Səməd Vurğun – Aspirantlıqdan
akademikliyədək
Akademik,
Xalq şairi Səməd Vurğunun ömür yolunun, ədəbi-bədii
yaradıcılığının davamlı olaraq Azərbaycan
elminin, ədəbiyyatşünaslığının, ədəbi
tənqidinin gündəmində saxlanılması,
gündöyənində təzahür tapması təbiidir və
müstəsna əhəmiyyət kəsb edir. Böyük sənətkar
haqqında çoxsaylı monoqrafiyaların,
biblioqrafiyaların, kitabların, elmi, ədəbi və
publisistik əsərlərin, metodik vəsaitlərin nəşrinə
baxmayaraq son iki ildə müxtəlif təyinatlı arxivlərdən
əldə olunan sənədlər, materiallar təsdiqləyir
ki, S.Vurğunun təhsili, ictimai fəaliyyəti ilə
bağlı ziddiyyətli, kölgəli, mübhəm məqamlar
mövcuddur və bu problemlərin çözümünə,
fərqli faktların, tarixlərin dəqiqləşdirilməsinə ciddi ehtiyac vardır.
Azərbaycan Milli Kitabxanasının Səməd Vurğunun 110 illiyi münasibətilə nəşr etdirdiyi biblioqrafiya (Tərtib edənlər: Mədinə Vəliyeva, Mətanət İbrahimova, Lalə Şirinova və Gülbahar Misirova. Bakı,2016, 584 səh.) çoxillik səmərəli axtarışların, böyük zəhmətin müqabilində yaradılmış zəngin xəzinə, möhtəşəm abidə və sanballı elmi işdir. Burada sevimli şairimizin həyat və yaradıcılığı ilə sıx bağlı olan çoxsaylı yeni faktlar, məlumatlar, qaynaqlar öz əksini tapmışdır. Hətta biblioqrafiya ilə viziual tanışlıq mülahizə yüyrütməyə əsas verir ki, Azərbaycan alimlərinin, ədiblərinin ön cərgəsində dayanan, Səməd Vurğun qədər zəngin biblioqrafiyaya malik ikinci şəxsi müəyyənləşdirmək müşkül məsələdir. Tərtibçilərin böyük zəhmətini minnətdarlıq duyğusu ilə vurğulamaqla yanaşı, həqiqət naminə diqqətə çatdırılmalıdır ki, “Səməd Vurğun. Biblioqrafiya”sı zəngin olsa da, təəssüf ki, mükəmməl deyildir. Bəlkə də, məhz bu ehtimala əsaslanaraq tərtibçilər haqlı olaraq xatırladırdı: “Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və rəylərini M.F.Axundov adına Milli Kitabxanaya göndərmələrini xahiş edirik” (Səməd Vurğun. Biblioqrafiya, Bakı, 2016, səh.3).
S.Vurğunun müxtəlif illərdə yazıb imzaladığı tərcümeyi-hallarda, anketlərdə, materiallarda göstərilən tarixi faktlarla biblioqrafiya arasında ciddi fərqlər, uyğunsuzluqlar mövcuddur. Məsələn, biblioqrafiq göstəricidə Səmədin ilk təhsil illəri ilə bağlı qeyd edilir: “1913-1918- Yuxarı Salahlı kəndində “Zemskaya şkola” adlanan beşsinifli rus-tatar məktəbində təhsil alıb” (göstərilən mənbə, səh. 23). Bu tarix digər, daha mötəbər elmi qaynaqda - böyük ədibin 1943-cü il 9 avqustda doldurub imzaladığı “Kadr uçotu üzrə şəxsi vərəqə”də “Salahlı kənd 1-ci dərəcəli, üçsinifli məktəbdə 1914-1917-ci illərdə oxuduğu” (AMEA RH Arxivi, fond-39, iş-78, qutu-100, səh.-9) qeyd edilmişdir. Müqayisə apardıqda sənəddən məlum olur ki, S.Vurğun 7 yaşında yox, məhz 8 yaşında, “Zemskaya şkola” adlanan beşsinifli rus-tatar məktəbinə” deyil, “Birinci dərəcəli, üçsinifli Salahlı kənd məktəbi”nə gedərək ibtidai təhsilini doğma kəndində almışdır. Biblioqrafiyada öz əksini tapmasa da, vurğulanan anketdə Səməd Vurğun 1924-cü ildə “Mətbuat İşçiləri İttifaqının” üzvü, 10 yanvar 1947-ci ildə yazdığı tərcümeyi-halında isə Azərbaycan – İran Mədəni Əlaqələq Cəmiyyəti Rəyasət Heyətinin sədri olduğu qeyd edilmişdir ki, bu informasiyalar da şairin həyatını, ictimai fəaliyyət sferasını öyrənmək istəyənlər üçün çox dəyərli ola bilər.
Səməd Vəkilovun arxivlərdən əldə etdiyimiz, 1929-cu il 2 mart tarixində yazdığı, indiyədək kölgədə qalan tərcümeyi-hali bir neçə baxımdan maraq kəsb etdiyi üçün dilinə, üslubuna toxunmadan təqdimata ehtiyac duyulur: “Tərcümeyi hal. Mən, aşağıda imza atan Səməd Vəkilof 1906-ncı ildə Qazax qəzasının Salahlı kəndində təvəllüd etmişəm. İbtidai təhsilimi kənt məktəbində görərək, 1924-cü ildə Qazax Pedaqoji Texnikumunu bitirib, Qazax, Quba, Bakı, Gəncə şəhər və kəntlərində müəllim olaraq çalışmışam. Hal hazırda Gəncə Türk Şura Firqə məktəbinin lisan və ədəbiyyat müəllimiyəm. 20-nci ildən bəridir ki, Lenin Kommunist Gənclər İttifaqı Şurasında çalışıram. Atam Yusif ağa Vəkilof bəy nəslindəndir. O, Çar zamanında heç bir xidmətdə bulunmamışdı. Olduqca yoxsul olduğundan nökər və muzdur işlətməmişdir. Onun son vəzifəsi Qazax Pedaqoji Texnikumunda məktəb xidmətçisi olmuşdur. Çocukluğum və gəncliyim yoxsulluq və aclıq içində keçmişdir.”
Tərcümeyi-halın son cümləsi insan qəlbini riqqətə gətirsə də, “Atam Yusif ağa Vəkilof bəy nəslindəndir” – ifadəsi gənc Səmədin hələ qırmızı rejimin iç üzünü yetərincə tanımadığını, bu fikrin onun gələcəyi üçün ciddi maneələr yarada biləcəyindən xəbərsiz olduğunu göstərir. Onu da qeyd edək ki, Qazax Qəza İcraiyyə Komitəsinin sədri H.Əfəndiyev 2 mart 1929-cu ildə Salahlı sakini Səməd Vəkilovun əl ilə, latın əlifbasında yazdığı tərcümeyi-halını imzası və möhürü ilə təsdiqləmişdir. Sənəd şairin ömür yolunun tədqiqi baxımından əhəmiyyətlidir.
“Səməd Vurğun. Biblioqrafiya”sında S.Vəkilovun Moskvada hansı ali məktəbdə və nə zaman təhsil aldığı barədə yazılıb: “1929-1931 - İkinci Moskva Dövlət Universitetinin Ədəbiyyat və dil şöbəsində təhsil alıb (göstərilən mənbə, səh. 23).
Etiraf edək ki, bu məlumata böyük sənətkarın həyat və yaradıcılığından bəhs edən əksər elmi qaynaqlarda istinad olunub. S.Vurğunun yazdığı və imzaladığı tərcümeyi-hallarda, anketlərdə bu fakt biblioqrafiyada olduğu kimi verildiyi üçün əslində şübhə də doğurmurdu. Lakin, arxivdən üzə çıxardığımız bir mötəbər sənəd Səməd Vurğunun İkinci Moskva Dövlət Universitetində deyil, fərqli adda olan bir ali məktəbdə - Moskva Dövlət Pedaqoji İnstitutuda oxuduğunu təsdiqləyir. Həmin mötəbər sənədin faksimilesini və Azərbaycan dilində tərcüməsini təqdim edirəm: “Moskva Dövlət Pedaqoji İnstitutu. 11/VII 1931, ¹ 10/9/1. Moskva, M.Piroqovskaya, 1. Tel. 2-26-34.
Arayış verilir Ədəbiyyat şöbəsinin hazırda II kurs tələbəsi yol. Vəkilov S(əməd). U(sub oğluna). Ona görə ki, Pedinistitutda olduğu 29/30-cu təhsil ilindən 1931-ci təhsil ilinədək MDPİ 1 və 2-ci kursun bütün (aşağıdakı) fənlərindən imtahan vermişdir.
1. Siyasi
iqtisad. 2. Tarixi materializm. 3. Pedaqogika. 4. Pedelogiya (nəzarətçi).
5. Psixologiya. 6. Ədəbiyyatşünaslığa giriş.
7. Ümumi dilçilik. 8. XIX əsr rus ədəbiyyatı.
9. XX əsr rus ədəbiyyatı. 10. Müasir rus dili. 11.
Dialektik materializm. 12. Partiya tarixi. 13. Rus dilinin metodikası.
14. Rus ədəbiyyatının metodikası. 15. Poetika. 16. Kənd
təsərrüfatının əsasları. 17. Folklor. 18.
Siyasi məşğələ saatı. 19. Hərbi intizam: a)
hərbi-kimyəvi iş, b) taktika, I hissə, v)
atıcılıq işi I və II hissə. Tədris
hissə müdiri.”
Arayışa
basılan möhürdə: “RSFSR Xalq Maarif
Komissarlığı Moskva Dövlət Pedaqoji İnstitutu”
sözləri yazılmışdır.
Səməd Vəkilova 11 iyul 1931-ci ildə verilən rəsmi
arayışdan bəlli olduğu kimi o Moskva Dövlət
Pedaqoji İnstitutunda oxumuş, 2-ci kursdan isə Pedinistitutu
yarımçıq tərk edərək Bakıya
qayıtmışdır. Ali təhsil ocağının fərqli
adı ilə bağlı araşdırma apararkən məlim
olmuşdur ki, İkinci Moskva Dövlət Universiteti 1918-ci il
16 oktyabr tarixində RSFSR Xalq Maarif Komissarlığının
qərarı ilə yaradılmış, həmin qurumun
1930-cu il 18 aprel tarixli 234 saylı əmrilə ləğv
edilmiş, onun bazası əsasında üç müstəqil
ali təhsil müəssisəsi təsis olunmuşdur. 1930-cu il aprel ayında ləğv edilmiş İkinci
Moskva Dövlət Universiteti Pedaqoji fakültəsinin
bazasında Moskva Dövlət Pedaqoji İnstitutu fəaliyyətə
başlamışdır. Beləliklə aydın olur ki, Səməd
Vurğun 1929-cu ildə İkinci Moskva Dövlət Universiteti
Pedaqoji fakültəsinin ədəbiyyat şöbəsinə
daxil olmuş, ikinci kursu isə yeni yaradılmış Moskva
Dövlət Pedaqoji İnstitutunda başa vurmuşdur.
Güman edirəm ki, S.Vurğunun həyatından, Moskva
dövrü təhsilindən söz açan müəlliflər
“İkinci Moskva Dövlət Universiteti” məfhumunun yanında
“sabiq” və ya “keçmiş” sözünü yazmağı
unutmamalı, Moskva Dövlət Pedaqoji İnstitutu
adını isə mütləq qeyd etməlidilər.
Səməd Vurğun Vəkilova 11 iyul 1931-ci ildə
Moskva Dövlət Pedaqoji İnstitutundan təhsil haqqında
arayış aldıqdan iki həftə sonra Azərbaycan
Dövlət Elmi Tədqiqat İnstitutunun (Az.DETİ)
aspirantura şöbəsinə daxil olmaq üçün əsl
mübarizəyə başlamış, qəbul komissiyası
üçün müxtəlif təşkilatlardan müvafiq
sənədlər toplamışdır. Az.DETİ-nin qəbul komissiyasına
ilk müraciəti 24 iyul 1931-ci ildə Azərbaycan Kommunist Gənclər
İttifaqı Mərkəzi Komitəsi Təhsil və məişət
şöbəsinin müdiri Məcidov etmiş, komsomolun üzvü Vəkilov Səməd
Yusif oğlunu institutun “ədəbiyyat şöbəsinə”
qəbulunu tövsiyə etmişdir. Ertəsi gün, iyulun
25-də 273 saylı məktubla Az.DETİ rəhbərliyinə
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti
(Az.PYC) kommunist fraksiyasının katibi müraciət
etmiş, cəmiyyətin fəal üzvü, ədəbi-bədii
əsərlər müəllifi Səməd Vəkilovun
Az.DETİ Ədəbiyyat şöbəsi üzrə aspiranturasının
1-ci əsas kursuna qəbul olunasının təmənnasında
olduğunu bildirmişdir.
Azərbaycan
Proletar Yazıçılar Cəmiyyətinin katibi Mehdi
Hüseynovun (Mehdi Hüseyn-A.R.) və İşlər idarəsi
müdiri Pavlovun imzaladıqları Səməd Vurğun
haqqındakı xasiyyətnamədə yeni faktlar olduğu
üçün tam şəkildə təqdim etməyə
ehtiyac duyulur. Sənəddə yazılır: “Xasiyyətnamə.
Səməd Vurğun Vəkilov 1927-ci ildən
Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin
üzvüdür. Bu müddət ərzində
Səməd Vurğun cəmiyyətin işində çox fəal
iştirak etmiş, Az.PYC-nin Gəncə şöbəsinin rəhbəri
olmuşdur. Az.PYC yoldaş Səməd
Vurğunu təhsil almaq üçün Moskvaya, 2-ci MDU-ya
göndərmiş və o, oranı bitirmişdir.
Az.PYC yoldaş Səməd Vurğunu yoxsul ailədən
çıxmış fəal, təmkinli və ciddi
komsomolçu kimi tanıyır. Az.PYC-n katibliyi Səməd
Vurğun Vəkilovun Az.DETİ-də təhsil
almağını tövsiyə edir.”
S.Vurğunun 1927-ci ildən yazıçılar cəmiyyətinin
üzvü olduğu və 1929-cu ildə məhz bu təşkilatın
göndərişi ilə Moskvaya təhsil almağa getməsi
tamamilə yeni, diqqəti cəlb edən və biblioqrafiyada
öz əksini tapmayan məlumatlardır.
“Daşdan keçən” sənədləri bir
qovluğa toplayan gənc Səməd 25 iyul 1931-ci ildə
Türk Mədəniyyət Sarayında (indiki AMEA Rəyasət
Heyətində) yerləşən Azərbaycan Dövlət
Elmi Tədqiqat İnstitutuna üz tutdu. İnstitutun qəbul
komissiyasına invanladığı ərizəsində S.Vəkilov
yazırdı: “Az.DETİ-nin qəbul komissiyasına. Səməd Vəkilovdan ərizə. Xahiş edirəm məni Az.DETİ-nin Ədəbiyyat
şöbəsi üzrə aspiranturasının 1-ci əsas
kursuna qəbul edəsiniz. Qəbul
üçün bütün lazımi sənədləri təqdim
edirəm. İmza, Səməd Vəkilov,
25/VII-31 il.”
İnstitutun
direktor müavini, Ədəbiyyat və Dil Bölməsinin rəhbəri,
professor Vəli Xuluflu iyulun 27-də Səməd Vurğunun ərizəsinə
dərkənar qoydu: “Buraxılsın!” Əslində
bu qeyd gənc ədəbiyyatşünasın aspirantura
imtahanlarına buraxılması üçün verilən
göstəriş idi. Az.DETİ-nin Ədəbiyyat
şöbəsi üzrə aspiranturasına qəbul
imtahanları 1931-ci ilin sentyabr ayında baş tutdu. İnstitutun Səməd Vəkilova verdiyi rəsmi
cavab isə məyusedici idi. İmtahanların nəticəsinə
aid verilən arayışda yazılırdı: “Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsi yanında Azərbaycan
Elmi Tədqiqat İnstitutu. 23 sentyabr 1931-ci il, ¹ 061/4/52. Bakı
şəh. Arayış verilir yoldaş Vəkilov Səmədə
ona görə ki, o növbəti fənnlər üzrə
imtahan verdi: partiya tarixi, Qərb dövlətlərinin
tarixi, dialektik materializm, siyasət, türk və rus dili... Sosial mənşəyinə
görə aspiranturaya qəbul edilmədi. Az.DETİ Tədris hissəsinin katibi Vilçevski.”
Tərcümeyi-halında
böyük səmimiyyətlə yazdığı: “Atam Yusif
ağa Vəkilof bəy nəslindəndir” cümləsi Səməd
Vəkilovun elmə gedən yolunda ciddi maneəyə
çevrildi. Az.DETİ-nin müvəqqəti
direktoru Gevorkov tədris hissə katibi Vilçevskinin vasitəsilə
qərəz, kin-küdurət nümayiş etdirirdi. S.Vurğunun üzv olduğu nüfuzlu təşkilatlar
müraciətlərinin urvatsız qarşılanması ilə
barışmağa hazır deyildilər. Hələ
Gəncədə işlədiyi illərdən Səməd Vəkilovu
yaxından tanıyan professor Vəli Xuluflu da təmsil
olunduğu institutun lüzumsuz qərarına qəti
etirazını bildirdi. Beləliklə,
çətinliklə də olsa S.Vurğun Az.DETİ-nin
aspiranturasına bərpa edildi.
Səməd Vurğunla eyni vaxtda onun yazıçı
dostlarından Mir Cəlal Paşazadə (O zaman Mir Cəlal
müəllimin soyadı Paşazadə idi – A.R.) və Mirzə
İbrahimov da təhsillərini bu tədqiqat ocağında davam
etdirirdilər.
Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Ədəbiyyat
və dil bölməsinin 1932-ci il 6 iyun
tarixli iclasında Vəli Xuluflunun sədrliyi ilə komissiya
aspirantlardan imtahan götürərək
aşağıdakı qərarı qəbul etdi: “II kursa
keçirilsin: 1.Vəkilov Səməd, 2.Paşazadə Mir Cəlal,
3.İbrahimov Mirzə, 4.Nəsirli Y., 5.Məmmədov
Ağasi. Çıxarılsın: Həsənzadə Pəri
və Kərimova Q. MK-ya göndərilsin: Jamkoçan” (AR
Dövlət Arxivi, fond-387, siyahı-1, saxlama vahidi-107).
İkinci kursa keçən aspirantlar imtahanları
uğurla versələr də, mövcud institutda təhsillərini
davam etdirmək onlara qismət olmadı. Çünki, Azərbaycan
Dövlət Elmi Tədqiqat İnstitutu 1932-ci il
iyulun 16-da ləğv edilir, onun Ədəbiyyat və dil
bölməsinin bazasında Azərbaycan Dil, Ədəbiyyat və
Sənət İnstitutu (Az.DƏSİ) yaradılır. Azərbaycan
Xalq Maarif Komissarlığı Kollegiyasının 1932-ci il 29 iyul tarixili 33 saylı protokolunda
yazılırdı: “Dil, Ədəbiyyat və Sənət
İnstitutunun yaradılması haqqında. Dil sahəsində
(terminologiya, orfoqrafiya, lüğət işi, türk dilinin
qramatikası və Azərbaycanda milli azlıqların dili)
işlərin inkişafı, Azərbaycan ədəbi dilinin,
ədəbiyyatının və incəsənətinin əsas
məsələlərinin konkret inkişaf yolunun işlənilib
hazırlanması, eləcə də Xalq Maarif
Komissarlığı yanında (Elm sektoru üzrə) yüksək
dərəcəli, siyasi cəhətdən
hazırlıqlı redaktorların, tərcüməçilərin
yetişdirilməsi məqsədilə sabiq Az.DETİ-nin
Ədəbiyyat və Dil Bölməsinin bazası əsasında
Azərbaycan Dil, Ədəbiyyat və Sənət İnstitutu
(Az.DƏSİ) təşkil edilsin. 2. Yalnız dil və ədəbiyyat
sahəsi üzrə aspirantura saxlanılsın, onların fəaliyyəti
institutun istehsalat işi ilə əlaqələndirilsin. 3.
Elm sektoru on gün müddətində institut haqqında əsasnaməni
tərtib etsin. Vəli Xuluflu direktor vəzifəsini
müvəqqəti icra edən təyin olunsun.”
Professor Vəli Xuluflunun rəhbərlik etdiyi Azərbaycan
Dil, Ədəbiyyat və Sənət İnstitutu
(Az.DƏSİ) tədqiqat və təhsil yönümlü
idi. 1932-ci ildə Az.DƏSİ-də
22 nəfər əməkdaş çalışırdı.
İnstitutun tədris hissə müdiri
Q.P.Firidolin, məsul katib N.V.Minkeviç təyin edilmişdi.
Azərbaycan Dil, Ədəbiyyat və Sənət
İnstitutunda Əli Nazim (ədəbiyyat şöbəsinin
müdiri), Qulam Bağırov (dil şöbəsinin
müdiri), Hüseyn Cavid (ədəbiyyat şöbəsinin məsləhətçisi),
Ələsgər Ələkbərzadə (ədəbiyyat
şöbəsinin elmi işçisi), İdris Həsənov
(redaktor), Yusif Əliyev (redaktor), Abdulla Tağızadə (dil
nəzəriyyəsi seksiyasının müdiri), Paşa
Sultanov (tərcüməçi), Liliya Vəkilova (redaktor
köməkçisi) və b. (AR DA fond-57, siyahı-1,
iş-1002) tanınmış ədəbi simalar fəaliyyət
göstərir, aspirantlarla birbaşa təmasda olurdular. Faktlar təsdiqləyir ki, digər aspirant həmkarları
kimi Səməd Vurğun da Az.DETİ-nin ləğvindən
sonra təhsilini Azərbaycan Dil, Ədəbiyyat və Sənət
İnstitutunun aspiranturasında davam etdirir. İnstitut hətta aspirantlara ayda 170 manat təqaüd
də verirdi. Səməd Vurğunun
aspirant təqaüdünün artırılması xahişi
ilə yazdığı, arxivdən üzə
çixardığımız unikal bir sənəd
dövrün və mühitin əhval-ruhiyyəsini əks
etdirmək baxımından maraq doğurur. 1932-ci il 7 oktyabrda qələmə alınan ərizədə
gənc aspirant yazırdı: “Az.DƏSİ-nin təqaüd
komissiyasına. Ədəbiyyat şöbəsinin
II kurs aspirantı Səməd Vurğundan ərizə. Mən baxmayaraq ki, heç bir yerdə işləmirəm
və təyin edilmiş 170 manat miqdarında təqaüdlə
yaşayıram – bu məbləğ məni təmin etmir.
Bundan əlavə mənzil, işıq, təmizlik
üçün vəsait ödəyirəm. Xahiş edirəm mənə 280 manat miqdarında təqaüd
və komunal xərclərini ödəyəsiniz. Əgər İnstitut göstərilən məbləği
mənə ödəməkdən çəkinsə təhsilimi
davam etdirmək imkanı olmayacaq. Səməd
Vurğun. 7/X-32.”
Aspirant Səməd Vurğunun təqaüdlə
bağlı ərizəsinə müsbət cavab verilməsi
haqqında səhih məlumata malik deyilik. Amma o fakt dəqiq məlumdur
ki, Azərbaycan Dil, Ədəbiyyat və Sənət
İnstitutu 1932-ci il 22 dekabr tarixli qərarı
ilə özü öz fəaliyyətini dayandırır və
bütün əmlakı yeni yaradılan SSRİ Elmlər
Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinə
(Az.OZFAN) təhvil verilir. Beləliklə Azərbaycan
Dövlət Elmi Tədqiqat İnstitutunun ikinci kursa keçən
aspirantlarından yalnız Mir Cəlal təhsilini Ali Pedaqoji
İnstitutda sonadək davam etdirdi. Aspirant Səməd
Vəkilovun da sənədləri APİ-yə göndərilsə
də, bir müddətdən sonra o elmə doğru gedən
yolunu dəyişib bütün enerjisini, istedadını bədii
yaradıcılığa, poeziyaya sərf etmək istiqamətini
seçir. Böyük ədib 1945-ci ilin
mart ayının 27-də Azərbaycan Elmlər
Akademiyasının təsisçisi və həqiqi
üzvü seçilənədək məşhur şair və
ictimai xadim kimi tanınırdı. Səməd Vurğun
bu vaxtadək on şeir kitabının müəllifi, iki dəfə
SSRİ Dövlət (Sitalin) mükafatı laureatı, əməkdar
incəsənət xadimi, SSRİ və Azərbaycan Ali
Sovetinin deputatı idi. Onun Akademiyaya yolunun
qısa və kəsəliyində ədəbiyyatımız
qarşısındakı xidmətlərinin və
mükafatlarının rolu mühüm və şübhəsizdir.
Hələ
1941-ci ilin yanvar ayının 9-da onu SSRİ EA Azərbaycan
Filialından (sədr müavinləri Əhəd Yaqubov və
Heydər Hüseynovun imzası ilə) “SSRİ xalqları
folklor külliyyatı” seriyası üzrə redaksiya heyətinə
Azərbaycandan üzv seçilməsi mühüm hadisə
idi. Səməd Vurğun Akademiya divarları
arasında Azərbaycan ədəbiyyatına, klassiklərə
həsr edilmiş bütün konfranslarda, elmi sesiyalarda, ədəbi
müzakirələrdə çıxış və məruzələri
ilə fəal iştirak edirdi. 1945-ci il mart ayının
31-də birinci ümumi iclasda Mir Əsədulla Mir Qasımov
Azərbaycan EA-nın prezidenti, Heydər Hüseynov və
Şamil Əzizbəyov vitse-prezident, Mirəli Qaşqay isə
akademik-katib seçildilər. Azərbaycan EA Rəyasət
Heyətinin ilk iclası isə 2 aprel 1945-ci ildə
keçirildi. Gündəlikdə isə
prezident, vitse-prezidentlər və akademik-katib arasında vəzifə
bölgüsü məsələsi dururdu. Vitse-prezident Heydər Hüseynova həm də
İctimai Elmlər Bölməsinin rəhbəri vəzifəsi
həvalə olundu və akademik Səməd Vurğun da bu
bölməni təmsil edirdi. Akademiya Rəyasət Heyətinin
1 iyun tarixli iclasında İctimai Elmlər Bölməsinin plan
işinə baxılması və təsdiqi gündəliyə
gətirildi. Heydər Hüseynov ictimai elmlər
sahəsi üzrə geniş məruzə etdi. Azərbaycan ədəbiyyatı tarixinin
altıcildliyi və klassiklərin əsərlərinin
çapa hazırlanması məsələlərinə ciddi
toxunuldu. Vitse-prezident Heydər Hüseynovun sədrliyi ilə
10 iyun 1946-cı ildə keçirilən elmi sesiyada isə Həmid
Araslı və Məmməd Arif Dadaşzadə “Azərbaycan
ədəbiyyat elminin genişlənməsi və gələcəyi
haqqında” adlı maraqlı məruzə etdikdən sonra
Sadıq Dadaşov, Həbibulla Səmədzadə, Yusif
Mirbabayev toxunulan mövzuya geniş və hərtərəfli
münasibət bildirdilər. Səməd Vurğunun
çıxışı isə indiyədək çap
olunmadığı üçün üslubuna toxunmadan,
olduğu kimi təqdim edirik: “Səməd Vurğun: -
Yoldaşlar, mən ümumiyyətlə bu skeptizmə və
skeptik adamlara həmişə bir növ düşmənəm.
Eyni zamanda ən böyük ədəbiyyat və elm odur ki, o
həmişə öz qarşısında böyük məsələ
qoyar, yəni elə bir tədqiqat mən istəyirəm ki, o
tədqiqat prosesində mən alimin bu və ya digər inqilabi
və yeni proqressiv elmi bir fikri ilə də tanış
olum.
Bizim gənc
ədəbiyyatşünaslarımız ədəbiyyatın
yaradılması uğrunda da az iş
görməmişdilər. Lakin görüləcək
işlərin çoxu qarşımızda durur. Məsələn mən özüm də təsəvvür
edə bilmirəm ki, əgər bizim elmi tariximiz hələ
kamilən yaradılmamışdırsa, bizim ədəbiyyat
tariximiz necə yaradıla bilər? Atılan
addımlar çox geridədir. Ancaq mən
demək istəyirəm ki, ədəbiyyat ilə fəlsəfə
arasında məna vəhdəti yaratmaq lazımdır ki,
bunlar bir-birini tamamlaya bilsin.
Mən “Vaqif”ı yazanda əhvalat necə oldu, Qacar necə
gəldi, İbrahim xan necə oldu – bunu bilirdim. Ancaq sonralar ədəbiyyat
artdıqca, yeni-yeni məlumat olduqca adam
yaratdığının bəzisinə peşiman olur. İndi bizim tariximizi yaratmalıyıq. Ədəbiyyatımız bir çox təhriflərə
və səhvlərə yol verməsin.
Mən ədəbiyyatşünaslıqda əsas
nöqsanı nədə görürəm?! Şəxsən
məni maraqlandıran odur ki, mən hər iki məruzəçiyə
(Həmid Araslı və Məmməd Arif Dadaşzadə nəzərdə
tutulur-A.R.) diqqətlə qulaq asdım. Əlbəttə
bunlar bizim gözəl, görkəmli alimlərimizdir.
Ancaq yoldaş Araslı ədəbiyyatşünaslığa
aid … (klassiklər haqqında məlumatlar verdi).
Mən istərdim ki, bunun özü elmi bir əsər
olaraq verilsin. Hansı epoxada, hansı ədəbiyyatşünas
nə kimi xarakter daşıyırdı və indi nə kimi
xarakter daşıyır. O dövrün alimi, onun xasiyyəti,
ədəbiyyatın mənəvi xüsusiyyətləri, o
dövrün mənəvi xüsusiyyətləri
olmalıdır…
Bu cür “obzor” (icmal) vermək şəxsən məni
kifayətləndirmədi. Ümumiyyətlə ədəbiyyatşünaslıq
varmı? Mənə elə gəlir ki,
bizim ədəbiyyatçılarımızın səhvi odur
ki, hamısı ümumiyyətlə ədəbiyyatşünas
olmaq istəyirlər. Ancaq mən elə ədəbiyyat(çı)
tanımıram ki, elmə baxışı məhz bir olsun. Məsələn, füzulişünas,
axundovşünas, vaqifşünas, Cəfər
cabbarlışünas. Rusiyada bu təsnifat
vardır. Məsələn mən
Füzulini bilirəm, Axundovu bilirəm. Əgər
ədəbiyyatşünas mən qədər biləcəksə,
onda onunla mənim aramda heç bir fərq qalmır.
Ədəbiyyatşünas gərək 20-30 il
bununla məşğul olsun. O zaman Füzulişünas əsl
mənasında meydana çıxar. Füzuliyə
böyük, dahi sənətkar deməklə, onun dahiliyi
meydana çıxmaz. Məncə Akademiya belə iş
aparmalıdır; müəyyən adamlarınız ədəbiyyatşünaslıqla
məşğul olmalıdır. Məsələn,
deyək bizim tariximizdə romantizm cərəyanı nə
vaxt başlamışdır, kimdən gəlmişdir. Həmçinin realizm nə kimi tarixi dövr
keçmişdir. Bu sahədə
ayrı-ayrı əsərlər yaradılmalıdır.
Yaxud
ikinci məsələ: deyək ki, biz Nizamidən
danışırıq. Nizamidən
danışarkən ədəbiyyatımızın
böyüklüyünü göstərmək
üçün hansı alim xüsusilə məşğul
olur?! Deyək ki, “Nizami və qədim yunan
ədəbiyyatı”, yaxud fəlsəfəsi. Ya da götürək “İran və dünya ədəbiyyatşünaslığı”,
o cümlədən “Rusiya ədəbiyyatşünasları”
– həmişə birinci plana İran mədəniyyətini
salsalar yaxşı olmazmı? Bizim ədəbiyyatşünaslar
dissertasiya yazsın. Məsələn, biri belə bir qəhrəmanlıq
edə, götürə “Azərbaycan ədəbiyyatının
İran ədəbiyyatına təsiri”, lap Nizami
dövründən tutmuş indiyə qədər, müasir ədəbiyyata
qədər. Belə bir əsərlə
bütün dünyaya ədəbiyyatşünaslığı
tanıtmış olarsan. Çünki həmişə
sən təsir altında qalmayıbsan, sənin də təsirin
altında qalmışlar. Məsələn, Axundova,
Molla Nəsrəddinə (Cəlil Məmmədquluzadəyə-A.R.)
Nizaminin təsiri azmı olmuşdur, yaxud Şərq
ədəbiyyatının təsiri azmı olmuşdur?!
Belə cəsarətli elmi əsərlər
yaradılmalıdır ki, bu mübahisəli məsələlər
birdəfəlik ortadan götürülsün. Bizim müasir ədəbiyyatımıza aid məncə
bu tarixi şəxsiyyətlərimizi qaldırmaqla bərabər,
müasir ədəbiyyatımızın tarixinə yeni bir nəzərlə
baxmalıyıq. Yeni elm və eyni zamanda ədəbiyyatın
yaradıcılıq, inkişaf prosesinə gərək
kömək etsin.
Çox vaxt bizim yoldaşlar tənqid ilə ədəbiyyatşünaslıq
məsələlərini qarışdırırlar. Mən bununla razı ola bilmərəm. Məsələn
deyirlər Səməd Vurğun tənqid yazır. O mənim
baxışımdır, mən orada düz də deyə bilərəm,
səhv də deyə bilərəm. Məsələn
Hüseyn Mehdi tənqid yazır. Bunun elmə
nə dəxli vardır?!
Mən demək istəyirəm ki, gərək biz
seçək; elm haradan başlayır, tənqid haradan
başlayır? Bu sahədə bir növ belə xaos –
qarışıqlıq vardır…
Mən istəyirəm ki, bizim elm, ədəbiyyata istiqamət
verə bilsin.
Məsələn, Həmid Araslı yoldaş XIX əsr
(stenoqrafçı yanlış yazıb, orta əsrlər
olmalıdır-A.R.) ədəbiyyatında çox iş
görmüşdür. Ancaq gərək o
gözəl material verə, gərək gözəl əsər
yarada. Nə vaxt Araslı yoldaş
Füzuli və yaxud Şah İsmayıl Xətai haqqında
müəyyən gözəl bir əsər verəcəkdir.
Gərək o elə olsun ki, gələcəkdə
elmi akademik olsun. Daha mənim kimi
yarımçıq akademik yox (gülüşmə).
Yeni istiqamət verməkdən çox şey
asılıdır. Mən burada iki konkret təklif irəli sürürəm:
birinci – bizim institutumuz gərək … (ixtisaslaşma məsələsini-A.R.)
irəli sürsün, yəni Füzulişünaslıq
yaradılsın. Məsələn, Moskvada rus
poeziyasından Vətənə aid olan ən kiçik
şeirlər (toplusu) yaradılmışdır. Bu şeir kimi görünür, ancaq eyni zamanda ədəbiyyat
tarixini, Vətən tarixini 200 illik bir şeirdə gözəl
nümayiş etdirmişdir” (AMEA RH Arxivi, fond-7, siyahı-1,
iş-703, qutu-61, səh.-103-106).
Nizami adına Ədəbiyyat İnstitutunun perspektiv
planının müzakirəsində akademik Səməd
Vurğunun toxunduğu məsələlər mürəkkəb,
ziddiyyətli ictimai-siyasi mühitdə cəsarət və məsuliyyət
tələb edən aktual problemlərdir. Onun ədəbiyyatın
müxtəlif sahələri üzrə kadrların
ixtisaslaşması, ədəbiyyatşünaslığın
tarix, fəlsəfə elmləri ilə
qarşılıqlı əlaqə problemləri, ədəbi
cərəyanların – xüsusilə romantizmin və realizmin
sistemli araşdırılması, Azərbaycan ədəbiyyatının
İran ədəbiyyatına, Şərq ədəbiyyatına
təsiri məsələləri, ədəbi mühit və ədəbiyyat
tarixinə yeni baxış sistemi milli ədəbiyyatşünaslıq
elmimizin konseptual proqramının tərkib hissələri
kimi dəyərləndirilməlidir.
Akademik Səməd
Vurğunun Azərbaycan Elmlər Akademiyasında 1947-ci il 3 noyabr tarixli elmi sesiyasında məruzəçi
Məmməd Cəfər Cəfərovla dialoqu da, ədəbiyyatşünaslıq
baxımından diqqət çəkir. İclasa sədrlik edən
vitse-prezident, professor Heydər Hüseynov
“Azərbaycan sovet dramaturgiyasının inkişafı
yolları haqqında” adlı mövzuda məruzə etmək
üçün Məmməd Cəfər Cəfərova
söz verir. Məruzədən sonra sesiya
iştirakçıları ona tənqidi ruhlu suallar verir.
Müzakirədə fəallıq göstərənlərin
biri də Səməd Vurğundur. Dialoq
qaşılıqlı hörmət şəraitində davam
etmiş, bir sıra mətləblərə açıq
münasibət bildirilmişdir.
“Səməd
Vurğun: - Fəhlə tematikası (mövzusu) bizim dildə
zəifdi. Mən bu məsələni
“teoretiçeski” (nəzəri cəhətdən)
aydınlaşdırmaq istəyirəm. Bunun
səhvi nədədir? Nə
üçün fəhlə obrazını yazmırlar?
Bunu yazıçının münasibətində
görmək lazımdır? Hansı
münasibət olursa-olsun biz bunu “teoretiçeski”
aydınlaşdırmalıyıq.
M.C.Cəfərov:
- Bunu böyük vətən bizdən tələb edir. Bizim
yaxşı obrazımız vardır, fəhlə hərəkatından
“Xanlar”da…
Səməd
Vurğun: - O keçmiş həyatdandır.
M.C.Cəfərov:
- “1905-ci ildə”, həmçinin orada fəhlə həyatından
vardır, Bakı fəhləsi orada rəhbərlik edir. Orada fəhlə vardır, amma qalan əsərlərdə
fəhlə yoxdur. Bizim əsərlərdə,
istehsalatda fəhlə rolları yoxdur.
Səməd
Vurğun: - Moskvada böyük zavodlar vardır, orada olan
istehsalatdan göstərmək lazımdır.
M.C.Cəfərov:
- Cəfər Cabbarlı fəhləni istehsalatda göstərir.
Səməd
Vurğun: - Orada nə vardır, “oçerkovoy” bir şeydir. Mən demək istəyirəm ki, fəhlə
sınfından artıq yazmaq və göstərmək
lazımdır.
Heydər
Hüseynov: - Ədəbiyyat məsələsində bir
sıra mürəkkəb, çox mühüm məsələlər
vardır ki, biz onu bir-iki gündə həll edə bilmərik.
Bu yaxın vaxtlarda bir neçə günlük
iclas aparmalıyıq ki, orada bunları həll edə bilək.
Həyat sadə deyil, həyat çox müxtəlif
və (hadisələrlə) zəngin, xüsusən indiki
zamanda beynəlxalq siyasət məsələsini necə burada
Səməd Vurğun göstərmişdi, bunu aydınlaşdırmaq
lazımdı” (AMEA RH Arxivi, fond-7, siyahı-1, iş-393,
qutu-36, səh.-195-196).
Nəzəriyyəçi alimlə görkəmli
şairin dialoqu sənət və sənətkarlıq məsələlərinin
dərin qatlarına hesablanıb. Müharibə
milyonlarla insanın, gəncin həyatına son qoyub. Fabriklərdə, zavodlarda, neft istehsalı sahəsində
işçi qüvvəsi çatışmır. Elə müasir dram əsərləri
yazılmalıdır ki, o boşluğun doldurulmasında
mühüm rol oynasın. Səməd
Vurğun akademik, ictimai xadim, deputat kimi yuxarı dövlət
dairələrinin kulisində gedən ideoloji layihələrin
mahiyyətindən xəbərdardır. O nəzəriyyəçi
alim kimi Məmməd Cəfərin fəhlə mövzusuna nəzəri
baxışları ilə tanış
olmaq istəyir. Yazılmış əsərlər
haqqında yox, daha çox yazılacaq əsərlərin kəmiyyət
və keyfiyyətinin yüksəldilməsi üçün nə
etmək lazım gəldiyini soruşur. Elmi
sesiyanın sədri incə məqamı düzgün dəyərləndirir,
verilən suallara məruzəçinin hazır
olmadığını, mövzunun ciddiliyini duyaraq problemlə
bağlı ayrıca sesiya keçirməyi məsləhət
görür. Bu, mövcud situasiyada ən
doğru qərar idi.
Azərbaycan
Elmlər Akademiyasınında Nizami adına
Ədəbiyyat İnstitutu ilə bağlı ən çox
müzakirə olunan mövzu institutda hazırlanan
altıcildlik “Azərbaycan əddəbiyyatı tarixi”
olmuşdur. Vitse-prezident Heydər Hüseynovun sədrliyi ilə
İctimai Elmlər Bölməsinin 1949-cu il
14 iyun tarixli iclasının gündəliyinə də məhz
bu mövzu gətirilmişdir. İnstitutun direktoru Məmməd
Arif Dadaşzadə altıcildlik “Azərbaycan əddəbiyyatı
tarixi”nin vəziyyəti haqqında bölmə üzvləri
qarşısında geniş məruzə etmiş, cildlərin
müəlliflərindən Həmid Araslı, Feyzulla
Qasımzadə, Mir Cəlal iş prosesində üzləşdikləri
problemlər barədə məlumatlar vermişdilər.
Bölmənin iclasında iştirak edən akademik Səməd
Vurğun söz alaraq demişdir: “Yoldaşlar, mən öz
çıxışımı Dadaşzadə (Məmməd
Arif nəzərdə tutulur – A.R.) yoldaşın təklifindən
başlamalıyam. Mənə belə gəlir
ki, artıq bizim ədəbi elmimiz, ümumən ədəbi
yaradıcılığımız belə bir mərhələyə
gəlib çatmışdır ki, biz hamımız
gözıl tarixçi olmaqla, ədəbiyyatşünaslığını
marksizm-leninizm əsasında möhkəm qura bilərik.
Nəinki bədii yaradıcılıq xalqın
tarixi vətənidir, elm bunun yaradıcısıdır.
Məhz buna görə də bizim ədəbiyyatşünaslarımız
hələ də tarixi yaxşı bilmir. Ona
görə də bu cür tarixi səhvlərə yol verirlər.
Mənim birinci təklifim odur ki, bu işi akademiyanın
və bunun elmlər şöbəsi (İctimai Elmlər
Bölməsi nəzərdə tutulur-A.R.) müstəqil
olaraq aparmalıdır. Madam ki,
ayrı-ayrı institutlara qaldıqda bir iş görmürlər.
Bu işi aparmaq lazımdır. Məsələn, cavan kadrolardan İqrar Əliyev
Midiya tarixindən çox yaxşı, cəsarətlə
yazmışdır. Ancaq Həmid Araslı yoldaş əsl
xalqın qəhrəmanlıq tarixinə çox az fikir vermişdir. Mən
özüm “Vaqif” əsərini yazdığım zaman əgər
tarixi yaxşı öyrənsə idim heç də bu qədər
nöqsanlara yol verməzdim.
Yoldaşlar, mən bu gün Qasımzadə (Feyzulla
Qasımzadə nəzərdə tutulur-A.R.) yoldaşın
çıxışından bir şey hiss etdim. Bu yenə qəzəl
şairlərinə müəyyən bir yol vermək istəyir.
Mənim fikrimə görə Azərbaycanda bir
nəfər qəzəl-şeir yazan olmuşdur ki, o da
Füzuli. Hansı qəzəl-şeirdən
danışırsınızsa danışın bunun nə əhəmiyyəti
var. Nə olsun çox qəzəl-şeir yazanlar olmuşdur?
Bunların qəzəllərindən heç
bir zaman mən zövq almamışam. Əgər
bunlar yaxşı şair idisə nə üçün Azərbaycanın
kəndi belə bunları tanımır. Əsas
biz işimizi ədəbiyyat üzərində qurmalıyıq.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Altı tomluq
(cildlik) əsəri çıxarmaq çox böyük məsələdir.
Mən şəxsən ümidvaram ki, bu ciddi məsələlərin
öhdəsindən burada oturan yoldaşlar gələ bilərlər
və gəlməliyik də! Xüsusən
partiya və hökumətimizin qərarlarından sonra bir
sıra ciddi nöqsanlarımız meydana
çıxarılmışdır, yoldaşların
hamısı əsas məsələni başa
düşmüşlər. Necə
danışmaq lazımdır, bunların hamısı,
özü bir daha şərait yaradır. Ancaq
6 tom əsərin yaradılması üçün mən
heç də elmi tələsməyin tərəfdarı
deyiləm. Məncə heç kəs demir ki, oktyabr
ayında bu əsər hazır olsun. Əsəri
hazır etmək lazımdır. Alim
düşünməli və işləməli, hissə
qapılıb tələsmək, elmi yazmaq düzgün
deyildir. Xüsusən belə bir
böyük 6 tomluq əsəri yazmaq üçün qətiyyən
tələsmək lazım deyildir. Əsl
sürət işin keyfiyyətində olmalıdır.
Mənim yaxşı yadımdadır, 5-6 ay bundan qabaq
açotlara (hesabatlara) qulaq asan zaman mən orada
çıxış etdim. Yəqin ki, mənim həmin
çıxışımın stenoqramması durur. Lazım olsa oxumaq da olar. Mən
orada göstərdim, indiki inkişaf dövrümüzdə tərtib
etdiyimiz planlar vardır, o planlar daha da kəskin
qoyulmalıdır. Çox təəssüf
ki, mənim orada danışdığım təkliflərin
hamısı kağız üzərində qaldı. Heç də mənə sağ ol deyən
olmadı. Əgər o təkliflər
prezidiuma (rəyasət heyətinə) təqdim olunsa idi
prezidium o təklifləri həyata keçirə bilərdi.
Mən yenə deyirəm, gec deyildir, bu əsərlər
üzərində danışırıq. Bir neçə
canlı temalar (mövzular) seçməklə 49-cu il planına daxil edək. Bizim
alimlərimizin yazdığı əsərlər
Ümumittifaq miqyasında yüksəlsin və orada öz qiymətini
alsın” (AMEA RH Arxivi, fond-7, siyahı-1, iş-631, səh.-139-141).
Akademik Səməd Vurğunun stenoqrafçı xətaları ilə kağıza köçürülmüş bu çıxışı çoxcildlik “Azərbaycan əddəbiyyatı tarixi”nin yaradılması uğrunda mücadilənin önündə getdiyini, milli məfkurəyə dayalı ideya istiqamətini müəyyənləşdirən görkəmli ədəbiyyatşünas olduğunu, əsl mənəvi dəyərlərə fövqəladə önəm verdiyini, elmi düşüncələrini böyük səmimiyyətlə, özünütənqid ruhunda ifadə etməyi bacardığını təsdiqləyir. Çoxcildli ədəbiyyat tarixinin ağırlığını, çətinliyini, məsuliyyətini dərk etməklə yanaşı gənc ədəbiyyatşünasların, ədəbiyyat tarixçilərinin “bu ciddi məsələlərin öhdəsindən” layiqincə gələcəklərinə onun böyük ümidlər bəsləməsi Azərbaycan ədəbiyyatının sabahına inamın, əminliyin sarsılmaz ifadəsidir.
Akademik Səməd Vurğunun elmi konfranslarda, sesiyalarda, tədbirlərdə, iclaslarda etdiyi məruzələr, çıxışlar, polemikalar, rəylər, fikir mübadiləsi onun ədəbi-ictimai düşüncəsini, dünyagörüşünü, fəlsəfi baxışını, milli ruhunu özündə əks etdirən yaradıcılıq aləminin tərkib hissəsidir. Akademikin arxivlərdən üzə çıxarılan hər bir yeni çıxışı, rəyi, düşüncəsi onun sözü mülkünün, yaradıcılıq xəzinəsinin zənginliyinə, tamlığına, bütövlüyünə xidmət etməklə yanaşı Azərbaycan ədəbiyyatşünaslığının dəyərli nümunəsidir.
Asif Rüstəmli
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2016.- 24
sentyabr.- S.16-17.