Çətin sınaq
(Hekayə)
Aydın bir yay səhəri
açılmışdı. Günəşin al şəfəqləri pəncərədən
içəri süzülərək otağı nura qərq etmişdi.
Bayaqdan şirin yuxuda olan Nazim
yavaş-yavaş gözlərini
açıb ətrafa göz gəzdirdi.
Birdən nəyi isə xatırlayıb cəld
yatağından dikəldi. Mətbəxdən anasının
addım səslərini eşidib ayağa qalxdı, tələsik geyinib mətbəxə getdi.
Sara ana oğlunu görüb təəccüblə
soruşdu:
-Oğlum,
niyə belə tez oyandın?
Nazim yuxulu gözlərini
ovuşduraraq:
-Anacan,
-dedi, - axı bu gün küçəmizdə kino çəkəcəklər. Gedib baxmaq istəyirəm.
Sara ana gülümsəyib,
oğlunun başını
sığalladı:
-Elə isə əvvəlcə
səhər yeməyini ye, sonra
gedərsən.
-Yaxşı, anacan.
Nazim tələsik yuyunub
geyindi, stolun
arxasına keçdi. Sara
ana süfrə açdı, çay- çörək gətirdi. Ana və oğul oturub birgə qəlyənaltı etdikdən sonra Nazim:
-Sag
ol, anacan! Mən
getdim,-deyə ayağa durub
qapıya sarı addımladı. Sara ana mehriban nəzərlərlə
oğlunun ardınca baxıb gülümsədi:
-Get,
oğlum, amma günorta naharını unutma...
Səkkiz yaşlı
Nazim kinonu çox sevirdi. Film çəkilişi prosesi
isə onda xüsusi maraq oyadırdı. Kino
çəkənləri, aktyorları dünyanın ən
xoşbəxt adamları hesab edirdi. Onların işinə saatlarla
tamaşa etsə də, doymaq
bilmirdi. Bəzən istirahət etməyi
də unudurdu. Sara ana tez-tez oğlunu
danlayıb: "Ay oğul,
nə görmüsən bu kinoda? Nə dincliyin var, nə istirahətin"... O, oğlunun kinoya belə vurğunluğunu adi bir uşaq marağı kimi qiymətləndirir, ötəri həvəs
hesab edirdi, lakin əslində belə deyildi.
İllər keçirdi, amma Nazimin kinoya həvəsi az da olsa
zəifləmir, əksinə, daha da güclənirdi.
Bir gün ədəbiyyat
dərsində "Sevdiyim peşə"
mövzusunda inşa
veriləndə o, tərəddüd etmədən
kino aktyoru olmaq arzusu barədə
yazdı. Qəlbinin hərarəti romantika
dolu hisslərlə qələmə
aldığı bu yazıdan «əla» qiymət
aldı.
Arzu, istək, sənətə məhəbbət
Nazimi bir gün dram dərnəyinə,
daha sonra isə xalq teatrına gətirdi. O, məşqlərdə
müntəzəm iştirak edir və özünü
sevdiyi işə hazırlayırdı.
Lakin tale elə gətirdi
ki, Nazimin həyatı
başqa məcrada davam
etdi.
Bir gün məktəbdən
qayıdarkən Nazim evlərinin
yanında "təcili yardım" maşınının
dayandığını görüb təşvişə
düşdü.Addımlannı becidləşdirib hövlnak özünü
darvaza qapısından içəri
saldı. Evə girəndə gözlərinə inana bilmədi. Çarpayıda bihuş halda uzanmış anasını həkimlər
əhatə etmişdilər.Nazim bu səhnədən
yaman kövrəldi, gözləri doldu. Ev-eşik elə bil başına fırlandı.Sanki dizləri
taqətdən düşərək bükülürdü.
Güclə özünü avaq üstə saxladı, asta
addımlarla irəli gəldi, Çarpayıya söykənib
durdu.
Yaşarmış
gözlərini anasına dikərək xəyala daldı. Ona elə gəldi ki, indi, bu dəqiqə
anasını itirə bilər... əbədi olaraq...
Və bundan sonra öz həyatını anasız heç cür təsəvvür
edə bilməyərək dəhşətə gəldi.
Həkimlər isə
xəstəyə yardım göstərir, dalbadal
iynə vurur, nasatır iylədir, oksigen verirdilər.
Xeyli vaxtdan sonra Sara ana yavaş-yavaş
gözlərini açıb ətrafına baxdı. Əvvəlcə
başının üstündə dayanmış həkimləri,
sonra isə yerində donub
qalmış oğlunu gördü.
Nazimi yanına çağırıb titrək
barmaqlarını onun saçlarında gəzdirdi:
-Oğlum,
ağlama, - deyib dərindən
bir "ah" çəkdi.
Bir qədər keçdikdən sonra həkimlər xudahafizləşib getdilər.
Həmin gündən
etibarən Nazimgilin qapısında "təcili
yardım" maşınını tez-tez
görürdülər. Anasının belə bir ağır vəziyyətə düşməsi
Nazimi olduqca kədərləndirir,
ona əzab verir, ruhdan salırdı. O, bir gün öz-özlüyündə qərara
gəldi ki, gələcəkdə tibb institutuna daxil olub həkim olsun və anasını müalicə edib bu dərddən xilas etsin.
Quş qanadlı illər bir-birini
əvəz edir, Nazim böyüyüb sinifdən-sinfə keçir, Sara ana isə yaşa dolurdu.
Məktəb illəri
arxada qalmış, Nazim
orta məktəbi bitirmişdi.
Sənədlərini ali məktəbə
verməyə hazırlaşırdı.
Lakin hansı ixtisası seçməli
idi? O, çox düşünür, tərəddüdlər
içində üzülürdü.
Bir axşam Sara ana yenə oğlunu fikirli
görüb yanına çağırdı.
-Nazim, oğlum, hansı instituta daxil olmaq istəyirsən?
- deyə soruşdu.
Nazim astadan:
-Tibb instituna, - dedi. Həkim olmaq istəyirəm,
anacan.
Oğlunun bu cavabı Sara
üçün gözlənilməz oldu. Odur ki, təəccübləndi, qəlbində
kövrək duyğular baş qaldırdı. Nazimin arzusu anaya yaxşı bəlli idi. Lakin oğlunun fikrinin dəyişməsi, həkim
olmaq istəməsi səbəbini başa
düşürdü. "Aman Allah!" əziz
oğlum məni gör necə sevir!.. Həkim olub anasını müalicə etmək niyyətindədir.
Hətta ən boyük səadətini, arzusunu,
ana yolunda qurban verməyə hazırdır... -deyə
düşündü, sonra Nazimi qucaqlayıb üzündən
öpdü.
-Əziz balam, mən buna yol verə bilmərəm! Sənin arzun, istəyin, tamam başqadır.
Axı sən kino artisti olmaq istəyirdin... - Sonra
gülümsəyib, başını tərpətdi: - Bilirəm
anana rəhmin gəlir...Sağaltmaq istəyirsən məni...Əbəs
yerə... Xeyri yoxdur, onsuz da yaşım
keçib.
- Anacan, elə demə...
- Sözümü kəsmə, oğlum, - deyən Sara
ananın sifəti ciddi bir ifadə aldı: - XəstəIiyim
köhnədir, xronikidir... ölənəcən
qardaşdır mənə.
Buna görə də öz səadətini
qurban verməyə haqqın yoxdur. Yoxsa
sonralar əzab çəkərsən. İşin
fərəhsiz, həyatın cansıxıcı keçər.
Sevimli peşəsiz həyatda yaşamaq çox çətindir!
İnan ananın sözlərinə...
Nazim isə gülümsündü, anasını
qucaqlayıb dedi:
- Yox, anacan, qəti fıkrimdir. Həkimliyə gedəcəm,
vəssalam!..
Ananın gözləri yaşardı. Nazim başını onun sinəsinə qoyub, daha bir
söz demədi.
Sara ana şəhərə müharibədən
bir qədər sonra, hələ gənc ikən gəlmişdi. Kənddə doğulub boya-başa çatmış,
burada isə ərə getmişdi. Lakin
amansız müharibə onun səadətini çox erkən
oğurladı. İyirmi beş
yaşlı ərinin ölüm xəbəri gələndə
onun cəmi iyirmi yaşı vardı. Ömrünün
ən gözəl çağları, xoşbəxt
anları, ailə həyatı ilə bağlı xatirələr
Saraya rahatlıq vermirdi, doğma kəndlərinin hər
bucağı onu kövrəldirdi. Ürəyinə
dağ çəkirdi səadət soraqlı xatirələri.
Nəhayət, o, həmişəlik şəhərə
köçməyi qərara aldı. O zaman balaca Nazim hələ
üç yaşında idi.
Sara şəhərdə neftayırma
zavodunda işə düzəldi. Əvvəlcə
kirayə ev tutdu. Bir müddətdən
sonra isə işdən ona köhnə evlərdən birində
boşalmış ikiotaqlı ev verdilər.
Doğma yerlərdən, yaxın
adamlardan, dost-tanışdan ayrılmış, kiçik bir kənddən
gur şəhər miihitinə düşmüş gənc
qadın - Sara özünü çox tənha və qəribə
hiss edirdi. Ağır anlarında təsəllisi
balaca Nazim olurdu, bir də ki, divara vurduğu ərinin şəkli.
Sara ömrünün sonunadək ərinə
sadiq qalmağa söz vermişdi. Bir də
düşünürdü ki, bəlkə əri
sağdır, nə vaxtsa qayıdıb gələcək və
öz səadətinə qovuşacaq...
Sara hələ uşaq ikən yel xəstəliyinə
tutulmuşdu. Kəndlərində isə həkim
yox idi. Xəstəlik bir müddət onu
yorğan-döşəyə salmışdı. Sonralar məlum oldu ki, onun ürəyində də
problemlər var.
Son vaxtlar Sara ananın xəstəliyi kəskinləşmiş,
vəziyyəti ağırlamışdı. Bu isə Nazimi çox narahat edirdi. O təbabətin
sirlərini öyrənməyə tələsiridi.
Qəbul imtahanları
başlamışdı. Nazim imtahanqabağı
çox həyəcan keçirirdi. Onu bir sual
düşündürürdü: görəsən tibb
institutuna daxil ola biləcəkmi? Qəlbi ümidlə cırpınan xəstə
anasını sevindirə biləcəkmi?
Nazim çətin sınaqdan
üzüağ çıxdı. Əlində
qırmızı cildli tələbə bileti gəlib,
özünü anasının qucağına atıb: «Anacan məni
təbrik edə bilərsən» - deyəndə Sara ana elə
bil xəstəliyini unutdu. .
Aylar ötdü, illər keçdi. Nazim dövlət imtahanlarını müvəffəqiyyətlə
verib, həkimlik diplomunu əlinə aldı. Artıq o balaca, kövrək Nazimdən heç bir əsər-əlamət
qalmamışdı. O, müstəqil həyata ali təhsilli həkim kimi qədəm qoyurdu.
Gənc həkim ümiddolu nəzərlərini
ona dikmiş xəstə anasını müalicə etməyə
hazır idi.
Ötən illər ərzində təbabət
elmi inkişaf etmiş, yeni müalicə üsulları kəşf
olunmuşdu. Nazim də öz
çalışqanlığı, səyi nəticəsində
təbabətin sirlərinə bələd olmuş, lazımi
bilikləri qazanmışdı.
...Nəhayət, uzun sürən müalicədən
sonra Sara ana yataqdan qalxdı. O, əl ağacını
tullayanda Nazimə elə bil dünyanı
bağışladılar.
Lakin Nazim qəlbən özünü
xoşbəxt saymırdı. Qəlbini
bir arzu, bir istək çırpındırır, həsrətlə
döyündürürdü. Bütün
varlığına, hakim kəsilmiş bir həsrət, bir
nisgil ona əsl səadətə qovuşmağa mane olurdu.
Sara ana da bunu duymuşdu. Odur ki, tez-tez oğluna təsəlli verməyə
çalışırdı. "Oğlum,
həkimlik ən xeyirxah, ən lazımlı sahələrdən
biridir. Xəstələrə şəfa verməkdən
böyük və qiymətli bir iş varmı?”
...Xoş bir təsadüf Nazimin arzusunu ürəyində
qoymadı.
Bir gün xalq teatrının növbəti
məşğələsinə tanınmış kino
rejissoru gəldi. Yeni çəkdiyi filmdə
baş rolu ifa etmək üçün bir gənci
axtarırdı. Nədənsə onun diqqətini
Nazim cəlb etdi. Bir neçə sınaq
kadrları çəkildi. Bu rola namizədlər
çox idi. Lakin rolu Nazimə tapşırmağı
qət etdilər.
Tezliklə film çəkilib qurtardı. Şəhərin mərkəzi kinoteatrnda film ilk dəfə
nümayiş etdirilirdi. Böyük salon
tamaşaçılarla doluydu. Birinci
sırada əyləşənlər arasında
ağsaçlı bir qadın da var idi. Bu,
Sara ana idi.
Ekranda oğlunu görəndə Sara ana
kövrəlib göz yaşlarını saxlaya bilmədi. Bu, sevinc, səadət yaşları idi. Ana özünü dünyanın ən xoşbəxt
qadını, ən bəxtəvər anası hesab edirdi.
Axı, əziz oğlu, yeganə övladı səadətini
tapmışdı.
Tahir
Möhlət
Ədəbiyyat
qəzeti.- 2014.- 31 yanvar.- S.6.