İntihar
Gözəl Kor Qız haqqında
hekayə
1. Əbinin Ağa olması.
…sonra
gördü ki, ağır bir daş sürəti ilə
başı aşağı sıldırım qayaların
arasından dibi görünməyən yarğan boyu
aşağı uçur – uçdu, uçdu, nəhayət,
yarğanın dibinə çırpıldı və
parçalanmış kəlləsindən pırtlayıb
çıxan beyini başından fəşqıran Qana
qarışıb, yalçın qaya parçalarının
üstünə çırpıldı.
Və o qış gecəsi Zəhra
– Əbinin anası – uşağın o dəli hürkü ilə
bağırtısına yerindən dik atıldı və
yalın ayaqları ilə səs salmadan onun yanına
qaçaraq həyəcan dolu bir pıçıltı ilə:
- Əbi, nədi,
nolub? Pis yuxu görmüsən?-
soruşdu və bədənindən
sürüşmüş yorğanı uşağın
üstünə çəkəndə gördü ki,
Əbi suyun içindədi: - Nə yaman tərləmisən…-
pıçıldadı.
Əbinin iri, yaşıl gözlərinə,
elə bil, hardansa işıq düşürdü və
uşaq qaranlıqda işıldayan gözləri ilə zənnlə
anasına baxdı:
- Aslan yenə hardadı?
Anası Ani olaraq Şakirə tərəf
baxıb:
- Yavaş ol,-
dedi və:- Kimi dedin?- soruşdu.- Kim hardadı?
- Aslan…
- Yavaş danış... Aslan kimdi?
Aslanın kim
olduğunu Əbinin özü də bilmirdi, amma:
- Yenə ştraf eləyiblər?- soruşdu.
Zəhra da
pıçıltıyla:
- Yuxuda nə görmüsən belə?-
soruşdu, sonra:- Qalx, görüm.- dedi və
uşağın yaş maykasını əynindən
çıxardıb, özünün gen-bol gecə köynəyinin
qolu ilə Əbinin bədəninin tərini sildi, əvvəlcə
istədi ki, başqa mayka gətirsin, amma qorxdu ki, Şakir
yuxudan oyanar:- Yat, yat, Əbi.- pıçıldadı.-
Yorğanı üstündən salma.
Əbi dalbadal doğulan beş
qızdan sonra dünyaya gəlmişdi, ancaq qız dalınca
qızın doğulması, onsuz da bəxtindən və
güzəranından çox narazı olan, ömründə
üzü gülməyən və dünyanı fikrində
«oğraş dünya» hesab edən, bir az içəndən
sonra isə dünya haqqında bu fikrini hamıya bildirən,
get-gedə də Allahdan uzaqlaşan Şakirin – qızların
atasının – ürəyini elə bir qüssə ilə
doldurmuşdu ki, Əbinin bu «oğraş dünyaya» təşrif
buyurması belə, onu sevindirmədi.
Zəhra
eləcə səssiz addımlarla qayıdıb, yavaşca
yerinə girdi və ehtiyatla Şakirə baxdı – Bakı
sirkində avtobus sürücüsü işləyən,
sübh tezdən elektrik qatarına minib işə gedən,
axşamdan da xeyli keçmiş evə qayıdan Şakir elə
yorulurdu ki, yatanda bərk yatırdı və bu dəfə də
bərk yatmışdı, oyanmadı. Şakir qastrola gətirilən,
sonra da geri qaytarılan, zooparklara gəndərilən və
oradan da sirkə daşınan heyvanları ordan bura, burdan da
ora daşımaqla məşqul idi və heyvanlara adət
etmişdi-nə idi, adamlarla danışmağa qəti həvəsi
yox idi, danışanda da ağına-bozuna baxmırdı, həyat
haqqında ağzına gələni deyirdi.
Zəhra isə həmin payız gecəsi yata bilmədi
– çox narahat yatmış Əbi o tərəf-bu tərəfə
çevrilərək yorğanı üstündən
atırdı, Zəhra da səssiz bir kölgə kimi gedib onun
tərini silir, yorğanı üstünə çəkirdi. Şakir
çox siqaret çəkdiyi üçün
xırıltıyla nəfəs alırdı, hər nəfəs
aldıqca da ucuz və tünd siqaret iyi ətrafa
yayılırdı və Zəhra artıq vərdiş etdiyi
bu siqaret iyi içində Allahdan diləyirdi ki, Əbi xəstələnməsin.
O payız gecəsinin səhəri
«Əbi» – yəni ki, Əbdül, xəstələnmədi və
altı yaşlı Əbi də, Zəhra da Aslanın kim
olduğunu on ildən sonra, Əbinin on altı yaşı
olanda bildi, ancaq bu, elə bir onillik idi ki, sehri-sirri bəlkə
neçə on ilə də sığmazdı – bu onillikdə
nəinki qəsəbə camaatı, hətta siqareti tərgitmiş
Şakir də ona Əbi yox, Əbdül də yox, «Ağa»
deyirdi.
Qəsəbənin
şimal tərəfində dənizlə üzbəüz
dağın ətəyində «Korgözəlqız» («Kor gözəl
qız») piri var idi – deyilənə görə gözəllikdə
şöhrəti bütün sahil boyu Abşeron kəndlərinə,
qəsəbələrinə yayılmış bu yerlərin ən
Gözəl Qızı anasını çox istəyirdi,
ancaq ana qəflətən xəstələnib ölür,
Gözəl Qız isə illər boyu gecə-gündüz o
qədər ağlayır ki, kor olur və onun göz
yaşlarından bir bulaq yaranır, Allah-təala da Gözəl
Qızın belə bir sədaqətinə görə həmin
bulağa şəfa bəxş edir. Qaladan bir az
yuxarıda, dağın təpəsində isə kiçik
bir qaya parçasına «Kor Qız Qayası» deyirdilər: guya
o qızı son dəfə bu qayanın üstündə
oturan görüblər, sonra da yox olub.
Yalnız
qəsəbə camaatı yox, bütün ətraf kənd və
qəsəbə sakinləri – o insanlar ki, dərdi-səri var
idi və bu piri müqəddəs hesab edirdi «Korgözəlqız»ı
ziyarət edirdi, hətta Bakının özündən də
bura gələnlər olurdu, əhdlərini edib, nəzir
verirdilər, bulaqdan içib, suyu üz-gözlərinə,
sinələrinə sürtürdülər, bəzən
balaca uşaqları o suda çimizdirirdilər, ancaq o
qış gecəsi ki, kiçik vücudunu tər
basmış Əbi gecənin yarısı oyanıb Aslanı
soruşdu, həmin vaxtdan bir müddət sonra «Korgözəlqız»ı
ziyarətə gələnlərin sayı azalmağa
başladı.
Məsələ burasında idi ki, həmin
gecəyə qədər Əbi məhəllə
uşaqları kimi adi uşaq idi, hamıyla birlikdə
atılıb-düşürdü, cürbəcür oyundan
çıxırdı, gülürdü,
ağlayırdı, ancaq həmin gecədən sonra Əbi
tamam başqa bir uşaq oldu – uşaqlar dənizdə
çimib qışqır-bağır salırdılar,
oynaşırdılar, o, isə bir kənarda oturub maraqla bu
uşaqlara baxırdı və ən qəribəsi bu idi ki,
Əbi hər uşağa baxanda, elə bil, kino
görürdü: o uşaqlardan biri birdən-birə
böyüyüb təmtəraqlı bir maşın
sürürdü, o biri dənizdə boğulurdu, bir
başqasını, qan fışqırtısı – elə
bil, yerdən neft fışqırırdı –
qıpqırmızı rəngə boyayırdı, o birisi
kiçik oğlunu məktəbə aparırdı…
Hərdən
də elə olurdu ki, zənnlə baxanda uşaqların
ürəyinin necə döyündüyünü,
damarlarında qanın necə axdığını,
içdikləri suyun mədələrinə necə getdiyini,
bir sözlə, uşaqların daxilində nə vardısa
hamısını görürdü,
Əvvəllər
bu görüntülər Əbi üçün maraqlı
bir oyun idi, ona elə gəlirdi ki, elə belə də
olmalıdır, hamıda belədir, ancaq yavaş-yavaş onun
özü üçün də aydın olurdu ki, bu, nəsə
başqa bir şeydir və Əbi ikinci sinifdə oxuyanda bir
çisginli payız günü tənəffüs vaxtı
müəllimlər otağının qabağında
başqa müəllimlərlə söhbət edən sinif rəhbəri
Talıb müəllimi görəndə diksinib dayandı.
Talıb
müəllim təəccüblə ona baxıb:
- Nədi,
a bala, nə olub?- soruşdu.
Əbi:
- Bədəl
damdan düşüb öldü.- dedi.
Talıb
müəllimin gözləri bərəldi:
- Nə?!.- Və hövlnak müəllimlər
otağına girdi ki, telefonla evə zəng çalsın.
Bədəl məktəbi
qızıl medalla bitirib, Bakı universitetinin biologiya
fakültəsində oxuyurdu və onun hələ
Xuruşşov vaxtı qəsəbədə tikilmiş beş mərtəbəli panel binanın –
«xuruşşovka»nın damında saxladığı göyərçinlərdən
də qəsəbə sakinləri yaxşı xəbərdar
idi: Bədəl yaşadıqları o binanın damında
saxladığı göyərçinləri göyə
qaldıranda, o göyərçinlərin göydə mayallaq
vurması böyükdən-kiçiyə qəsəbədə
hamıya ləzət edirdi.
Və evə
telefon açıb sağ-salamat Bədəlin özü ilə
danışan Talıb müəllim şagirdlərin yeməkxanasına
gəlib, onun başının üstündə duranda Əbi
bulka yeyirdi və mülayim, xoşsifət bir adam
olan Talıb müəllim gözlüyünün qalın
şüşələri arxasından bu dəfə hirslə
ona baxaraq:
- O nə
axmaq sözlər idi, deyirdin, hə?!- dedi.- Sabah atan məktəbə gəlsin!
Talıb müəllim, gör, nə
qədər qəzəblənmişdi ki, Əbinin
atasını məktəbə çağırırdı,
çünki Şakir dünyaya nə qədər nifrət edirdisə,
qəsəbə camaatının da Şakirlə bir o qədər
arası yox idi, o, hamının çəkindiyi, heç
kimin istəmədiyi ətiacının, davakarın biri idi və
qəsəbə camaatı öz aralarında ona «avçarka
Şakir» deyirdi.
Bulkası əlində qalmış Əbi Talıb
müəllimin ardınca baxa-baxa, nə üçün belə
bir qəzəbə tuş gəldiyini heç cürə
başa düşə bilmirdi.
Həmin
çisginli payız günü axşama yaxın qəsəbəyə
dəhşətli bir xəbər yayıldı: Talıb
müəllimin oğlu Bədəl göyərçinləri
havaya qaldırmaq istəyəndə «xuruşşovka»nın
damından yıxılıb, ölüb və bu qəfil xəbərdən
sarsılmış camaat elə bilirdi ki, o çisginli havada
yazıq Bədəlin ayağı sürüşüb,
damdan yıxılıb, ancaq təkcə Əbi heç kimə
demirdi, ancaq dəqiq bilirdi ki, Bədəlin ayağı
sürüşməyib, Bədəl özünü damdan
atb, ölüb – hələ səhər-səhər tənəffüs
vaxtı məktəbin dəhlizində Talıb müəllimlə
rastlaşanda Əbi bunu bir anın içində aydınca
görmüşdü və həmin vaxtdan sonra illər boyu
Əbi bildiklərini heç kimə demirdi.
Və Əbinin səhər-səhər
başqa müəllimlərin yanında Talıb müəllimə
dediyi sözlər bədbəxt Bədəlin ölüm xəbərindən
dərhal sonra bütün qəsəbəyə
yayıldı və bundan sonra Əbini elə uşaq
vaxtlarından əvvəlcə tam adıyla – «Əbdül»
çağırdılar, sonra «Əbdül Ağa» oldu, sonra
da «Ağa» oldu – «Ağa» deyəndə uşaq da, böyük
də bilirdi ki, söhbət kimdən gedir.
Bir gün – Əbi hələ lap təzə-təzə
məşhurlaşmağa başlayan vaxtlar idi – işdən
qayıdan Şakir evdə oturub həmişəki kimi siqaret
dalınca siqaret çəkə-çəkə Əbiyə
baxıb, heç özü də bilmədi ki, qəflətən
necə dedi:
- Bunun gözləri vəhşi
pişiyin gözlərinə oxşayır!..
O zaman Zəhraya
elə gəldi ki, Şakir bu sözləri içəridən
gələn bir vahimə ilə dedi və elə bil, o anda
Şakir, bəlkə də, həyatında ilk dəfə
özünü itirdi. İki gündən sonra Şakir yenə
işdən qayıdıb, yemək yeyəndən sonra siqaret
dalınca siqaret çəkəndə Əbi iri, yaşıl gözlərini
atasını zilləyib:
- Daha çəkmə.- dedi və həmin vaxtdan etibarən Şakir
siqareti atdı.
2. Ağanın gündəlik həyatı.
«Korgözəlqız»
pirini ziyarətə gələnlərin sayı o qədər
azalmışdı ki, ətraf kəndlərdən, qəsəbələrdən,
hətta Bakının özündən də qarışqa
kimi «Korgözəlqız» pirinə daraşmış nəzir
yığan, özlərini bu pirin sahibi hesab edən və
bir-birləri ilə didişən yalançı mollalar,
yalançı seyidlər, yalançı dilənçilər
Ağa haqqında cürbəcür böhtan uydururdular, camaatın
arasında şayiələr yayırdılar, «şok xəbər»
kimi mətbuata ötürürdülər, ancaq bunların
heç bir mənası olmurdu, çünki şöhrəti
Bakıdan tutmuş bütün bu tərəfə
yayılmış, get-gedə də artan Ağanın vergisi
göz qabağında idi. Hətta qəsəbədə
yaşayan və yalançı yox, həqiqətən
savadlı bir molla olan Molla Qurban belə, bu
açıq-aşkar vergi qarşısında məəttəl
qalmışdı. Təzə vaxtlar:
- Ay camaat,-
deyirdi.- uşağı yolundan azdırıb bədbəxt etməyin.
Qoyun dərsiylə məşqul olsun. Nadan olmayın, cahil olmayın. Falçılıq
deyilən, cadugərlik deyilən, cindarlıq deyilən
şeylər xurafatdır. Belə işlərlə
məşqul olmaq Şeytan əməlidir.
Ancaq bir müddətdən sonra Molla
Qurbanın özünün iki yaşlı nəvəsi birdən-birə
az qalırdı ölsün, həkimlərin də hərəsi
bir söz deyirdi, bir dərman yazırdı, heç nə də
kömək etmirdi, anası, yəni Molla Qurbanın
qızı başıalovlu uşağı Ağanın
yanına apardı və Ağa iri, yaşıl gözləri
ilə zənnlə uşağa baxıb sakitcə:
- Uzun rezin udub.-
dedi.
Uşağı təcili Bakıya apardılar cərrahiyə
əməliyyatı keçirib, bağırsağında
ilişib qalmş rezini – doqquz santimetr uzunluğunda kukla
ayağını – çıxartdılar və çox
şey görmüş təcrübəli həkimlər də
heyrət etdilər ki, iki yaşlı körpə bu boyda
rezini necə udub.
Rəhmətlik Molla Qurbanın da o
zaman əllərini yana uzadıb:
- Vallah, nə deyim?..-
deməsi, əslində, Ağanın
vergisinin mötəbər bir təsdiqi idi.
Xəstələr, əlillər, itən
adamlarını axtaranlar, uşaq arzulayanlar, uzun sözün
qısası, cürbəcür dərdi-səri, arzu-istəyi,
nigaransçlığı olan insanlar Ağanın
qapısı ağzında növbəyə dururdular və
Ağa yaşa dolduqca da bir uşaq səmimiyyəti ilə
yalan danışmırdı, nə görürdüsə,
onu deyirdi, görmədiyini isə özündən uydurmurdu,
etiraf edirdi ki, mən bir söz deməyə çətinlik
çəkirəm.
Və
Ağa ilə birlikdə dəniz səhilindəki bu ucqar qəsəbə
də bir tərəfdən məşhurlaşır, o biri tərəfdən
də abadlaşırdı, çünki sirkdə işdən
çıxıb, Ağanın qəbulları ilə
bağlı təşkilatçılıq məsələləriylə
məşqul olan Şakir yalnız özlərinin güzəranının
qayğısına qalmırdı – ziyarətə gələnlərin
sayı artdıqca, aydın məsələdir ki, vəsait də
artırdı və Şakir bu vəsait hesabına magistralla qəsəbə
arasındakı az qala üç kilometrlik bərbad yola asfalt
çəkdirdi – dünənəcən qəsəbədən üç
kilometr aralı dayanan Bakı avtobusu indi qəsəbənin
düz qabağında dayanırdı. Hələ Stalinin vaxtlarında
– 1940-cı illərin axırlarında çəkilmiş
elektrik xətti hər dəfə külək bərkiyəndə
qırılıb tökülürdü, Şakir elektrik xəttini
təzələdi və ümumiyyətlə, sən demə,
sir-sifətindən zəhrimar tökülən, yetəni
acılayan, hamının zəhləsi getdiyi davakar
(«avçarka») Şakir dünyanın ən ürəyi
yumuşaq, xeyirxah, kasıb-kusuba əl tutan bir insanı
imiş.
Şakir beş
qızının beşini də ərə verdi və
qızlardan birinin əri Aslan da o zaman peyda oldu. İlk
vaxtlar Şakir özünə işlənmiş bir
«Moskviç» almışdı, ancaq Ağanın şöhrəti
artıqca Şakir də özünə təzə «Jiquli»
aldı və o köhnə «Moskviç»i Aslana
bağışladı. Aslan çəp idi və tez-tez
yol hərəkəti qaydalarını pozurdu və kasıb, təbiətən
də sadəlövh, ancaq bir az da üzlü oğlan
olduğu üçün hər dəfə Ağagilə gəlib:
- Məni ştraf eləyiblər…-
deyirdi.
Dörd-beş dəfə «ştraf»
söhbətindən sonra Ağa hiss etdi ki, Aslanın hər dəfə
gəlib cərimə oldunduğunu deməyi Şakirin
xoşuna gəlmir və Şakir daha onun cərimə
haqqını ödəməyəcək.
Ağa:
- Aslan nə istəyir, həmişə
ver.- dedi.
Onun sözü əslində
hökm idi, evdə hamı üçün, o cümlədən
də Şakir üçün qanun idi və Şakir bu
hökmü Ağanın mərhəməti kimi yozdu və qəbul
etdi, ancaq məsələ tamamilə başqa idi: Ağa
bilirdi ki, Aslanın ömrünə bir ildən də az qalıb – beyninə qan sızacaq və bir
neçə gündən sonra xəstəxanada rəhmətə
gedəcək.
Ağa bunu bilirdi, ancaq
heç kimə demirdi və bu cür bilgilər
yavaş-yavaş artaraq onun içini doldururdu. Əvvəllər
o, qəbuluna gələn adamlarda nə görürdüsə,
hamısını deyirdi, ancaq böyüdükcə başa
düşürdü ki, insana gələcəyi ilə
bağlı hər şeyi demək düz deyil və
ümumiyyətlə, hərdən fikirləşirdi ki, hər
bir insanın ölümü Allahın yazdığı
möhlətin sonudur – bunu yalnız Allah bilir, məxluq bunu bilə
bilməz!
O zaman Ağa bunu necə bilir və
niyə bilir?
Ağa məktəbi
buraxmadı, düzdü, ateizmin hökm sürdüyü
sovet vaxtı idi – söhbət 1970-ci illərdən gedir –
bütün çətinliklərə baxmayaraq, Talıb
müəllimin köməyi ilə məktəbi bitirdi.
Talıb müəllim artıq neçə il
idi ki, məktəbin direktoru idi və onu neçə dəfə
maarif müdirliyinə, hətta Marrif nazirliyinə
çağırmışdılar ki, bu nə
biabırçılıqdır belə? Sovet
şagirdi qəsəbədə falçılıq kantoru
açıb, direktor hara baxır? Ancaq Talıb müəllimin
maarif işçiləri arasındakı nüfuzu
Ağanı müdafiə edə bildi və o vaxt ki, Talıb
müəllim orta məktəbi bitirənlərə attestat təqdim
edirdi, Ağanın əlini sıxanda, onun eynəyin qalın
şüşələri arxasından baxan gözlərinin dərinlərində
heç vaxt keçib getməyəcək bir kədər var
idi və Ağa həyatında ilk və son dəfə yalan
dedi:
- Talım müəllim, Behbud
çox yüksəklərə qalxacaq, hamının
çox hörmət etdiyi bir şəxs olacaq…
Behbud rəhmətlik Bədəlin
kiçik qardaşı, Talıb müəllimin artıq yeganə
övladı idi və o anlarda Talıb müəllimin gözləri
doldu – bu gözlərdə sevinclə, təşəkkürlə
bərabər, həm də daimi bir kədər var idi.
Ağa ona görə
yalan deyirdi ki, Behbudun çox ağır, hətta fəlakətli
bir həyat yaşayacağını dəqiq bilirdi və
Ağa onu da bilirdi ki, bundan Talıb müəllimin xəbəri
olmayacaq.
Ancaq universitetə şəxsi
maşını və sürücüsü ilə gələn,
hər dəfə də onu gözləyən müxbirlərin,
televiziya işçilərinin arasından keçməyə
məcbur olan Ağa yalnız bir semestr oxuya bildi,
çünki elmi ateizm kafedrasının müdiri, həmişə
dəb və zöqlə ilə geyinən, öz tualetinə
fikir verən, yaraşıqlı bir kişi olan – təsadüfə
bax ki, onun da familyası Ağa-zadə idi – professor Ağa-zadə
aləmi bir-birinə qataraq («Bu aferisti, bu falçını
universitetdə saxlamaq olar? Onda bağlayın mənim
kafedramı! Universitetdə falçılıq kafedrası
açın, qoy, tələbələr də oxuyub,
şarlatan olsun!») Ağanı
universitetdən qovdurdu.
Ağa bir də
heç vaxt hansısa universitetə girməyə cəhd etmədi,
ancaq onun qəsəbədə təzə tikilmiş iqamətgahındakı
iri kitab dolabında kitabların sayı get-gedə
artırdı və Ağa əvvəldən axıracan
oxumadığı bir kitabı o dolaba qoymurdu.
Bu iqamətgahın tikilib, başa
çatmasında çox (amma həvəslə) zəhmət
çəkmiş Şakir hər gecə ikinci mərtəbədəki
geniş eyvana çıxıb, başını göyə,
əllərini də sinəsinə qaldırıb, Allahına
şükür edirdi:
-
Şükür sənə, ya Rəbbim!..
Şükür!.. Şükür!..
Və bir gecə Ağa yatmazdan əvvəl
birdən-birə atasını bərk-bərk qucaqladı və
bu qəfil vaqeədən əvvəlcə özünü
itirmiş Şakir də onu qucaqladı – bütün həyatlarında
onlar ilk dəfə idi ki, qucaqlaşırdılar və
Ağanın bu məhəbbətindən çox təsirlənən
Şakir doluxsuna-doluxsuna:
- Ağa,- dedi.- Məni bağışla, uşaq
vaxtı səni çox incitmişəm, ananı da,
bacılarını da çox incitmişəm…
Ağa atasını
öpdü – bu, onların bütün həyatlarındakı
ilk öpüş idi – və heç nə deməyib, öz
otağına getdi. Sübh tezdən isə Zəhranın
çığırtısı qopdu: Şakir gecə yuxuda ikən
keçinmişdi və qəsəbə camaatı onu
böyük hörmətlə torpağa tapşırdı.
Ağa evlənəndə toy eləmədi,
on dana kəsdirib ətini sahil boyu kəndlərin, qəsəbələrin
yetim-yesirinə, kasıb-kusubuna paylatdı və birinci
oğlunun adını da Şakir qoydu – ümumiyyətlə,
Ağanın nüfuzunun, ona olan ehtiramın bir səbəbi
Allah vergisi idisə, o biri tərəfi də onun
gözütoxluğu, əliaçıqlığı, mərhəməti
idi.
Bir dəfə
SSRİ-nin baş
qəzeti Ağa haqqında «Yeni peyda olmuş
peyğəmbər» (orijinalda belə idi: «Novoyavlennıy
prorok») adlı təhqiramiz bir felyeton dərc etmişdi və
o zaman qəzetin redaksiyasına da, Politbüroya, Brejnevə də
o qədər etiraz teleqramları vurulmuşdu ki, bu məsələni
elə Moskvadan da yatırtdılar. Ağanın nüfuzu o dərəcəyə
çatmışdı ki, sovet vaxtı rəhbər partiya
işçiləri, KQB zabitləri, hətta nazirlər belə,
gecələr gizlincə – heç kim
görməsin, heç kim tanımasın – onun hüzuruna gəlirdilər
və çox zaman da bu gəlişlərin yaxşı nəticəsini
görürdülər.
Bir dəfə
də – 1981-ci il idi – bir neçə
gün Ağa heç kimi qəbul etmədi, özü də
görünmədi və belə bir xəbər
yayıldı ki, Moskvadan gələn KQB işçiləri
Ağanı hərbi təyyarədə Moskvaya, Brejnevə
baxmağa aparıblar. Düz idi, düz deyildi, ancaq təkcə
qəsəbədə yox, Bakıda da hamı bunu
danışırdı və «perestroykanın» son
vaxtlarında, o zaman ki, artıq sovet qəzetlərində kim
nə istəyirdi, yazırdı, Moskva qəzetləri təzədən
bu məsələyə qayıtmışdılar və bu
barədə sensasiyalı yazılar dərc olunmuşdu – guya
həmin 81-ci ildə həkimlər Ağanın
buyruqlarına əməl edə-edə Brejnevi klinik
ölümdən qaytarıblar. Hətta müxbirlər sovet
vaxtı Kremlin baş həkimi Yevgeni Çazovu tapıb, bu
barədə ona da sual vermişdilər və Çazov nə
«hə» demişdi, nə də «yox», tamam qeyri-müəyyən
bir cavab vermişdi.
SSRİ
dağılandan, Azərbaycan müstəqilliyini bərpa edəndən
sonra Ağanı XX yüzilin
Vanqa, Messinq, Edqar Keysi, Uri Qeller kimi ekstrasensləri ilə
müqayisə edirdilər, hətta Ağanı daha
üstün tuturdular. ABŞ-dan məşhur alimlər,
operator və rejissordan ibarət bir dəstə çəkiliş
qrupu Ağanın iqamətgahına gəlib, neçə
gün cürbəcür təcrübələr keçirərək
50 dəqiqəlik «Ənənəvi elmi heç edən dahi»
adlı sənədli film çəkmişdilər və
böyük uğur və tamaşaçı qazanan bu filmin müqaviləsinə
görə ona 475 min dollar qonarar verilmişdi,
Ağa da bu pulu yarıya bölüb, bir hissəsini
Bakıdakı uşuq evlərinə, o biri hissəsini də
YUNİSEF xətti ilə Afrikada aclıq çəkən
uşaqlara verdi. Moskva televiziyasının Ağanın
haqqında çəkdiyi «Bəlkə o, yadplanetlidir,
heç özü də bunu bilmir?»
adlı filmi İzraildə «İlin filmi», Venesiya televiziya filmləri
festivalında isə ən yüksək «Büllur baydarka»
mükafatlarını almışdı.
Ağa heç vaxt qəbuluna gələnlərlə
olum-ölüm söhbəti etməzdi, insanın taleyi ilə
bağlı bəd bir şey görürdüsə və
bunu aradan qaldırmağın mümkünlüyünü
hiss edirdisə, məsləhətlərini verirdi, yox, hərgah
daha heç nə mümkün deyildisə, bu barədə
heç nə demirdi, ancaq günlərin bir günü,
gözlənilmədən Ağanın qəbulunda professor
Ağa-zadə peyda oldu – aradan keçən bu qədər illər
yenə də dəb və zövqlə geyinmiş, sifəti,
saçları səliqə-səhmanlı, dırnaqları
dibindən kəsilmiş bu insana təsir etməmişdi və
dəyişən yalnız o idi ki, professor Ağa-zadə Sovet
İttifaqını ən aktiv, hətta aqressiv ifşa edən
məşhur şəxslərdən biri idi.
Ağayla köhnə tanış
kimi çox səmimi görüşdü:
- Salam, ay kişi, necəsən?- Və məlum oldu ki, professor Ağa-zadəni
axşam vaxtı Ağanın hüzuruna çəkib gətirən
sadə bir sual imiş: - Rektorumuz xəstədir, ərizə
yazıb, gedir. Mənim də namizədliyim var. Necə bilirsən,
məni rektor təyin edəcəklər, ya yox?-
Ancaq, kim bilir, bəlkə bu sual bir bəhanə idi və
keçmiş ateist professor Ağa-zadəni Ağanın
hüzuruna çəkib gətirən daxili bir maraq, hətta
şüuraltı bir ehtiyac, bir tələbat idi?
Ağa iri, yaşıl gözlərini
professor Ağa-zadənin gözlərinin içinə zillədi və:
- Bəli, təyin edəcəklər.-
dedi, sonra heç özü də gözləmədən –
elə bil, bu sözlər onun, yəni Ağanın yox,
baş bir kimsənin ağzından çıxdı – yenə
də ömründə ilk və son dəfə insanın nə
vaxt öləcəyini üzünə dedi.- Ancaq təqdimat
vaxtı rəhmətə gedəcəksiz.
Xoş xəbəri eşidən
anda professor Ağa-zadənin nurani sifətindən
açıq-aşkar bir xoşbəxtlik dalğası
keçdi, elə bil, güldanda suya qoyulan gözəl bir
gül ani olaraq ləçəklərini açdı, ancaq
bunun ardınca Ağanın gözlənilməz sözlərindən
sonra professor Ağa-zadə elə həmin andaca yerində
dondu – ancaq Ağa onun ürəyinin necə şiddətlə
döyündüyünü aydınca gördü.
Professor
Ağa-zadə özünü ələ aldı və:
- Taqsır səndə deyil, - dedi.- Taqsır məndədi ki, sənin kimi dəllalın
birinin yanına gəlirəm!
Və professor
Ağa-zadə qapını çırpıb iqamətgahdan
çıxdı.
3. Ağanın sirri.
Ağa universitetə rektor təyin olunmuş professor
Ağa-zadənin kollektivə təqdim olunduğu vaxt qəflətən
ürəktutmasından vəfat etdiyini qəzetdə oxudu və
bu xəbər ona olduqca pis təsir etdi, ancaq bunda
Ağalıq nə vardı? Ağa
gördüyünü demişdi və Ağa bunu desəydi də,
deməsəydi də, professor Ağa-zadənin o qəfil
ölümünün qarşısını heç nə
ala bilməzdi.
Həmin gün gecə qəsəbəyə
yağış yağırdı.
Ağa öz
otağında pəncərənin qabağında oturub,
şıdırğı yağışa baxırdı və
yağış pəncərənin şüşəsinə
çırpıldıqca, Ağa professor Ağa-zadənin
iztirablarını hiss edirdi – nəinki hiss edirdi, o, bu
iztirabları görürdü.
Rektor təyin
olunmuş professor Ağa-zadənin son gecəsi idi və o,
heç cürə ölüm qorxusundan qurtara bilmirdi, hər
vəchlə özünü inandırmağa
çalışırdı ki, o dəllalın – yəni
Ağanın – dedikləri boş sözlərdir, o dəllal
ondan yüz il bundan qabağın hayıfını
çıxır, ancaq heç cürə sakitləşə
bilmirdi.
Professor Ağa-zadə düz fikirləşirdi,
əgər Ağa özündən asılı olmasa da onun
yaşamaq möhlətini şax üzünə dedisə, deməli,
uzun illər boyu Ağanın içində bir intiqam hərisliyi
olub və Ağa məqamdan istifadə edib.
Ağa öz uşaqlarına zənnlə
baxmaqdan çəkinirdi və baxmırdı, ancaq bəzən
elə olurdu ki, övladlarının taleyi – ömürlərinin
möhləti bütün təfərrüatı ilə qəflətən
onun gözlərinin qabağına gəlirdi və
Ağanın həyatı, əslində, elə o
görüntülərlə yaşamaq məşəqqətindən
ibarət idi.
Professor Ağa-zadə ömrü boyu
arzuladığı, həsrətində olduğu bir məqamı
əldə edirdi və həmin anda da ölürdü – nə
üçün? Yaradan da ondan intiqam alırdı? Axı, insan Yaradanın yazdığından kənara
çıxa bilməzdi – kənara çıxa bilsəydi,
Ağanın gördükləri baş tutmazdı və
ümumiyyətlə, taleyi görmək mümkün
olmazdı.
Ağa iri, yaşıl gözləri
ilə zənnlə insanlara baxanda, onların yalnız daxili
orqanlarını görmürdü, həmin insanların
ruhunu da görürdü və professor Ağa-zadənin ruhu
da qara bir duman parçası idi, ancaq nə olsun? Onu da, onun kimi Ağanın gördüyü minlərlə
qara ruhlu insanı da Allah xəlq etmişdi, ancaq nə
üçün? Hər şey Yaradanın, yəni
miqyası, qüdrəti insan ağlına
sığışmayan hansısa Ali Qüvvənin əlindəydisə,
bütün məxluqatı O xəlq etmişdisə, onda nə
üçün bu qədər insanların ruhu beləcə
qara duman içindədi? Nə üçün
insanların, bəlkə də çoxunun ruhu bu qədər
qara duman içindədir, bəzən hətta kömür
kimi qapqara bir qəlbdir? Yaradan, o Ali
Qüvvə nə üçün buna imkan verir?
Ağanın
illər uzunu daxili aləminə dola-dola
yığılmış, pərçim olmuş hisslər,
həyəcanlar, düşüncələr, elə bil,
professor Ağa-zadənin ölüm xəbərini gözləyirmiş
və yağışın pəncərə şüşəsini
döyəclədiyi həmin gecə birdən-birə baş
qaldırmışdı – elə bil, onun içindən vulkan
püsgürmək istəyirdi və Ağa daha heç
cürə bunun qarşısını ala bilmirdi.
Ala bilmirdi,
yoxsa daha
almaq istəmirdi?
O, uzun illər
idi ki, həmin hissləri, həyəcanları,
düşüncələri öz içində həbs
etmişdi, onları dişara çıxmağa qoymurdu,
çünki Ağa bu hiss-həyəcanlardan, bu
düşüncələrdən qorxurdu və əlbəttə,
bu, heç kimin ağlına gəlməzdi, ancaq həqiqət
belə idi: Ağa içinə dolmuş o hisslərdən, həyəcanlardan,
düşüncələrdən qorxurdu və əslində,
Ağa belə bir pis qorxu ilə yaşayan tənha adam idi –
bu, kimin ağlına gələrdi?
Həmin
gecə yarıdan keçəndə bütün qəsəbə
qaranlıq içində idi, tək-tük həyət
qapısının ağzında elektrik lampası yanır,
yağış pəncərəni döyəcləyirdi və
elə bil, şüşəyə çırpılan o
yağış Ağanı çağırdı – o, pəncərəyə
yaxınlaşdı, ancaq yatmış qəsəbəni yox,
pəncərə şüşəsində öz əksini
gördü.
Ağa öz əksinə
baxmaq istəmirdi.
Məsələ
burasında idi ki, Ağa öz ruhunun da şəffaflığına
əmin deyildi – o, özü öz daxilinə baxa bilmirdi, ancaq
başqalarında hər şeyi o, açıq-aşkar
görürdüsə, bunun səbəbi və mənası
nə idi? Və bir mənası
vardısa, nə üçün məhz Ağa
seçilmişdi?
Bu, bəlkə
vaxtıyla rəhmətlik Molla Qurbanın dediyi kimi, Şeytan əməli
idi? Ancaq Şeytan əməlinin
özü nə demək idi? Və həmin
anlarda Ağanın fikrindən keçdi ki, insan bütün
pislikləri, bəd əməlləri Şeytanın boynuna
yıxıb ki, özünü kənara çəksin.
İnsan həqiqəti – daxilindəki qaranı görmək,
bu barədə nəsə bilmək istəmir, buna görə
də həmin qaranı görmür və hər bəd əməlinin
də öz bəraəti var, ancaq insan kimdir ki, bu, onun istəyi
ilə olsun? İnsanı O, yaradıb, bunu O, istəmir, onda, bəs,
nə üçün Ağaya imkan verib ki, hər şeyi
görsün?
Yağışın pəncərəni döyəclədiyi
həmin gecə də Ağa bu suallardan qaçmaq istəyirdi,
ancaq bu suallardan qaçmaq mümkün deyildi və Ağa
bunu başa düşürdü.
Əgər Ağa kiminsə nə vaxt öləcəyini,
necə öləcəyini görürdüsə, bilirdisə,
nə üçün sonrasını – ölümdən
sonrasını görə bilmirdi? Ağa illər boyu nə
qədər çalışırdısa da, həmin kimsənin
öldükdən sonra nə olduğunu heç cürə
hiss edə bilmirdi, yumulu gözlərinin qabağına ancaq
bomboş bir bozluq gəlirdi, vəssalam.
Sonra – yəni yoxluq? Heç nə yox idi?
Əgər sonra heç nə yox idisə, insan bu
dünyaya niyə gəlmişdi və onun taleyi əvvəldən
axıracan nə üçün yazılmışdı? Axı, bu tale
yazılmasaydı Ağa onu necə görə bilərdi?
Birdən-birə bir
görüntü Ağanın yadına düşdü: o,
bilirdi ki, anası – Zəhra arvad – 107 il yaşayacaq və bu,
onu sevindirirdi (Ağa da adi insan idi – hər halda özü belə
hesab edirdi), ancaq bir gecə – professor Ağa-zadənin
ölümündən bir neçə il əvvəl – elə
bil, uzaq keçmişdə qalmış o payız gecəsi
idi, Ağa yenə altı yaşındakı kimi tərin
içində yuxudan oyandı, qalxıb çarpayıda
oturdu və birdən-birə həmin görüntünü
gördü: yaşı yüzü haqlamış anası
onun, yəni çoxdan rəhmətə getmiş
Ağanın saralıb-solmuş fotosuna baxırdı – Zəhra
o fotoya baxdı, baxdı və soruşdu:
- Bu kimdi
belə?
Əgər on beş-iyirmi ildən sonra öz anası da
onu tanımayacaqdısa, onda Ağa nə üçün bu
dünyaya gəlmişdi? Əlli ildən, lap
yüz ildən sonra unudulmaq üçün? Yüz il olmasın, milyon il olsun?
Ağa
şıdırğı yağış yağan o gecə pəncərədən
göyə baxdı: göylə o gecənin
qaranlığı bir-birinə birləşmişdi, ancaq həmin
anda qəribə bir iş oldu: Ağa bir göz
qırpımlıq aydın səma gördü – böyük
ay və par-par yanan saysız ulduzlar – və Ağa gümsədi:
bu boyda kainatın yanında milyon il nə
idi? Heç nə.
Və Ağa birdən-birə Kor
Gözəl Qızı xatırladı, elə bil o Kor Gözəl
Qız da, qəsəbədə yaşayan bir kimsə idi –
asta addımlarla o şıdırğı yağış
altında gəlib həmin qaya parçasının – «Kor
Qız Qayası»nın üstündə oturdu və Ağa az
qaldı qışqırsın ki, ay qız, sən nə
edirsən, sətəlcəm olarsan, ancaq bu, reallıqdan uzaq, yəqin
haçansa olmuş bir görüntü idi. Yağış
qızın nazik çəhrayı köynəyini bədəninə
yapışdırmışdı və onun qabarmış
dolu döşləri, dolu qolları, baldırları,
bütün vücudu tərtəmiz, şəffaf bir ruhdan xəbər
verirdi və Ağa hiss etdi və şahidi oldu ki, həmin məqamda
Yaradan o qızın gözlərinə işıq bəxş
etdi, qız başını qaldırıb göyə
baxdı, eynən indicə Ağa gördüyü kimi,
ayı, parpar yanan saysız ulduzları gördü.
Ağanın
içindən uzun illərdən sonra ilk dəfə bir sevinc
dalğası keçdi, ancaq bu heç bir an da çəkmədi
və Ağa başa düşdü ki, o qız Yaradanın
ona bəxş etdiyi bu aylı-ulduzlu xoşbəxtliyi
anasının xatirəsinə bir xəyanət hesab etdi –
yerindən sıçrayıb o qaranlıq gecədə
Ağanın gözləri qabağında yox oldu.
Ağa gözlərini yumdu və fikirləşdi ki, bəlkə
insanlar öz ruhunu – istəyir tərtəmiz, şəffaf,
istəyir qapqara olsun – qorumaq üçün ondan, yəni
Ağadan uzaq olmalıdır?
4. Ağanın ölümü
2011-ci il
avqust ayının 13-də Ağanın 55 yaşı tamam
oldu və bu rəqəmin özü onun üçün heyrətamiz
bir möcüzə idi, çünki 6 yaşında tərin
içində yuxudan oyanıb, rəhmətlik Aslanın
adını çəkdiyi o qış gecəsi bütün
təfərrüatı ilə Ağanın yadında idi, heyrətamizi
də o idi ki, həmin gecədən nə az, nə azacıq
– bu qədər illər keçib, ancaq Ağaya elə gəlirdi
ki, bütün bu illər bir gözqırpımında
ötüb, gedib.
Onun saçı-saqqalı
ağappaq ağarmşdı və düzdür, baxanda ona 55
yox, çox yaş vermək olardı, ancaq qəbuluna gələnlərdə,
hətta onu tanıyan, yaşda ondan xeyli böyük olan qəsəbə
sakinlərində də elə bir təəssürat var idi
ki, Ağanın 100 yaşı var.
Ağa hərdən
güzgüdə özünü görəndə diksinirdi,
çünki balaca Əbi həmişə onun
gözünün qabağında idi – həmin 2011-ci il 13 avqust günü də Ağa
güzgüdə özünü görəndə Əbi
gözlərinin qabağına gəldi və Ağanın
ürəyində bir anlıq nəsə xoşagəlməyn
bir ərəfə hissiyatı oyandı, ancaq sonra keçib
getdi.
Və o günün ürəkaçan bir cəhəti
də bu oldu ki, elə bil, Zəhraya bir vəhy gəldi, birdən-birə
yatağından qalxıb özü plov bişirdi və
onların bütün böyük ailəsi süfrə
başına yığıldı. Neçə gün idi ki, Zəhra
özünü pis hiss edirdi, zəifləmişdi, heç nə
yemirdi və qızlar çox həyəcan keçirirdilər,
ancaq Ağanın bir kəlməsi ilə: «- Qorxmayın!»- onların ürəyi
sakit oldu.
Zəhranın
dirçəlməsindən sonra həmin 13 avqust
gününün ikinci xoş xəbəri də o oldu ki,
Ağanın kiçik hamilə qızının sancıları
tutdu və onu Bakıda xəstəxanaya apardılar, axşam
isə xəbər gəldi ki, hər şey
qaydasındadı, əmin-amanlıqdı, sabahda, birigündə
Ağanın yenə bir oğlan nəvəsi dünyaya gələcək.
Hər şey bundan sonra başladı.
O
axşam ərzində Ağa daha heç kimi – təbrikə
gələnləri də, ziyarətə gələnləri də
qəbul etmədi, özünü yorğun hiss edirdi (bəlkə
elə heç kimi qəbul etmədiyinə görə
yorğun idi?) və Ağa birdən-birə Talıb müəllimin
oğlu Bədəli xatırladı – yəqin indi ikisi də
o biri dünyada görüşüblər və Talıb
müəllim də bilib ki, Bədəlin ayağı
sürüşməyib, özünü damdan atıb – ancaq
«o biri dünyada», yəni hansı dünyada?
Ağa ikinci mərtəbədəki
geniş otağında xeyli var-gəl etdi və Ağa hərdən
belə var-gəl edəndə evdəkilər bir-biri ilə
az qala pıçıltı ilə
danışırdılar, işlərini də çox
ehtiyatla görürdülər ki, ona mane olmasınlar (o, nə
edirdi ki?) və bu dəfə də iqamətgahda təkcə
Ağanın addımlarının yumuşaq səsi
eşidilirdi. Sonra Ağa yataq otağına yatmağa getdi – adətən
hamı yatandan
sonra yatırdı – gec yatıb, tez oyanan idi, gündə
dörd-beş saatdan artıq yatmırdı – və bu dəfə
də 13 avqust artıq bitmişdi.
Ağa soyunub yerinə girmək istəyəndə,
elə bil, ayaq üstə qəflətən qurudu və elə
ayaq üstdə də hələ anadan olmamış o
çağa – Ağanın bu günlərdə dünyaya gələcək
nəvəsi – oğlan – onun iri, yaşıl gözlərinin
qabağına gəldi: o sağlam, yaraşıqlı,
hamını sevindirən və sevən oğlan sürətlə
böyüyüb yeddi yaşına çatdı, dayandı və
qəflətən avtomobil qəzasına
düşüb dəhşətli əzablarla həlak oldu.
Ömrü boyu minlərlə insan taleyi görmüş
Ağa heç vaxt bu cür sarsılmamışdı – ona
görə yox ki, belə dəhşətli əzablar
içində həlak olan o yeddi yaşlı oğlan onun nəvəsi
idi, ona görə ki, belə bir aqibəti olacaq bu
çağa nə üçün dünyaya gəlirdi? Əgər yeddi il ərzində bu çağanın
ömrü (günahları) o cür ölümə layiq
olacaqdısa, onda nə üçün onun taleyinə bu
cür günahkar bir ömür yazılmşdı?
…Və Ağa iqamətgahından çıxanda
bütün qəsəbə yatmışdı.
Ağanın bütün varlığını qatı
qara duman kimi qatı bir nifrət hissi
bürümüşdü.
Ayaqları onu «Korgözəlqız» pirinə tərəf
aparırdı və Ağa bunu bilirdi, ancaq – nə
üçün ora gedirdi? – bu barədə
fikirləşmirdi, çünki bütün
varlığını bürümüş o qatı nifrət
hissi illər uzunu onun beynini çatladan o fikiləri,
düşüncələri, hiss-həyəcanları
dağıdıb, it-bata salıb, yox etmişdi.
O bürkülü avqust gecəsi
Ağanın nəfəsi çatışmırdı, ancaq
o, bunun fərqində deyildi, eləcə sürətlə
dağa qalxırdı və Ağa pirin yanında
dayanmayıb, birbaşa dağın təpəsinə –
qayalığa çıxdı.
Və Ağa nəhayət ki, «Kor Qız Qayası»nda əyləşib
nəfəsini dərdi.
O gecənin
sakitliyini yalnız dənizin bu qədər uzaqlıqdan da
eşidilən uğultusu pozurdu.
Hər tərəf qaranlıq idi və Ağa heç
başını qaldırıb göyə də
baxmırdı.
Ağa üçün hər şey maraqsız idi.
O Kor
Qızın ruhundakı təmizliklə, şəffaflıqla
qapqara ruhlar arasında
heç bir fərq yox idi və Ağa özünü
böyük bir yalanın,
böyük bir hiylənin içində hiss edirdi.
Ağa bu
yalana, bu görünən və görünməyən kainat
qədər böyük hiyləyə, bu qurulmuş nəhəng
riyakar oyuna nifrət edirdi və Ağanın içinə
dolmuş o nifrət o qədər güclü idi ki, o,
özü qalxmadı, onu «Kor Qız Qayası»ndan içindəki
həmin nifrət qaldırdı və həmin nifrət də
Ağanı altı yaşlı Əbinin o gecə
görüntüsünə doğru apardı.
5. Epiloq
Bütün
mətbuat, saytlar, teleqraf agentlikləri 2011-ci il
avqut ayının 13-dən etibarən Ağanın yoxa
çıxdığını yazırdı. Hətta
prokurorluq ayrıca iş açmışdı, Ağanın
övladları məşhur ekstrasenslərə müraciət
etmişdi.
Ancaq bütün
bunların heç bir əhəmiyyəti olmadı.
16 yanvar 2017.
Roqaşka.
Elçin
Ədəbiyyat qəzeti.- 2017.- 29 aprel.- S.16-18.