirlərini təhlil edərək onun
Qədim və Orta əsrlər Yunan və Şərq etik
və estetik görüşlərinə
hərtərəfli vaqifliyini, Qurani-Kərimin
ilahi hikmətlərinə dərindən
bələdliyini, sufizm və onun şəriət, təriqət, mərifət,
həqiqət kimi mərtəbələrinə,
vəhdəti-vücud və hürufilik kimi dini-fəlsəfi, ədəbi-ideoloji cərəyanlara
aşinalığını sübuta yetirmişdir. R.Cümşüdlü tədqiqat zamanı belə bir
haqlı mövqedən çıxış etmişdir
ki, “Füzulinin ərəbcə
şeirləri onun bədii
yaradıcılıq istiqamətini müəyyənləşdirən
amillərdən biri kimi
çıxış etsə də, bu
şeirlər şairin ümumi
yaradıcılığından ayrılıqda tədqiq oluna bilməz. füzulinin
ərəbcə şeirlərinin məna yükü
məhz şairin dünyagörüşü
və yaradıcılığının ümumi
cəhətləri kontekstində təhlil olunmalıdır”.
Bilindiyi kimi, Füzulinin əsərlərində zəngin bədii
ifadə vasitələri tədqiqatçıların diqqətini
hər zaman cəlb etmişdir.
Füzulişünaslıqda şairin bədii sözünün
müasir ədəbiyyatşünaslıq
elminin tələbləri səviyyəsində
öyrənilməsi tam həllini
tapmamışdır. Məhz bu səbəbdən
monoqrafiyada bədii-üslubi xüsusiyyətlərə
və məcazlar sisteminə ayrıca bölmənin həsr
edilməsi təqdirəlayiqdir. Gənc tədqiqatçının
bir çox elmi nəticələri Azərbaycan
füzulişünaslığında yeni
sözdür.
Monoqrafiyada bizi razı salan ən ciddi elmi məqamlardan biri də
müəllifin Füzulinin ərəbcə şeirlərini
tipoloji-müqayisəli üsulla ərəb
poetik ənənələri zəminində
tədqiq etməsidir. Vaxtilə Y. Bertelsin irəli sürdüyü tövsiyəyə əsaslanan
tədqiqatçının Füzulinin ərəbcə şeirlərində ərəb
poetik ənənələri istiqamətindəki
axtarışları təqdirəlayiqdir. Füzulinin ərəb poeziyası ənənələri
və nailiyyətlərinə də mükəmməl bələdliyini
aşkarlayan Ruhəngiz Cümşüdlü,
haqlı olaraq, belə bir
düzgün elmi
mövqedən çıxış edir ki, Qeys ibn
Müləvvəh, Cəmil Buseynə, Kəb ibn
Zuheyr, Həssan ibn Sabit, Mütənəbbi şeri
ilə Füzuli poeziyası arasında əlaqələrin
ortaya çıxarılması Azərbaycan-ərəb
ədəbi əlaqələrinin müəyyən həlqələrini
öyrənməyə də kömək edir.
Bir çox məqamları
ilə müasir ədəbiyyatşünaslığımız
və türkologiyamız üçün
maraqlı nəticələrin əldə olunduğu
bu monoqrafiya elmi-nəzəri
və təcrübi cəhətdən böyük
əhəmiyyət daşıyır. Gələcəkdə mövcud sahə ilə bağlı
araşdırmalar üçün ciddi-nəzəri
baza rolunu oynaya biləcək bu tədqiqat
əsəri, zənnimizcə,
füzulişünaslığı zənginləşdirəcək.
Gövhər BAXŞƏLİYEVA
Milli Məclisin deputatı,
filologiya elmləri
doktoru,
professor,
AMEA akad.
Z. Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru
Ədəbiyyat qəzeti.- 2014.-
24 yanvar.- S.7.