Ayaz Vəfalının
yubileyi qeyd olunub
Ayaz Vəfalını 30 ildir tanıyıram. O, əlli ildir ədəbiyyatımıza təmənnasız xidmət edir. Özü də “Ədəbiyyat qəzeti” kimi ədəbi ictimaiyyətin daim diqqət mərkəzində olan bir qəzetdə. Əlli il bir müəssisədə, özü də söz adamlarının nişangahı olan “Ədəbiyyat qəzeti”ndə işləmək əsl qəhrəmanlıqdır. O, bütün ömrü boyu vicdanla işləyib, obyektiv olub. Odur ki, Ayaz Vəfalı ədəbi ictimaiyyət arasında hörmət və ehtiramla anılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair, tərcüməçi, füzulişünas alim, Əməkdar İncəsənət Xadimi Ayaz Vəfalının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə AYB-in katibi, Xalq Yazıçısı Çingiz Abdullayev deyib.
Təmsil etdiyi qurumun adından yubilyarı təbrik edən Ç.Abdullayev ona uzun ömür, can sağlığı arzulayıb.
A.Vəfalının çox böyük bir ziyalı ömrü yaşadığını, dəyərli şəxsiyyət olduğunu söyləyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvi Nizami Cəfərov Xalq Yazıçısı Elçinin yubilyara ünvanlandığı təbrik məktubunu oxuyub.
Məktubda deyilir: “Səni - görkəmli şair və ədəbiyyatşünası səksən illik yubileyin münasibətilə ürəkdən təbrik edirəm. Sən bu yubileyi həm şair və ədəbiyyatşünas, həm də bir insan kimi üzüağ qarşılayırsan. Sənin poeziyan həmişə səmimi hislərin, təbii düşüncələrin bədii ifadəsi olub və poetik səmimilik, təbiilik gənc yaşlarından etibarən həmişə səninlə birlikdə olub. Sənin elmi yaradıcılığın da bu mənada həmişə poeziyanla üst-üstə düşüb, obyektivliyi, həqiqəti əks etdirib”.
N.Cəfərov Ayaz Vəfalını poeziyanı dərindən bilən şair, tənqidçi, əlli ildən artıq bir dövrdə ədəbiyyatımıza vicdanla xidmət edən, onun keşiyində sayıq dayanan ədəbiyyatşünas alim kimi xarakterizə edib.
Tədbirdə professorlar Aqşin Babayev, Asif Rüstəmli, Şirindil Alışanlı, Qəzənfər Paşayev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məmməd Əliyev və başqaları Ayaz Vəfalının mənalı ömür yolundan və zəngin yaradıcılıq axtarışlarından söz açıblar.
A.Vəfalının poeziyasının xalq yaradıcılığından qaynaqlandığını, folklordan, adət-ənənələrimizdən qidalanığını söyləyən alimlər deyiblər ki, bu səbəbdən də onun yazdıqları hər zaman maraqla oxunur. Xalq yaradıcılığı onun poetik dünyasının ana xəttini təşkil edir. Bunu şairin “İllər və nəsillər” kitabından başlamış, “Ürək və od”, “Turacın mahnısı”, “Bəlkə onda öyrənmişdik”, “Özü oda yana-yana” şeirlər kitablarından, poemalarından, xüsusən də “Sağ gözüm sənə qurban” poemasından və hətta tərcümələrindən də görmək olur.
Ayaz Vəfalının folklora bağlılığı, bütün yaradıcılığı boyu ondan bəhrələnməsi təsadüfi deyildir. O, folklorşünaslıq elmimizə yenilik gətirən tədqiqatçılardandır. Görkəmli folklorşünas alim Məhəmmədhüseyn Təhmasibin rəhbərliyi ilə “Füzuli və folklor” namizədlik dissertasiyasını yazan Ayaz Vəfalıya qədər yalnız Cəlal Abdullayev “Səməd Vurğun və folklor” adlı namizədlik dissertasiyası yazmışdı. Ayaz Vəfalıdan sonra yazıçı və şairlərimizin yaradıcılığında folklor motivlərinə dair çoxsaylı dissertasiyalar yazıldı. Ayaz Vəfalının dissertasiya işi ona Azərbaycanda və İraqda şan-şöhrət gətirdi. Ayaz Vəfalının folklora bağlılığı, xalqın söz sərvətindən bəhrələnməsi “Sənətkar və xalq” məqalələr toplusunda özünü bariz şəkildə göstərir. Onun folklora vurğunluğu ona gətirib çıxarmışdır ki, dünya xalqlarının atalar sözlərini dilimizə tərcümə edərək “Atalar sözü - ağlın gözü” adı altında çap etdirmişdir.
A.Vəfalının tərcümə sahəsində də diqqətəlayiq işlər gördüyünü qeyd edən natiqlər deyiblər ki, o, Əlişir Nəvaidən “Leyli və Məcnun” poemasını, eyni zamanda Taras Şevçenkonun “Kor qadın” poemasını, Aleksandr Çakovskinin “Qələbə” romanını (I kitab). Lesya Ukrainka, Konstantin Simonov, Həmid Əlimcan, Erkin Vahidov və başqalarının neçə-neçə poetik nümunələrini dilimizə çevirib.
Vurğulanıb ki, ədəbi əlaqələr yolunda onun xidmətlərindən biri də İraq türkmanları ilə bağlıdır. İraq türkmanları ilə ədəbi-elmi-mədəni əlaqələrin genişlənməsi və möhkəmlənməsində onun da əməyi az olmamışdır. Onun “Həsrət nəğməsi”, “Əta bəyin hüzurunda”, “Nəsiminin İraq Divanını oxuyarkən”, “Qələm və qan qardaşlığı” və başqa məqalələri kərküklülər tərəfindən rəğbətlə qarşılanıb.
Natiqlər onun ədəbi nəslin yetişməsinə qayğısından, təşkilatçılıq bacarığından söz açıb, yüksək insani keyfiyyətlərindən, istedadlı bir yazar olaraq Azərbaycan ədəbiyyatına verdiyi qiymətli töhfələrdən danışıblar.
Vurğulanıb ki, Ayaz Vəfalının hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Mətbuat tarixi və publisistika” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışması bir daha onun ədəbiyyatımıza sonsuz sevgisini, sözə sadiq olmasını, onun keşiyində müsəlləh əsgər kimi dayandığını sübut edir.
Diqqətə çatdırılıb ki, yaxın günlərdə Ədəbiyyat İnstitutunda da A.Vəfalının yubileyi qeyd olunacaq.
Sonda Ayaz Vəfalı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, ənənəsinə sadiq qalaraq ömrünün qalan hissəsini də ədəbiyyata, sözə xidmətdə keçirəcəyini vurğulayıb.
Ədəbiyyat qəzeti.- 2017.- 8
aprel.- S.2.