Sözə ehya veriləndə
Ver sözə ehya ki,
tutduqca səni xabi-əcəl
Edə hər saət
səni ol uyğudan bidar söz.
Füzuli
Füzulinun
poetikası - Füzulinin
şeri deməkdir. Poetika şerin geyimi, forması, bəzəyi
- sözün hüsnüdür.
Çox gözəl
bir nəzmdir kim, vermiş ustadın əli
Hüsni - məzmunu
ibarətlə bu cür zinət ona
Hüsn zəncirinə
hər kəs bağlanıb olmuş əsir
Çoxları şəklinə
heyrandır, çoxu məzmununa.
(III c. s.12)
Bu beytlərin müəllifi
dahi Füzuli “şeir fəziləti
də bir elmdir” - deyirdi.
Poetika şeir fəzilətinin - şeir
elminin sirri deməkdir. Bu sirri açmaq Allahın
işinə qarışmaq qədər çətin və
günahdır. Çünki “söz
yaradanın mədhi sənası - nəğməsidir ki, o
qeybin gizli aləmində həqiqətlər cəvahirindən
ətək-ətək şabaş edib qeyri-məhdud xəzinələr
yaratmış, məhdud hərflərin dəyişməsi ilə
hər xəzinəyə bir açar ixtira etmişdir”.
(III c. s. 12)
Füzuli şeri poetik bir tilsimdir. Onu açmaq
üçün Şərq poetikasını, sufizmi, islam
ehkamlarını, dinin sirlərini, sözün sehrini, ərəbin
zehniyyətini, farsın duyğusal aləmini, Şərqin
üç əsas dilində - ərəb, fars və türkcə
qəzəlini batini aləmini, müəmma sənətini
bilməlisən.
“Müəmma əslən ərəbcədir. Örtmək, gizlətmək mənasında olan təmiyə
sözündən düzəldilmiş sifətdir.
Müəmma qədim ədəbiyyatımızda
mühüm yer tutur, xüsusən şairlər bu şəklə
daha çox əhəmiyyət verirdilər.
Çünki müəmma yazmaq və onu
aça bilmək, xüsusi hazırlıq tələb edir. Çətin müəmma yaza bilmək
üçün bir neçə dil bilmək, əbcəd
hesabının müxtəlif elmlərinin rəmzi mənasını
yaxşı mənimsəməklə bərabər, məharətli
tapmaca qurmağı bacarmaq, tiz fəhmlik tələb olunur”
(akademik Həmid Araslı).
Füzuli şeri başdan-ayağa poetik
müəmmalarla doludur. Onun poetik füqurları bədii-
fəlsəfi müəmma yuvalarıdır. Gözəlin
yaşmağını açmadan onun dodağının
qönçə, dişlərinin sədəf, dilinin şəkər
olduğunu müəyyən etmək olmaz:
Dəhəni dərdimə dərman dedilər
cananın,
Bildilər dərdimi, yoxdur dedilər dərmanın.
Əlsində dəhan - ağız yoxdur: dodaq var, dil
var, diş var - bir də onların yerləşdiyi nəfəs
boşluğu. Qəlb sözün yuvası,
ağız isə sobasıdır. Söz
bu sobada bişib, yetişib aləmə çıxır.
Təsadüfi deyil ki, ulular “Sözü
ağzında bişirib çıxar!” - deyiblər.
Füzulinin bir dənə də çiy,
bişməmiş sözü yoxdur.
Ey camalın “qülhüvallahü - əhəd”
Surətin yazısı “Allahus - səməd”
- belə deyirdi Füzulidən xeyli əvvəl
İmadəddin Nəsimi! Orta əsrlər
poeziyasında söz özündə kainatın min bir sirrini əks
etdirən insan hüsnünü vəsf etmək
üçün lazım idi. Fəqət ev
təkcə təsvir vasitəsi deyil, varlığında həqqin
nurunu gəzdirən surəti açmaq üçün yeganə
açar idi:
Heyrət, ey büt, surətin gördükdə lal eylər
məni,
Surəti-halım görən surət xəyal
eylər məni.
Füzuli şerinin novatorluğu, bədii-poetik
bənzərsizliyi haqqında çox yazılıb. E.Bertels,
B.Çobanzadə, Mir Cəlal, H.Araslı, Ə.Cəfər,
Məmməd Cəfər, M.F.Köprülü, M.Quluzadə,
S.Əliyev kimi füzulişünaslar bu istiqamətdə də
dəyərini zaman-zaman qoruyub saxlayan mötəbər söz
söyləmişlər. Onların fikirlərinə qədirşünaslıq
ifadə edir və bildiririk ki, hər zamanın, hər nəslin
öz Füzulisi var. Klassikin dahiliyi də elə məhz
bundadır ki, o hər gələn nəsillə, hər yeni
tarixlə yenidən doğula bilir. Dahilər
üçün, dahiyanə söz üçün zaman
anlayışı yoxdir, o heç kəs və nə ilə
hesablaşmır. Çünki “Füzuli
şeri üslub, sənət və bədii keyfiyyətcə
indiyə qədər heç bir şairin çıxa bilmədiyi
bir pillədə durur.
...Əsl şeir dil ilə musiqi
arasında xüsusi bir sənətdir. Şeir dilin musiqisi və musiqinin dilidir” (Əkrəm
Cəfər).
Füzulinin şeri, onun poetikası
haqqında onun müasiri Əhdi Bağdadidən tutmuş bu
günə qədər çox dəyərli mülahizələr
söylənilib. Müxtəlif məqalələr
nəzərə alınmazsa, Azərbaycanda Füzulinin
poetikası haqqında ilk monoqrafik tədqiqatı 1940-cı
ildə Mir Cəlal yazıb. Böyük
yazıçı və alim Füzuli poetikasının
kamilliyini qeyd etmək üçün yazır: “Füzuli
yalnız Azərbaycan xalqının, yalnız öz əsərinin
deyil, bütün bəşəriyyətin, renessans
dövrünün, böyük sənətin böyük
oğludur...
Füzuli sənətinin qüdrətini,
miqyasını, məziyyətlərini təhlil və təyin
etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə
də bir elmi nəslin işi deyildir” (professor Mir Cəlal).
500 ildən artıqdır ki, tarix
özü Füzuli poeziyası ilə məşğuldur. Fəqət, hələ Füzuli şerinin poetik
sehrindən baş aça bilmir, onun qarşısında
sevgisini və acizliyini etiraf etməklə məşğuldur.
Çünki “Füzuli böyük lirikdir... ədəbiyyat
tarixində hər şairə bu ad verilmir. Böyük lirik hər şeydən əvvəl həssas
dahi insan, böyük mütəfəkkir deməkdir. ...Füzuli
sənətinin iki əsas canlı məsdəri var: eşq və
idrak... Füzuli sevirdi. Füzulini
başa düşmək üçün hər şeydən
əvvəl sevən qəlbə malik olmaq lazımdır”
(akademik Məmməd Cəfər). Sevən qəlb: - Füzuli
şerinin enerji mənbəyi buradadır. O, həm eşqin, həm
də qəmin yuvasıdır. füzuli
lirikası bu ülviyyət yuvasından pərvazlanır.
Şərqdə şair olmaq çətin
və şərəfli idi. Çünki
Şərq cəmiyyətləri yüksək əxlaq, mənəviyyat
üzərində qurulmuşdu. Füzuliyə qədər
Firdovsi, Əbu Nüvas, Xaqani, Nizami, Hafiz, Şirazi, Nəsimi,
Nəvai kimi dahilər həm Şərq poetik
kanonlarını, həm fəlsəfi təlimlərini məhz
insana böyük sevgi ifadə edən humanizm-mənəviyyat
üzərində qurmuşdular.
Bayrağında humanizm sözü
yazılmış, emblemində insan həkk olunmuş Şərq
intibahı da, Xaliqin Məxluqa qovuşması haqqında mistik
təlim olan sufizm də nurunu Tanrıdan almış mənəviyyata
əsaslanırdı. Füzuli poetikası
özündə İslam əxlaqını yaşadan türk
mənəviyyatının ecazkar söz çələngi
idi.
Füzuli poetikasını, Füzuli
sözünün ecazını adi təfəkkürlə,
yer düşüncəsi ilə açmaq olmaz.
Çünki bu söz səmadan - ərşdən gəlirdi:
Sözə xor baxmaq olmaz; hər bir söz
Ərşdəndir gəlib hədiyyə
bizə.
Ərşdən gələn söz fərqini
- yerin bəzəyi olmaq üçün insanın qəlbində
məskən salır. “İlahi feyzdən bir xəzinə”
olan “söz yaradanın mədhi-sənası - nəğməsidir
ki, o qeybin gizli aləmində həqiqətlər cavahirindən
ətək-ətək şabaş edib qeyri-məhdud xəzinələr
yaratmış, məhdud hərflərin dəyişməsilə
hər xəzinəyə bir açar ixtira etmişdir” (III.c
s. 12). Cism ilə can kimi söz də mənadan
asılıdır deyirdi Füzuli kimi sözün şəklinə
- hüsnünə, kimisi də mənasına vurulur. Canı cismdən, ruhu bədəndən ayırmaq
mümkün olmadığı kimi, sözü də mənadan
ayırmaq mümkün deyil. Füzuli
sözü mənalı sözdür, çünki onun əsasında
elm dayanır. Və bizim fikrimizcə, bu təkcə
yer insanının tanıdığı - həyatdan, müəllimdən,
kitablardan öyrəndiyi elm, elmi idrak deyil. Bəlkə də daha çox səmadan günəşin
şüası, Ayın ziyası ilə süzülüb gələn
elmi fəhmdir. Şair məşhur qəzəllərindən
birində yazır:
Nə bilir oxumayan müshəfi-hüsnün şərhin
Yerə gökdən nə
üçün endigini Quranın.
(I c. s. 194)
Füzuli deyir ki, müshəf olunmuş -
lülələnmiş, bükülü kağızda olan
hüsnün - yazının şərhini oxumayan Quranın
göydən yerə enməsinin mənasını bilə
bilməz. O gizli surəti gözlə, qulaqla yox, fəhmlə
oxuyan, duyan, bilən Quran hikmətinə vaqif ola
bilər. Füzulinin poetikası da belədir;
onu “qəvandi - ədəbiyyə” terminləri ilə
açmaq olmur. Füzuli poetikasının
sehrini - həm şəklini və həm də mənasını
şərh etmək üçün bir əlin ərşdə,
bir əlin fərşdə olmalı, səmadan nazil olmuş
dörd müqəddəs kitabı - “Tövrat”ı, “Zəbur”u,
“İncil”i və “Quran”ı dərindən bilməlisən.
Füzuli poetikasını açmaq ulduzlara yol
açmaq qədər çətindir. farsca
şeirlər “Divan” ının da barəsində şair
etiraf edir ki, “çətin anlaşılan ibarələr və
məzmun incəliyinə qarşı
yaradılışında bir məhəbbət vardır” (III
c. s.16). Füzuli bir dənə də olsun nə
artıq nə də təsadüfi söz işlətməmişdir.
“Çətin anlaşılan sözlər”
dedikdə o, məcazi, müəmmalı, poetik baxımdan
mükəmməl sözləri nəzərdə tutur.
Bəziləri uzun müddət füzuli şerini poetik
çətinliyini şairin ərəb, fars
sözlərində istifadə etməsi ilə əlaqələndirmişlər.
Böyük dilçi Ə.Dəmirçizadə “Ədəbi
dilimizin inkişafında füzuli mərhələsi” adlı
qiymətli əsərində bu məsələyə
doğru izah verir: “Füzuli elə ərəb və fars
sözləri seçib işlətmişdir ki, bunların bir
qismi hələ Füzulidən çox qabaq Azərbaycan dilinə
daxil olmuş və azəriləşmişdi, digər qismi isə
qısa, yüngül, asan olduğu üçün, tezliklə
mənimsənilə bilən, güman ki, Füzuli qəzəlləri
vasitəsilə daha çox yayılan və azərbaycanlılar
tərəfindən sonralar mənimsənilmiş olan sözlərdir”.
Füzuli dilə hakim olan sənətkardır.
O, Şərqin üç böyük - üç əsas
dilində ərəb, fars və türk
dillərində Şərq ədəbiyyatının əsas
lirik janrı olan qəzəl nümunələri
yaratmışdır. Bir daha xatırladaq ki, Əbu Nüvas ərəb
qəzəlinin, Hafiz fars qəzəlinin, Nəvai türk qəzəlinin,
Mövlanə Füzuli isə həm ərəb, həm fars,
həm də türk qəzəlinin ustadı hesab oluna bilər.
Əslinə baxsan Füzuli poetikası Füzuli qəzəlinin
poetikası deməkdir. Füzuli yazıb: “Qəzəl
aşiqin könül dərdini mərhəmətli sevgilisinə
açması və ya məşuqun öz halını sadiq
aşiqinə bildirməsidr... Qəzəlin
özünəməxsus bir dili və müəyyən kəlmə
aləmi vardır” (III c, s. 16).
Qəzəldür səfabəkşi - əhli-nəzər,
Qəzəldir güli-bustani-hünər.
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin
şöhrətin.
Qəzəl de ki, məşhuri dövran ola,
Oxumaq da, yazmaqda asan ola.
Burada orta əsrlər nəzəri
fikrinin qəzələ verdiyi əsas nəzəri tələblər
öz poetik əksini tapıb. Dahi
şair öz şeirlərini təvazökarlıqla
“dünya görməmiş yeniyetmələr, qürbət
çəkməmiş yetimlər” (III c. S. 19)
adlandırırdı. Çox çəkmədi
ki, bu yeniyetmələr və yetimlər öz hüsnü, zərif
ruhu və dərin fəlsəfəsi dünyanı fəth
etdi, onlara təslim olmayan bir dənə də olsun şeirsevər
qəlb qalmadı, muğam pərisinin qanadlarında
könülləri ehtizaza gətirdi. “Füzuli
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı
janr və forma cəhətdən inkişaf edərək
yüksək zirvəyə qalxmışdır. Birinci növbədə lirik şeir formaları Füzulinin
qüdrətli qələmi ilə canlanmış, ideya və
bədii cəhətdən qüvvətli, ahəngdar və təsirli
olmuşdur. Azərbaycan bədii dilinin, onun bədii təsvir
və ifadə vasitələrinin zənginləşdirməkdə,
şerin canlı xalq dili ilə əlaqələrini möhkəmləndirməkdə
Füzulinin xidmətləri xüsusilə böyükdür”
(professor Mirzağa Quluzadə).
Füzulinin poeziyası XIII-XVII əsrlərdə
çiçəklənən oğuz - səlcuq mədəniyyətinin
bədii- fəlsəfi yekunu, onun dili həmin mədəniyyətin
linqvistik mərhələsi idi. füzulinin
poetikası dərin mənalar üzərində bərqərar
olan kamil bədii forma idi. Füzuli ədəbiyyatımıza
türk sözünün yeni çoxmənalı - məcazi
imkanlarını gətirdi. Füzuli
özünə qədər dəbdə olan elm dili - ərəbcənin,
şeir dili - farscanın qarşısına türk
sözünün elmi poetikasını çıxardı.
Türk dilinin haləsi Füzuli istedadından
nurlanaraq təkcə Azərbaycan, təkcə türk deyil,
bütün Yaxın Şərq ədəbi aləmini nura qərq
etdi. Məhz Füzuli ecazı sayəsində
türk dili öz mehvərindən çıxaraq dünyəviləşdi.
Bu dil yenilməz türk ruhunun bədii tərcümanı
idi.
Füzuli poetikasının əsasında
elm və şeir dayanır, onun şerini açmaq
üçün elmini dərk etmək lazımdır. “Bu qoşa zehni düşüncə yönümləri
bir-biri ilə qarşılıqlı təmasda olmuş, biri
digərini nəzarətdə saxlamış, bir-birini şərtləndirib
pərvazlandırmış son nəticədə bədrlənib
alim-şair Füzuli möcüzəsini
yaratmışdır” (professor Sabir Əliyev).
Şərq şairlərinin bəlkə
də heç birində intellekt, söz və ruh bu qədər
üzvi şəkildə, bu qədər səmimi tərzdə
birləşməyib. Füzuli şeiri saf və
səmimidir, burada dil ülviyyət məqamında dayanır.
Çünki bu dil ilahi hüsnü, pak eşqi
və müqəddəs kədəri tərənnüm edir.
Füzuli poetik sisteminin birləşdirici qüvvəsi,
düyün nöqtəsi, eləcə də şairin lirik qəhrəmanı
“Məndə Məcnundan füzun aşiqlik istedadı var //
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var” - deyən
Füzuli özüdür.
Füzuli şeri cahanı, insanı və
zamanı təkcə təsvir və tərənnüm etmir,
həm də bəlkə daha artıq dərəcədə təhlil
edir. Onun poeziyasının
intellektuallığı buradan nəşət edir. Füzulinin lirik qəhrəmanı cahana və zamana
tabe olmur, həmişə Tanrı qarşısında - Allah
dərgahında hesabat verir. Hələ Nəsiminin
dilindən eşitdiyimiz “Məndə sığar iki cahan, mən
bu cahanə sığmazam” fəlsəfəsi Füzulinin
lirik qəhrəmanı üçün də səciyyəvidir.
Çünki o hər şeydən öncə ilahi eşqdən
vəcdə gəlib tamamən bihuş olan səmimi bir surətdir:
Ey mələksima ki, səndən özgə
heyrandır sana
Həqq bilir, insan deməz hər kim
ki, insandır sana.
Eynən Nəsimi kimi: “Qorxdular həqq deməyə,
döndülər insan dedilər”. Bu təkcə təfəkkür
eyniyyəti deyil, həm də sufi qəhrəmanı
poetik vəsf, tərənnüm bənzərliyi, insan
aliliyinin oxşar təsdiq üsuludur.
Füzuli poetikası gözlənilməz
effektlərlə səs, söz, işıq, rəng
assosiyaları ilə şərtlənmiş bütöv bir
semistik sistemdir. Onu elementdə yox, struktural
tərzdə təhlil etmək olar. Burada səs, söz,
işıq rəng çalarları elə mürəkkəb
quruluşda çarpazlaşıb ki, onun harmoniyasını
tapmaq üçün təkcə füzulişünas olmaq
yetərli deyil, burada ilahiyyatı, süfizm təlimini, Şərqin
fəlsəfi sistemlərini, dil və fiqurları, müəmma
və məcazların sehrini bilmək, sözü fəhm
qılmaq lazımdır. Bu qəbildən
çətin işlə bağlı kiçik bir fəhmimizi
söz-sənət xiridarlarını təqdim edirik.
Gülşən
Əliyeva-Kəngərli
filologiya
elmləri doktoru, professor
Ədəbiyyat
qəzeti.- 2014.- 31 yanvar.- S.5.