ƏDƏBİYYAT NÜMUNƏLƏRİNƏ
NÜFUZETMƏ BACARIĞI
Görkəmli qrafika ustası, xalq rəssamı Arif
Hüseynovun özündə dəzgah və kitab
qrafikasını əhatə edən
yaradıcılığında Azərbaycan ədəbiyyatına
böyük maraq duyulmaqdadır. Ötən əsrin
yetmişinci illərindən başlayaraq ölkənin
“Göyərçin” kimi çox məşhur olan uşaq
jurnalı və paytaxtdakı müxtəlif nəşriyyatlarla
əməkdaşlıq edən rəssam yerli və xarici
müəlliflərin çoxsaylı kitablarına bədii tərtibat
vermiş, illüstrasiyalar çəkmişdir. Həmin
işlərində Azərbaycan kitab qrafikasının qədim
və zəngin ənənələrinə tapınan Arif
Hüseynov son nəticədə bu sahədə fərdi dəst-xəttini
formalaşdırmağa nail olmuşdur. Ədəbi
mətnə özünəməxsus, yaradıcı
münasibəti onun çəkdiyi illüstrasiyaları
başqalarından kifayət qədər fərqləndirir desək,
yanılmarıq. Belə ki, onun bu işlərində
ənənəvi milli prinsiplər müasir təfsirlə
qoşalaşmış, bir-birini üzvi surətdə
tamamlayaraq cəlbedici bir görkəm almışdır.
Bunu ilk növbədə Arif Hüseynovun əsərlərindəki
ifadə vasitələrində, ədəbi materialın
orijinal forma-biçimdə təqdimatında
görürük. Rəssam sadəcə
olaraq oxuduqlarını təsvir dilinə çevirməklə
kifayətlənmir, bir qayda olaraq onlara zaman prizmasından nəzər
salır. Çox vaxt müəllif fikirlərini
öz hiss-duyğuları, arzuları ilə, bəzən də
hamını narahat edən problemlərlə
qoşalaşdırmaqla, onlarla anım yaratmağa
çalışır. Adi illüstrasiya
çərçivəsindən çıxan bu təsvirlər
oxucuya düşünüb-daşınmaq üçün
geniş meydan açmaqla yanaşı, rəssamı
kitabın həqiqi mənada tam hüquqlu müəllifinə
çevirir.
Arif Hüseynovun maraq dairəsi çox genişdir. O, uğurla həm klassik, həm
də çağdaş ədəbiyyat nümunələrinə
illüstrasiyalar çəkir. Ədəbi qəhrəmanları
asanlıqla təxəyyülündə canlandıra, ifadəli
cizgilərlə onlara obrazlı görkəm verə bilir.
Onun Nizami
Gəncəvinin “Fitnə”, M.Ə.Sabirin “Hophopnamə”, Məhsətinin
“Rübailər”, “Səməd Vurğunun “Lirika”, Rəsul
Rzanın “Vaxt var ikən”, Françesko Petrarka və Adil
Babayevin “Sonetlər”inə, Korney Çukovskinin “Aybolit” əsərinə,
Əziz Nesinin “Taxtalıqdan məktublar”ına, Qəşəm
İsabəylinin “Əkil-bəkil” kitabına, “Azərbaycan
nağıllarına” və digər neçə-neçə
nəşrlərə çəkdiyi illüstrasiyalarda bunun əyani
ifadəsini görmək mümkündür. Ötən
illərdə ən müxtəlif miqyaslı sərgilərdə
dünyanın ayrı-ayrı ölkələrində sərgilənən
bu əsərlərin uğuru da onun yaratdığı kitab
qrafikası nümunələrinin yüksək bədii-estetik
dəyərə malik olduğunu təsdiqləyir. Onun
ötən əsrin səksəninci illərində əvvəlcə
Bakıda, sonra isə Moskvada baş tutan “100 illüstrasiya”
adlı sərgisi sözün əsl mənasında təsviri
sənət məkanında hadisə oldu desək, həqiqəti
söyləmiş olarıq.
Arif Hüseynovun kitab qrafikası nümunələrinin
onu başqalarından duyulası dərəcədə fərqləndirən
özəllikləri kifayət qədərdir. Bunların ən
önəmlisi əsərlərinin təsvir dilinin
yaradıcılığına müraciət etdiyi müəlliflərin
dünyaduyumundan, ifadə formalarından asılı olaraq dəyişməsidir.
Belə ki, geniş bədii ümumiləşdirmələr
tez-tez işıq-kölgə təzadları, incə, bəzən
də gərgin xətlərlə əvəz olunur. Rəsul Rzanın “Vaxt var ikən” kitabına çəkilmiş
avtolitoqrafiyalar bu məziyyətləri ilə diqqəti cəlb
edir. Dinamik kəskin cizgilər insan
dühasının və zəkasının qüdrəti və
təntənəsini yaxşı ifadə edir. Duyulası detal yığcamlığı
qarşısında kompozisiyaların
tamaşaçını düşündürücü fəlsəfi
ovqata kökləyə bilməsini poetik misraları sətiraltı
mənadan əskik olmayan Rəsul Rza şeirlərinin müəllif
tərəfdən düzgün dərkinin ifadəsi saymaq
olar. Etiraf edək ki, bu illüstrasiyalar elə
forma-biçiminə, bədii şərh özünəməxsusluğuna
görə rəssamın bütün
yaradıcılığında fərqlənir. Elə “Dünyanın həqiqətləri elm dilində,
insanın həqiqəti isə fəlsəfə dilində
yazılmışdır” deyiminə tapınmalı olsaq, onda
deyə bilərik ki, Rəsul Rza poeziyasında öz əksini
tapan bu həqiqətlər rəssam tərəfindən incəliyinə
kimi qavranılmış və təsirli bədii görkəm
almışdır. Şair və rəssam
düşüncələrinin qovşağını əks
etdirən bu lövhələr əslində müasirlərinə
poetik-obrazlı bir ismarışdır. Onun
da əsas məzmununu insanın gələcəyə öz
keçmişinin çiynində getməsi həqiqəti təşkil
edir.
Onun 1980-ci ildə “Hophopnamə”yə verdiyi tərtibat o
vaxta qədər bu məşhur əsərə çəkilmiş
iilüstrasiyalardan köklü şəkildə fərqlənməklə,
şeirlərin alt qatına fəlsəfi nüfuzetmə
gücü ilə seçilirdi. Sonradan bu kitaba yenidən qayıdan rəssam
2012-ci ildə şairin anadan olmasının 150 illiyi
münasibətilə buraxılan “Hophopnamə”ni
çəkdiyi 40 yeni əsərlə qrafika sənətimizə
yaddaqalan töhfələr vermiş oldu.
Françesko Petrarkanın “Sonetlər”inə çəkilmiş
illüstrasiyalarda da “Vaxt var ikən”lə səsləşən
məqamlar mövcuddur. Ağ-qara cizgilərin təzadından “boylanan” və
zahiri görüntüsünə görə kifayət qədər
müasir-dünyəvi görünən bu rəsmlərdə
müxtəlif biçimli şaquli sahələrin
yaratdığı bütövlükdə Petrarka sonetlərində
hifz olunan zəngin insani yaşantılarına tutulan “bədii
güzgü”də lirik duyğuların fəlsəfi qata bələnməsini
görmək mümkündür. Tuşla
işlənmiş bu lövhələrdə insan təsvirləri
ilə memarlıq tikililəri və elementləri arasında
bir-birini tamamlayan vəhdətin əldə olunması sayəsində
şairin bütün Avropa poeziyasının inkişafına
təsir göstərmiş məhəbbət ruhlu sonetlərindəki
İntibah dövrünün humanist tutumunu şərtləndirən
məziyyətləri duymaq mümkündür. Rəssamın
ağlı-qaralı sahələri məntiqli şəkildə
qarşı-qarşıya qoymağının nəticəsində
bir kompozisiyada yaşanan duyğulandırıcı
“yaşantılar toplusu”nun daha qabarıq görünməsi əldə
olunmuşdur...
Azərbaycan poeziyasının tanınmış
simalarından sayılan Adil Babayevin “Sonetlər”inin bədii
şərhində rəssam bir qədər fərqli mövqe
nümayiş etdirmişdir. Düzdür, Arif Hüseynov
tuşla çəkilmiş beş
lövhədə də formaların qarşıdurmasından
istifadə edib. Amma onlarda fərq də az
deyil. Qeyd olunanın ən görünəni rəssamın
süjeti bütöv kompozisiya içində daha da
qabardılmış görüntü ilə təqdim etməsidir.
Bizcə bunu həm də müəllifin şərqli
ruhundan doğan sonetlərin avropalı mütəfəkkirin
yaratdıqlarından fərqli olduğunu dolayısı sərgiləmək
istəyinin nümayişi də saymaq olar. Bəlkə elə bu səbəbdən də Adil
Babayevin sonetlərinin bədiiləşməsində lirik məqamlar
daha duyulandır. Rəssamın
müşahidə etdiyi gerçəklikdən onun
üçün önəmli sayıla biləcək bir
yaşantını iri planda təqdim etməsinin bədii
tutumunda bunu görmək mümkündür. Yarpaqlanmış iri ağacın fonundakı
kvadratşəkilli işıqlı kompozisiya açıq
qapıdan intizarla uzaqlara baxan romantik ruhlu gənc qızın
və bolluq rəmzi olan iri narın təsvirindən ibarətdir.
Bu forma-kompozisiyanın məntiqli yerləşdirilməsinin nəticəsidir
ki, təsvir həm də ağacın hissəsi kimi qəbul
olunur...
Digər bir oxşar kompozisiyada isə iri planda
görüntüyə gətirilən təsvir
qızılgül kolu ilə əlaqələndirilmişdir. Bu dəfə
təsviri tünd yerlikdə gerçəkləşdirən
rəssam çəmənlikdəki qızın və onun
baxışlarını zillədiyi kəpənəyin
qabarıqlığını əldə etmişdir.
Arif Hüseynovun gül, qız və kəpənək təsvirlərinin
ovqatyaradıcı görüntüsü ilə
kompozisiyanın lirikliyinə nail olması duyulandır...
1986-cı ildə Səməd Vurğunun poeziyasına
müraciət edən rəssam bizcə sonradan onun
yaradıcılıq üslubunun dominantına çevriləcək
ənənə ilə müasirliyin vəhdətini əks
etdirən ifadə vasitəsi ilə gözəl nümunələr
yaratmışdır. Özündə əsasən Səməd
Vurğun lirikasını zəngin çalarlarını hifz
edən və qarışıq texnikada yaradılmış həmin
əsərlərin sayı altıdır. “Ceyran”, “Peqas”,
“İlham pərisi”, “Yeddi oğul istərəm”, “Qədim
şəhər” və “Aşıq” adlanan lövhələrdə
Səməd Vurğun lirikasının
duyğulandırıcılığına tapınan rəssam
con nəticədə hər bir əsərin bədii görkəminə
həmin yaşantıları qabarıqlaşdıran
inandırıcılıq bəxş edə bilmişdir. Ümumi vərəqin qədim əlyazmaları ilə
səsləşən ümumi görkəmini şair
düşüncələrindən süzülüb gələn
motivlərlə zənginləşdirən Arif Hüseynov
çox cəlbedici bir bədii nəticə əldə
etmişdir. “Peqas”da qanadlı atla saz, kitab və meyvələrin,
“İlham pərisi”ndə bəyaz donlu qızla incə
çiçəklərin, “Ceyran”da təbiətin zərif
varlığı ilə günəşin, eləcə də
digər kompozisiyaları təşkil edən yığcam
detalların vəhdətinin yaratdığı ovqat
doğrudan da şeirlərin ruhu həmahəng səsləşəndir.
Bəyaz çərçivəyə alınmış
bütün süjetlərin ağacla qovşaqda təqdimatı
məntiqli olmaqla yanaşı, həm də cəlbedicidir...
Onun “Azərbaycan
nağılları”na davamlı olaraq
çəkdiyi illüstrasiyalarda ədəbi mətninin
tutumuna müvafiq hadisələrə fantastik baxış
bucağı, bədii həllində
vaşaşırdıcı rəng və forma-biçim ifadəsi
görünməkdədir.
Rəssamın
ədəbi mətnə nüfuzetmə bacarığı,
onun ən səciyyəvi məqamlarını yaddaqalan
biçimdə bədiiləşdirmək istedadına onun
H.Cavidin “Şeyx Sənan”, Əziz Nesinin “Taxtalı köydən
məktublar”, S.Əlinin (Türkiyə) “Quyucaqlı Yusif”,
Anarın “Təhminə və Zaur”, Nəbi Xəzrinin “Mavi
kitab”, H.Abbaszadənin “Çəmbərəkənd
balladası” və K.Çukovskinin “Aybolit” əsərlərinə
çəkdiyi ağ-qara, Nizami Gəncəvinin “Fitnə”,
“Sultan Səncər və qarı”, Məhsətinin “Rübailər”inə,
C.Məmmədquluzadənin “Ölülər”, A.Şaiqin
“Yaxşı arxa”, “Şahzadə İvan və boz qurd” rus xalq
nağılına, M.P.Vaqifin “Durnalar”, Ə.Haqverdiyevin “Qoca
tarzən”, Q.İsabəylinin “Əkil-Bəkil”,
R.Yusifoğlunun “Ayda səyahət” kitablarını bəzəyən
rəngli illüstrasiyaların timsalında şahidlik etmək
mümkündür.
Heç şübhəsiz Arif Hüseynovun kitab
qrafikasının ən önəmli xüsusiyyəti
onların oxucu ürəyini isidə, gözlərini
nurlandıra bilməsidir. Odur ki, onun müxtəlif
mövzulu kitablara çəkdiyi rəsmlər mətnə əlavə
kimi baxılmayıb, bilavasitə onun bədii-estetik cövhəri
kimi qəbul olunur. Ona görə də onlar həm kitab
səhifələrində, həm də müxtəlif
miqyaslı sərgilərin ekspozisiyasında böyük
maraqla qarşılanırlar...
P.S.
Yazı “Ədəbiyyat qəzeti”nin 3
sentyabr tarixli sayında çap olunub.
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2016.- 3
sentyabr.- S.30.