Qayıda bilmərəm,

gözləmə məni

 

Bahar da qayıdar, qış da qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

Uçqun yuvasına quş da qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

Ardınca atdığın daşlar qayıdar,

Küləyə verdiyin saçlar qayıdar.

Gözündən süzülən yaşlar qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

"Bilmərəm", "gözləmə" demək asandır,

Dil söylər, nə var ki, dil pəhləvandır.

Ancaq ay əzizim,

Ay iki gözüm!

Qayıda bilməyən, dözə bilməyən,

Kamansız bir oxdur, simsiz kamandır, -

Qayıda bilməyən, nəfəssiz candır.

Səsləmə, çağırma məni, amandır,

Qayıtmaq yollarım çəndir, dumandır, -

Qayıda bilmərəm, gözləmə məni.

Bəs qayıdan necə?

Yusifə Züleyxa qoynu zindandır,

Kərəm Əslisinin eşqiylə yandı.

Axan göz yaşımdan yollar islanar,

Sənə qucaq açan qollar islanar.

Saçına düzdüyüm güllər islanar,

Daşlar parçalanar, qumlar tozlanar.

Sənsiz bir köləyəm şahımdan kənar,

Quru bir tənəyəm, salxımdan kənar,

Ümmanam, selimdən, dalğamdan kənar.

Bir dəli Məcnunam ağlımdan kənar,

Bülbüləm, gülümdən, bağımdan kənar!

Yer göyə qarışar, fəryad çəkərsəm,

Sönmüş ulduzlar da ahımdan yanar.

Qayıda bilmərəm, necə qayıdım?

Qayıtsam, ürəyim sevincdən sınar, -

Qayıda bilmərəm, gözləmə məni.

 

Sevgilim, könlünü üzməsin kədər,

Sənsiz günəşə də baxmaz bu gözlər.

Səhraya çevrilər laləli düzlər,

Quruyar könlümdə daşan dənizlər.

Sənsiz vətənsizəm -

Ruhum da, qəlbim də hey səni səslər.

 

Eşitsən kiməsə bəndəm, inanma!

Kiməsə şəkərəm, qəndəm, inanma!

Məni hərcayılar həmdəmi sanma!

Səndən özgə heç kəs yatmaz canıma,

Nazı sığal çəkməz həyəcanıma.

Qarışmaz, uyuşmaz qanı qanıma,

Çəpərlər ardından baxıb boylanma,

Səni and verirəm ata-anama,

Yolunda sadağa gedərəm, amma, -

Qayıda bilmərəm, gözləmə məni.

 

Ah, necə təşnəyəm çılğın busəyə,

Könlümə od salan çılğam busəyə.

Həsrətəm busəmlə könlümə axıb

Yanğıma su səpən o buz kuzəyə.

Qayıda bilmərəm, dönə bilmərəm!

İnanma, bu söhbət şərdi, yalandır!

Sevdanın hər anı bir imtahandır…

Eşqimiz əbədi yaşasın deyə, -

Qayıda bilmərəm, gözləmə məni!

 

Züleyxa eşqi

 

Bu necə acı həyatdı, -

Necə də vecsiz ömür?!

Yusifə zindanı verir,

Məcnuna səhranı verir.

Eşqin şeyxi Füzuliyə "Şəbi-hicran"ı,

Dağam, - dumanı vermir!

Oxam, - kamanı vermir!

Batıram, - samanı vermir!

Pərvanəyəm, atəşlərdə kül olaram…

Bir çıraq, bir şam yoxdu.

Kamalda da,

Camalda da Yusifəm,

Ancaq Züleyxam yoxdu.

Sən çıxdın Günəş yerindən,

Nur çiləndi zərlərindən.

Alışdım da,

Qarışdım da məhəbbətin ziyasına!

Bir də onda ayıldım ki,

Düşdüm Züleyxa eşqinin quyusuna!

Əlim sənə uzalıdı,

Ey sultanım, xanım, ağam,

Qolubağlı qulunam mən,

Nə həddim var

Baş qaldırıb sənə baxam.

Bir yağış damcısının,

Bir şimşək qayçısının,

Quş dimdiyindən asılan

Bir şeh giləsinin,

Hədəfdən çoğuyan

Bir ovçu gülləsinin

İşığına həsrətəm.

Heç olmasa gəl quyu başına

Əksin düşsün

Ovcumda göllənən

Gözlərimin yaşına, -

Gül camalına baxım!

Hörüklərin qulac-qulac, -

Qulacların birini aç,

Endir dedim!

Kəndir dedim!

Göndər dedim!

Yusifini dindir də, sevindir dedim!

Sənsə susdun,

Donuq, soyuq baxışlardan daşa döndü

arzu-kamım.

"Qəmindən dərdə düşdüm, qılmadın

tədbiri-dərman,

Nə dersən, bəs quyudamı çürüsün bu fəqir canım.

Gözüm, canım, əfəndim, sevdiyim,

dövlətli sultanım".

Ha çağırdım,

Yaxa cırdım!

Sənsə yenə Yusifinə qıya baxdın.

Kəndir nədi,

Göndər nədi,

Heç kirpik də endirmədin!

Ancaq çılğın bir nəğmə

Həyat verir, can verirdi soyuq, donuq

quyuya!

Oynayırdın,

Qaynayırdın sən oxuya-oxuya!

Şənlən, ey gözəl, bu ehtişam,

Toy-bayram sənə halaldı.

Eşq meydanında yeni qələbə çalmısan!

Allah bilir, neçə-neçə Kərəmləri, Qeysləri,

Möhtəşəm Zeveləri

Özünə ram edib zirvələrə ucaltmısan.

"Gəldim də,

Qaldım da,

Aldım da,

Öldüm də" - dedi Nazim Hikmət!

Bu faciə dərs olmadı bizə, -

Qadağaları eşitmir,

Yasaqlara sınmır məhəbbət!

 

Dilənçi

 

Başım hərlənir, neçə gündü acam!

Qıc-qırışdı əlim, qolum, qılçam!

Amma kəsən xəncərəm,

Çapan qılıncam!

İxtiyarım,

İqtidarım çatsaydı,

Tin başında parıldayan o bankı

Allah haqqı,

Tallah haqqı,

Bu açılan sabah haqqı,

Gülə-gülə dəyişərdim.

Kif atmış, boyat, quru

Bir parça

Qara qolaça!

Səkidə çömbəlib

Urva tabağına oxşayan papağımı

Qoyuram yerə.

Əl açıram, dil açıram.

- Kömək edin, şikəstliyin, birinci qrupuna!

Peyğəmbərin, imamların ruhuna!

Mismar dabanlar dəlir səki daşlarını!

Uzun əllər sığallayır vız vuran saçlarını!

Ancaq papaq yenə baş, -

Nə kağız pul, nə dəmir qəpik-quruş!

Yel titrətdi böyrümdəki ikihaça ağacı.

Budaq üstümə yarpaqlar atdı.

Yarpaqlar pencəyimin cındırlarına

Yamaqlar atdı.

Susuzluqdan dodaqlarım qançır,

Təşnəm, atəşim,

Qançırlarıma qamçı!

Dilim, ağzım palçıq kimi!

Birdən bir damcı düşdü dodağımın ucuna,

Həlbət leylək

Dimdiyində su aparırmış

Yuva quşuna -

Bala quşcuğaza.

İslatdım dilimi, -

Oxay! Bu Araz dalğasımı,

Yoxsa Zəmzəm selimi?

Bəlkə ehsan aşının

Bircə zərrə həlimi?

Az keçdi, birdən-birə

Bulud çökdü həndəvərlərə.

Dalan sonunda çəkici səsləndi.

Dəmirçi-təmirçinin

Zindandan şığıyan qığılcım yağışı

Yudu boz buludları.

Duruldu asiman!

Açıldı üfüqün qaşı,

Başımın üstündə qızıl şəfəqlər

Alışdı dil-dil,

Şölələndi fitil-fitil.

Şəfəqlər qaynar həyat gətirdi

Soyuq payız havalarına.

Dalan divarlarını, səki daşlarını

Döndərdi Marten sobalarına.

İndi qəti anladım, nəhayət

Yaratdığını yaşadandı Tanrı.

Uydurma, əfsanə deyil, yox!

Bəşəri bəlalardan, vəbalardan qoruyan,

Bizlərə oxşamayan,

Amma bizlərə həyan,

İlk insandı Tanrı.

 

Torpaq cazibəsi

 

- Dənizdə əlcək!

- Dənizdə əlcək!

- Maşınları saxlayın!

Trosları, xilas kəmərlərini dənizə atın,

Təcili kursdan çıxın!

Əlcəyin kursuna yatın!

Əlcək varsa, bəlkə,

Suyun altında əl də, bilək də var!

Ələ, biləyə can verən

Ürək də var, -

Tələsin!

Gözdən, nəzərdən qaçmasın əlcək!

Yoxsa albatros çıxacaq buludlardan,

Əlcək də, bilək də,

Ürək də didiləcək!

Xilas qayıqlarını

Endirdilər dənizə.

Dalğaları çevirdilər o üzə, bu üzə.

Axır ki, əlcəyi sulardan aldılar.

Amma nə gözəldi -

Əlcəkdə heç bir əl, bilək də yox idi.

Biləyə, ələ qan verən

Ürək də yox idi.

Əlcək insan nəşindən

Bir nişanə idi.

Söz idi, yalvarış, çağırış,

Arifə işarə idi.

Narahat ruh dolanırdı

Dənizin səmasında,-

İnsanlardan kömək istəyirdi.

Torpaqdan yoğrulan,

Torpaqda doğulan,

Torpağa gömülmək istəyirdi.

 

Yusif Həsənbəy

     

Ədəbiyyat qəzeti.- 2014.- 31 yanvar.- S.6.