Ağrılı günlərin

gürcü hekayələri

 

Nəriman Əliyev gürcü dilindən etdiyi tərcümələr toplusunu – «Bir pyes, on yeddi hekayə» kitabını (Tbilisi, 2015) mənə bağışlayanda onu da dedi ki, bugünkü gürcü ədəbiyyatında aydın seçilən bir fikir, ruh sərbəstliyi var… Əlbəttə, bu, yeni bir şey deyil, ümumən gürcü xarakteri, bədii özünüifadəsi üçün kifayət qədər səciyyəvi cəhətdir. Və özünü həmişə göstərib.

Ancaq Nəriman Əliyevin uğurlu tərcümələri imkan verir ki, postsovet məkanında, xüsusilə ilk illərdə, baş vermiş mürəkkəb ictimai- siyasi, mənəvi- ideoloji proseslər kontekstində gürcülərin nə düşündükləri, hansı hissləri keçirdikləri və gələcəyə necə baxdıqları barədə müfəssəl təsəvvür yaransın.

Əslində, kitabdakı pyes də, hər bir hekayə də geniş təhlilə layiqdir, ancaq bir neçə hekayə üzərində dayanacağam. O hekayələr üzərində ki, ideya- məzmunca məni daha çox maraqlandırdı. Və Azərbaycan üçün də az səciyyəvi olmayan keçmiş günlərə qaytardı…

Böyük Nodar Dumbadzenin nəslindən olan yazıçı, dövlət xadimi Qela Dumbadze «O günləri yadıma salan üç əhvalat» hekayəsində Sovetlər Birliyi çökdükdən sonra Gürcüstanın yaşadığı ağır, sıxıntılı günlərin mənzərəsini canlandırır. Çətin maddi şəraitdə uşaqların təlim- tərbiyəsi ilə məşğul olan müəllimlər ürəkdən çalışırlar ki, Gürcüstanın gənc nəsli vətənə layiqli övladlar kimi böyüsünlər. Ona görə də hər cür məhrumiyyətlərə sinə gərirlər… Həmin günlərdə bir xeyriyyəçi xanım Elizabet Qast alman məktəblilərinin öz əllərilə hazırladıqları oyuncaqları gürcü məktəblilərinə hədiyyə göndərir. Uşaqlar hədsiz dərəcədə sevinirlər… Məktəb direktoru artıq qalmış «boz dovşan»ı da məktəbli oğluna verir. Bir neçə ildən sonra Tbilisiyə qonaq gələn xeyriyyəçi xanım təntənə ilə qaşılanır. Və məktəb direktoru artıq oynadılmaqdan tükləri tökülmüş «boz dovşan»ı o günlərdən xatirə olaraq Elizabet Qasta qaytarıb minnətdarlığını bildirir… Sonralar isə eşidir ki, xeyriyyəçi xanım ona qaytarılmış «boz dovşan»ı «öz evinin qonaq otağının ən görkəmli yerində ən əziz ərməğan kimi saxlayır».

Hekayə çətin günlərin dostlarına minnətdarlığının nə qədər ali bir hiss olduğunu göstərməklə yanaşı, gürcü qürurunun romantikası barədə də təsəvvür yaradır.

Tbilisidən ABŞ- a köçmüş Yaşa Livşits Gürcüstanın ağır vəziyyətdə olduğunu bildiyinə görə buradakı məhəllə dostlarının hərəsinə əlli dollar göndərir. Əslində, şərait tələb edir ki, hər kəs öz pulunu buna çox böyük ehtiyacı olan ailəsinə xərcləsin… Ancaq şəraitlə hesablaşmalı olsaydı, gürcü də gürcü olmazdı… Həmin pulları bir yerə yığıb haylı- küylü, şən bir məclis keçirən dostlar onun vidiokassetini uzaq Amerikaya göndərirlər.

Qela Dumbadze mənsub olduğu xalqın artıq tarixə çevrilmiş ağrılarını (və hər cür çətinliyə həmişə qalib gəlmiş iradəsini), heç şübhəsiz, yüksək istedad (və səmimiyyətlə) qələmə almışdır.

Revaz Mişveladzenin «Çətindir, çətin…» hekayəsi isə ağır zamanlara «nikbin» bir parodiyadır ki, burada «laxlayan kadr siyasətinə hücum başlanıb, demokratiya qanadlarını açanda» özünün gözləmədiyi halda «kollektivlə razılaşdırılıb» nazir seçilmiş bir insanın başına gələn qeyri- adi hadisələrdən danışılır… «Axşam ailəmi necə olsa da bu fikrə alışdırdım ki, nazirəm, ancaq sözün düzü, heç özüm belə inana bilmirdim».

Heç bir təcrübəsi olmayan «nazir» naşılıqdan nəinki öz vəzifəsini yerinə yetirə bilir, işə gedib- gələcəyi üç maşının arasında qalır: xidməti «Volqa»nın, köhnə «Jiquli»sinin, bir də taksilərin… «Bax belə… O adamları ki, karyera pilləsinə yüksəlmək gözləyir, bilin, nazir olmaq, həqiqətən, asan iş deyil».

Bir dövrdə ki ümumən millətin başı öz əlində deyil, bir dövrdə ki millətin başını qatmaq üçün «demokratiya oyunu» oynanılınır, o dövrün «seçilmiş» naziri də həmin oyunun zavalı «piyadalar»ından başqa bir şey deyil… Yazıçı naşılıqdan yaranan çaşqınlığı göstərir, yüksək dövlət vəzifəsində həmin çaşqınlıqdan nələrin törəyəcəyini təsəvvür etməyi isə oxucuların öhdəsinə buraxır…

Quram Meqrelişvilinin «Yazıçı» hekayəsi qeyri- adi tesktoloji quruluşu, ictimai hərc- mərcliyin insan şəxsiyyətinə nə dərəcədə alçaldıcı ironik münasibət göstərdiyinin konkret detal və təfərrüatlarla əksi baxımından maraq doğurur… İqtisadi çətinlik illərində özünə iş axtaran, qəzetə bu barədə elan verən gənc yazıçı insan ağlına belə gəlməyən ən təhqiredici «vəzifələr» yerinə yetirməli olur… Məsələ burasındadır ki, özünü qamçılatmaqla pul qazanan yazıçının işindən ailə üzvləri narazı olub, onu «işə götürən»in qarasınca danışsalar da, nəticə etibarilə, dolanmaq, ev almaq, istirahətə getmək xatirinə vəziyyətlə barışırlar. Və hətta qonşu da yalvarır ki, onun işsiz oğluna belə bir iş tapsın.

Bu hekayə hərc- mərcliyə, insan ləyaqətinin alçaldılmasına elə bir sarkazmdır ki, hətta qəhrəmanlardan biri illər boyu arzulanmış milli müstəqilliyə qarşı çıxıb «kommunistlərin dövrü»ndəki «qanun- qayda»nı həsrətlə xatırlamağa məcbur olur…

Doğrudur, müəllif öz yazıçı qəhrəmanının bivecliyini, əqidəsizliyini qeyd etməyi də unutmur, ancaq ona qarşı dayanan əxlaqi- ictimai ədalətsizlik o qədər rəzildir ki, qəhrəmanı qınamaq da olmur…

Murman Xuntsarianın «Doğum günü» hekayəsinin qəhrəmanı Quca bir payız günü düşüncələr, xəyallar içərisində yaşadığı şəhəri dolaşır… «Qəflətən onun qarşısına uşaqlı qadın çıxdı. Quca xoşbəxt ananın baxışlarını gördü və həmin an içində sevincək halda qışqırdı: Allah məhəbbət deməkdir!

Bütün varlığı təkrar edirdi: Allah məhəbbətdir! Ancaq haradansa qarğa kimi uçub gələn bədbinlik onun sevincinə kölgə saldı: Allah məhəbbətdirsə, bəs kimə və nə üçün nifrət lazım olmuşdur?»

Qucanı filosofluğa vadar edən doğma Gürcüstanın, ümumən dünyanın düşdüyü çıxılmaz vəziyyətdir. «…Gözləri qaraldı, dünya başına fırlandı və qan rəngli dalğa göz qübbəsində iyrənc bir sifət təsvir etdi.

«İblis!» – deyə qışqırır iyirminci əsr.

«İblis!» – təkrar edir keçmiş zaman.

«İblis!» – deyə guruldayır bəşəriyyətin gələcəyi».

Şəhərdə xoşa gələn bir şeylə qarşılaşmayan Quca axşam üstü özündən asılı olmayaraq anasının dəfn edildiyi qəbristanlığa gəlir. Və burada əvvəl körpəsini, sonra da özünü öldürmək istəyən bir qadınla – Abxaziya qaçqını ilə qarşılaşıb onu qərarından döndərməyə çalışır…

« – Bilirəm, bu gün hər yanda özbaşınalıqdır, ancaq anasan, çağanın xətrinə bunlara dözməlisən.

Qadının üzünə təbəssüm gəldi:

– Çətinliyə dözərdim…

Təəccüblə:

– Bəs nə olub?

– Bu gün Gürcüstanda yaşamağa xəcalət çəkirəm, – deyə gecənin qaranlığında ananın səsi eşidildi.

…Bir anda qadın zorla uşağı onun qucağına basdı: «Yiyəlik elə, bəlkə də, həyatda özünü doğrultdu», – deyərək iti addımlarla gecənin qaranlığında yox oldu».

Müxtəlif ədəbi nəsillərdən olan gürcü yazıçılarının Nəriman Əliyevin tərcüməsində təqdim olunan əksər hekayələrində nə qədər dözümlə qarşılansa da sonsuz əzab, iztirab motivləri mövcuddur. Ən təsirli cəhət isə odur ki, bunlar xristian fəlsəfəsindən gələn mücərrəd əzab və iztirablar deyil, Gürcüstan insanının (və tarixinin) yaxın keçmişdəki yaşantılarıdır… O yaşantılar ki, gürcü ədəbiyyatı onlara laqeyd qalmayıb, əksinə, öz canına- qanına hopdurub, yaddaşına həkk edib ki, gələcək nəsillər üçün əbədi dərs olsun.

 

Nizami Cəfərov

 

Ədəbiyyat qəzeti.- 2017.- 22 aprel.- S.13.