"Daha heç nə önəm daşımır!.."
İnandığın gerçəklərin
alnına soyuq su vurmaqdı...
Gecənin bir yarısı
kiminsə səslənməyinə,
Səksənib yerində donmaqdı;
paklandığın bir günahın boynuna ip keçirib,
ayağının altındakı
kətili təpikləməkdi...
Gələcəyi olmadığın birinin
keçmişində ölməkdi
bu nida.
"Ədalətsizcə çıxarılmış
bu qərar,
Ammalaşmaqdır"...
Əslində bu sevməkdi,
Taa, ən başından sevməkdi!
Əlvida,
Dörd
divarlıq
Üç saatlıq,
İki bədənlik,
Bir qadınlıq
"cehiz məhəbbətim".
QADINI OLASAN
Sevirəm kimsəsiz küçələri,
Aylı
gecələri,
Qarlı
gecələri,
Yarlı
gecələri...
Yürüyəsən yol boyu,
Uşaqtək tullanıb göləklərdə
Yaxasın isladasan yolların.
Dolaya küləklər bədəninə
qolların,
Əlləri sığallaya saçlarını
sahibsiz rüzgarların.
Ən sevməli qadını olasan
Qışların,
Baharların.
Doldurub ciblərinə qırıq
ümidlərini,
Günün stresini,
İşin yorğunluğunu
Yeriyəsən yol boyu...
Addım
səslərinə diksinə
dalğınlığın,
Tuta qolundan
"Gəlməyəcəyin bildiyin".
Sıxıb belindən basa ürəyinə kimsəsizliyini...
Baxa gözlərinə qeybə
çəkilmək istərcəsinə...
Qəh-qəhə çəkəsən bütün ağrıların
xatirinə,
Diksinə yol qırağındakı
körpə gülüş
səsinə,
Baş çatlada
anasının "dəlidir"
kəlməsinə.
Eeee, nə oturmusan yerində?
Çıx gecə gəzməsinə.
Bəlkə hansısa yolda
Qovuşdu həsrətimiz.
UŞAQKƏN DAHA
GÖZƏLİYDİ
Hər şey mən uşaqkən daha gözəliydi, qızım!
Mən uşaqkən rəngli televizor yoxdu məsələn,
Doğrular bu qədər çılpaq və cəsarətlə
deyilmirdi
ekranlarda.
Bildiyimiz
tək yalan tv-lərin
süslənmiş doğrularıydı,
Tanıdığımız tək oğru
Kəndin qarpız oğrularıydı.
İndi
ümidlər oğurlanır,
Zəfərlər oğurlanır,
Doğrular oğurlanır
Ömürlər oğurlanır, balam.
Mən kənd qızıydım,
Səndən daha çox gətirmişdi bəxtim,
Mehriban qonşularım vardı,
Çörəyini bölən,
Ürəyini bölən.
Kasıbçılıq o vaxt da vardı, körpəm,
Amma ciblər kasıbdı
Vicdanlar
yox,
O vaxt adamlar azdı,
insanlar çox.
Təndir
çörəyi qoxardı
anam,
Evimiz atama bənzərdi,
Atam kəndimizə.
Çöl uşağıydıq,
Azad böyütdük ürəyimizi.
İndi
küçə uşaqları
çoxalıb,
öldürür ümidlərimizi.
Çox
söz də bilməzdik əslində,
Dilimiz tutmazdı "Terror",
"Sui-qəsd",
"Təcavüz"sözünü.
İndi cinayətlər qızardır
insanlığın üzünü.
Mən səndən daha şanslıydım, qızım,
O zaman dünya daha çox yaşanacaq yerdi,
İnsanları sevərək böyümüşdüm,
İnanmağı öyrətmişdi anam,
İndi
öyrədə bilmirəm
sənə inanclarımı...
Ehtiyatlı ol
,balacam,
Dünya indi nağıllarda gözəldir.
KÖRPƏ DƏNİZİM
Mənim
körpə dənizim,
Dolaşır ayağıma dalğalar uşaq kimi.
Atılam
qucağına,
Yox olam sularında
budağından ayrılmış
sərsəri yarpaq kimi.
Mənim
dəli dənizim,
Sənə küsəm,
İnciyəm.
Sən bilmirsən bəlkə də,
anlamırsan sevgimi,
mən sənin sahilində itirdiyin inciyəm.
Gəl barışaq,
Sən dolan saçlarıma yolumu gözləyən tək.
Mən cüt dodaq arası dalğa öpüm gözündən.
Yosun qoxum,
Dalğa
qoxum...
Sən qoxum.
Gəzdirsin bədənimdə Xəzri
ilıq nəfəsin,
Öldür bu dəli qızın
səndə ölmək
həvəsin.
Təngiyən dalğaların dincin alsın dizimdə.
Gözlə məni, Xəzərim,
Gözlə məni yerində,
Abşeronun dibində.
Dəyişmə ünvanını,
Yazdım,
Al oxu məktubumu
Qağayı dimdiyindən.
Gülsadə İbrahimli
Ədəbiyyat qəzeti.- 2017.-
5 avqust.- S.3.