Ədəbiyyatşünaslığımızın
cəfakeş tədqiqatçısı
XX yüzilliyin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslığının
müşkül, məşəqqətli,
eyni zamanda şərəfli
tarixinin tədqiqinə mənalı, dolğun, elmi
araşdırmalarla zəngin həyatının 60 ilini fasiləsiz və təmənnasız həsr
edən, yüksək ziyalılığı, ağayanalığı, halallığı
və xeyirxahlığı ilə hər zaman
diqqət çəkən, Azərbaycan Milli
Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun baş elmi işçisi,
filologiya elmləri doktoru,
professor İslam Məhəmməd
oğlu Ağayev ömrünün 82-ci ilində dəyərləri
və meyarları ilə dəyişən dünyada
dünyasını dəyişdi.
Filoloji düşüncənin, ədəbiyyatşünaslıq
elminin tədqiqi sahəsində 60 ilə
yaxın fədakarlıqla çalışan professor
İslam Ağayev
özündən sonra zəngin irs qoyub getmişdir.
O, mollanəsrəddinşünas alim kimi geniş ədəbi-ictimai
auditoriyada yaxşı tanınsa da, elmi
yaradıcılıq məcrasının hüdudları daha genişdir. İ.Ağayev ədəbiyyata
orijinallığı, həqiqətsevərliyi, cəsarəti
və təkrarsız ədəbi-estetik zövqü
ilə gələn 60-cılar nəslinin elmi-tədqiqat sahəsindəki
«fövqəladə və səlahiyyətli» nümayəndələrindən
biridir. Onun ədəbiyyatşünaslıq elmimizə gətirdiyi
unutdurulmuşlar (sözün
geniş mənasında), acı həqiqətlər,
mənəvi repressiyalara məruz
qalmış şəxsiyyətlər və onların ədəbi-elmi
bəraəti missiyası bütöv bir mərhələ təşkil edir. Sovet rejiminin insan
haqlarına zidd ideoloji
axınının qarşısına çıxanların
istisnasız yuyulub «Buzlu
cəhənnəmə» atıldığı dönəmdə
«burjua» məfkurəsinin, milli
oyanış ideyalarının
daşıyıcılarını diqqət mərkəzinə,
ədəbi-tənqidi düşüncənin gündəminə
gətirmək, cəmiyyətə müxalif
zümrələrin ədəbi fəaliyyətini, həyat yolunu və nəşrlərini tədqiq və
təbliğ etməyin sığortalanmamış riskə
dayalı olduğu şübhəsizdir.
Milli-mədəni irsin klassik
sosialist realizminə zidd
meyllərinin fundamental tədqiqi ilə
bağlı dissertasiyaların son mərhələdə
imperiya mərkəzində ləğvinə
baxmayaraq İslam Ağayev araşdırmalarının ilk hədəfi kimi «Zənbur»
satira jurnalını seçdi.
Gəncliyə məxsus coşqu
və cəsarətlə ağır və müəmmalı
məqamlara elmi aydınlıq gətirmək,
dövrün qınaq və sınaq hədəfində
saxlanılan milli ziyalıların mənhus
taleyi üçün
narahatçılıq keçirmək, saysız-hesabsız arxiv materialları içərisində
inadkarlıqla axtarışlar aparmaq elə bil onun alnına yazılmışdı. İslam müəllimin «Satirik
«Zənbur» jurnalı» (1964) monoqrafiyasını 1909-1910-cu illərdə
cəmi 70 sayı işıq üzü
görən sırf bir gülgü
dərgisi haqqında elmi iş
olduğu qənaətinə gəlmək
yanlış olardı. O satirik mətbuatımızın cəsarətli və müqtədir bir nümunəsinin mövzu
miqyası, sənətkarlıq xüsusiyyətlərindən
daha çox onun yaradıcılarının milli ziyalılığından, vətən və
millət təəssübkeşliyindən, ictimai-siyasi
və maarifçi görüşlərindən
bəhs etmişdir.
Sonralar Sovet rejiminə etibarsızlıq nümayiş etdirdiyinə görə həyat
və fəaliyyətinin tədqiqi və təbliği üzərinə
«yasaq», «qadağa» qrifi qoyulan «burjua millətçiləri»nin,
«pantürkist»lərin qırmızı imperiya
zamanı araşdırılmasında İslam
müəllim «Zənbur»vari, «Mola Nəsrəddin»vari
metodlarından istisnasız səmərəli yararlanaraq
xalqa qaytarılmasında müstəsna
xidmətlər göstərmişdir. Onun Azərbaycanın elmi-ictimai düşüncəsinə
ünvanladığı işıqlı şəxsiyyətlərdən
biri də XIX yüzilliyin
sonu XX yüzilliyin əvvəlləri
dünya şöhrətli tibb elmləri doktoru, «Səadət»
xeyriyyə cəmiyyətinin yaradıcılarından biri, «Zənbur» jurnalının naşiri Mirzə Əbdülxalıq Axundov idi. Tədqiqatçı
alim «Satirik «Zənbur»
jurnalı»nda M.Ə.Axundova geniş yer
ayırmış, onun Almaniyanın Erlangen Universitetinin tibb fakültəsini bitirdiyini,
magistr elmi dərəcəsi
aldığını, 1890-cı ildə elmi
əsərinin alman dilində çap olunduğunu, Aristotelin və Əbu Əli ibn
Sinanın əsərlərindən tərcümələr etdiyini milli iftixar hissi ilə
vurğulayırdı. Tədqiqatda M.Ə.Axundovun həyat səhifələri vərəqləndikcə
hər bir vətənpərvər
insanın qürurdan köksü
qabarır: «M.Ə.Axundov X əsr farmakoloqu Əbu Mənsur
Müvəffəqin əsərini ərəb dilindən alman dilinə çevirir.
Əsərdəki 446 bitki və 44 heyvan bədənindən hasil
olan dərman preparatı haqqında elmi izah yazıb, həmçinin
orta əsr istilahlarının müasir elmi şərhini
verir. Əsər 1893-cü ildə
Derptdə farmakologiya tədqiqatları tarixi institutunun əsərlərində,
həm də ayrıca kitab şəkilində
Halle şəhərində nəşr edilir. Bu işinə
görə Derpt Universitetinin
tibb fakültəsi M.Ə. Axundova tibb elmləri doktoru elmi dərəcəsi
verir…
Vətənə
qayıtdıqdan sonra M.Ə. Axundov Bakıda kitabxana, ruhi xəstəlikləri müalicə edən
ilk xəstəxana və aptek
açır.»
Avropada tibb elmləri doktoru
elmi dərəcəsi alan
bu ilk azərbaycanlı
alim vətənində bir
sıra xeyirxah əməllərin təməlini
qoysa da sovet istilası dövründə mühacirət
etdiyi üçün
adı üzərindən qırmızı kölgələr
əskik olmamışdır. Yalnız ötən əsrin 60-cı illərinin
əvvəllərində gənc tədqiqatçı İslam Ağayev gözlənilən
təzyiqlərə məhəl qoymayaraq onun elmi
yaradıcılığı ilə paralel
ədəbi, bədii və publisistik fəaliyyətini
də gündəmə gətirmişdir. Geniş dünyagörüşə və
yaradıcılıq imkanlarına malik milli ziyalıların inzibati-amirlik
rejimi çərçivəsində cismani və mənəvi repressiyalara
məruz qalması əslində mənfur bolşevik
siyasətinin tərkib hissəsi idi. Professor İslam Ağayevin sovet dövrü
yaradıcılığında, tədqiqatlarında axına
qarşı çıxmaq, mövcud
ideologiyanın yasaqladığı mövzularda
yazmaq, repressiya olunmuş və unutdurulmuş
ziyalıların, ədəbi-bədii və publisistik
irsin elmi bəraəti
istiqamətində mütəmadi və sistemli
cəhdlər göstərdiyi yüksək insani
dəyərə malikdir. Onun Mirzə
Əbdülxalıq Axundovdan sonra Əliqulu Qəmküsar, Əli Razi Şamçızadə, Əlabbas Müznib Mütəllibzadə və b. barədə yazdığı irihəcmli
monoqrafiyaları ilk baxışdan sakit, həlimxasiyyət görünən, lakin daxilən narahat,
haqsızlığa, ədalətsizliyə dözümsüzlük
nümayiş etdirən alimin
simasız cəmiyyətin əzdiyi əsl simalar haqqında fikir
fırtınası idi.
Professor İslam Ağayev rus imperiyasına
qarşı milli mücadilənin
öncüllərindən biri, fədakar jurnalist, satirik şair, islam-türk mədəniyyətinin
cəfakeş tədqiqatçısı Əlabbas Müznib haqqında iki monoqrafiya çap etdirmişdi. Müznib kimdir? Bu sualı İ.Ağayev belə cavablandırır:
«Ə.Müznib həyatı boyu öz ictimai
ideallarına görə üç dəfə
müxtəlif vaxtlarda cəzaya məhkum olmuşdur. Birinci dəfə
1912-ci ildə çar hökuməti
xalqı milli-azadlıq qiyamına çağıranların
sırasında onu Sibirə ömürlük sürgün
etmişdi. Xoşbəxtlikdən
bu sürgünün
aqibəti uğurla bitmişdir:
o, 1913-cü ildə Romanovlar
sülaləsinin 300 illik yubileyi
münasibətilə əfvi-ümumiyə düşmüşdür.
İkinci dəfə Ə. Müznib 1914-cü ildə dini
fanatizmi tənqid etməsi üstündə
Bakı ruhanilərindən Şeyx Qəninin
ölüm fitvasına məruz
qalmışdır. Ə.Müznib üçüncü ağır cəza
hökmünə1937-ci ildə düçar
olmuşdur. O «burjua
millətçisi», «pantürkist» və «panislamist» təbliğatçı kimi məhkum edilib yenə
Sibirə göndərilmiş, 1938-ci ildə orada
vəfat etmişdir.»
Sovet dönəmində növbəti «burjua millətçisi», «pantürkist»,
«panislamist» və «xalq
düşməni» haqqında ilk məqaləni
yenə İslam Ağayev
yazır. O 1962-ci ildə «Azərbaycan»
jurnalının 6-cı sayında çap
etdirdiyi «Satirik «Zənbur»
jurnalı» məqaləsində Əlabbas Müznibin
ədəbi və publisistik fəaliyyətini
geniş işıqlandırır, 40-a qədər
orijinal, tərcümə, təbdil və
tərtiblərini ədalət hissi ilə
dəyərləndiribdi. Sovet ədəbiyyatşünaslığının
Ə.Müznibi «cızmaqaraçı»,
«simasız», «xalq düşməni»
adlandırdığı bir vaxtda onun ədəbi-bədii
irsini obyektiv qiymətləndirmək
düşünülən qədər də asan
deyildi. Əlabbas Müznibin
ulu babası Bakının sonuncu
xanı - Hüseynqulu xan
idi. İslam müəllim
Müznibin öz
ulu babası haqqında
yazdıqlarını da ilk
dəfə müsbət qiymətləndirərək filoloji fikrin dövriyyəsinə
daxil edən tədqiqatçı alimdir.
Professor İslam Ağayevin fundamental monoqrafik
tədqiqatlarından biri
də «Molla Nəsrəddin»in poetikası»dır. Burada da müəllif öz ənənələrinə
sadiq qalmış, XX yüzilliyin birinci yarısı ədəbi mühitinin və şəxsiyyətlərinin genişmiqyaslı
panoramını yaratmağa
nail olmuşdur. Doğrudur, alimin
digər araşdırmaları
ilə müqayisədə
«Molla Nəsrəddin»
25 illik bir dövrü əhatə edən, öz ənənələrini yaradan
və böyük bir nəsil yetişdirən tanınmış
ədəbi məktəbdir.
Bu mətbuat orqanı
və onun yaradıcı heyəti haqqında Mirzə İbrahimovun, Mir Cəlal Paşayevin, Cəfər Xəndanın, Əziz Şərifin, Məmməd
Cəfər Cəfərovun,
Əziz Mirəhəmədovun,
Nazim Axundovun, Firidun Köçərilinin,
Firidun Hüseynovun, Abbas Zamanovun, Məmməd Məmmədovun,
Xalid Əlimirzəyevin,
Tofiq Hacıyevin və b. tədqiqatlarında
jurnalın ədəbi-estetik
inkişaf istiqaməti,
sənətkarlıq məsələləri,
dil və üslub xüsusiyyətləri,
ictimai-tarixi əhəmiyyəti
barədə ciddi araşdırmalar və elmi qiymətləndirmələr
öz əksini tapmışdır. Lakin, İslam müəllimin tədqiqatı ilkin qaynaqlar və zəngin arxiv mənbələri əsasında
ərsəyə gəlməsi,
özündən öncəki
mülahizələrə və
elmi qənaətlərə
ehtiram və ləyaqətlə obyektiv
münasibət bildirməsi,
tədqiq olunmayan və ya az toxunulan mövzuları gündəmə
çıxarması, satirik
gülüşün ictimai
şüurun təkamülündə
və Milli mədəniyyətin tərəqqisində
əhəmiyyətini və
yerini müəyyənləşdirməsi
ilə mollanəsrəddinşünaslığa
sanballı elmi töhfədir.
Professor İslam Ağayevin «Ədəbiyyat,
mətbuat və publisistika problemləri» sərlövhəli irihəcmli
məqalələr toplusu
(«Elm», 2008, 504 səh.) dörd
fəsildən ibarətdir. Birinci və əsas fəsil bahar duyğularını yada salan «İstiqlal və ədəbiyyat» adlanır. Bu sərlövhə kitabın
digər bölmələrinə
də mənəvi işıq salır, onları özündə
ehtiva edir. İslam müəllimin 50 illik elmi yaradıcılığının
şirəsi və cövhəri bu topluya hopmuşdu. Onun başlıca qayəsi və amalı mən deyərdim ki, bu kitabda
öz əksini tapmışdı. Müəllifin fikrin məna qatlarında uyuyan mübariz ruhu «İstiqlal və ədəbiyyat» bölməsində
çox qabarıq görünür. İstiqlalımız yolunda ədəbiyyatımız
nələr vermişdi?!
Hansı
mənəvi və cismani repressiyalardan keçmişdi?! İstiqlalımızın əbədiliyi üçün
ədəbi istiqlalımızın
ideya qaynaqları haradan başlanır?!
Suallara cavab aradıqca «Azərbaycan romantik şeirində milli azadlıq və istiqlal ideyaları» bir çox mətləblərdən xəbər
verir.
Kitabın
«Dövri mətbuat» hissəsi əlahəzrət
faktların zənginliyi,
cazibəsi və mozaikası ilə insanı sehirləyir. Burada fikir və düşüncənin
qüdrəti faktlardan
şirə çəkib,
güc alır. İslam müəllimin faktlara, məxəzlərə, qaynaqlara
istinad etmədiyi yazılarına təsadüf
etmək müşkül
məsələdir. O heç kəsin rast gəlmədiyi, eşitmədiyi naməlum
faktları ilə qüdrətlidir, yenilməzdir.
Vaxtını və faktını
sərvət kimi dəyərləndirməyi bacarır.
faktlar səltənətinin
sərkərdəsi olana
qədər əzablı,
məşəqqətli yollardan
keçib. Qışın sazağında, yayın
bürküsündə ən
yaxın həmdəmi
arxiv materialları olub. Qəmzəli qovluqların cazibəsindən
tədqiqatçı üçün
xilas olmaq asan deyil. Bəzən illərlə
bir gizli imzanı, bir naməlum faktı arayıb, soraqlayıb... Əzablı
axtarışların tezliklə
bitəcəyinə, axtarılanın
tapılacağına öncədən
təminat olmur. İslam müəllimin monoqrafiyaları,
əsərləri mötəbər
faktların, etibarlı
arqumentlərin üzərində
dayandığı üçün
dövrün ictimai-siyasi
fırtınalarından zədəsiz
çıxdı. Onun
elmi, publisistik yaradıcılığını nəzərdən keçirdikcə
düşünürsən ki, inzibati amirlik
metodlarına əsaslanan
70 illik qırmızı
imperiya rejiminin çökməsi ilə
ömrünün coşqun
və qaynar bir hissəsini həsr ediyi elmi-əbəbi irsin aşağılanmaması, əhəmiyyətinin
sabit qalması qələm əhli üçün ən böyük uğur, ən yaxşı göstəricidi.
Əminliklə
demək olar ki, cəfakeş
tədqiqatçı, fədakar alim, filologiya elmləri doktoru, professor İslam Ağayev yaşadığı dövrün yasaqlarına məhəl qoymadan «iynənin ucu ilə»,
min-bir məşəqqətlə
axtarıb tapdığı, seçib
topladığı faktları, məxəzləri nəzəri
düşüncənin süzgəcindən keçirib ədəbi-elmi
ictimaiyyətin bütün zamanlar üçün dəyərli
sərvətinə çevirə biləcək, zəngin bir irs qoyub
getmişdir. Onun əziz
xatirəsi və zəngin elmi irsi qədirbilən xalqımız tərəfindən
heç bir zaman unudulmayacaqdır.
Asif
RÜSTƏMLİ
filologiya elmləri
doktoru, professor
Ədəbiyyat qəzeti.- 2014.-
31 yanvar.- S.8.