Qanadlı dostlar
Hekayə
Bala qartal yuvadan boylanıb ətrafa baxdı. Meşə, çöl-çəmən, çaylar ayağının altında idi. Axı yuvası hündür dağın zirvəsində yerləşirdi. Ana qartal ətrafı təəccüblə seyr edən balasının başına qanadı ilə sığal çəkib təbəssümlə dedi:
- Qartallar zirvədə yaşayar, ən yüksəkdə uçarlar.
- Ana, axı mən uçmağı bacarmıram.
- Öyrənəcəksən, balacan. Çünki sənin qanadların var. Nəinki uçmağı, ov ovlamağı, dost qazanmağı da bacaracaqsan!
- Ay ana, mənim dostlarım
olacaq?! Nə yaxşı! Özümə çoxlu dost
tapacağam...
Ana qartal günlərlə balasına qanad çalıb
uçmağı, ov ovlamağı öyrətdi. Sonra isə balasını qanadının altına çəkib ona
tapşırdı:
- Dostlarını isə
özün seçəcəksən. Unutma, özün kimi
qanadlı dostlar tapmalısan!
Bala qartal
bir gün zirvədəki yuvasından uçub dost
axtarışına çıxdı. Xeyli yol qət etdi, nəhayət,
meyvə bağındakı alma
ağacına qondu. O, ağacdakı qoşa yarpaqlı,
qıpqırmızı almanı görüb sevincək
söylədi:
- Axır ki, səni tapdım
qanadlı dostum! Nə gözəl qanadların
var?
Alma nazla
qartala baxıb dedi:
- Bunlar, qanad deyil,
yarpaqlarımdır. Düzdür, qanadlara bənzəyir,
amma mən uça bilmirəm. Bütün
yarpaqlar, budaqlar ağacların qol-qanadıdır. Bu yarpaqlar ətraf mühiti təmiz oksigenlə təmin
etməyə, insanlara dincəlmək üçün kölgə
salmağa, yaşıllığımızdan zövq
almağa xidmət edir.
Almadan qanadlara bənzər yarpaqlar haqda faydalı məlumatlar
eşidən bala qartal, qanadını sinəsinə qoyub
almanın qarşısında ba. əydi:
- Gəl, səninlə dost
olaq. Mən bala qartalam.
Alma
gülümsədi və elə saplağındaca
fırlana-fırlana dedi:
- Mən şirin almayam. Meyvə bağındakı bütün meyvələrlə
dostam. Amma qartal dostum yox idi.
Bala qartal
almaya lap həsəd apardı:
- Şirin alma,
sənin nə çox dostların var? Amma sən
mənim ilk dostumsan.
Dostlar bir xeyli söhbət etdilər. Onlar yeni
dostluğa çox şad idilər.
Bala qartalı qarşıda növbəti dostluqlar
gözləyirdi. O, alma ilə sağollaşıb
sevinə-sevinə uçub getdi. Alma
ağacının yarpaqları və budaqları bala qartala əl
elədi.
Dost tapmaq üçün bala qartal çox uzaqlara
uçdu və gəlib, böyük, ucsuz-bucaqsız, qoynu səma
kimi mavi, dalğaları bulud kimi ağappaq okeanın sahilinə
çatdı.
Okeanın sahili bir tərəfdən meşə,
digər tərəfdən sıldırım qayalarla əhatələnmişdi.
Bala qartal sıldırım qayaya qonub həyatında
ilk dəfə gördüyü mavi gözəlliyi iti
gözləri ilə seyr etməyə başladı. Okeandan əsən meh bala qartalın ipək kimi
tüklərinə anasıtək nəvazişlə
sığal çəkirdi. Bala qartal
qanadlarını açıb səmada, okeanın üzərində
qıy vuraraq doyunca süzdü. Sonra yenə
qayaya qonub məğrur duruşu ilə gözlərini sanki
okeanın bitdiyi üfüqə zillədi. Birdən üfüqdə qaraltı bir nöqtənin
sahilə doğru, ona tərəf gəldiyini gördü.
Qara nöqtə getdikcə böyüyür,
böyüdükcə ağappaq yelkənlər aydın
görünürdü.
Böyük,
ağ yelkənli gəmi küləyin nəfəsi
ilə okean sularını yara-yara sahilə çatdı. O,
okean və dənizləri gəzib-dolaşıb, bütün
dünyanı səyahət etmişdi. Bala qartal
gəminin ətrafına dolandı. Ən hündür
yelkən dirəklərindən birinə qonub gəmini
salamladı. Gəmi bala qartalı gülərüzlə
qarşıladı. Bala qartal ağ
yelkənli gəmiyə öz dostluğunu təklif etdi:
- Mən ilk dəfədir ki,
belə iri qanadlar görürəm. İstərdim
ki, mənim dostum olasan.
Gəmi
gülümsəyərək cavab verdi:
- Qanad dediyin yelkənlərimdir.
Bala qartal, mən bu iri yelkənlərimin köməyi
ilə səyahət edərkən saysız-hesabsız dostlar
qazanmışam. Dünyanın hər yerində
dostlarım var. Adalar, yarmadalar, kitlər, balinalar...
- Nə böyük
dostların var? Ağ yelkən, sən də mənim
ən böyük dostum olarsan?
Bu təklifdən
sevinən gəmi okean dalğalarının üzərində
yırğalanıb dedi:
- Qartalla dost olmaq mənim
üçün fəxrdir!
Ağ yelkən bala qartala dünya səyahətindən
danışdı. Macəra dolu söhbətə okean
sularında yaşayan delfinlər də qulaq asırdılar.
Delfinlər,
arada-bir gəminin ətrafında sürətlə
üzür, sudan çıxıb
hündürə tullanır sanki havada uçurdular.
Bala qartal
şən delfinləri görüb çox sevindi:
- Ağ yelkən, deyəsən
daha bir qanadlı dost tapdım.
- Delfinlər, mənimlə
dost olarsız?
Delfinlərin üzündə təbəssüm
görünürdü. Delfinlərdən biri digərinə:
- Bala qartalla dostluğa nə
deyirsən?
O biri
delfin razılıq əlaməti olatraq başını yellədi:
- Dənizdə
dostlarımız çoxdur, səmada da Bala qartal dostumuz olsun!
Bala qartal Ağ yelkən və delfinlərlə
dostluğundan çox məmnun idi. Hələ dostlar əyləncəli
yarış da keçirtdilər. Delfinlər
suda, Bala qartal havada bir-birini ötməyə
çalışırdılar. Qalib gələn
isə dostluq oldu. Dostlar vaxtın necə keçdiyini
hiss etmədilər.
Yeni
dostlar axtarışında olan bala qartal bir xeyli
uçmuşdu ki, gül-çiçəkli,
bağ-bağatlı, ikimərtəbəli bir ev
gördü. Evin pəncərələrindən
biri açıq idi. Zərif, ağ
tül pərdə xəfif-xəfif dalğalanırdı. Dibçəkdəki çəhrayı
çiçəkli ətirşahın xoş ətri ətrafa
yayılmışdı. Bala qartal
böyük maraq və ehtiyatla tül pərdənin
arxasından içəri boylandı.
Otaqda, pəncərənin yanındakı masanın
qarşısında balaca bir oğlan əyləşib kitab
oxuyurdu. Masanın üstü isə rəngbərəng
kitablarla dolu idi. Sərin meh kitabın
açıq səhifələrini vərəqləyirdi.
Bala qartal açıq kitabları qanadlara bənzədərək
düşündü: “Bu uşağın nə qədər
qanadı var?!”
O, maraqla
uşaqdan soruşdu:
- Balaca, bu qədər qanad sənin
nəyinə gərəkdir?
Uşaq
qartalı görüb heyrətləndi:
- Aaa... Bala qartal, sən hardan uçub gəldin?
- Mən
dost axtarışına çıxmışam. Özümə qanadlı dostlar axtarıram. Qanadların yaman çoxdur. Gəl, səninlə
dost olaq.
Balaca
oğlan əvvəlcə çiyinlərinə, sonra ətrafına
baxdı:
- Qanadlarım? Mənim
qanadlarım yoxdur...
Bala qartal
masanın üzərindəki kitabları uşağa göstərib:
- Bəs bunlar? Məgər
sən bu qanadlardan istifadə etmirsən?
Oğlan, qartalı başa düşdü. Qartal
açıq kitabları qanadlara bənzətmişdi. Elə düşünmüşdü ki, bu
“qanadlar”ı taxıb uçmaq olarmış.
- Bəli, bu kitablar mənim
qanadlarımdır. Kitablar bütün insanların
qanadıdır! Nə qədər çox kitab
oxusan, bir o qədər yüksəyə qalxmağa,
arzularına çatmağa, uzaqlara uçmağa
qanadların olacaq. Mən kitabları
oxuduqca, gözəgörünməz qanadlarım bitir.
Bala qartal
qanadlarını qaldırıb onlara baxdı:
- Deməli qanadlar təkcə
bu cür olmurmuş...
- Ağıllı insan, mənimlə
dost olsan, çox sevinərəm.
Oğlan,
toppuş əlləri ilə qartalın qanadına
sığal çəkdi:
Əlbəttə,
Bala qartal! Tez-tez gəl, sənə də
oxuduqlarımdan öyrədərəm, maraqlı
nağıllar danışaram. İndi isə
dərslərimi hazırlamalıyam.
Elə bu zaman balacanın nənəsi əlində yenicə
bişirdiyi isti, ləzzətli qutabla otağa daxil oldu. Bala qartal, nənə
onu görməsin deyə pərdənin arxasında gizləndi.
Nənə təbəssümlə nəvəsinə
qutabları uzadıb yanağından öpdü,
başına sığal çəkib:
- Ay mənim qolum-qanadım,
şirinim-şəkərim, ağıllı balam! - söylədi.
Nənə ilə nəvə şirin-şirin söhbət
edərək qutabların dadına baxarkən bala qartal
anasını xatırladı. Anası
üçün yaman darıxmışdı. O, astaca pərdənin
arxasından çıxıb, pəncərədən
uçub yuvasına - anasının yanına getdi.
İndi bala qartalın dünyada ən şirin, ən
böyük, ən şən, ən ağıllı və
mehriban dostları vardır. Dostlarının hər birininsə
özünə məxsus qanadları...
Elvira Məmmədova
Ədəbiyyat qəzeti.- 2017.- 15 aprel.- S.25.