Uşaqların baharı və ya
klassik üslubun payızı
Dərslik mətnlərinin əhəmiyyəti yalnız bədii-estetik aspektləri, tərbiyəvi-didaktik keyfiyyətləri ilə məhdudlaşmır. XIX əsrdə isə bu məsələ Azərbaycan üçün daha ciddi əhəmiyyət daşıyır, yeni bir başlanğıcın əsasını qoyurdu. Əsrin əvvəllərində ölkə ərazisində açılmış rus məktəblərində təhsil alıb, rus dilini və ədəbiyyatını bilən yeni nəsil yetişir, bu nəslin bədii sözlə ilk və ən güclü təması dərsliklər vasitəsilə baş verirdi. Bu dərsliklərin əsasında yeni nəslin estetik tərbiyəsinin və bədii zövqünün rüşeymləri formalaşırdı və sonradan Azərbaycan ədəbiyyatının taleyini müəyyənləşdirmiş bir sıra şəxsiyyətlər həmin kitablardan dərs alır, o kitablardakı mətnləri öyrənirdilər. Zamansa çox sürətlə dəyişməkdə idi. XIX əsrin birinci yarısında tipik Şərq mədəni faktı olan Azərbaycan ədəbiyyatında 1850-ci ildə mükəmməl dram əsərləri yaranmış, heç on il keçməmiş Azərbaycan nəsri Avropa "dilində danışmağa" başlamış, Azərbaycanda Avropa estetikası, maarifçilik fəlsəfəsi ayağına yer etmişdi.
XIX əsrin ikinci yarısında milli şüurun tarix səhnəsinə gəlməsi bədii düşüncənin də qarşısında yeni üfüqlər açırdı. Bu da bir həqiqətdir ki, rus təhsil sisteminin pedaqoji-metodiki tələblərinə uyğun, rus dərslikləri səviyyəsində milli dərsliklərin yaranması üçün xeyli zaman lazım oldu. Zamanı ləngidən amillərdən biri ziyalılarımızın ana dili ilə fars dili, eləcə də milli Azərbaycan bədii düşüncəsi ilə Şərq klassikası arasında vurnuxmaları idi. "Əkinçi" ilə bağlı qeydlərimizdə göstərildiyi kimi 1870-ci illərin ikinci yarısında Azərbaycanda gənc nəslin təlim və tərbiyəsinin ən ciddi məsələlərindən biri Şərq klassikasına, məktəblərdə dərslik kimi tədris edilən farsdilli ədəbiyyata, özəl olaraq da Sədi yaradıclığına münasibət, "Gülüstan", "Bustan" probleminin həlli idi. Tarixi sənədlərlə tanışlıq göstərir ki, köhnə məktəblərdə bu kitablarla təhsil alan uşaqlar çox vaxt sadəcə mətnləri əzbərləyir, əzbərlədiklərinin mahiyyətindən bixəbər olurdular.
1874-cü ildən Şamaxıda yeni tipli məktəbdə müəllimlik fəaliyyətinə başlayan Seyid Əzim Şirvaninin tərtib etdiyi və içərisindəki mətnlərin bir hissəsinin müəllifi, bir hissəsinin də tərcüməçisi olduğu "Rəbiül-ətfal" - "Uşaqların baharı" kitabı, əslində, yeni zəmanənin, milli oyanış havasının çağırışı ilə dünyaya gəlmişdi. "Üsuli-cədid" - yeni üsullu məktəbin açılmasında iştirak edən, rus məktəbində müəllim işləyən "köhnə üsullu" ziyalı Seyid Əzim uşaqlara yeni məzmunlu, fərqli keyfiyyətlərə malik dərs kitabı ilə təlim verməyin zəruriliyini dərk etmişdi. Şair onu da aydın görürdü ki, uşaqlar üçün ana dilində asan anlaşılan oxu kitabları yaradılmalıdır. "Rəbiül-ətfal"ın başlanğıcında şair öz dövrünün fəhm və fərasət sahibi olan uzaqgörən insanlarına ənənəvi üslubda müraciət edərək bildirirdi ki, yüksək səviyyəli müəlliflərin bəzi kitablarda qəliz sözlərlə ifadə etdikləri ali mətləbləri bütün bəşəriyyət dərk etməlidir, lakin məktəb uşaqlarının zehni bu mətləbləri dərk etməkdə aciz və gücsüzdür. "Bizim diyarın insanları qazandıqları bilikləri uşaqlıqda əldə edirlər" qənaətində olan Seyid Əzim "müxtəsər mərifətnamə" - yığcam maariflənmə kitabı kimi müəyyənləşdirdiyi "Rəbiül-ətfal"ı məktəb tələbələrinin faydalanmaları və feyziyab olmaları üçün yazdığını qeyd edirdi. "Öz türki lisanımızda" aydın olan söz və asan başa düşülən ibarələrlə yazıldığı iddia edilən kitabın "Dibaçə"dən əldə olunan qənaətə əsasən, müəllif kitabı tərtib edərkən qarşıya bu məqsədləri qoymuşdu:
- Ali bəşəri mətləblərin sadə və uşaqlar üçün anlaşıqlı dillə ifadə edilməsi;
- Yeni nəslin yüksək ideyalarla tərbiyə olunması;
- Mətnlərdən uşaqların feyziyab olması, başqa sözlə, həzz alması.
Əslində, S.Ə.Şirvaninin müəyyənləşdiridiyi bu istiqamətlər bütün dövrlərdə yaranan ədəbiyyat dərslikləri üçün məqbul hesab edilə bilər. Lakin şairin irəli sürmüş olduğu fikirlərin təsdiqini yazdığı mətnlərdə, gənclərə verdiyi öyüd və nəsihətlərdə axtaranda təzadlı mənzərələrlə qarşı-qarşıya gəlirik. Birinci və ən ciddi təzad XIX əsr ictimai gerçəkliklərinin mahiyyəti, tarixi məzmunu ilə S.Ə.Şirvaninin mövqeyi arasındakı tarazsızlıqdır. "Dövləti-Rusə yox xəyanətimiz", - deyən şair bir çox yazılarında özünün və ümumiyyətlə, mənsub olduğu toplumun Rusiya imperiyasına sədaqətini "sübut etməyə" çalışırdı və fərqində deyildi ki, bu mövqe XIX əsrin sonlarına doğru iflasa yaxınlaşır. Əslində, ortaya qoyulmuş mövqe mahiyyətcə qeyri-səmimi idi - XIX əsrdə Qafqazda nəşr olunan rusdilli mətbuatda ilk nəzərə çarpan Rusiya imperiyasının Qafqaz müsəlmanlarına, xüsusən də azərbaycanlılara qarşı milli və dini ayrı-seçkilik münasibətidir. Bu ögey-doğmalıq isə qarşılıqlı idi: ziyalılarımız üzdə Rusiya imperiyasına rəğbət ifadə etsələr də, xalq üçün rus, ən azından, yad dinin daşıyıcısı idi. Münasibət səmimi olmadığına görə S.Ə.Şirvaninin Rusiya imperatoruna və rus üsul-idarəsinə, rus şairi Puşkinə həsr etdiyi mədhiyyələr poetik baxımdan öz ifadəsini tapa bilmir, əksinə, divan şeirinin paltarının yeni ideyaların, rus adlarının əyninə geydirilməsi karnaval effekti yaradır, sözün canlandırdığı mənzərə həqiqəti təhrif edir. Bu yazılarda məzmun ilə forma bütöv olmadığına görə onlara göstərilən ictimai reaksiya da gözlənilənin əksinə olur, şairi mühitin gözündə, öz ifadəsi ilə desək, "səfahət kanına" - "səfehlik mənbəyinə" çevirirdi. Bizə elə gəlir ki, S.Ə.Şirvani ilə mühiti arasındakı ziddiyyətlərin bir tərəfini burada axtarmaq əsassız olmaz.
Allahın adına ithaf və peyğəmbərin tərifi ilə başlayan kitabın "Nazimin ifadəsi" bölümündə müəllif özü, mühiti və kitabın yaranma səbəbləri barədə məlumat verir, Şirvanın, Şamaxının tarixinin qürur doğuran səhifələrinə nəzər salır, Şirvanşahları, Xaqanini, Bahar Şirvanini xatırlayır, Rusiyanın işğalından sonra Şirvanın rövnəqləndiyini, ikinci Kəşmirə çevrildiyini qeyd edir. Şamaxını zəlzələnin dağıtdığı, əhalinin böyük hissəsinin Bakıya köçdüyü və Rusiya hökumətinin zəlzələnin təsirlərinin aradan qaldırılması üçün gördüyü tədbirlər dilə gətirilir. Çox maraqlıdır ki, kitabın mətnində Rusiya ilə bağlı qeydlər təzadlarla müşayiət olunur. Şirvanın təsxir olunması - istila edilməsi//rövnəqlənməsi //zəlzələdən Şirvan əhalisinin pərakəndə düşməsi və ya Şamaxının bərbad olması//Bakının abad edilməsi və s...
İmperaturi-Rusi-valaşan
Əhli-Şirvanə qıldı çox ehsan.
Qıldı çox xanə xəlq üçün təmir,
Leyk təqdirə olmadı tədbir.
Burada da təzad görürük: Seyid Əzim "şanlı Rusiya imperatorunun çox evləri təmir etdiyini, lakin "təqdirə tədbir olmadığını" - təqdir edilmədiyini yazır və bunu oradakı mühitin gerifikirliliyi, mühafizəkarlığı ilə əlaqələndirirdi. Şair bu mühitdə elminin özü üçün "vizrü vəbala" - ağır yükə çevrildiyini vurğulayırdı.
Seyid Əzim yerli əhalinin onu qəbul edə bilməməyinin, onu "səfahət kanı" adlandırmağının səbəbini bununla izah etməyə çalışırdı ki, elmin gəldiyi nəticələr insanların daşlaşmış zehniyyətinə zidd olduğuna görə mühafizəkarlar öz təsəvvürlərinə uyğun gəlməyən hər şeyi "dinə dönüklük" kimi qiymətləndirir və doğru sözü deyən insana ikrahla baxırlar. Şair öz mühitinin düşüncə tərzinə ironiya ilə yanaşır, müasirlərinin məsləhətlərinə rişxənd edir, istehza ilə ondan "gözəl hekayətləri", "nazənin rəvayətləri" qələmə almağı tələb etdiklərini yazırdı. Şairin şikayətinin məğzini bu təşkil edirdi ki, "aləmdə sözünün yadigar qalması, hər diyara sovqat olması" üçün ona "Güləndam", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanlarını nəzmə çəkməyi məsləhət görürlər:
Nəzm
qıl "Qisseyi-Güləndam"i,
Eylə məlum eşqi-Bəhrami.
Kərəmin
Əsli ilə yaz vəslin,
Kəşf qıl Əsli xanımın əslin.
De
"Koroğlu", cahanı canə gətir,
Qıratın vəsfini bəyanə gətir.
Söylə
nəqli-Qəribdən hərdəm -
Ki, onun yarı idi Şahsənəm.
Eşidənlər
kəlamın olsun şad,
Söyləsinlər
ki, mərhəba, ustad!
Bunu yazarkən
Seyid Əzimin Həsən bəy Zərdabinin ona müraciətini
nəzərdə tutub-tutmadığı barədə qəti
hökm vermək çətindir, ancaq Həsən bəy Zərdabinin
Seyid Əzimə (və digər şairlərə)
müraciətinin üstündən keçmək heç
düzgün olmazdı: "Keçmişdə
"Əkinçi" qəzeti çıxanda o vaxtın
şairlərindən yazıb təvəqqe eləmişdim
ki, bülbülü və gülü tərif və bir-birlərini
həcv etməkdən əl çəkib elm təhsil etməyin
nəflərindən və biz müsəlmanlara olan zülmlərin
barəsində şeirlər yazıb onları bizim
aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər
ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb
olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani
elm təhsil etmək nəflərindən bir neçə
şeir yazmışdır ki, "Əkinçi"də
çap olunmuşdu. Amma qeyri şairlərimizdən
heç bir cavab gəlmədi. O ki bizlərə olan
zülmlərdir, o barədə məliküşşüəra
Seyid Əzim Şirvani də bir şey yazmadı...". ("Həyat" qəzeti, 8 yanvar 1906)
Seyid
Əzimin gündəliyə gətirdiyi məsələ, əslində,
fərqli siyasi, iqtisadi, ictimai və mədəni münasibətlərin
- milli şüurun formalaşdığı yeni zəmanədə
Azərbaycan poeziyasının qarşısında duran dilemma
idi: bunun həm ictimai-siyasi və ideoloji dayaqları, həm də
bədii-estetik tərəfləri var idi.
Artıq
Azərbaycan şeirinin üfüqlərinin üç təmas
xətti ilə kəsişdiyi aydın
görünürdü: milli yaddaşın qaynaqları; Şərq
klassikası; eləcə də rus ədəbiyyatının
müasir təcrübəsi. Hələ
üfüqdə görünməsə də, Osmanlıda,
türk poeziyasında da yeniləşmə prosesləri
baş verirdi və Osmanlı ədəbiyyatında 1870-80-ci
illərdə yaranan yeni şeir tezliklə Azərbaycan
poeziyası ilə qovuşacaq, milli ideologiya zəminində
yaranan poeziya həm siyasi, həm də məhəlli dil sərhədlərini
aradan qaldıracaqdı. O vaxt ikinci təznimat dönəmini
yaşayan Osmanlı mühitində "Ədəbiyyati-cədidə"
- "Yeni ədəbiyyat" hərəkatı yetişməkdə
idi.
Azərbaycanda isə tarixi qədim, ənənələri
güclü olan şeirin yeni üslubunun yaranması
üçün əvvəlcə divan ədəbiyyatı ilə
münasibətlərin aydınlaşdırılmasına
ehtiyac var idi. Seyid Əzim klassik divan ədəbiyyatının
sadəcə təmsilçisi deyildi, həm də öndəri
və ideoloqu idi və onun divan ədəbiyyatının
estetikasını və ideologiyasını müdafiə etməsi
təəccüb doğurmamalıdır. Şairin
öndərlik etdiyi divan poeziyasının ənənələri
imperatorun ünvanına mədhiyyə yazmağa imkan verirdi,
lakin həmin mədhiyyələr ədəbiyyatın
işinə, hətta imperiyanın Azərbaycanda
açdığı məktəblərdə tədris
olunmağa yaramırdı. Şairin mənzum
əsərlərində Rusiya imperiyası, rus dili, rus ədəbiyyatı
haqqında yazdıqları onun ədəbiyyatda yeni bir istiqamət
müəyyənləşdirmək istəyi ilə
bağlı deyildi.
Seyyida, bəsdi
qiteyi-inşa,
İmperatura eylə xeyir-dua.
Düşməni-rus
tarümar olsun,
Ona Allah
lütfü yar olsun!
- deyən şairin öz oğluna (eləcə
dərs dediyi gənclərə) rus dilini öyrənməyin
vacibliyi barədə nəsihəti, yaxud Puşkinə həsr
etdiyi qəsidə klassik divan şeirinin tipik nümunələridir
və Şərq düşüncəsinin çərçivələrindən
kənara çıxmır. Seyid Əzimin
"Əkinçi" və "Ziya" qəzetlərinə
göndərdiyi, qəzeti, yeni məktəbi təbliğ edən
mənzum yazılarda istiqaməti dəyişsə də, üslub yerindən
tərpənib qabağa gedə bilmir. Bununla da Seyid Əzim
yaradıcılığında yeni mövzunun köhnə qəlibə
salınması klassik nəzmin böhranını dərinləşdirir,
zamanla şeir arasındakı təzadları qabardır.
"Rəbiül-ətfal"
kitabında zəmanə insanlarından şikayət olunan
"Nazimin ifadəsi"ndə şairə
"Koroğlu"dan bəhs etməyi məsləhət
görənin kimliyi, burada konkret şəxslər barədə
hər hansı eyham olub-olmaması o qədər əhəmiyyətli
deyil, məsələnin maraq doğuran cəhəti şairin
özünün yeni nəsil üçün
yaradılmalı olan ədəbiyyata yanaşmasıdır.
S.Ə.Şirvani ədəbiyyatın, xüsusilə də
uşaqlar üçün yaradılan mətnlərin yol
ayrıcında olduğunu intuitiv olaraq hiss etmişdi və tərəddüd
keçirirdi: sənət, ya milli yaddaşın
qaynaqlarına - kütləvi düşüncənin qəbul
etdiyi mənbələrə, epos yaddaşına əsaslanmalı,
ya da bundan imtina etməli, "Gülüstan"ın,
"Bustan"ın, "Zinətül-məcalis"in
uşaqların anlayacağı variantı yaradılmalı
idi. Seyid Əzim ona:
Nə gərəkdir
hekayəti-xilqət,
Nə gərəkdir bizə o keyfiyyət?
Bu nə
sözdür ki, xəlqi-kövnü fəsad
Nə qərar ilə oldular iycad?!
Nə gərəkdir
fəzilət izharı,
Həq-təala bilir bu əsrarı.
Olmayıbdır
əgər sözün kutah,
Başla
nəqli-Koroğlu, bismillah!
- deyənlərin mövqeyini rədd edərək
uşaqlar üçün "Koroğlu" dastanı yazmaq
yolunu deyil, "hekayəti-xilqət" - xilqətin hekayətini
və ya fəzilətin izharını yaratmaq yolunu seçdi.
Bu hekayət və izhar isə xalqın deyil, ədəbiyyatın,
kitabların
yaddaşından gəlirdi. Seyid Əzim
Şirvaninin özünün də qeyd etdiyi kimi ərəb və
fars dilində olan həmin mətləbləri
lüğətsiz oxuyub başa düşmək təkcə
şagirdlər üçün deyil, müəllimlər
üçün də çətin idi.
Seyid Əzimin tərtib etdiyi kitabdakı mənzum hekayələr,
təmsillər, əsasən, köhnə məktəblərdə
tədris edilən farsdilli mənbələrdən gəlirdi.
Rəbiül-ətfal"ın akademik nəşrinin tərtibçisi
Süleyman Rüstəmovun yazdığı kimi:
"Üç ədəd şagird dəftərindən ibarət
olan bu avtoqraf bir sıra hekayə, lətifə və nadirələri
əhatə edir. Birinci dəftərdəki hekayələrin
çoxu Nizaminin "Xəmsə"si, Füzulinin təmsilləri,
Sədinin "Gülüstan", "Bustan" və
"Kitabi-qeyyibat"ı, Mollayi-Ruminin "Məsnəvi"si,
Qaaninin "Kitabi-pərişan"ı, habelə hind xalq
hekayə və təmsilləri, Azərbaycan, ərəb və
fars folklorundan tərcümə, təbdil və iqtibas
edilmiş əsərlərdir ki, şairin qələmi
altında sadələşmiş, nəzmə çəkilmiş,
o dövrün məktəblilərinin anlayacağı şəklə
salınmışdır".
Məsələnin
həqiqət tərəfi budur ki, adları çəkilən
mənbələr tərcümədən sonra dil
baxımından anlaşılsa da, yeni formalaşmaqda olan Azərbaycan
ictimai təfəkkürü üçün mənən
qocalmışdı, milli oyanışın
yaratdığı tarixi hava yeni bir cərəyan, fərqli
axın tələb edirdi.
Məti
OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2017.- 5
avqust.- S.15.