Dünya ədəbiyyatından nağıllar

Fərid Hüseynin tərcüməsində...

 

Sülhün yolu

 

Avropa uşaq ədəbiyyatı

 

Dünyanın ən sülhsevər, xoşbəxtlik və əmin-amanlıq içində yaşamaq istəyən insanları Yer kürəsində gedən müharibələrdən və qırğınlardan təngə gəlmişdilər. Günlərin bir günü onlar qeyri-adi gücü olan sehrbazın yanına gedib xahiş etdilər ki, müharibələri dayandırsın. Müharibələrə son qoymaq sehrbaz qədər də çətin deyildi. Sehrbaz yanına xahişə gələnlərə dedi:

- Bu işi görmək mənim əlimdə heç nədi. - Yer üzündəki bütün silahları və texnikanı məhv edərəm. Əgər silah olmasa, insanlar müharibə edə bilməz.

- Bu işi görsəniz əla olar. Lap yaxşı! - İnsanlar razılıqla evlərinə qayıtdılar.

Sehrbaz sehrli kəlmələr deyib, əllərini yellədi. Yer üzündəki bütün silahlar sıradan çıxdı. Sülhsevərlərin gözlədiyi kimi, Yer kürəsində sülh və əmin-amanlıq bərqərar olundu. Lakin bu dinc günlərin ömrü cəmi 3 gün çəkdi. Silah tapmadıqlarına görə müharibə və qırğına təşnə insanlar bir-birlərini öldürmək üçün körpə ağacları qırıb, nizələr düzəltdilər. Yenə də müharibə başladı.

Çox keçmədən bu xəbər sehrbaza da çatdı. O yanına gələn sülh elçilərinə dedi:

- Siz heç narahat olmayın. Mən dərhal nizələri də, nizə düzəltmək üçün insanların kəsib istifadə etdikləri körpə ağacları da məhv edərəm.

Növbəti iki-üç gün ərzində bəşəriyyətin müharibədən doymayan böyük əksəriyyəti nizə düzəltmək üçün körpə ağac axtarmaqdan yorulub, nəhəng ağacları kəsməyə başladılar. Onlar qısa müddətdə bu ağaclardan dəyənəklər düzəltdilər, yenidən qan su yerinə axdı. Sehrbaz dərhal Yer üzündəki bütün nəhəng ağacları məhv etdi.

Ağac tapmayan insanlar bu dəfə dəmir və başqa metallardan soyuq silahlar - bıçaq, qılınc, xəncər - hazırladılar, müharibə yenə dayanmadı. Artıq müharibələri biryolluq dayandırmağı qarşısına məqsəd qoymuş sehrbaz bütün metalları və soyuq silahları da məhv etdi. Lakin bu da insanları pis əməllərdən çəkindirə bilmədi. Onlar bu dəfə bir-birlərini daşlamağa başladılar. Sehrbazın başqa yolu qalmamışdı. O daşları məhv etməyə qərar verəndə, sülh elçiləri ona mane oldular. Çünki bu gedişat onları narahat etməyə başlamışdı. Yer üzündə ağac, metal, daş qalmamışdı. İnsanlar nə yeyib-içəcəkdilər? Necə yaşayacaqdılar? Necə ov edəcəkdilər? Bu şəraitdə müharibə olmadan da bütün bəşəriyyət məhv olacaqdı. Sehrbaz da, sülhsevərlər də başa düşdülər ki, bu yanlış həll yoludur. İnsanları bu yollarla müharibədən çəkindirmək mümkün olmayacaq. Qoca sehrbaz çaşbaş qalmışdı. Bu məsələdən dərhal bir çıxış yolu tapmaq lazım idi:

- Qəribədir, mən bu insanların qarşısında acizəm, onlarla necə davranmaq lazım olduğunu bilmirəm. Bu gedişlə mən bütün bəşəriyyətin axırına çıxacağam. Buna isə gücüm çatmaz!

Sülh elçiləri böyük ümidsizliyə qərq oldular. Onlar nə edəcəklərini bilmədən, bir-birlərini daşlayan, yaralayan insanlara baxırdılar. Sehrbaz dərin-dərin düşünərkən sülh elçilərindən olan ağıllı bir uşaq ona yaxınlaşıb dedi:

- Mən bilirəm, siz bəşəriyyəti bu bəladan qurtarmaq üçün nə etməlisiniz. Elə bir sehr edin ki, insanlar başqalarına qarşı etdiklərini özləri də hiss etsinlər. Kimsə kimisə incidəndə, qoy özü də ağrısın. Bir başqasını sevindirəndə, qoy, özüo qədər sevinsin. Əgər belə olsa, heç kim başqasını incitməyəcək.

Hamı uşağın bu ağıllı təklifindən təsirlənmişdi. Sehrbaz bu təklif qarşısında heyrətləndi. O dərhal bütün ağacları, daşları və metalları geri qaytardı, sehrlə insanlara başqasını duymaq, hiss etmək bacarığı verdi.

O gündən sonra Yer üzündə bir kəs bir kəsi incitmədi. Çünki başqasına nə etsə, eyni ağrını həmin insan özühiss edirdi. İnsanlar daha çox bir-birlərinə qayğı göstərməyə, kömək etməyə başlamışdılar, çünki bu zaman qarşısındakının xoşbəxtliyini kömək edən, qayğı göstərən də həmin hissləri yaşayırdı. Bundan sonra insanlar ömürlük dərd-qəmsiz, sevinc içərisində yaşadılar.

 

Su, Külək və Alov

 

Linda Hestinq

 

Qədim zamanlarda Yer kürəsində hamının rahatlığını təmin etmək üçün öz işləri ilə məşğul olan Su, Külək və Alov yaşayırmış. Günlərin bir günü onların arasında dava düşür. Hər şey lovğa Küləyin SuAlovu qıcıqlandıracaq: "Mən olduqca qiymətliyəm. İnsanlar üçün mənim varlığım sizinkindən daha vacibdir. Yer kürəsindəki ən lazımlı ünsür mənəm" sözləri ilə başlayır.

Təbii ki, nə Su, nə də ki Alov onun bu iddialı sözləri ilə razılaşmırlar:

- Xeyr, qətiyyən belə deyil!

Lakin Külək nəhayətsiz gücünü sayaraq lovğalanmağa davam edir:

- Niyə də yox? Mənim insanlara sizdən daha çox köməyim dəyir. Ən güclü yağışlardan sonra mən bir dəfə titrəməklə hər yeri quruduram. Mən toxumların daha geniş yerlərə səpilməsinə, tozlanmaya, əkinlərin daha məhsuldar olmasına kömək edirəm. Uşaqların çərpələnglərini uçurduram. Göy üzünün buludlarını daşıyır, suya ehtiyacı olan yerlərə aparıram. Kəpənəklərin, arıların hərəkətinə kömək edirəm. Böyük Yaradan mənə insanlar üçün xeyirli işlər görməyə güc verib. Məhz buna görə də bu dediklərim heçquruca iddia deyil.

Külək sözünü bitirən kimi suyunalovun üzünə acıqla hava üfürdü.

Onun bu lovğalığı alovu hiddətləndirdi:

- Deməli, belə! Mən isə Günəşin göydəki istiliyini insanlara çatdırıram, onların qaranlıq gecələrini işıqlandırıram. İnsanlar mənim köməyimlə, yemək bişirir, isinir, gili saxsıya çevirir, vəhşi heyvanlardan qorunurlar. Ən əsası da odur ki, insanların daha çox işinə yaradığım üçün mənə hər ikinizdən Yaradan daha böyük qüdrət verib. Dünyanın ən vacib ünsürü özüməm.

Alov da öz gücünü göstərmək üçün qürrələndi, səmaya yüksələn alovlar, az qala, suyu qurudur, küləyi öləzidirdi.

O sakitləşən kimi Su düşündü ki, hər iki lovğanın - küləyin və alovun cavabını verməlidir:

- Siz cəfəngiyat danışırsınız. Özünüzbilirsiniz ki, mən hər ikinizdən vacib ünsürəm. Mən Yer üzündəki milyonlarla növ canlının vətəniyəm, mən olmasam, balıqlar, bitkilər, balinalar, sudaquruda yaşayanlar məhv olar. Onların mənə daha çox ehtiyacı var. Hətta mənə ehtiyacı olanların adlarını sayıb qurtara bilmərəm. İnsanlar su içmədən yaşaya bilər? Uşaqlar qızmar yayda suda çimməsələr, dincələ bilərlər? Ən əsası da odur ki, bütün bunları nəzərə alan Yaradan mənə daha çox yer və idarəçilik verib. Təmizlik, sağlamlıq - hər şey məndən başlayır. Əmin olun ki, dünyanın ən böyük və ən gözəl ünsürü mənəm.

Külək daha da hiddətləndi:

- Siz nə cürətlə belə sözlər danışırsınız. Bütün quşları, həşəratları, buludları hər yana mən daşıyıram. Mən hamınızdan qüdrətliyəm - deyib ovurdlarını şişirtdikcə şişirtdi, dəli kimi əsməyə, qarşısındakı hər şeyi silib-süpürməyə başladı. Alov qalxdıqca qalxdı, hətta torpağı da külə döndərdi. Sular qaynadı, evlər, tarlalar su altında qaldı.

Yer kürəsi onları sakitləşdirə bilmirdi. Əlacsız qalan Yer kürəsi baş verənləri diqqətlə müşahidə edir, onların nə zaman yorulacaqlarını gözləyirdi. Hər şey bir-birinə qarışmışdı. Yer kürəsi bu mübarizənin bitməyəcəyini görüb, Böyük Yaradana xəbər göndərdi. Uşaqların, insanların ağlaşma səslərini eşidən, heyvanların və bitkilərin halını görən Yaradan hiddətləndi:

- Dayanın! - deyə əmr etdi.

Hər üç lovğa sakitləşdi. Sakitləşdikdən sonra onlar tanınmaz hala saldıqları Yer kürəsinə baxdılar. Bu gördükləri işlər utancverici idi. Çünkiolursa-olsun, onlar həmişə canlıların xoşbəxtliyi və rahatlığı üçün çalışırdılar.

- Biz çox mənasız görmüşük - Alov dilləndi.

- Bəli, razıyam - Su başını qaldırmadan təsdiqlədi.

- Gör, bizetdik. Dünyanı nə hala saldıq. - Külək titrək səslə əlavə etdi: - Dərhal səhvimizi düzəltməli, Yer kürəsini əvvəlki vəziyyətinə qaytarmalıyıq. Su yanan zəmiləri, evləri söndürdü, Külək daşqın altında qalmış yerləri qurutdu, Alov Küləyin xarabaya çevirdiyi məkanları yandırdı.

- Bizim müharibəmizə ehtiyac yoxdu. İnsanların hamısının bizim hər üçümüzə ehtiyacı var. Biz heç birimiz digərimizin yerini tuta bilmərik. Yaradan bizi tamamilə fərqli xidmətlər məqsədilə yaradıb. Əslində, biz hamımız bir-birimizdən asılıyıq, birimizin digərimizə ehtiyacı var - Alov yorğun səslə dedi.

- Bizə verilən güclərdən düzgün istifadə etsək, Yer kürəsi daha firavan olar - Külək razılıqla dilləndi.

- Su gücünü daşqınlar, Alov gücünü yanğınlar və Külək gücünü fırtınalarla göstərmək iddiasına düşməsə, Yer kürəsi hamımız üçün xoşbəxtlik məbədi olacaq. Hamı öz xeyirxah əməlləri ilə xeyir verməli, səhvlərini başqalarından ibrət alaraq düzəltməlidir. Çünki bu dünyada heç kim tək halda tam deyil - Su əvvəlki həlimliyi ilə əlavə etdi.

 

Zaman Sevgi

 

Britaniya xalq nağılı

 

Qədim zamanlarda dünyanın ən gözəl adalarından birində bütün duyğular hisslər yaşayırmış: Sevinc, Kədər, Bilik, Arzu... Bir sözlə, insanlara aid bütün duyğular, o cümlədən , Sevgi.

Günlərin bir günü xəbər yayılır ki, ada yavaş-yavaş batacaq - sulara qərq olacaq! Bunu eşidən ada sakinləri əlhaya düşüb çoxlu qayıqlar düzəldir adanı tərk edirlər. Bircə Sevgi adanı tərk etmir. Sevgi son ana kimi gözləmək, son anda bəlkə nəyinsə dəyişəcəyi ümidi ilə adada qalır. Ada tamamilə batmaq üzrə olanda Sevgi qərara gəlir ki, kömək istəsin. Zənginlik mindiyi böyük qayıqla Sevginin yanından ötüb keçir. Sevgi onu çağırır:

- Zənginlik, məni qayığına götür, özünlə apara bilərsənmi?

- Bağışla, Sevgi, amma bu mümkün deyil - o cavab verir. - Qayığım qızıl gümüşlə doludur, təəssüf ki, burada sənə yer yoxdur.

Sevginin gözü Qürurun adadan yavaş-yavaş uzaqlaşan qayığına sataşır. Lakin Qürurun da Sevgiyə cavabı ürəkaçan olmur:

- Mən sənə kömək edə bilmərəm, Sevgi. Sən tamamilə islanmısan mənim qayığımı çirkləndirərsən.

Bir qədər sonra Kədərin qayığı yaxınlaşır. Sevgi yalvarış dolu bir səslə deyir:

- Kədər, məni qayığına götür

- Ah, Sevgi, bağışla. Mən çox kədərliyəm, tək qalmaq, rahat olmaq istəyirəm - deyə, Kədər mısmırığını sallayaraq cavab verir.

Ümidini Xoşbəxtliyə bağlayan Sevgi ondan da kömək görmür, çünki canını qurtardığı üçün onun başı öz xoşbəxtliyinə elə qarışmışdı ki, Sevginin haraylarını eşitmədi.

Bu dəm Sevgi başını qəfil gələn səsə tərəf çevirdi:

- Gəl, Sevgi, əlini uzat. Mən səni özümlə apararam - deyə, Sevgidən çox-çox yaşlı görünən onun tanımadığı bu sakin əlini uzatdı. Sevgi xilas olmağın sevinci ilə onun qayığına hoppandı onun kim olduğu, haraya getdikləri ilə bağlı nəsə soruşmaq ağlına da gəlmədi. Uzun yol getdikdən sonra onlar quruya çatdılar, qoca xilaskar qayıqdan enib, öz yolu ilə irəlilədi. Onun necə yaşlı olduğunu indi anlayan Sevgi ondan böyük olan Bilikdən soruşdu:

- Məni xilas edən o qoca kim idi?

- Zaman idi - Bilik cavab verdi.

- Zaman?! - Sevgi düşünməyə başladı.

Onun üzündəki dərin mənalı ifadəni oxuyan Bilik gülümsəyərək cavab verdi:

- Çünki bircə Zaman Sevginin nə qədər dəyərli olduğunu anlamağa qadirdir.

 

Tərcümə edən:

Fərid Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2017.- 5 avqust.- S.19.