“Ağ buludlar”ın
günaha
batmış günahsız qəhrəmanı...
Əbili tanıyandan sonra özümə söz
vermişdim ki, Azərbaycan ədəbiyyatının
dağdan ağır yazıçılarının
kitablarına hələlik əlimi vurmayım. Sonrası
Allah kərimdir. İsi Məlikzadənin
“Qırmızı yağış” romanındakı Əbili
deyirəm. Varlı qardaşı tərəfindən Şuşa dəlixanasına göndərilir
ha, bax, həmin bəxti qaranı. Əbil də
eləmə tənbəllik deyibən yük maşınının
kuzovundan yıxılıb ölür. Dəlixanaya
da gedib çıxa bilmir. O boyda dərdlə hara getmək
olardı? Hansı ağıllı Əbilin dərdinin
altına çiyin verərdi? Üzü
sulusu ölmək idi, o, da ölüb canını qutarır.
Amma “Qırmızı yağış” povestinə qədər
də “Tütək səsi”ndəki Cümrünün, “Ürək
yaman şeydir”dəki Əjdərin, “Yamacda nişanə”dəki
Laçının, “Gülüstan”dakı Mədətin
amansız taleləri ilə tanış olub dərindən
sarsılmışdm.
Mübariz Örənin
“Ağ buludlar” povestinə sırf müəllifin imzasına bələd
olmaq üçün baş vurdum. Ötən il yazıçının “Balıq
gülüşü” adlı hekayəsini qaçaraq
oxumuşdum. Qaçaraq oxuduğum bəzi mətnlər kimi
ondan da yadımda çox az şey
qalmışdı. Qaynar günəş
şüaları, balaca oğlan, pırtlaşıq
saçlı qızcığaz və s.
Eşidib bildiyimə
görə Mübariz Örən uzun illər soyuq və şaxtalı
Rusiyanın şimalında qəribçiliklə qol-boyun
yaşayıb. Necə yaşayıb bilmirəm.
Amma onu bilirəm ki, bu gün ortaya belə gözəl bir əsər
qoymağında həmin qəribçilik illərinin təsiri
az olmayıb. Doğmalarından,
dostlarından ayrı qalan, uzaq düşən adam
səssiz, tənha, içinə qapanıq olur. Sözünü, söhbətini, sevincini, dərdini
bir sözlə hər şeyini öz içinə
qomalayır. Bu səbəbdən də qəribçilik
çəkən insanların timsalında ona ayrıca
hörmətim vardı.
“Niyə məni qoydun
öləm, baba?!”
Povestin ilk cümləsindəcə
gerilədim. Elə bil kimsə sinəmdən
yumruqla vurub itələdi. Bildim ki, əsəri
oxuyub başa çatdırmaq mənə baha başa gələcək.
Bir yandan da həmin
cümlə məni çəkdikcə çəkib povestin
içərilərinə doğru aparırdı. Hiss
edirdim ki, o yalvarış, uğursuzluq, bədbəxtlik
tökülən ilk cümlə boş-boşuna
yazılmayıb. Elə əsər özü də
məhz həmin cümlədən boy verib böyüyüb.
Ard-arda düzülən cümlələrin
içərisinə ilgəklənən əhvalatların
ardıcıllığı, dilin axıcılığı,
nəqlin yoruculuqdan və uzunçuluqdan uzaq olması məni
bir az da həvəsləndirdi.
Adsız qəhrəman
atasını axtarırdı, amma babasını
tapmışdı, anasına qovuşmaq istəyirdi, nənəsinə
ürcah olmuşdu. Onun yer üzündə
belə amansız labirintdə dolaşığa düşməsi
mistika deyildi, tale, alın yazısı idi. Amma bu ləkəli
və günaha bulanmış yazıydı...
Nəsil şəcərəsindən
başlanan günaha ilk əvvəl babası, daha sonra
atası toxunmuşdu. Sonda həmin günahdan bir pay da
onun özünə sıçrayacaqdı...
O, da milyardlarla uşaqdan biri kimi
anasının bətnindən gün işığına
göz açıb sakit, təmkinli xarakterlə böyümüşdü.
Yetimlər evinə qoyulsa da, mənliyini, ləyaqətini
itirməmişdi.
Yetimxanadan
buraxıldıqdan sonra isə “Başlı başını
saxlasın” əyyamında başını başlara
qoşub özünə dolanışıq qurmağa
başlayır. Ürəyində bir arzu
tutur ki, nə vaxtsa, ata-anasının, bacısının
sorağını alacaq, onlara qovuşacaq. Lakin, əsərin əvvəllərindəcə
atasının başına gələn biabırçı,
ürək bulandıran vaqeədən xəbər tutur.
Anası ilə bacısını isə
gördüm deyən olmur. Anası baş
götürüb bu lənətli obadan uzaqlara gedəli illər
olmuş. Üstəlik qızını da
özünə qoşub aparıb. Onların
əvəzinə onu öz evlərinin kandarında
söyüşcül bir qarı qarşılayır. Qarı onu görən kimi tanıyır. Ağına bozuna baxmadan söyüb bulayır.
Qarının söyüşlərinə
dözə bilmir. Başını
götürüb ordan uzaqlaşsa da, başqa bir məkan onu
maqnit kimi özünə doğru çəkir.
Qanındakı günahın mayasının qərar
tutduğu yerə müqəddəs gölə, urfulu gölə
tərəf...
Göl yerləşən
kəndin adamları həmin gölə utandıqlarından
müqəddəs göl deyirlər. Əslində
o göl murdarlanıb.
Su təmizdir,
pakdır, hər şeyi yuyub aparır deyirlər axı.
Mübariz Örənin povestində isə
müqəddəs gölün təmizliklə heç bir əlaqəsi
qalmayıb. Bu səbəbdən də
hamı göldən perik düşüb. Üzərində
gecə-gündüz növbə tutub yırğalanan bir topa
qara buluddan savayı...
Bulud öz toxumundan
cücərənin gəlib çıxacağı
günü gözləyir. Həmin, gəlişdən
sonra qara bulud gölün üstündən çəkilib
onu öz lənətindən azad edərək yenidən yer
üzünə, insanlara təhvil verəcək. Hələlik isə keşik çəkir. Balalarının ruhuna. Çevrə
gec-tez qapanmalıdır. Bunun üçün seçilən qurban-qəhrəman
isə Sadomordan qaçmağı qərara alır. Onu ora
maqnit kimi çəkən fiziki və mənəvi hər
şeydən uzaqlaşmağa can atır. Amma bu
qaçış həm də öz taleyinə doğru getməkdir.
Yenə də bilməyərəkdən...
Hər şeyi o,
gözəgörünməz özü öz əli ilə
yazıb, nöqtəsini də qoyub. Bəlkə
pozmaq da istəyib. İnsafən əsərin
qəhrəmanının xasiyyəti müsbət
çalarlarla zəngindir. Vicdanlıdır,
əxlaqlıdır, yanımcıldır. Öz-özü ilə hesab çəkməyi
bacarır. İçərisindəki
vicdan mexanizmi edəcəyi günahın ilk addımındaca
işə düşür, hərəkətə keçir.
Amma nə etməli? Hər
şey o göydəkinin əlindədir. Yazıya pozu
yoxdur! Hələlik yoxdur. Sonrasına
baxarıq...
Qəhrəman öz
işçisi Bulata qoşulub Sadomardan “qaçır”. Qazaxıstana ət gətirməyə gedirlər.
Yol yarılanır. Şimal
soyuğuna bürünən qar hər tərəfi ağa qərq
edir. Amma yük avtomobili xarab olur, yarı
yolda qalırlar.
Bulat şef dediyi qəhrəmana təsəlli
verir:
“Narahat olma, qalın
geyinib məni gözlə. Bu yaxınlarda
kənd olmalıdır. Gedim görüm
kimi tapıram." Xalxla durub
çöllü-biyabanda höcətə çıxası
deyil ki?! Bu yolu özü öz ayaqları
ilə gəlib. İndi zəhmət
çəkib gözləsin.
Yandırdığı
təkərin alovuna bir müddət qızınsa da, yuxu
başının üstünü alır. Qara bulud
topası kimi...
Tanrının öz
yazısına acığı tutur. Qəhrəmanını
günaha batırmaq istəmir. Nəsə
yaman ürəyinə yatıb bu bəndəsi. Hələlik donub ölməkdən qorxan, qanı
günahla yoğrulan bəndəsini ilıq yuxuya verir.
Yuxu isə onu düz
urfulu gölə aparıb çıxarır. Batır, batdıqca da gözlərinin
qarşısında bir qoca peyda olur. Həmin Qocadır! Apollondakı timsahgöz Qoca.
Qəhrəman
boğulmaq istəmir. Hönkür-hönkür
ağlayan Qocaya baxıır: “Məni niyə qoyursan batam,
baba?!”
Yazının əvvəlində
eyham vurduğum söhbətdir. Oxuyarkən
sinəmə yumruq kimi dəyən cümlə burada bir
söz dəyişikliyi ilə təkrar olunur. Bayaq ölürdü, indi isə batır. Demişdim axı tanrı nəsə nala-mıxa
vurur.
Qocanı görəndə
özü də eymənən kimi olur. Axşamacan
özündən balacalara buyruqçuluq edən bu
hissiyyatsız qocaya niyə baba dedi?
Yaxşı o dedi, dedi. Bəs qoca niyə
gözünün yaşını sel kimi axıdır?
Tanrı hələ
seyr edir. Elə bil tamaşaya durub. Yazısını pozmaq istəmir. İnsan övladına etibar yoxdur. Görək, bəndələri
nə oyun çıxardacaq?! Bəlkə heç olmasa
bu bəndəsi əzəli əbədi insan nəfsinə,
şeytana qalib gələcək! Xeyir qələbə
çalacaq?!
Qocanın əli
çiyninə toxunur. Gözlərini
açıb Qocaya baxmaq istəyir. Amma
görür ki, yox, bu kimsə başqa adamdır. Onu
donmaqdan xilas etməyə gələn adam.
Qocanı eləcə gözü yaşlı
urfulu gölün içərisində qoyub gələn adamla
gedir.
Addım-addım öz ayağı
ilə öz taleyinin düyününü çözməyə,
həm də günahına batmağa...
Elə bir günaha ki,
bu günahdan yaxa qutarmağın tək yolu
ölümdür. O da hələ sual altındadır.
Ölə biləcəkmi, ölsə yaxasını
sıyıra biləcəkmi törətdiyi günahın
yükündən...
Qonaq qaldığı
evdə bir gecə gözünə pəncərədən
ona tamaşa edən bir qadın baxışı
sataşır. Əvvəl xəyal
olduğunu zənn edir. Sonra görür
ki, yox, baxan dirigözlü qadındır. Onu təpədən dırnağa süzür.
Kimdir axı bu deməyə macal tapmır.
Yuxu başının üstünü alır.
Sonra Aysulu gəlir.
Bununla da həm Aysulu, həm də o,
murdalanır.
Ertəsi gün kəndi
şüvən bürüyür. Aysulu
üçün təmizləməyə verdiyi
paltarlarının cibindən atasının şəklini
tapırlar. Sulucan bibi şəkli az
qalır ki, onun gözünə soxsun: Atandır eləmi?!
Havalı adamlar kimi
maşına oturub qaçır. Arxasından
fəryad qopara-qopara gələn qadın həmin gecə pəncərədən
ona baxan qadının eynisidir. Həm də uzaq
keçmişdən, onu yetimlər evinə aparıb qoyan
qadının qocalığı...
Gəldiyi istiqamətə sürür, maşın
meşəlikdəki ağaclara çırpılıb
dayanır. Soyuq iliyinə kimi işləyir.
Bir də onda ayılır ki, Tura çayında körpə
Aysulu ilə əl-ələ dayanıb. Hardansa Qoca da
peyda olur. Çevrə qapanır...
...Qara
bulud yoxa çıxır. Onun yerini bir topa tərtəmiz,
gözqamaşdırıcı parıltısı ilə ağ bulud alır. Ağ buludun ətrafına
asimanın hər tərəfindən irili-xrdalı pambıq
kimi buludlar topalaşır.
Sadomor uzun illərin lənətindən
xilas olur. İnsanlar təəccüb həm
də sevinc hissi ilə müqəddəs gölün üzərindəki
bulud topasına tamaşa edirlər.
Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2017.- 22 aprel.- S.29.