İslam Ağayev

  

Ədəbiyyatşünaslıq elminə itki üz vermişdir. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı alimlərindən olan filologiya elmləri doktoru İslam Məmməd oğlu Ağayev 82 yaşında vəfat etmişdir.

İslam Ağayev 1932-ci il avqustun 20-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1937-ci ildə atası Mir Məmməd Mir Ağa oğlu İran vətəndaşı olduğu üçün deportasiya edildiyi üçün atasından ayrı böyüməli olur. O, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil olmuş, 1953-cü ildə “Arzu” adlı ilk şeri dərc edilir. 1957-ci ildə ali təhsilini başa vuraraq M.F.Axundzadə adına Azərbaycan Dövlət Mili Kitabxanasında baş biblioqraf kimi çalışır. Eyni zamanda, 1958-1960-cı illərdə Moskva, Leninqrad, Daşkənd, Tiflis, Yerevan və eləcə də Azərbaycanın bir çox kitabxana və arxivlərində işləyərək Azərbaycan çap kitabının tarixini aşkar etmiş və kataloqlaşdırmışdır.

Dövlət Kitabxanasında istedadlı və səriştəli biblioqraf-tədqiqatçı kimi formalaşan İslam Ağayevi sonrakı həyat yolu və Azərbaycan mətbuat tarixinə olan böyük marağı onu Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna gətirir. Akademik Məmməd Arifin məsləhəti ilə satirik “Zənbur” jurnalı ətrafında tədqiqat işləri aparan İslam AğayevSatirik “Zənbur” jurnalı” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Əziz Mirəhmədov kimi çox ciddi və tələbkar bir alimin rəhbərliyi altında elmi əsər yazması İ.Ağayevin ilk ciddi uğurlu addımı oldu. Sonralar İslam Ağayevin “Cəlil Məmmədquluzadə” (1974), “Molla Nəsrəddin”in tarixi hünəri” (1976), “Əliqulu Qəmküsar. Həyatı və yaradıcılığı” (1976), “Əli Razi Şamçızadə. Həyatı və yaradıcılığı, əsərlərindən seçmələr” (1992), “Əlabbas Müznib. Həyatı, yaradıcılığı, mübarizəsi” (2000), “XX əsrin əvvəllərində Azərbaycan şeri” (2002), “Tarixi yaddaşımızın böyük yadigarı (“Molla Nəsrəddin" satira jurnalının 100 illiyi)” (2006), “Ədəbiyyat, mətbuat və publisistika problemləri” (2008) və s. Monoqrafiya və kitabları işıq üzü görür.

İslam Ağayev 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın, 2 cildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın baş redaksiya heyətinin üzvü və əsas məqalə müəlliflərindən biri olmuşdur..

İslam Ağayev həm də bədii yaradıcılıqla məşğul olmuşdur. Müxtəlif dövrlərdə onun onlarla şeirləri, nəsr əsərləri və mənsur hekayələri dərc olunmudur. «Tez böyümək istəyirəm» (1977), «Dostunu yaxşı tanı» (1981), «Ayrılıq düşüncələri» (1995), «Salam olsun» (1997), «Sirli dünya» (2000), «Tale çiçəkləri» (2002), «Xəzan yarpaqları» (2007) və s. bədii əsərləri oxucuların rəğbətini qazanmışdır.

İslam Ağayevin çoxşaxəli elmi və bədii yaradıcılıq fəaliyyəti haqqında bir neçə kitabonlarla məqalələr yazılmışdır.

Görkəmli ədəbiyyatşünas alim İslam Məmməd oğlu Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaqdır. Allah rəhmət eləsin.

 

Azərbaycan Yazıçılar Birliyi

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu

 

Ədəbiyyat qəzeti.- 2014.- 31 yanvar.- S.8.