Dost olmağı öyrədən yazılar
"Həyatın mənşəyində
duyğular dayanır və bu duyğulanmanın təməli eşqdir".
İşığa,
aydınlığa çıxaran, Yerə, Göyə,
Tanrıya aparan yolçuluğun
gerçək adı olan eşq!
Bütün bunlar haqqında millət
vəkili, siyasi elmlər üzrə fəlsəfə
doktoru Qənirə Paşayevanın
"Səndən sonra…" və
"O" adlı kitablarında son dərəcə
səmimiyyətlə yazılıb. Ulu Yaradanın böyük dərgahına aparan
Yolun könül xoşluğunu bütün
qapsamı ilə özündə ehtiva edən
bu kitablarda
yazılanlar hökm yox,
sadəcə, "öyrən, dərk et,
yadda saxla"
mesajları kimi oxunur,
ağır sınaqların, çətin imtahanların asan yolunu tapmağa
kömək edir. Bu
yazılanlar "həyatın qorxaqları sevmədiyini erkən
yaşından gör və cəsarətli
ol" - deyir, "ən
böyük sərvətin
yaxşılıq olduğunu gör və insan
olmağı öyrən" dərsi verir.
Təlqin edir ki,
dostların böyük zənginlik olduğunu gör və dost olmağı öyrən, nə olursa-olsun, heç vaxt həyatdan küsmə…
"Özünü nə qədər
tanıyırsan?" sualının cavabı "həyatım
alt-üst oldu" deyə
üzülənlərin təsəlli payı ilə bir arada bu
kitablardadı. Behiştlik Şəms Təbriziyə,
Mevlana Cəlaləddin Rumiyə, Əhməd
Yasəviyə istinad edə-edə "mən
sevgiyəm", "mən bilgiyəm", "mən sülhəm" - deyib
və aləmi işıqlandıran şamlara
aşiqlik duyğusu yaşadan bir könül adamının həyatı boyu əxz etdiyi fəzilətlərin
ümumi mənzərəsi sərgilənib
sətirlər boyu.
"O"
müəllifin "İraq gündəliyim"
adlı xatirələrdən seçmələrlə
açılır… Daha çox
anasının söylədiyi "biri
vardı, biri yoxdu"
nağıllarının qan
qardaşı kimi bəhs edir
heç də iraq olmayan Bağdaddan, Nəcəfdən,
Kərbəladan, Kufədən, Samirə və Kərkükdən. Bir
də o adamdan ki, Kufədə gözlənilmədən ona yaxınlaşıb "Allahı dərk
etmək üçün mütləq
ilahiyyatı oxumaq lazım deyil,
çalış həyatı oxu -
söyləmişdi. Sən hələ buraya
çox gələcəksən və inşallah, axtardığını tapa biləcəksən" - demişdi.
Bu kitabda "milliyyətimizi
borclu olduğumuz insanlar" haqqında minnətdarlıq duyğusu, dərin ehtiram hissi ilə söhbət açılır,
niyyətə, kama çatmağın
gerçək yolları haqqında bilgilər verilir:
"Böyük yaradılışı,
Yaradanı dərk etmək yalnız az sayda seçilmişlərə deyil, hər kəsə nəsib ola bilər. Yetər ki, bunun üçün güclü bir istək, daxili inam, ürəyi dinləməyi
bacarmaq və niyyət olsun.
Onu dərk etmək bir
könül işidir
- sevgi ilə dolu bir könül…"
Q.Paşayevanın bu kitabı oxucuya "hardan gəldiyini unutma"
- deyir; ən azından insan
ola bilmək, insan kimi yaşaya bilmək və
insan kimi ölə
bilmək üçün…
"Səndən sonra" kitabına isə Q.Paşayevanın əsasən
vətən, torpaq və sevgi
haqqında olan könül
meyvələri daxil edilib.
Bu, bir millət vəkili,
bir siyasi elmlər
üzrə fəlsəfə doktorunun deyil, "özünə yolçuluğa"
çıxan bir insanın, bir yolçunun ilk şeirlər kitabıdır; siyasi karyerasının, ictimai
tanınmışlığının hücrəsində donub qalmış bir şəxsin
yox, daha çox oluşmaqda olan istedadlı bir söz adamının kitabı…
Tanımaq istəsən
bir qadını -
Gözlərindəki
kədərə bax,
Dodaqlarındakı təbəssümə…
- deyə poetik müşahidəsini son
dərəcə dəqiqlik və yığcamlıqla təqdim
edir Q.Paşayeva. Onun şeirləri saf və
təmiz qəlbin əbədi sevgi
pıçıltılarıdı.
Deyir ki:
Sənə şeir yazdım illər boyunca,
Rüzgara söyləyib göndərdim sənə…
Söylə, dinlədinmi
könül səsimi?
Yuxusuz gecənin masallarını
Dənizə söyləyib
göndərdim sənə…
Söylə, dinlədinmi
xəyallarımı?
Qənirənin
şeirlərində qəribə bir həsrət,
nisgil var və bu həsrət bədbinlikdən, kədərli
əhval-ruhiyyədən daha çox inamlı, imanlı bir
dünyanın səssizliyinə buraxıb gedir
oxucu düşüncəsini:
Elə hey düşünür,
düşünürsən ki, doğrudan da belədi. Bu şeirlərdə ehtiva
olunan dünya hər bir oxucunun öz
yaşantıları kimi doğma
və tanış görünür:
Mən insanlardan
deyil,
Ağaclardan daha
çox öyrəndim;
Onlar
olduğu kimi görünə bilir.
Ağaclardan kökləri
üstündə durmağı,
Ömürdən ayrılan
illər kimi
Qopub düşən hər yarpağı
Müdrikliklə
qarşılamağı öyrəndim.
Mən ağaclardan
Kök
üstündə yaşamağı
öyrəndim.
Çinardan əzəməti,
Palıddan dözümü,
Söyüddən kədərli anlarda belə
zərif olmağı,
Bir də
Qızılgüldən
tikanları öyrəndim.
Bu şeirdə müasir ədəbi gəncliyin öyrənməli
olduğu çox şey var və
indiki halda bir qələm adamı olaraq o "çox şeyin" nələrdən ibarət
olmasını yazmağın
çətinliyini çəkirəm.
Poeziya
həm də sənət faktıdı,
o faktı görməmək,
görüb və dəyərləndirməmək insafsızlıqdır.
Qənirə
xanımın şeirləri
yeni poeziya texnologiya və üslubunu kifayət qədər dolğunluqla özündə əks etdirən sənət nümunələridi. Onun
poetik yaşantıları
klassik və çağdaş şeir
ənənələrimizin ən səmimi, kövrək dili ilə nəql olunur; kövrəldir, duyğulandırır və
oyadır:
Səni gözlərimə
səpib,
Göz
yaşımla böyütdüm.
Səni könlümə
sarıb,
Savaşımla
böyütdüm.
Səni illərə
verib
Umutla böyütdüm
-
İndi kiçildə bilmirəm.
Kiçildə - deməli,
unuda bilmədiklərimizin xatirəsi dindirirdi, təzədi, tərdi bu kitablarda hər mətləb
insanı insanca tanıda bilir.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2014.- 31 yanvar.- S.4.