“Bəy Behbud”
Səlim Bəy
Behbudovdur
1905-ci ilin 9 yanvar
Qanlı bazar günü Peterburq Texnologiya İnstitutunun
müdavimi Səlim bəy Behbudovun da tələbəlik həyatına
son qoydu. 140 min nəfərin iştirak elədiyi inqilabi həyəcanda
tələbələri ön sıralarda gedən bu ali təhsil
ocağı hökumət tərəfindən rəsmi şəkildə
bağlandı, üsyankar ruhlu gənclər izlənməyə
və həbs olunmağa başladı. Birinci kurs tələbəsi,
iyirmi yaşlı Səlim bəy də tutulmaq təhlükəsindən
yaxa qurtararaq institutla vidalaşıb, doğma
Şuşasına qayıtdı. Bir il boş-bekar qalsa da,
günlərini mənalı və səmərəli
keçirdi, fransız dilini öyrənməklə məşğul
oldu, Avropanın ali məktəblərindən birinə daxil
olmağa hazırlaşdı. Həmin vaxt dövrünün
tanınmış həkimlərindən olan atası Mehrəli
bəyin qəflətən vəfat etməsi maddi cəhətdən
onun vəziyyətini xeyli ağırlaşdırdı. Lakin
oxumaq istəyindən dönməyən Səlim bəy
Bakıya - bir çox tələbələrə səxavətlə
hamilik edən xeyriyyəçi Əjdər bəy Aşurbəyovun
yanına getdi, gəlişinin məqsədini və arzusunu
bildirdi. Maarifə, təhsilə böyük qiymət verən
bu Bakı milyonçusu Səlim bəyi ümidsiz qoymadı,
ayda 25 manat təqaüdlə onu fransaya ali təhsil almağa
göndərdi.
1906-cı ilin
yayında Səlim bəy Behbudov Paris Siyasi Elmlər Məktəbinin
diplomatiya fakültəsinə qəbul olundu. Burda o, gələcəkdə
Türkiyə Kommunist Partiyasının banilərindən və
rəhbərlərindən olacaq Mustafa Sübhi ilə eyni
kursda oxudu. İnstitutda iki qardaş türk xalqını təmsil
edən hər iki tələbə əla oxumaqla, bilikləri
və savadları ilə millətlərinin başını
göylərə ucaltdı, tələbə və müəllim
kollektivi arasında seçildi, sevildi.
Lap ilk günlərdən
özünü fəal və çalışqan tələbə
kimi göstərən Səlim bəy az müddətdə əvvəlcədən
az-çox bildiyi fransız dilini mükəmməl öyrəndi.
Ərəb, fars, rus dillərini gözəl bildiyi
üçün ikinci kursda oxuyarkən böyüklər
üçün açılmış Berlits məktəbində
rus və türk dillərindən dərs deməyə dəvət
olundu. Beləliklə, o, tələbəykən həm də
müəllim oldu, fransızlara bu dilləri öyrətməyə
başladı...
1910-cu ildə təhsilini
başa vuran Səlim bəy Behbudov Berlits məktəbinin
müdiriyyəti ilə müqavilə əsasında Parisdə
qalaraq üç il də müəllimlik fəaliyyətini
davam etdirdi və 1913-cü ildə Şuşaya
qayıtdı. Dövlət idarələrində münasib
iş tapmayan ali təhsilli mütəxəssis bir müddət
şəxsi evlərdə fransız dili dərsi dedi, bu dilin
gözəl bilicisi kimi tanındı. Ona görə də o,
1917-ci ildə vaxtilə özünün oxuduğu
Şuşa Realnı məktəbinə müəllimliyə
dəvət olundu və eyni zamanda qız progimnaziyasında
fransız dilini tədris eləməyə başladı.
1918-ci ildə
Qarabağda baş verən hərc-mərclik, xüsusilə də,
getdikcə alovlanan erməni-müsəlman davası Səlim bəyin
realnı məktəbdən və qız progimnaziyasından
çıxıb getməsinə səbəb oldu. O, yenə də
əvvəlki kimi, evlərdə dərs deməyə
başladı. Çox çəkmədən Azərbaycanda
demokratik respublika quruldu və təzə hökumət Səlim
bəyi Ağdama qaçqınlar üzrə müvəkkil vəzifəsinə
göndərdi. O, bir müddət Aşağı və
Yuxarı Qarabağda qaçqınların problemləri ilə,
xüsusən də, onların yerləşdirilməsi ilə
məşğul oldu.
Azərbaycanda sovet
hakimiyyəti qurulandan sonra Səlim bəy Behbudovu yüksək
ixtisaslı kadr kimi dövlət idarələrinə işə
cəlb elədilər. O, bir müddət Qarabağ İnqilab
Komitəsində katib, tərcümə şöbəsinin,
Azərbaycan Kənd Təsərrüfatı Bankı Ağdam
şöbəsinin, Ağdam İcraiyyə Komitəsində
torpaq şöbəsinin müdiri vəzifələrində
çalışdı. Lakin çox çəkmədən
ictimai mənşəyinə görə işdən azad
olunu. Əlacı kəsilib, indi də rəiyyətlə bərabər,
kənd təsərrüfatı işləri ilə məşğul
olmağa başladı, sonra isə Üçoğlan kəndində
atasından qalma 25 desyatin torpaq sahəsini və əmisi
oğlu Cahangir bəylə şərikli olan kəhrizini kəndlilərə
icarəyə verdi.
Bir müddət
işsiz qalan Səlim bəy Behbudov 1926-cı ildə həmişəlik
Bakıya köçdü, Dövlət Plan Komitəsində
mədəniyyət bölməsinin katibi vəzifəsinə
işə düzəldi. Dörd il burda
çalışdı, sonra altı il də Azərbaycan Sənaye
Şurasında, Azərxalçaittifaqda kadrlar üzrə
iqtisadçı işlədi. O, eyni zamanda Bakıdakı 25
nömrəli orta məktəbdə fransız dilini tədris
edirdi.
Qarabağlıların
çoxu kimi, Səlim bəy də həm gözəl avazla
oxuyur, həm yaxşı qarmon çalır, həm də
poeziyaya və xalq yaradıcılığına böyük
həvəs göstərirdi. O, folklor nümunələrini -
atalar sözlərini, zərb-məsəlləri,
nağılları, bayatıları, tapmacaları və sair
toplayır, dövri mətbuatda dərc etdirirdi. Qohum-əqrəba,
dost-tanış arasında “Səlim qağa”, “Səlim
dadaş” kimi müraciət olunan Səlim bəy mətbuat və
elm aləmində “Bəy Behbudov”, ya da “Behbud bəy Behbudov”
kimi tanınır, bədii yazılarını isə bəzən
“Bəy Behbud” təxəllüsü ilə imzalayırdı.
Onun yaxın qohumlarından olan tibb elmləri doktoru Şəmsi
Behbudov xatırlayır ki, Səlim bəy onun atası Mirzəli
bəyə və əmilərinə göndərdiyi məktubları
nəzmlə yazırdı.
Azərbaycan ədəbiyyatı
tarixinin öyrənilməsi, ədəbi-bədii nümunələrinin
toplanılması sahəsində mühüm xidmətləri
olan məşhur folklorçu alim Salman Mümtazın 1932-ci
ildə bədii nəsrimizin banisi İsmayıl bəy
Qutqaşınlının “Rəşid bəy və Səadət
xanım” hekayəsinin yeganə nüsxəsini Xan qızı
Natəvanın nəvəsi Xasay xan Usmiyevin yaxından köməkliyi
ilə Azərbaycan Dövlət Muzeyində tapıb üzə
çıxarması ədəbiyyat aləmində sensasiyaya səbəb
olmuş və yeniliyə çevrilmişdi. O, bu əsəri
kitab halında çap etdirmək üçün 1933-cü
ilin sonlarında “Azərnəşr”in Ədəbi irs
şöbəsinə təqdim eləmişdi. O zaman nəşriyyatın
direktoru vəzifəsində çalışan Məmməd
bəy Cuvarlı mədəniyyətimizin və ədəbiyyatımızın
tarixi üçün böyük əhəmiyyət və
qiymət kəsb edən 60 səhifəlik bu kiçik əsərin
ədəbi dəyərini başa düşərək onun nəşrinə
icazə vermişdi. Əsas məsələ isə hekayənin
tərcüməsi idi. Onu elə bir mütəxəssis tərcümə
eləməliydi ki, həm fransız dilini dərindən, incəliyinə
qədər bilsin, həm də əsərdəki milli Azərbaycan
ruhunu, milli koloriti saxlasın. Belə tərcüməçini
isə o vaxtlar, necə deyərlər, əldə
çıraq axtarırdılar. Salman Mümtazın
ağlına gələn ilk mütərcim isə yaxından
tanıdığı, savadına və qabiliyyətinə dərindən
bələd olduğu Səlim bəy Behbudov oldu. Ona görə
də tərcümə barədə danışıb,
razılaşandan sonra hekayəni ona verdi. Redaktorluq isə
Əsəd Axundova həvalə olundu. Salman Mümtaz “Ədəbiyyat
qəzeti”nin 1936-cı il 11 mart tarixli nömrəsində
“Yüz il bundan əvvəl Azərbaycan nasiri” adlı məqaləsində
bu tərcümə barəsində belə yazırdı: “Mənim
tövsiyəmə görə hekayənin tərcüməsi
Səlim Behbudov yoldaşa və sətirləri qaralamaqla mənə
mühəvvəl edildi”.
Nəhayət, gərgin
zehni əməkdən və ədəbi redaktədən sonra
əsərin tərcüməsi nəşriyyata təqdim
olundu və hekayə qısa müddətdə işıq
üzü gördü. “Rəşid bəy və Səadət
xanım”ın fransızcadan tərcümə olunub, nəşr
edilməsi Səlim bəy Behbudovu ədəbi ictimaiyyət
arasında bacarıqlı və istedadlı bir mütərcim
kimi də tanıtdı və onun adı “Azərnəşr”in
tərcüməçiləri siyahısına həmişəlik
yazıldı. Çətin və mürəkkəb əsərlərin
dilimizə çevrilməsi ona etibar edildi. Çox çəkmədən
bu istedadlı tərcüməçi “Azərbaycanca-fransızca-rusca
lüğət” üzərində işləməyə
başladı. Tərtibçiyə bu işdə bir qadın
mütəxəssis də kömək edirdi. Bu fundamental
iş hələ başa çatmamış nəşriyyatın
bədii ədəbiyyat şöbəsi fransız mahnı
janrının mahir ustası kimi şöhrətlənmiş,
mahnılarında əsas yeri siyasi satira tutan fransız
şairi Pyer Jan Beranjenin “Seçilmiş şeirlər”
toplusunu plana saldı və tərcüməni Səlim bəyə
tapşırdı. Kitabın redaktoru isə o vaxtlar hələ
gənc şair olan Məmməd Rahim idi. Ciddi tərcümə
və bədii redaktədən sonra görkəmli fransız
şairinin əsərləri azərbaycanlı oxucuların
ixtiyarına verildi. Kitabda tərcüməçinin
ad-familiyası belə yazılmışdı: “B. Behbudov”. Və
bu tərcümə də Səlim bəyə böyük
şöhrət gətirdi. O, “Azərnəşr”lə
müqavilə əsasında əməkdaşlığını
bir müddət davam etdirdi, müxtəlif səpkili əsərləri
ana dilimizə çevirdi...
Böyük Vətən
müharibəsi ərəfəsi idi. Səlim bəy nədənsə
“Azərnəşr”lə əlaqəsini kəsmişdi və
daha tərcümə işləri ilə məşğul
olmur, yalnız orta məktəbdə dərs deməklə
kifayətlənirdi. Deyəsən, istedadı, çox dil bilməsi,
tanınması başına bəla olmuşdu. Son vaxtlar
dövlət təhlükəsizlik orqanlarının əməkdaşları
da onunla yaxından maraqlanır, bu üstün cəhətlərinə
görə öz işlərinə cəlb eləmək istəyirdilər.
Hətta bu barədə Səlim bəyə bir neçə dəfə
təklif də olunmuşdu. Lakin təpədən-dırnağa
kimi əsl bəy olan bu vüqarlı kişi bu işə qol
qoymamış, hökumət adamlarına qətiyyətlə
və açıq şəkildə kəskin cavab vermiş,
onları hər yerdə ifşa və rüsvay eləmişdi.
Səlim bəyin bu hərəkəti dövlət təhlükəsizlik
orqanları əməkdaşlarını bərk hiddətləndirmişdi.
Ona görə də keçmişdə bəy
olmasını, xarici ölkədə ali təhsil
almasını bəhanə edərək onu hökumətin
gözündə şübhəli şəxs kimi qələmə
verdilər və izləməyə başladılar.
Repressiya illərində
minlərlə günahsız insanın, xüsusən də əsilli-nəsilli
adamların, milli ruhlu ziyalıların məhv edilməsini
gözlərilə görən Səlim bəy
yaşadığı quruluşla qəti barışa
bilmirdi. O, artıq bu hökumətdən əlini
üzmüş, cəmiyyətdən iyrənmiş, həyatdan
küskünləşmişdi. Hətta işə də
getmir, bəzi adamlardan uzaq gəzirdi. Gedəcəyi yer isə
yalnız yaxın qohum-əqrəbalarının və
dost-tanışlarının evləri idi. Hər gün
axşamçağı gözündə pensne,
başında hündür şlyapa, əynində qara rəngli
pencək olan Səlim bəy sədəfə tutulmuş əsasını
da götürərək bəzən ailəsi ilə, bəzən
də tək-tənha evindən çıxır, bir də
gecə yarısı qayıdırdı. Bu isə onu qarabaqara
izləyən dövlət təhlükəsizlik orqanları əməkdaşlarının
nəzərindən yayınmırdı. Onun ardınca
düşən agentlər Səlim bəyin hər bir
addımına göz qoyurdular.
1941-ci il dekabrın sonları idi. Səlim bəy
arvadı Şəmsini və qızı Dilsuzu da
götürüb Yeni ili qeyd eləmək üçün
yaxın qohumu Məmməd Muradovun evinə yollandı.
Ağalar bəy Əliverdibəyov arvadı Məhbubə
xanımla, Xan Şuşinski arvadı Tovuz xanımla, Cəmil
bəy Behbudov arvadı Səltənət xanımla, Yusif Məlikov
arvadı Sona xanımla, digər qohumları - Cahangir bəy
Behbudov, İbrahim bəy Fuladov, Firidun bəy Behbudov,
Mövsüm bəy Əhmədov da məclisdə idilər.
Qonaqlar ev sahibinin həyat yoldaşı Sədiqə
xanımın dəmlədiyi Qarabağ plovundan yeyə-yeyə
keçmişdən, gələcəkdən, təzəcə
başlanan müharibədən danışır, tez-tez
Hitlerin, Stalinin adlarını çəkirdilər. Pəncərənin
önündə, qaranlıq bir küncdə özünə
yer eləyən agent isə eşitdiklərini bir-bir bloknotuna
qeyd edirdi. Məclis dağılmamışdan bir az əvvəl
kifayət qədər “fakt” toplayan agent sürüşüb,
aradan çıxdı və ertəsi gün Məmməd
Muradovun mənzilində olan “antisovet təbliğat” barədə
yuxarı orqanlara məlumat verdi.
Lakin ayının min bir oyunu bir armudun başında idi.
Nəyin bahasına olursa-olsun, Səlim bəy Behbudov aradan
götürülməliydi. Ona görə də V şöbəyə
daxil olan materialları tez-tələsik “saf-çürük
edən” rəis müavini, dövlət təhlükəsizlik
leytenantı B. İ. Kalyagin 1942-ci il yanvarın 22-də onun
cinayət işini belə rəsmiləşdirdi: “Səlim bəy
Behbudov antisovet ünsürüdür, 1940-1942-ci illərdə
o, hökumətdən narazı olan bir dəstə adamı
başına toplayaraq müntəzəm surətdə Sovet hakimiyyətinə
qarşı gizli əksinqilabi təşviqat aparır,
köhnə bəy-xan ağalığı
dövrünün qanun-qaydalarını tərifləyərək
onun bərpa olunması mövqeyində dayanır, kolxoz
quruluşuna böhtan atır, sosialist tədbirlərinə,
vergi siyasətinə qarşı çıxır. faşistlərin
müvəqqəti olaraq tutduqları rayonlarda dinc əhaliyə
və hərbi əsirlərə qarşı etdikləri vəhşiliklər
barədə Sovet informasiya bürosunun məlumatlarının
yalan olduğunu təsdiqləyir, bir sözlə, Böyük
Vətən müharibəsində sovet xalqının məğlubiyyətinin
tərəfdarı kimi çıxış edir və sair və
ilaxır.”
Bütün bunlar isə onun ən ağır cəzaya
məhkum olunmasına kifayət edirdi. B. İ. Kalyaginin qərarı
isə qəti idi. Güllələmək! Yanvarın 24-də
Səlim bəy Behbudov (1885-24.XII.1942) həbs olundu, on bir ay həbsxanada
olmazın işgəncələrə məruz qalandan sonra əməl
dostu Mövsüm bəy Əhmədovla birlikdə güllələndi.
Vasif QULİYEV
Ədəbiyyat
qəzeti.- 2014.- 31 yanvar.- S.7.