Məzahir Hüseynzadənin yeni kitablarının təqdimatı

 

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə şair Məzahir Hüseynzadənin kitablarının təqdimat mərasimi keçirilib. Təqdimatı AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova açaraq bildirib ki, Məzahir Hüseynzadə istedadlı şairlərimizdən biridir. O, əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, 15-ə yaxın bədii kitabların müəllifidir. “Adını sən de”, “7777”, “18 min sözün kitabı”, “Ayrı nəyim var”, “Səni sevən tapılar”, “Qızıl qan” kitabları qısa müddət ərzində işıq üzü görüb, oxucu kütləsinin rəğbətini qazanıb. Natiq qeyd edib ki, M. Hüseynzadə ədəbiyyata 70-ci illərdə gəlib, öz dünyası ilə oxucunu baş-başa qoyub, haqqında tanınmış ziyalılarımızdan Akif Hüseynov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Qərib Mehdi, Xəlil Rza Ulutürk və digərləri ədəbi-publisistik məqalələr yazıb.

 

Ramiz Təmkin öz çıxışında M. Hüseynzadənin “İlham” ədəbi birliyinin ən fəal üzvlərindən biri olduğunu, eyni zamanda “Şəmkir inciləri” ədəbi birliyini yaratdığını qeyd edib. Həmçinin Məzahir Hüseynzadənin respublikada sevilən şairlərdən biri, yaradıcılığının təşbehlərlə, bədii boyalarla, təkrirlərlə və yeni fikirlərlə zəngin olduğunu vurğulayıb.

 

Tanınmış yazıçımız Qərib Mehdi M. Hüseynzadənin çoxşaxəli və rəngarəng yaradıcılığı barədə məlumat verib. Həmçinin Q. Mehdi öz çıxışında bildirib ki, əyalətdə yaşayıb şair olmaq çətindir, xüsusən də kənddə yaşayıb… Məzahir əyalət buxovlarını sındırıb, respublikada tanınmış şairlər cərgəsinə qoşula bilib.

Sonra şair və yazıçılardan İnqilab İsaq, Nüşabə Əsəd Məmmədli, Sahib İbrahimli, Aydın Murovdağlı, Saleh Qurbanov, Ədalət Qoşunoğlu, Nadir Ovçu, Aləmzər Əlizadə, Məhəmməd Turan, Oqtay Abdulla, Cavanşir Atəşi, İmamverdi Məmmədov, Elnur Baxış, Pəhləvan Əfəndi, Esmira Rəcəbli, Bayram Göyçəli, Rəhim Qurbani, Sabir Həsənzadə və Oruc Göyçəli çıxış edərək yeni kitablar haqqında öz fikirlərini, təbriklərini, mülahizələrini bildiriblər və şairə həsr etdikləri şeirlərini oxuyublar.

 

Sonda səbəbkar çıxışında tədbirin təşkilatçılarına təşəkkür edib, yeni şeirlərini oxuyub.

 

Ədəbiyyat qəzeti.-2016.-4 iyun.-S.23.