Kamal Talıbzadənin elmi
axtarışlarının
komparativ istiqaməti
Görkəmli
alimimiz, AMEA-nın müxbir
üzvü Yaşar Qarayev akademik Kamal Talıbzadənin, bəlkə də, ən
sanballı tədqiqatı olan “Azərbaycan
ədəbi tənqidinin tarixi” (1984)
adlı monoqrafiyasına yazdığı giriş
sözündə qeyd edir
ki, “Kamal Talıbzadənin
elmi-nəzəri marağının məzmunu əlvan olsa da, biz bu əlvanlığın
daimi predmeti kimi üç problemin fərqləndiyini görürük:
XX əsrin əvvəllərində ədəbi hərəkat,
milli estetik fikrin inkişaf tarixi və Azərbaycan-rus ədəbi əlaqələri...
Onun Abbas Səhhətə
həsr etdiyi ilk
monoqrafiyası (1949), həm də klassik
romantizmə, o dövrkü
ədəbiyyatşünaslığın ideya
və prinsiplərinin hazırlanması prosesində fəal iştirak edir. Yaxud, Qorki haqqında tədqiqat
(“Qorki və Azərbaycan”, 1959) alimə ona görə lazım olur
ki, o dövrkü
aktual nəzəri problemin
- bizim milli-estetik tərəqqinin
məzmununda ədəbi təsir və əlaqə amilinin elmi və estetik həlli prosesində iştirak
etsin. Belə bir məqsəd
milli ədəbiyyatşünaslığın
metodoloji probleminə alimin
maraq və diqqətinin sabitliyi
baxımından özünü tamamilə
doğruldur və ona da mane olmur
ki, alimlər M. Qorkini tamamilə yeni bir elmi-filoloji
nəzərin işığında göstərən bu əsəri həm də
“qorkişünaslığa töhfə” kimi
qiymətləndirsinlər”. Professor Yaşar Qarayev
həm də alimin V.Belinskinin
tənqidi, L.Tolstoyun və N.Qoqolun
bədii təcrübəsinə müraciətində tarixi-tipoloji tədqiqat üsulunun
nəzəri prinsiplərini işləmək üçün
yeni imkanlar
açdığını qeyd edir, Azərbaycanda realizm və
romantizmin tarixi-milli
özünəməxsusluğunun müqayisəli
kontekstdə açıqlanmasına zəmin
yaratdığını vurğulayır.
Kamal Talıbzadə və onun nəsildaşlarından
sonra gələn ədəbiyyatşünaslar
arasında xüsusi yeri
olan Yaşar Qarayevin mülahizələrinə müraciət
etməmizin məqsədi yazımızın predmetinin
müəyyənləşdirilməsində
çıxış nöqtəsi seçməkdir. Belə ki, Y.Qarayevin qeyd etdiyi 3 problemdən sonuncusunda,
yəni K.Talıbzadənin Azərbaycan-rus ədəbi əlaqələrinin
tədqiqi təcrübəsində dayanmalı olduq.
Lakin müəyyənləşdirdiyimiz mövzuya keçməzdən əvvəl bir məsələni qeyd
etməyi lazım bilirik: alimin
tədqiqatlarında komparativ, yəni
müqayisəli kontekst yalnız rus ədəbiyyatı ilə məhdudlaşmamışdır.
Hərçənd, olsun ki,
məhz bu ədəbiyyatla təmas məkanına
daha çox müraciət
olunur. Söhbət milli
ədəbi-tarixi prosesin
gedişatının dəyərləndirilməsində ədəbi
təsir və tipoloji amillərin rolunun şərhində bütöv,
sistemli yanaşmadan gedir. Bu problemin
açıqlanmasında K.Talıbzadənin M.F.Axundzadənin ictimai-fəlsəfi və
ədəbi-estetik görüşlərinin
formalaşmasında Şərq və Qərb mənbələrin
rolunun xüsusi
vurğulaması ən çox diqqəti
çəkir. Belə ki, alim M.F.Axundzadənin
estetik konsepsiyasının təşəkkülündə
əsas mənbə kimi Şərqlə
bağlı milli ədəbi irsi qeyd edir:
“İstər Nizami, Xaqani,
Nəsimi, Füzuli, Əssar, Vaqif,
Bakıxanov, Vazeh və Zakirin
estetik görüşləri, istərsə
də o zamana qədər
Azərbaycanda mövcud olan ədəbi-tənqidi irs
öz sənət
baxışlarını əsaslandırmaq üçün
onun istinad etdiyi mühüm qaynaqlar idi.
K.Talıbzadənin
varisliklə bağlı açıqlamalarında
ayrı-ayrı ədiblərə, əsərlərə
müraciətlərində daima sistemli, konseptual yanaşma özünü
göstərməkdədir. Söhbət hər şeydən əvvəl
maarifçi realizmin təşəkkül
və formalaşmasında qeyd olunan ənənə, mənbələrin
yerindən gedir. Axundzadənin Yaxın
Şərq, Avropanın qələm sahibləri ilə əlaqələri,
xüsusən İranda tezliklə onun davamçılarının fəaliyyəti
ilə bağlı alimin müşahidələri
faktlara istinadən təqdim olunur. Sonuncu məsələyə dair M.F.Axundzadənin tənqidin
rolu ilə bağlı fikirləri, o cümlədən tənqiddən, Şərqdə
də istifadə etməyə
çağırışları, eyni zamanda Şərqdə ictimai
şüurun inkişafına güclü təsir göstərə bilən
dram janrının yayılmasının vacibliyi ilə bağlı tövsiyələri
xüsusilə vurğulanır. Bu kontekstdə
ədibin Mirzə Ağanın pyeslərinə
yazdığı “kritika”ları təhlil edən alim bununla da
Axundzadənin İrandakı ədəbi prosesin
inkişafında rolunu qeyd
edirdi. M.F.Axundzadənin Şərq ədəbiyyatının
tarixindəki xidmətlərini açıqlayarkən
K.Talıbzadə ədibin belə bir
etirafını da qeyd
edir: “..Mən müsəlmanlar içərisinə
birinci məzhəkə müəllifi olmaq şərəfinə nail
olmuşam.” Və bu etirafa maraqlı şərh verir:
“M.F.Axundzadəni müasirləri
başa düşsəydilər, onun böyük işlərini
qiymətləndirsəydilər, yəqin ki,
özü bu sözləri
yazmazdı”.
M.F.Axundzadənin Qərbi Avropa
ədəbi fikrinə bələd olduğu
ilə bağlı mülahizələri dəyərləndirərkən
K.Talıbzadə müxtəlif tədqiqatçıların bu məsələdə
yazıçının tənqidi yazılarını, məktubları,
fəlsəfi traktatını nəzərdə
tutduqlarını qeyd edir
və göstərir ki, onun
bilavasitə ədəbiyyat məsələlərinə həsr
olunmuş yazılarından başqa elə mənbələr vardır ki (məktublaşma, siyasi,
fəlsəfi məqalələri, kitabxanasında
saxlanılan külli miqdarda
kitablar, qeydlər və s.),
bunları diqqətlə öyrənmədən onun estetik
görüşləri haqqında bütöv
təsəvvür əldə etmək çətindir. Qeyd olunan istiqamətlər üzrə sonralar müxtəlif araşdırmalar meydana gəlmişdir, o
cümlədən S.Tağızadənin “M.F.Axundzadə və Avropa” monoqrafiyası. Ədibin Şərqlə
əlaqələri sonralar bir
sıra tədqiqatların, o cümlədən
H.Məmmədzadənin “Mirzə Fətəli Axundzadə və
Şərq” monoqrafiyasının predmeti olmuşdur.
O ki
qaldı Yaşar Qarayevin
qeyd etdiyi rus ədəbiyyatı ilə əlaqələrə,
alimin tədqiqatlarında bu
istiqamət ilə bağlı bəzi diqqətəlayiq
mövqelərində dayanmaq istərdik. Bunların sırasında K.Talıbzadə M.F.Axundzadə ilə
Belinski və Dobrolyubov
arasındakı ədəbi əlaqələrdən çox yazıldığına və
onların görüşlərindəki yaxınlıqla
bağlı qeyd olunmuş
ehtimallara işarə edərək, sübut kimi faktların gətirilməsinə
üstünlük verir
və bu baxımdan rus
tənqidçilərinin əsərlərinin
külliyyatının Axundovun şəxsi
kitabxanasında olmasını göstərir: Axundovun
Respublika Əlyazmalar Fondundakı arxivində Belinski,
Dobrolyubovun əsərlərinin
saxlanılmasını və bu əsərlərdə
yazıçının qələmlə yazılmış rusca qeydlərini misal gətirərək
onları şərh edir.
Bu kontekstdə bir məsələni
xüsusi qeyd etmək
yerinə düşər. M.F.Axundzadənin “Şərq
poeması” ilə bağlı Ə.Seyidzadə, M.Rəfili, S.Qurbanov və b. tərəfindən
ədəbiyyatşünaslığımızda kifayət qədər
fikirlər söylənilib, o cümlədən
poema haqqında ilk
sanballı rəylərin rus mətbuatında
məşhur rus yazarları tərəfindən söylənilməsi haqqında ( 1837-ci ildən ta
1903-cü ilə qədər). K.Talıbzadə bunları təkrarlamadan
belə bir maraqlı faktı qabardır ki, Axundzadə ilk dəfə
ədəbiyyata münasibətini 1837-ci ildə Puşkinin ölümünə həsr etdiyi poemada bildirmişdir. Onun rus klassiklərini (Lomonosov, Derjavin, Karamzin və Puşkin) öz mövqelərinə görə doğru qiymətləndirməsi iki dəlili əsaslandırmaq üçün
çox əhəmiyyətlidir: iyirmi beş yaşlı
Axundzadə həm rus ədəbiyyatı
və tənqidi ilə yaxından tanış imiş,
həm də ədəbiyyat haqqında fikirlərini ilk dəfə bu
münasibətlə söyləmişdir. Bədii
və tənqidi yaradıcılığın bir
əsərdə əyaniləşdirdiyini göstərən bu fakt, eyni
zamanda onun hər iki yaradıcılıq sahəsinə eyni vaxtda
başladığını da təsdiq edir. “Şair Axundzadə hələ
çox cavan
yaşlarında tənqidçi kimi də
formalaşmağa başlamışdı”.
K.Talıbzadə
tədqiqatlarında C.Məmmədquluzadə və Qoqol, M.F.Axundzadə
yaradıcılığı və Qoqol (Firidunbəy Köçərlinin şərhində),
rus klassiklərinin romantik
əsərlərində Qafqaz mövzusu (F.Ağazadə
və b. şərhində), Sabir və Saltikov-Şedrin
satirası (A.Səhhətin şərhində) kimi problemlər ilə bağlı öz sələflərinin müşahidə və
mülahizələrini işıqlandırır. Bir də var alimin özünün bu sahəyə gətirdiyi yeniliklər.
Söhbət ilk növbədə “Abbas Səhhət” və “Qorki
və Azərbaycan” monoqrafiyalardan gedir. Abbas Səhhətin ədədi manifesti
sayılan “Şair, şeir
pərisi və şəhərli” poemasını Nekrasovun “Şair və vətəndaş”
adlı şerinə şairanə bir cavab kimi qiymətləndirən
(məs., M. Arif) mövqeləri təsdiqləyən K.Talıbzadə ruh və ideyaca yaxın olan bu əsərlərin
fərqini də qeyd edir:
bu ideyanın Səhhətin poemasında üslub və quruluşu
etibarilə orijinal bədii həllindən
danışır. Eyni zamanda iki əsərin müvafiq fraqmentlərinin müqayisəsi əsasında
“Sənətkar-vətəndaş” məsələsinin poetik ifadəsində vətənə məhəbbət,
xidmət və qeyrət hissinin hər iki halda milli
ənənədən gələn özünəməxsusluğunu
vurğulayır. Bu sıradan M.Lermontovun “Vətən”i ilə A.Səhhətin
“Vətən”ini tutuşduran alim rus şairinin
əsərinin Azərbaycan dilinə sərbəst tərcüməsindən
danışır. Lakin, zənnimizcə, burada bir dəqiqləşdirici
məqam qeyd olunmalıdır. Rus şairinin əsəri Lermontov
lirikasına xas olan bir qədər seyrçi-fəlsəfi, minor tonallığı ilə seçilir,
Səhhətin şeiri isə - milli vətənpərvərlik
lirikasının səciyyəvi nümunəsidir, özü də uşaqlara
müraciətdə. Yəni, bəlkə də, burada sərbəst də olsa,
məhz təcrümədən danışmaq o
qədər də yerinə düşmür.
Konkret əsərin təsiri ilə
yaranmış orijinal əsərdir Səhhətin
“Vətən”i. Dünya ədəbiyyatında
bir çox məşhur
əsərlər elə bu yolla - yaradıcı impulsun
təsiri ilə yaranmışdır. Olsun
ki, bu səbəbdən
K.Talıbzadənin monoqrafiyasının sonuncu
nəşrində bu tezis
ixtisar olunmuşdur.
Monoqrafiyada xüsusi diqqət tərcümə
məsələsinə ayrılır, yəni A.Səhhətin
tərcümə yaradıcılığına. Və bu aspektdə “Lermontov və
Səhhət” mövzusu xüsusi
bir xətlə keçir.
Burada alim Lermontovdan edilmiş 9 tərcümədən
sadəcə məlumat verməklə kifayətlənmir: lirik qəhrəmanların ideya-estetik
planda yaxınlığı
vurğulanır, yəni bir-birindən ayrılmayan, paralel olaraq iki aspekt izlənilir: Lermontov və Səhhət - iki
şair; Səhhət - tərcüməçi
və şair kimi. Həqiqətən
ümumiyyətlə tərcümənin dəyərləndirilməsində
bu vacib amildir: bir var
peşəkar tərcüməçinin
yaradıcılığı və bir də
var müstəqil poetik
yaradıcılığı olan şairin tərcümə təcrübəsi.
Puşkin və Lermontovdan edilən
tərcümələrin təhlili əsasında
K.Talıbzadə Şair - Peyğəmbər
motivini xüsusi qeyd edir, çünki
bu motiv ümumiyyətlə
romantik yaradıcılıq üçün səciyyəvi idi (hər iki “tərəf”
- müvafiq olaraq rus və Azərbaycan romantik
poeziyasının görkəmli nümayəndələri idi).
Bununla belə K.Talıbzadə Səhhət
yaradıcılığında milli poetik ənənələrinin roluna
xüsusi önəm verir
(Vaqif, Zakir).
Bu kimi məsələlərin
şərhində tədqiqatçı tərcümə üçün seçilən əsərin
mahiyyətini vurğulayır ( “milli ədəbiyyatın ehtiyaclarından
çıxış edirdi”). Və bu yerdə yeni
yaradıcılıq metodun mənimsənilməsində
tərcümənin imkanları ilə bağlı
N.Konradın məşhur tezisinə istinad
edilir. K.Talıbzadə tam
haqlı göstərir ki, romantik
Səhhətin tərcümələrindən ən uğurluları
rus ədəbiyyatının məhz romantik nümunələri olmuşdur.
Amma
monoqrafiyanın müxtəlif nəşrlərinin müqayisəsi
göstərir ki, ilk
nəşrdə romantik Səhhətlə
müqayisədə realist Səhhətə
üstünlük verən alimin mövqeyi, çox güman ki, sovet ədəbiyyatşünaslığında
uzun müddət hökm
sürən məlum tendensiya ilə
bağlı olub: realizmə daha kamil sənət kimi yanaşma. Amma,
maraqlıdır ki, 30 ildən sonra sonuncu nəşrdə
(1986) K.Talıbzadə bu stereotipdən
uzaqlaşır və Səhhət romantizminin
mənbələri sırasında rus romantizmi ilə yanaşı, həm də türk romantik
poeziyasını qeyd edir
(Əbdülhaq Hamid, N.Kamal,
T.fikrət və b.).
Sovet ədəbiyyatşünaslığının
birmənalı mövqelərindən biri
sosrealizmin emblematik
fiqurları olan M.Qorki
və V.Mayakovskinin digər sovet yazıçılarına total təsirinin təsdiqi ilə bağlı idi. Məsələn, hətta
M.Rəfili kimi görkəmli ədəbiyyatşünas
M.Cəlil, A.Səhhət və başqalarının
yaradıcı şəxsiyyət kimi
formalaşmasını Qorkinin təsiri ilə
bağlayırdı. Qeyd olunan
məsələdə K.Talıbzadənin tədqiqatlarının
dəyərli metodoloji mövqeyi milli ənənələrin
prioriotetliyinə önəm verilməsi ilə xüsusilə
seçilməkdədir. Məsələn, Qorki və Cəlil Məmmədquluzadənin əsərlərinin
problematikasının səsləşmələrini tədqiqatçı
hər şeydən əvvəl hər iki
sənətkarın müasir olduqları
ilə izah edir, yəni
ictimai həyatın aktual
məsələlərinin əks olunması ilə bağlayır.
K.Talıbzadə o vaxtlar, bəlkə də,
dövriyyədə olmayan “tipologiya”, “tipoloji səsləşmələr”
terminlərini işlətmir, amma mahiyyəti
etibarı ilə məhz bu ədəbi
hadisədən danışır. Daha sonra tədqiqatçı müqayisə edilən
yazıçıların bədii üslubunun,
manerasının fərdiliyini aşkarlamağa
çalışır. Mirzə Cəlilə aidiyyətdə
qeyd edir ki, yazıçı Azərbaycan ədəbiyyatına
milli satirik ədəbi
ənənələrini inkişaf etdirən
ədib kimi daxil olmuşdur. Eyni məntiqlə
Qorkinin Səhhətə təsiri ilə
bağlı “hakim” mövqe
inkar olunur:
ayrı-ayrı oxşarlıqların axtarılması əsas
olmamalıdır; bu məsələdə S.S.Axundovun
rus yazıçısına daha yaxın olması göstərilir (məs,
“Çərxi fələk” pyesinin “Həyatın
dibində” pyesi ilə, yaxud
“Hürriyyət ulduzu” hekayəsinin “Danko” hekayəsi ilə ideya
yaxınlığı, kompozisiya, süjet baxımından səsləşmələr,
romantik üslub nəzərə alınaraq). Ümumiyyətlə, Qorkinin Azərbaycan ədəbiyyatına total təsirini bəyan edən tədqiqatçıların
mövqeyinin daha çox deklarativ-ideoloji səciyyə
daşıması qeyd olunur.
Bununla
belə rus yazıçısının
erkən romantik hekayələrinin, məsələn,
M.İbrahimovun “Cənub hekayələri” yaxud “Ana” romanının M.Hüseynin “Səhər” romanına təsiri
konkret təhlillər əsasında sübut edilir və bu təsirin bəzi hallarda
həddi aşdığına görə hətta Azərbaycan
romanının orijinallığına xələl gətirdiyi
göstərilir.
M.Qorki ilə bağlı monoqrafiyada
zəngin faktoloji material
əsasında ədəbi əlaqələrin, demək olar ki, bütün
formaları əhatə olunmuşdur: ədəbi-tənqidi
resepsiya, tərcümə, tematoloji plan, bilavasitə kontaktlar, ədəbi təsir, tipoloji
səsləşmələr. Bunların tədqiqi Azərbaycan
və rus ədəbiyyatlarının müvafiq mərhələlərinin ümumi inkişaf
tendensiyaları kontekstində aparılır və bu kontekstdə bir sıra hallarda dəqiqləşdirici məqamlar diqqəti
çəkir. Xüsusən bədii metodun
təkamülü və tipologiyası baxımından. Məsələn, C.Cabbarlının “Aydın”, “Oqtay Eloğlu” pyeslərinin
Qorkinin romantikası ilə səsləşmələrini
qeyd edən tədqiqatçı bu kontekstdə rus
yazıçısının romantik
yaradıcılığının erkən deyil,
məhz kamil dövrünə işarə
edir və bunu
müqayisəli təhlillərdə
açıqlayır. Yəni Qorkinin
yaradıcılığı mərhələvi müstəvidə
şərh edilir. Eyni
zamanda Cabbarlının adı çəkilən
qəhrəmanlarına ədəbiyyatşünaslığımızda
mövcud tənqidi münasibətin
yanlış olduğu göstərilir və
s. Yaxud tərcümələrdən danışarkən,
məsələn, A.Səhhət tərəfindən “Həyatın
dibində” pyesindən məşhur məhbusun
mahnısının tərcümə edildiyi
qeyd olunur və bu seçimin təsadüfi
olmadığı əsaslandırılır. “Mənim
tərcümeyi halım”dan müvafiq
fraqmentlər müqayisəli kontekstə gətirilir. Tematoloji planla bağlı
çox maraqlı materiallara
yer verilir. “Azərbaycan həqiqətləri rus
yazıçısının gözü
ilə” istiqamətində. Bunların içində M.Qorkinin Bakıya gəlişlərini əks
etdirən məşhur yazıları ilə yanaşı, “Qafqazda qaçaqlar”,
“Şiyələrin bayramı” (Metex
dustaqxanasında yatarkən Şeytanbazara
açılan pəncərədən məhərrəmlik mərasimini müşahidə edərkən təəssüratları
haqqında, amma “bayram”
sözü bu kontekstdə
bir qədər anlaşılmır) və
digər oçerklərdə verilən faktları o vaxtın Zaqafqaziya mətbuatında
gedən müvafiq publikasiyalarla
müqayisə edən alim bu
oçerklərin böyük informativ əhəmiyyətindən
danışır. O cümlədən rus yazıçısının
xalqımızın qaçaqçılıq tarixinə
aydınlıq gətirdiyi məqamları qeyd
edir (məs, Qaçaq
Nəbi və Qara Nəbinin başqa-başqa adam
olduqları haqda, Qaçaq
Kərəm haqqında Kuban
kazaklarından aldığı məlumatlar və s.).
Rus ədəbiyyatına münasibət baxımından alim Ə.Ağaoğlunun
“Rus ədəbiyyatının ümumi xarakteristikası” adlı məşhur
oçerkini nəzərdən keçirir, ədibin rus ədəbiyyatı
tarixinin orijinal,
müfəssəl dövrləşməsi ilə
bağlı konsepsiyasına müsbət dəyər verir. Və
göstərir ki, Ə.Ağaoğlu
bir məqalədə rus
ədəbiyyatının təkamülü ilə
bağlı bütöv bir
tədqiqat apararaq, bu
təkamüldə ədəbi təsir və iqtibas
proseslərinin böyük rolunu təsdiq edir. Və bu təsirlərin
içində rus milli
ruhunun ifadəsini əsas amil
kimi götürülməsini xüsusi dəyərləndirir. Çünki məhz milli
ruhun qorunması və sonrakı ədəbi
nəsillərə ötürülməsi (varislik)
milli ədəbiyyatın tarixi
gedişatını təmin edir. Ağaoğlunun oçerkində bir çox məsələlərin dəyərləndirilməsində
təsir amilini xüsusi
qeyd edən K.Talıbzadə, o cümlədən, rus
blinaların tatar əfsanələrindən
yararlanması faktlarına xüsusi önəm
verir (hətta blinaların əsas əfsanəvi
personajı olan “boqatır” sözünün “bahadır”dan alınması məsələsi).
Düzdür, bu məsələlərdə
Ağaoğlu Stasov, Miller, Potanin kimi nüfuz sahiblərinə
istinad edir. Ağaoğludan gətirdiyi və
vurğuladığı tezislərdən biri
rus ədəbiyyatının Krılova qədər
təqlidçi ədəbiyyat olduğu
qənaəti ilə bağlıdır: “Ruslar
yavaş-yavaş avropalı kimi düşünüb hiss etməyə başlayacaqlar.
Rus Avropa mədəniyyət
zümrəsinə girmiş olacaqdır.”
Sonrakı dövrlərin təqdimatında da
alim orijinal (əsasən
razılaşdığı) şərhləri
vurğulayır və qeyd edir
ki, F. Köçərlidən fərqli olaraq Ə. Ağaoğluda ədəbi proses
portret-oçerklər üzrə deyil, bütöv bir tarixi gedişat mərhələlər
üzrə, dünya konteksti
içində izlənilir.
Nəzərdən
keçirilən təcrübə belə bir
şəksiz qənaətə gəlməyə imkan verir ki,
Kamal Talıbzadənin ədəbi əlaqələr
istiqamətində apardığı axtarışlarına müasir aksial prioritetlər
mövqeyindən yanaşdıqda bu tədqiqatların
Azərbaycan müqayisəli ədəbiyyatşünaslığının tarixində əhəmiyyətli
rol oynadığını və indinin özündə
aktuallığını saxladığını təsdiq
etməli oluruq.
Sara Osmanlı
filologiya üzrə elmlər doktoru
Ədəbiyyat qəzeti.- 2014.- 31 yanvar.- S.4.