Ziya təşnəsi, yaxud

2013-dən 1879-a bir nəzər

  

«Ziya» qəzetində məktəb və

maarif məsələləri

 

Mətbuatın cəmiyyət həyatındakı rolu və yeri haqqında müxtəlif dövrlərdə diqqətçəkici, eyni zamanda maraqlı, fərqli fikirlər söylənilmişdir. XIX əsr Rusiya müsəlmanlarının mövcud durumunu, ağır, acı həyat şəraitini, solğun və durğun təfəkkür tərzini nəzərə alaraq bütün türklərin tərcümanı İsmayıl Qaspıralı (1851-1914) nicat yolunu görkəmli publisist, böyük mücahid, naşir və redaktor Əhməd bəy Ağaoğlunun (1869-1939) təbirincə desək, «türklüyü xilas edəcək iki silahda» - məktəb və mətbuatda görürdü (Əhməd bəy Ağaoğlu. «İsmayıl bəy Qaspıralı». «Türk yurdu», ¹ 12, 1914). Azərbaycanın ictimai-siyasi, mətbuat tarixində parlaq, silinməz iz buraxmış naşir, redaktor, yazıçı-publisist, istiqlal aşiqi Ceyhun Hacıbəyli (1891-1962) İ.Qaspıralının məktəb və mətbuat sahəsində fədakar fəaliyyətini dəyərləndirərək, onun nəşr etdiyi «Tərcüman»ın heyrətamiz təsir gücünə və yeni məktəb quruculuğu sahəsində həyata keçirdiyi islahatların faydasına işarə vuraraq yazırdı ki, İsmayıl bəyin səsini bütün dünya müsəlmanları eşidirdi… (Ceyhun Hacıbəyli. «İsmayıl bəy Qaspıralının xatirəsinə». «Kaspi» qəzeti, ¹ 204, 1914).

Azərbaycan mətbuat tarixində «Əkinçi» ideyalarını, əməllərini və ənənələrini yaşatmağa, davam etdirməyə səy göstərən «Ziya» haqqındakı məqaləyə «millətin çırağı» (firidun bəy Köçərli) İsmayıl Qaspıralının mətbu fəaliyyətə böyük diqqət yetirdiyini xatırlamaqla başlamağımız təsadüfi deyil. XIX əsrdə Rusiya müsəlmanlarının tərəqqisində qəzetin xüsusi yeri və rolu «Tərcüman»ın timsalında daha qabarıq görünür. Digər tərəfdən isə İ.Qaspıralı irsi və şəxsi həyatı ilə Azərbaycanla qırılmaz tellərlə bağlı olmuş, Azərbaycan mətbuatını, o cümlədən «Ziya» daim izləmiş, fəaliyyətini yüksək dəyərləndirmişdir.

1883-cü il aprel ayının 10-da ilk nömrəsi işıq üzü görən «Tərcüman» Rusiya imperiyasında yaşayan 15 milyonluq türk dilində danışan xalqların tarixi ərzində sayca 4-cü milli qəzeti idi. Bundan əvvəl «Əkinçi» (1875-1877), «Ziya» («Ziyayi-Qafqaziyyə» (1879-1884) və «Kəşkül» (1883-1891) nəşr olunmuşdur. İ.Qaspıralı bu nəşrlərə və onların naşirlərinə, redaktor və mühərrirlərin əməlinə, ümumən dövrün qabaqcıl Azərbaycan maarifçiləri və xadimlərinin fədakar fəaliyyətinə böyük dəyər verir, onların əməyini tarixi xidmət kimi qiymətləndirirdi. Yalnız onların sayəsində qaranlıq, zülmət içində olan Azərbaycan cəmiyyətində ara-sıra «şimşək çaxır, ətraf işıqlanırdı». Mövcud mənzərə haqqında faktlar daha aydın təsəvvür yaradır: «Əkinçi»nin nəşrindən (1875-1877) «Şərqi-Rus»un işıq üzü görməsinədək (1903) olan müddətdə - yəni 26 il (!), təxminən 10 min gün ərzində Azərbaycan dilində 3 ad altında («Ziya», «Ziyayi-Qafqaziyyə», «Kəşkül») cəmi 257 nömrə olmaqla (az qala hər 40 günə 1 qəzet) kiçikhəcmli, az tirajla mətbu orqan buraxılmışdır. Nəzərə alsaq ki, 1891-ci ildən - «Kəşkül» bağlanandan 1903-cü ilədək - «Şərqi-Rus» nəşrə başlayanadək - 12 il (!) ərzində Azərbaycan cəmiyyətində bir ədəd də olsa, doğma dildə qəzet buraxılmamışdır, yaranın nə qədər dərinə işlədiyini və təhlükəli olduğunu söyləməyə ehtiyac qalmaz. Əlbəttə, belə bir mühitdə səhnəyə çıxmaq, milləti təhsilə, tərəqqiyə dəvət etmək həqiqətən fədakarlıq idi. Bu qəbildən olan xalq xadimləri təəssüf ki, az idi, lakin vardı…

Bu sırada Səid Ünsizadənin xüsusi yeri var. İsmayıl bəy Qaspıralı hələ «Tərcüman»dan xeyli əvvəl «Tonğuç»u, «Şəfəq»i Tiflisdə Səid və Cəlal Ünsizadə qardaşlarının mətbəəsində çap etdirmişdir. İ.Qaspıralı məqalələrində dəfələrlə «Ziya»nın, dövrün digər Azərbaycan nəşrlərinin adını qədirbilənliklə çəkmiş, onların fəaliyyətini təqdir etmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra rejim və ideologiya «Ziya» qaralamağa, onun fəaliyyətinə kölgə salmağa başlamış, qəzetin proqramı, məramı müxtəlif uydurma və saxta müddəalarla təhrif olunmuş, gözdən salınmışdır. Həmin materiallardan uzun-uzadı sitatlar gətirmək və onları təhlil, təftiş etmək fikrindən uzağıq. Sadəcə yeri gəlmişkən qeyd etmək istərdik ki, milli-mənəvi, mədəni irsimizin elə nümunələri var ki, onlar müasir dövrün tələblərinə uyğun olaraq yenidən araşdırılmalı, obyektiv dəyərləndirilməlidir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə Azərbaycan mətbuatı tarixində iz qoymuş «Ziya» qəzetinin tam mətninin ərəb əlifbasından latın əlifbasına çevrilərək nəşri (Bakı, «Qanun» nəşriyyatı, 2013, 344 səhifə. Materialları transliterasiya edən və nəşrə hazırlayan, tədqiqatçı-jurnalist Müştəba Əliyev, məsləhətçi və redaktor əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, rəyçi və ön sözün müəllifi filologiya elmləri doktoru, prof. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev) təqdirəlayiqdir. Əlavə edək ki, artıq bu sahədə müəyyən təcrübə var və indiyədək «Əkinçi», «Molla Nəsrəddin», «Füyuzat» kimi nəşrlərin tam, «Yeni Qafqasiya»nın bəzi nömrələrinin mətnləri latın əlifbasına çevrilərək çap olunmuşdur. fikrimizcə, bu işin sürətlə davam etdirilməsi, eyni zamanda XIX əsrin sonu XX əsrin əvvəllərində rus və digər dillərdə də buraxılmış mətbu orqanların tam mətninin tərcümə və nəşr edilməsi Azərbaycan mətbuat tarixinin günün tələbləri baxımından araşdırılmasına və mətbuatımızın aydın mənzərəsini yaratmağa imkan verəcəkdir.

«Ziya» qəzetinin mövzu dairəsi dövrün tələbatını yetərincə ödəyirdi. Qəzet Rusiya imperiyasında və xaricdə baş verən hadisələr haqqında müxtəlif mənbələrdən aldığı xəbərləri (xəbər agentliklərinin məlumatları, teleqramlar, qəzet icmalları, oxucu məktubları) verir, əkin, ziraət, ticarət məsələlərinə dair məqalələri dərc edir, din, məktəb, mədrəsə, tərəqqi, təlim problemlərini öz səhifələrində işıqlandırırdı. «Ziya» ədəbi nümunələrə, o cümlədən bədii tərcümələrə də yer ayırırdı. Qəzetdə verilən elanlar əsasən «Ziya»nın abunəsi, dini və sair kitabların, xırda məişət əşyalarının, dəftərxana ləvazimatlarının, məktəbli geyimlərinin, ərzaq məhsullarının satışı ilə əlaqəlidir.

Sovet dövründə bir sıra tədqiqatçılar qəzetin qayəsi, proqramı, məqsədi, məramı, məsləyi haqqında bəzən «mürtəce siyasi mövqeli», «dini-sxolastik mündəricəli, ziddiyyətli, mütləqiyyətə sədaqətli», «islamın irticaçı ideologiyasının təbliğatçısı» kimi ifadələr işlətməyə məcbur olsalar da, «Ziya»nın cəmiyyət həyatında oynadığı mütərəqqi rolu da müxtəlif üsullarla, nümunələrlə qabartmağa səy göstərmişlər. Bu mənada Mirzə İbrahimovun, Nəriman Zeynalovun, Ağarəfi Zeynalovun, Nazim Axundovun «Ziya» qəzeti və onun redaktoru barədə qələmə aldıqları diqqəti çəkir.

1879-cu ilin dekabr ayının 6-da Tiflisdə ilk nömrəsi işıq üzü görən «Ziya»da dərc olunan «Mütaliə» sərlövhəli baş məqalə əslində qəzetin gələcək proqramından xəbər verirdi. Müəllif burada mütaliə etməyin, maariflənməyin faydasından, kitab və qəzetlərin insanın dünyagörüşünün formalaşmasındakı rolundan geniş bəhs edir, sonda yazır ki, aqil olan kəslər nəinki mütaliəyə nifrət edərlər, bəlkə onu da həyat kimi mühüm və əziz bir şey hesab edərlər.

Qəzet «Ziya» adlı məqaləsində Moskvada ali təhsil almış, Gəncədə müstəntiq vəzifəsində çalışan Əsgər bəy Adıgözəlovun «bizim Azərbaycan dilində bir coğrafiya kitabının tərcümə və tərtibinə himmət etdiyini» alqışlayır (¹ 4, 1879). Mirzə Şətrənc adlı müəllifin qələmə aldığı məqalə (¹ 4, 1879) həm sənətkarlığı, həm də mövzunun aktuallığı baxımından diqqəti çəkir. Yazı ərəb rəvayəti ilə başlayır. Rəbətdə səfərdə olan bir ərəb təsadüfən bu şəhərə yenicə gəlmiş qonşusu ilə rastlaşır və ondan xəbər alır ki, mənim dəvəm sağdırmı? Qonşu cavab verir ki, yox, sağ deyildir. Çünki evin çökəndə, viran qalanda ailən onun divarları altında qalıb həlak oldu. Dəvəni onların ehsanına kəsdilər… Müəllif bununla demək istəyir ki, cəmiyyətdə hökm sürən cəhalət və biganəlik «Əkinçi»nin bağlanmasına səbəb oldu. İndi «Ziya» da onun taleyi gözləyir.

«Ziya» nadanlara qarşı etiraz etməyə çağırır, çünki onlar fitnə-fəsad törədir, tərəqqiyə əngəl olurlar. Qəzet maddi sıxıntılarla üz-üzə qaldığını gizlətmir, dad-fəryad edir ki, vaxtilə «Əkinçi»nin başına gələn onun da başına gələcəkdir. «Ziya» bir neçə nəfər «elmdost Qafqaz müsəlmanına» müraciət edir ki, əsalarımızı ələ alıb elmin faydasını anlamayan, zahirdə özlərini alim göstərib əslində cahil olanları, elmsizlik ucbatından Qafqaz və Sibir məhbəslərini dolduranları qəflət yuxusundan ayıldaq… Müəllif məqalədə Şuşada rastlaşdığı bir əhvalatı ürək ağrısı ilə nəql edir: Qafqazın nüfuzlu simalarından biri Şuşaya gəlir. Adəti üzrə o, şəhərin məhəllələrini gəzir, məktəb, mədrəsələri, məhbəsxanaları və digər mühüm yerləri ilə tanış olur. Sonra o, ətrafındakılardan təəccüb və təəssüflə soruşur ki, səbəb nədir ki, şəhərin məktəblərində təhsil alan 345 şagirddən yalnız 3-ü müsəlmandır, lakin məhbəsxanalardakı 325 nəfərin yalnız 2-si erməni, qalanları müsəlmandır? Yazının sonunda bu ağır sözlərdən, ittihamlardan sonra müəllif oxucularına müraciət edir: millətin və din qardaşlarımızın xilası üçün hər kəs səfərbər olmalı və savadsızlığın, elmsizliyin ucbatından yaranan bu vəziyyətin aradan qaldırılması üçün səy və bacarığını əsirgəməməlidir.

«Ziya» qaranlıqda çabalayan, vurnuxan cəmiyyətə işıq salmaq üçün intişar etmişdir. Təsadüfi deyil ki, «Əkinçi» ideyalarının, işinin davamçısı «Ziya» ilə Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani də əlaqə saxlayırdı. Cəhalətə qarşı mübarizəni, məktəbin, maarifin təbliğini ön plana çəkən Hacı Səid əfəndi yazırdı ki, qərblilər kimi şərqlilər də işığa və həqiqətə can atırlar. «Ziya» tərəqqi yox, tənəzzül etməyimizin başlıca səbəbini «Qafqazda sükunət içində» yaşamağımızda, bir cəmiyyət halında hərəkət edə bilməməyimizdə görür və acı təəssüflə yazır ki, dünyanın «sürətlə tərəqqi vəqtində» himmət və ittifaq gətirməyib bəzilərimiz fəqir və miskinliyə, bəzilərimiz nadanlıq dəryasına qərq olubdur. Məqalədə oxuyuruq: «İddia etsək ki, ziraət və ticarət, sənaye, elm və mərifət kimi mühüm maddələrdən Qafqaz mülkündə biz müsəlman milləti cümləmiz geridə qalmışıq, fikrimizdə haqlıyıq». «Ziya» geriliyin səbəbini mədəniyyətə və maarifə layiqincə dəyər verməməklə izah edir, cəsarətlə göstərir ki, köhnə adətlər və qaydalarla tərəqqi mümkün deyildir. Digər millətlər zirayət, sənət, elm, təhsil, tərbiyə sayəsində tərəqqi etdilər, biz isə tənəzzül. Məqalədə daha sonra konkret olaraq zirayət sahəsində geri qalmağımızın səbəbləri araşdırılır və mal-mülk sahibləri «zəhmətkeş və zillətdə qalan kəndlilərin xilası» üçün çalışmağa dəvət edilir (Qafqazda müsəlmanlar içində maarif və sənayenin intişarına lazım görünən əncümənin əhəmiyyəti. ¹ 7, 1880).

Vaxtilə «Əkinçi» də tərəqqi yolunu təşkilatlanmaqda görürdü: «Məgər bizim tavanalı şəxslərimiz yoxdur ki, belə icma bina edək (Kutaisidə gürcülərin yaratdığı icmaya işarədir - T.A.) və nə ki, bir, bəlkə 5-10 qəzet çap elədək? Genə Allaha şükür, tavana kəslərimiz çoxdur, amma...» (¹ 14, 1876). Başqa bir yazıda Qafqazdakı digər tayfaların icma yaradaraq - təşkilatlanaraq öz işini irəli apardıqlarını qeyd edən qəzet bir araya gəlmək, səfərbər olmaq, birləşmək naminə cəmiyyətə müraciət edirdi: «Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olur... Ey millət təəssübü çəkən qardaşlar, əgər qəzetin xeyrini başa düşüb onun baqi olmağını istəyirsiniz, indi vaxtdır. Dəmir qızmış ikən onu döymək gərək, yoxsa onu qızdırmaq düşvar olur» (¹ 19, 1876). Yaxud, «Əkinçi»nin 1877-ci il tarixli 2-ci nömrəsində Həsən bəy Zərdabi yazırdı ki, mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz. «Əkinçi»də təşkilatlanmağa dəvət edən, səsləyən nümunələr çoxdur və «Ziya» da bu yolla gedirdi.

Bu mövzunu - təşkilatlanmağı «Ziya» daim diqqət mərkəzində saxlayır və bir çox problemlərin məhz təşkilatlanmağı bacarmamağımızdan qaynaqlandığı ilə izah edir. «Məsihlər içində kutube səmaviyyənin intişarı» adlı məqalədə (¹ 5, 1880) bir tərəfdən xristianların missionerlik fəaliyyətinin vüsət aldığını, dini kitabların nəşri və tərcüməsi yolu ilə xristianlığın daha geniş ərazilərdə sürətlə təbliğ edildiyi göstərilir, digər tərəfdən bu işin təşkilatlanmış və nizamlı şəkildə, müxtəlif cəmiyyətlər tərəfindən həyata keçirildiyi vurğulanır. Yazıda təəssüflə bildirilir ki, Qafqaz müsəlmanları arasında belə bir əncümən - cəmiyyət yaradılmır: «heç olmazsa, insana bir qayət lazım olan sənaye və maarifin intişarına daha çox himmət edə».

Qonşu dövlət və millətlərin təşkilatlanaraq tərəqqi etdiyini dəfələrlə bəyan edən «Ziya» vəziyyətdən çıxış yolu kimi təşkilatlanmağı vacib sayır: «Qafqaz müsəlmanlarının elm və sənayedən məhrum olmamasından ötrü vətəndost olan ağalardan, bəylərdən və üləmalardan xahiş olunur ki, bir əncümən (təşkilat, mərkəz - T.A.) təşkilində himmət göstərsinlər». Qəzet bu təşəbbüslə, çağırışla kifayətlənmir, təşkilatın fəaliyyəti üçün hər cür kömək göstərməyə hazır olduğunu, onun Əsasnaməsinin yazılmasında yardımçı ola biləcəyini yazır. Müsəlman məktəb, mədrəsə və təlimxanalarının artırılması zərurətini önə çəkən «Ziya» digər xalqlarda bu istiqamətdə xeyli iş görüldüyünü konkret faktlara istinadən qeyd edir. 1879-cu ildə Qafqazda gürcü və ermənilərlə müqayisədə müsəlman məktəblərinin sayı çox azdır. Müsəlman qızlarının təhsili də bərbad vəziyyətdədir və xüsusilə narahatlıq doğurur (¹ 8, 1880).

«Məktəblərimiz» (¹ 10, 1880) adlı məqaləni «Ziya»nın həyəcan təbili adlandırmaq olar: «Qafqazda müsəlman əhalinin sayının digərlərindən daha çox olmasına baxmayaraq, məktəb və təhsil sahəsində müsəlmanlar çox geridə qalıblar. Məktəb işinin getdikcə tənəzzül etməsi müşahidə olunmaqdadır. Qafqaz maarifçilərinin birinci tədbiri müsəlmanların məktəb işini öz ana dilində təzə üsul üzrə (üsuli-cədid) bir nizam altına salmaqdır. Üsuli-cədid üzrə öz dilində tərbiyə almayan şagirdlər təcrübə ilə görünüb ki, başqa millətin lisanında təhsil almaq üçün Rusiyaya gedirlər».

«Əfsus, səd (yüz - T.A.) əfsus ki, bizim millət himmətdə (çalışma, səy, cəhd - T.A.), səxavətdə və sair dünya güzəranına dair işlərdə geri qaldı. Tərəqqi ümidimiz də müşahidə olunmur. Hər tayfa yaxşı işlər görməyə səy göstərir, biz isə…». Ürək dağlayan, fəryad qoparan bu cümlələr «Ziya»nın «Şamaxıdan məktub» məqaləsindədir (¹ 6, 1880). Yazıdan məlum olur ki, Moskvada dünyasını dəyişən bir erməninin nəşini Şamaxıya gətirir, orada dəfn edirlər. Onun ehsanına verilən vəsaitdən Şamaxıdakı erməni qız məktəbi üçün min beş yüz manat ayrılır. Bu pulun dəyərini müəyyənləşdirmək üçün qəzetin materiallarını araşdırdıq, müqayisələr etdik. Aydın oldu ki, həmin dövrdə aclıq və səfalət içində yaşayan şamaxılılar «acı və zəhər kimi unu həftədə iki dəfə olmaqla pudu 2 manata» alırdılar. Göründüyü kimi, təhsilə laqeydlik, tərəqqiyə biganəlik «Ziya» dərindən mütəəssir etmişdir.

«Ziya» demək olar ki, hər nömrəsində məktəb, mədrəsə məsələsinə, milli tərəqqi probleminə toxunur. «Özümüz bir para mətləbi fəhm etməsək də, həmcivar (qonşu - T.A.) olan millətlərin hərəkətlərindən ibrət ala bilmərikmi - deyə oxucularına qınaq və həyəcanla müraciət edən «Ziya» heyrət və hiddətlə soruşur: «Məgər bizdə istedad yoxdur? Məgər bizdə pul, əsbab (vasitə, alət - T.A.) və himmət (burada düşünmə qabiliyyəti, yüksək fikirlər - T.A.) yoxdur? Məgər bizlər heç nə hesabındayıq? Hansı millət özünü bu qisim nadanlığa təslim edər

Məktəb mövzusunda «Ziya»nın dərc etdiyi bir məqalədə Şərurdakı mövcud vəziyyət belə təsvir edilir: «Şərurda 62 parça kənd vardır. Təəccüb burasıdır ki, onlardan heç birində nə mədrəsə və nə də uşaqlar üçün açılmış mübtədi (ibtidai, ilk məktəb - T.A.) vardır». Müəllif bunun nəticəsi kimi bölgədə oğurluq, qarət, qətl hadisələrinin tez-tez baş verdiyini yazır (¹ 17, 1880). Növbəti nömrəsində «Ziya» şikayətlənir ki, Qafqazda, ələlxüsus müsəlmanlar arasında təlim və tərbiyəyə həvəsləndirmə ilə bağlı məktəb və mədrəsələrin sayının artırılması zərurəti haqda çox sayda məqalələr yazılmasına baxmayaraq, heç kimdən səs çıxmır, heç kim əməli addım atmır. «Ziya» isə yenə susmur, məktəb, maarif sayəsində yaponların çox böyük tərəqqiyə nail olduqlarını oxucularla bölüşür və «neçə mərtəbə bizlərdən geri qalan yaponların» təhsilə yiyələnmələri və «Avropa dövlətləri ilə ünsiyyətləri» hesabına hər sahədə sıçrayış etdiklərini yazır. Qəzet yapon təhsil sistemi barədə geniş bəhs edir, təlim və tərbiyənin ingilis dilində aparıldığını, humanitar elmlərlə yanaşı, dəqiq elmlərin dərindən tədris edildiyini, tələbələrin Avropa ali məktəblərində təcrübə keçdiyini qeyd edir və sonda yazır ki, ətrafımızda cərəyan edən hadisələri, mədəniyyətlərin tərəqqisini görəndə düşünürsən ki, «ibrət gözü ilə qeyrilərin halını öz halımızla müqayisə edib yuxudan ayılmağın vaxtı yetişməyibmi?». «fürsət fövt olmamış öz halımızı islah etməyə səy göstərməliyik. Əlbəttə, fürsət yetişibdir, cümləmizə bu əhvalatlar məlumdur və cümləmiz təlim və tərbiyənin yaxşılığını bilirik» - yazan müəllif təəccüblə soruşur: «Ancaq bilmirəm, nəyə görə bizlər bu qisim ümumi mənfəət olan işdə səhlənkar olmuşuq və nə bais olub ki, bizlər bu babda aciz və mübtəla qalmışıq (¹ 18, 1880).

«İslah dediyimiz maariflənməyin intişarıdır. Fəsad dediyimiz nadanlığın zülmətində qalmağımızdır». - S. əfəndinin dediklərinə istinadən qələmə alınan məqalədə Qafqazda müsəlman məktəb və mədrəsələrinin azlığı, digər tərəfdən tədrisin də tələblərə cavab vermədiyi vurğulanır (¹ 20, 1880). İslahatların həyata keçirilməsi üçün mütərəqqi millətlərin əllərində olan təlim və tədris kitablarından, yeni dərsliklərdən istifadə vacibdir. S. əfəndi təəssüflə bildirir ki, bütün bunlar isə bizdə yoxdur. «Ziya» sual edir ki, məktəblərdə oxunan «Tarixi Nadir», «Gülüstan», «Bustan», «Leyli və Məcnun» kitablarını oxumaqdan bizə nə mənfəət hasil olur? Məqalədə deyilir: «Doğrudur ki, bizə tarixi bilmək lazımdır. Amma millətimizin və vilayətimizin tarixini, nəinki Nadirin sərgüzəştlərini». Müəllif yuxarıda adları çəkilən kitablara işarə vuraraq onların «uşaq xörəyi» olmadığını qeyd edir və həmin əsərlərin məna və məqsədlərinin uşaqlar tərəfindən dərk olunmadığını göstərir. S. əfəndinin vəziyyətdən çıxış yolu kimi məktəb, mədrəsə, müəllim və mürəddislərlə, eləcə də kitablarla bağlı təklifləri də var.

Ən əvvəl öz dilimizdə dərsliklər olmalıdır və həmin dərsliklər təhsilin müxtəlif pillələri nəzərə alınmaqla yazılmalıdır. Müəllif yazır: «S. əfəndi dedi ki, bu kitabları tərtib etmək və əmələ gətirmək o qədər də çətin deyil. Ancaq bir qədər himmət və bir az da pul sərf etmək lazımdır». Kitabların nəşrindən sonra müəllim və mürəddislər üçün təlimlər, tədris qaydaları, dərs proqramları hazırlanmalıdır. Bunun üçün S. əfəndinin fikrincə, «bir himmət sahibinin sədrliyi ilə on nəfərdən ibarət əncümən, təşkilat yaradılmalıdır. Təşkilatın üzvləri bəsirət sahibi, məktəb və maarif işinin biliciləri olmalıdır ki, onların sərəncamına əsasən məktəblər öz işlərini qura bilsinlər. Yalnız bu yolla - «ittifaq və əməl ilə» məktəb işini hərəkətə gətirmək olar. Başqa yol yoxdur». S. əfəndi dediklərini əsaslandırmaq üçün bir rəvayət danışır. Şirvanın bir kəndində Ə. adlı bir bəy B. kəndindən olan D. adlı bir nökərinə «faxir libaslar» (qiymətli, parlaq paltarlar - T.A.), çərkəz xəzi geydirir və onu hər yerdə mədh edir, tərifləyir ki, bu yolla onun tərbiyəsinə təsir etsin. Bir şamaxılı bu əhvalatı eşidir və məclislərdə danışır ki, hərçənd ki, Ə. bəy əlinə bir Quran götürüb and içə-içə gəzir ki, bu yolla D. adlı nökərini adam edəcəkdir. Amma xəbəri yoxdur ki, D. adlı nökər də qoltuğuna iki Quran vurub and içə-içə gəzir ki, Ə. bəy nə etsə, yenə ondan adam olmayacaqdır. Müəllif bununla demək istəyir ki, zahiri görüntülərlə, boş söz-söhbətlərlə ciddi nəyə isə nail olmaq qeyri-mümkündür: «Hər kəsə lazımdır ki, öz xidmətini əmələ gətirə».

Qəzetin həmin nömrəsində dərc olunmuş başqa bir yazıda erməni generallarının, iş adamları və ziyalılarının məktəb və maarif məsələlərinə çox böyük diqqət yetirdiklərindən, nəinki Qafqazda, eləcə də Parisdə, Qüds və başqa şəhərlərdə çox sayda məktəb açdıqlarından, yetim-yesirlərə yardım etdiklərindən geniş bəhs olunur.

«Ziya» S. əfəndiyə istinad edilərək ortaya atılan problemlərin aktuallığını və əhəmiyyətini nəzərə alaraq sonrakı nömrələrində də (¹ 23, 24, 25, 26, 27, 28, 29, 30) mövzuya geniş yer ayırır, məktəb, müəllim, dərsliklər, dərs vəsaitləri, əlifba islahatı ilə bağlı diskussiyanı davam etdirir, mövqeyini bildirir, mülahizələrini irəli sürür. «Ziya»ya görə məktəblərdə şagirdlər oxumaqla eyni vaxtda yazmağı öyrənməlidir, çünki «yazı ilə başlanan oxumağın, yazısız başlanan oxumaqdan on qat təfavütü var». Məktəbin işıqlı olması, iri qara lövhə ilə təmin edilməsi vacibdir ki, «şagirdlərin hər biri oturduqları yerlərdən mehin (böyük - T.A.) lövhənin üzərinə tabaşirlə yazılmış ağ xətləri görüb dərk edə bilsinlər». Şagirdlərin əlifba və digər kitabları olmalıdır və onlar «hürufatın surət və sədası necədirsə, necə tələffüz olunursa, ona müvafiq təlim» almalıdırlar. Başqa sözlə, üsuli-cədid metodu tətbiq edilməlidir. Müəllimlər yüksək biliyə və əxlaqa sahib olmalıdır: «Aşkardır ki, müəllimlər qabiliyyətli olmasa, heç bir yerdə iş irəli gedə bilməz. Yatmışı yatmış nə vaxt oyadar.

«Ziya» qiraət kitablarının tərtibinə də böyük əhəmiyyət verirdi. Onlar sadə, anlaşıqlı dildə, aydın, gözəl xətlə qələmə alınmalı, şagirdlərdə valideynlərə, müəllimlərə məhəbbət hissi oyadan ibarələr, namazda oxunan surələr, bir sıra dualar, «ata-ana dilində bir para hekayələr, faydalı məlumatlar» öz əksini tapmalıdır». Qəzet bəzi nümunələr də verir: «Məsələn, bir il neçə aydır və ayların adları nədir? Hər ildə neçə fəsil vardır və hər ay neçə gündür və günlərin adları nədir. Və neçə gün bir həftədir? Hər gün neçə saatdı və hər saat neçə dəqiqə, neçə saniyədir? Və bizim millətin adı nədir, padşahımız kimdir? Dünyada neçə böyük millət, neçə böyük dövlət var İbtidai məktəbi bitirən şagird şəbiyan (gənc - T.A.) məktəbinə imtahan yolu ilə qəbul olunmalıdır. Quranın qiraəti, islamın öyrənilməsi ilə yanaşı, riyaziyyat, həndəsə, coğrafiya tədris edilməlidir. «Zənn olunmasın ki, bunlar uşaqların hövsələsinə və hafizəsinə sığışmayan şeylərdir. Bəlkə cümləsi asandır və təlimi, tədrisi müşkül deyildir». «Ziya» bu qənaətdədir ki, təklif olunan tədbirlərin, islahatların həyata keçirilməsi üçün ilk növbədə Qafqazdakı bütün məktəb və mədrəsələrdə «nizam və səliqəyə» nail olmaq, «səhlənkarlıq və özbaşınalığa» son qoymaq üçün «dövlət tərəfindən təyin olunmuş bir nəfər baş nəzarətçi bizə lazımdır… Həmin nəzarətçi də hər kəsdən ola bilməz». Qəzetə görə həmin nəzarətçi bütün qəlbi ilə maarifin intişarını istəməlidir, arif və bəsirət sahibi olmalıdır, xalqın savadlanması üçün var gücü ilə himmət etməlidir, nəfsinə hakim kəsilməlidir, təlim və tədrisin yollarına, elmə bələd olmalıdır, dərsliklərin tərtibinə yardım etməyi bacarmalıdır. «Ziya» əlifbanın dəyişdirilməsinə, latın əlifbasına keçirilməsinə kəskin etiraz etsə, sərt münasibət bildirsə də, mövcud ərəb əlifbasında islahatların aparılması tərəfdarıdır.

«Ziya»nın səhifələrində sözü və əməli düz olmayan hacıların həcvinə, «yasin» mollalarının kəskin tənqidinə dair yazılara da təsadüf edilir. Bir hacı Məkkəyə yola düşməzdən əvvəl kasıb və çoxuşaqlı əmisi oğlu məşədiyə o, ziyarətdən qayıdanadək qonşu rayondakı taxıl zəmilərinə, buğda anbarlarına nəzarət etməyi tapşırır: «Əgər salamat qayıtsam, nəhayət, mərtəbədə rizaməndlik ilə səni yola sallam və hərgah vəfat etsəm, öz vəsiyyətnaməmdə sənə də müəyyən bir hissə təyin etmişəm». Hacı «meymunsifət müraciətdən sonra» məşədiyə 100 manat da cib xərcliyi verir. Ziyarətdən qayıdan Hacı min bir hiylə ilə məşədidən 100 manatı geri alır, onu məyus halda, «payü-piyadə, əliboş, üzüqara» yola salır. Yazının sonunda müəllif kinayə ilə yazır ki, «bu qisim təzə hacılar zühur etdikcə dünyada məşhurlaşırıq» (¹ 22, 1880).

Yazının əvvəlində qeyd etdiyimiz kimi, dövrünün qabaqcıl, maarifpərvər xadimləri, o cümlədən Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani və digərləri «Ziya» ilə sıx əlaqə saxlayır və əməkdaşlıq edirdi. Bu baxımdan H.Zərdabinin məktəb, əlifba, təhsil problemlərinə dair qəzetin dalbadal bir neçə nömrəsində (¹ 23, 24, 25) dərc olunmuş məktubu - məqaləsi diqqəti çəkir. «Elmdən və qeyri tayfaların yazı-pozusundan xəbərdar olan qardaşlarımızın bəziləri müsəlman tayfasının geri qalıb məzlum olmaq səbəblərini mülahizə edib əvvəlinci səbəblərdən birisinin bizim əlifba ilə yazıb-oxumağın çətin olmağı hesab edib bu əlifbanın dəyişilməsi üstə müzakirələr aparırlar» - cümləsi ilə başlayan məktubdan məlum olur ki, Həsən bəy mövcud şəraiti nəzərə alıb «bu hürufat naqisdir» - deyib «tazə hürufat ixtira edib bu hürufat ilə yazıb-oxumaq səyinə düşmək əbəsdir» - qənaətindədir. Təbii ki, Həsən bəy Zərdabi kimi maarifpərvər xadim millətin taleyüklü məsələsində müşahidəçi kimi kənarda qala bilməzdi. Onun fikrincə, indiki şəraitdə yeni əlifbaya keçmək milləti daha da zülmətə sürükləyəcək, onu daha «ziyadə məzlum edəcəkdir». H.Zərdabi yeni əlifbaya keçmək istəyənlərə tövsiyə və təvəqqe edir ki, «öz hürufatımız ilə yazıb-oxumağı asan etmək səyinə düşsünlər və biz bu yolu həqiqət yolu hesab edirik».

Bu mövqeyi əsas gətirib H.Zərdabinin fikirlərini, islahat təşəbbüsünü tənqid etmək yox, mühiti, mövcud tarixi şəraiti nəzərə alıb bu təklifi dəyərləndirmək lazımdır. Azərbaycan cəmiyyəti 3-cü dəfə əlifbanı dəyişmək üçün 100 ildən də artıq bir inkişaf yolu keçmişdir. Hərçənd ki, hətta həmin vaxt da - XX əsrin sonlarında da bəziləri latın əlifbasına keçməyin milli-mənəvi irsimizə böyük zərbə vuracağını iddia edirdi. Lakin artıq əlifbanın dəyişdirilməsi tarixi zərurətə çevrilmişdir. Xalq sözün bütün mənalarında bu islahata tam hazır idi. H.Zərdabi dövründə - savadsızlığın, nadanlığın, cəhalətin, zülmətin hakim olduğu bir zamanda əlbəttə ki, əlifbanın dəyişdirilməsi mümkünsüz idi. Təsadüfi deyil ki, çağdaş Azərbaycan mədəniyyətinin patriarxı M.F.Axundzadə də ilk olaraq mövcud əlifbanın islahı, sadələşdirilməsi təklifini irəli sürmüşdü. Həsən bəy Zərdabi «biz demirik ki, uşaqlarımız Quran oxumasınlar» - deyə əlifba islahatına qarşı çıxanları da tənqid edir və tədris prosesində «yumruq, sillə, çubuq və fələqqa»dan əl çəkib «əlifbanı rahat etmək üçün təzə-təzə qaydalar» yaratmağa çağırır. O, ən əvvəl avropalıların tədrisdə istifadə etdikləri «səda qaydası»ndan yararlanmağı, «hər hərfi öz sədası ilə adlayıb təlim verməyi» tövsiyə edir. Sonra konkret misallarla, nümunələrlə fikrini izah edir, ərəb əlifbasındakı hərfləri bir neçə cür yox, bir cür səsləndirməyi, oxumağı məsləhət bilir. Bu yolla uşaq qısa müddətdə - 1-2 aya hərfin, kəlmənin əvvəlində, ortasında və sonunda necə yazıldığını, oxunduğunu öyrənər. Həsən bəy Zərdabi uşaqlar üçün mətnlərin seçilməsinə də böyük əhəmiyyət verir və şagirdlər üçün kiçik hekayə və mahnılardan ibarət kitabçaların nəşrini vacib sayır. O yazırdı ki, uşaqlar mahnıları oxuyub əzbərlədikdən sonra yaxşı olardı ki, onlar həmin mahnını bir yerdə və ayaqüstə əzbərdən söyləsinlər: «Çünki məzkur (söylənmiş, deyilmiş - T.A.) hekayə və mahnılar məhz uşaqları oxudub yazmağı öyrətmək üçün və onları islam dinində və vətəndarlıqda qaim (möhkəm, mətanətli, davamlı - T.A.) etmək üçündür. Ona görə də həmin əsərlərin məzmunu uşaqlara münasib olmalıdır».

«Ziya» millətin tərəqqisində mətbuatın, mətbəənin rolunu yüksək dəyərləndirir, bu sahədə ciddi problemlər olduğunu, özünün də oxucu və maliyyə sarıdan böhran keçirdiyini təəssüflə yazırdı. Qəzet Qafqazda «doğma dildə» nəşr olunan yeganə qəzetin - «Ziya»nın bağlanmaması üçün hər kəsi «səy və himmət göstərməyə», «Ziya»nın keşiyində durmağa, onun yarımçıq binasının viran olub bərbad olmamasına» yardıma dəvət edirdi: «Yalnız bu yolla biz öz millətimizə xidmət etmiş olarıq» (¹ 4, 1879). «Mətbəə və mətbuat işlərinin tərəqqisindən ötrü təvəccohe millət (millətin meyli, marağı, rəğbəti - T.A.), çoxlu məktəb və çoxlu oxucular lazımdır. Sərmayə olursa, mətbəə işləri on mərtəbə indiki halından yaxşı ola bilər. Biz əlimizdən gələni əsirgəməməliyik» («Ziya» idarəxanəsindən. ¹ 9, 1880). «Ziya» Şərq ölkələrindən fərqli olaraq Qərbdə mətbuatın inkişafına böyük önəm verildiyini vurğulayır və tərəqqi üçün bu amilin böyük əhəmiyyət daşıdığını göstərir: «Bizdə mətbuat və mətbəə kimi ümdə və mühüm məsələlərə göz ucuyla baxmaqdadırlar». Qəzet bunu «əhalinin elm və maarifdən bibəhrə qalması və bisavad olması» ilə izah edir və oxucularını - «həmcins və həmvətən olduğu qardaşlarını» «Ziya»nın nəşrinə yardım etməyə çağırır (¹ 16, 1880).

Bu sitatlar və sətirlər istər-istəməz «Əkinçi»ni yada salır, «Çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır» - söyləyən H.Zərdabi əndişəsini və həyəcanlarını xatırladır. «Bu halda (mətbuatsız nəzərdə tutulur - T.A.) müsəlman milləti tufana düşmüş gəmi kimidir ki, hər ləpə onların bir hissəsini aparıb qərq edir» - yazan (¹ 7, 1876) qəzet «bizim qanmazlığımız və anlamazlığımız səbəbindən» «Əkinçi»nin müştərilərinin sayının azlığından şikayətlənir (¹ 13, 1876).

«Avropa tayfasının hər birinin bir neçə qəzeti və jurnalı olur, hətta… ermənilərin 10 qəzeti və 3 jurnalları var. «Əkinçi» qəzeti bina oluncan bizim heç bir qəzetimiz, ya jurnalımız olmayıb» - deyə (¹ 14, 1876) «Əkinçi» qəzəblə cəmiyyətə müraciət edir: «Heyhat, biz kor olmuşuq ki, bircə qəzeti də saxlaya bilmirik və bununla belə qeyri millətlərə gülürük. «Əkinçi» yazır ki, qonşu millətlərin varlı nümayəndələri təşkilat yaratmağa, qəzet-jurnal nəşr etməyə vəsait əsirgəmədiyi halda, «bizim bəzi varlı kəslər müftə qəzet apardıb indiyəcən pulunu da verməyiblər». «Hər bir qəzetin varlığının əvvəlinci şərti müştəridir» qənaətində olan «Əkinçi» (¹ 16, 1876) müxtəlif bəhanələrlə qəzetə abunə olmayan «karvansaranın hücrələrində dükanları olan xəsis və biqeyrət müsəlmanları» Cənab paltonun dili ilə qamçılayırdı: «Müsəlmandan adam olmaz».

«Əkinçi»nin «300 müştəriyə həsrət çəkdiyini», «Tayms»ın isə «100 mindən ziyadə müştərisi» olduğunu, «Tayms»ın hər gündə iki dəfə, «Əkinçi»nin həftədə bir dəfə çıxdığını, «Tayms»ın elandan hər gün 200 manat aldığını, «Əkinçi»nin iki illik müddətində bir manat da almadığını» diqqətə çatdıran qəzet (¹ 23, 1876) müştərilərinin ilbəil azaldığını və artıq qəzet çıxarmağın mümkünsüzlüyünü yazır (¹ 1, 1877). Cəhalət və ətalətin hakim olduğu cəmiyyət isə susur… «İt sahibini tanımayan bir zamanda» «at ölüncə otlayar» (¹ 18, 1877) - deyib fədakarlıq edən H.Zərdabinin də gücü tükənir və çox çəkmir ki, qəzet bağlanır. Bu baxımdan da «Ziya»nın taleyi «Əkinçi»ninkinə çox bənzəyir.

…Biz «Əkinçi»dən sonra 1879-1880-ci illərdə Tiflisdə həftədə bir dəfə Azərbaycan dilində nəşr olunan (cəmi 30 nömrə) «Ziya» qəzetində məktəb, maarif məsələlərinə həsr edilmiş yazılardan, həmin problemin aktuallığından, əhəmiyyətindən, müəlliflərin mövzuya yanaşma və onu təqdim etmə üsulundan, dövrün, mühitin tələbləri kontekstində bəhs etdik. Xüsusi vurğulamağa ehtiyac duyuruq ki, təxminən 135 il bundan əvvəlki şəraitdə kustar yolla, yalnız naşirin, redaktorun fədakarlığı sayəsində ərsəyə gələn qəzetdən yüksək sənətkarlıq, təmiz, rəvan, canlı, obrazlı dil, gözəl və fərqli üslub, parlaq şəkillər, illüstrasiyalar, cazibədar tərtibat və cəmiyyətdə baş verən proseslərə operativ, kəskin, prinsipial münasibət gözləmək sadəlövhlük olardı. Bu, yenicə dünyaya göz açmış körpədən yeriməyi, danışmağı, özünü idarə etməyi tələb etmək təsiri bağışlayardı. Bununla yanaşı, biz böyük qürur hissi ilə qeyd edirik ki, müasir, milli mətbuatımızın təməli məhz «Əkinçi», «Ziya», «Kəşkül» və digər mətbu orqanlarla tökülmüşdür və həmin nəşrlər mənəvi, mədəni irsimizin bir parçası və daşıyıcısı kimi dünən olduğu kimi bu gün də dəyərlidir, gələcəkdə də əhəmiyyətli olacaqdır. Həmin nəşrlər, onların redaktor, naşir və mühərrirlərinin parlaq əməli, perspektivli, işıqlı ideyaları, xalqın tərəqqisi uğrunda cəsur, coşqun, ehtiraslı və fədakar fəaliyyəti mənəvi, mədəni sərvətimiz və örnək mənbəyimiz kimi əvəzolunmazdır, dəyərlidir.

 

Abid Tahirli

filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti.- 2014.- 31 yanvar.- S.2-3; 5.