Bu cənnətin adı Eşqdir...
Ahmed Arifin mübarizələrdə
keçən ömrü
"İndi axşamdı. Hələ heç nə
yeməmişəm. Siqareti atmaq niyyətindəydim.
Bugünkü, inan mənə, unutdum neçənci qutudu... Evdə bir ölüm sükutu var. Sual verməyə
qorxurlar. Ah, bir soruşsalar, səni anlatsam... Ah, bu rəzil
dünya səni tanısa, səni öyrənsə, səni
anlasa..."
Əsl adı Ahmed Önal olan Ahmed Arifin şeirlərindəki
sevginin qaynağını deşifrə edən sürpriz bir
kitabdan - Leyla Erbilə yazdığı məktublardan ibarət
"Leylim Leylim"dəndir bu isti sözlər. Arifin Erbilə
yazdıqları şeirlərinin eskizidir sanki. İki ədəbiyyat adamının məhrəm
yazışmalarının kitab halında işıq
üzü görməsi ayrı bir mövzudur.
Ahmed
Arifin məktublarının
toplandığı bu kitab, ədəbiyyat tarixçilərinə
təbii ki, önəmli bilgilər vəd edir.
Yazıldıqları dönəmin intellektual ortamını,
Ahmed Arifin sürgün günlərini, gördüyü
siyasi təpkini, iç dünyasını və ən
çox da sevgisini bütün
çılpaqlığıyla ortaya qoyur: "Bilirsən,
ölüm mənim üçün çox önəmli bir
şey deyilsə də, bu mövzuda... məhkumam! Ölərəm
ha! Nə gözəl yaşayırdıq! Necə də
yaşadırsan... Nə qədər söyləyim, elə
yaşadan, elə sevdirənsən ki... Səni tanımaq, səni
bir dəfə belə görmək, milyard il
yaşamaqdan daha dolu, daha dəyərlidir. Amma
kimə deyilir bu sözlər, anlayana təbii. Səni anlamaq, səni sevmək mühüm və əziz
bir işdir. Çətin də deyil.
Amma öncə insan olmaq lazım..."
"Bu
uşaq türkdür"
"Yaxşı
yadımdadır... Biz oyun oynayırdıq.
Üç adam bəhsə girmişdi.
Onlardan biri ərəb, biri kürd, o biri zaza (Türkiyədə
türklərdən və kürdlərdən sonra ən
böyük üçüncü etnik toplum-X.H.) imiş… Biri məni göstərərək "Bu uşaq ərəbdir"
- deyir. O biri etiraz edir: "Yox, bu uşaq
kürddür." Üçüncüsü "bu, nə ərəb,
nə də kürddür... Bu, zazadır"
- deyir. Biz oynayırıq, onlar
danışığımızı dinləyirlər…
Anlaşa bilməyib bir
ustadan uşağın milliyyətini soruşurlar.
Və beş lirədən mərc gəlirlər.
O zaman bu, böyük məbləğ imiş təbii. Usta deyir: "Üçünüz də
yanıldınız. Bu uşaq
türkdür."
Uşaqlıq
illərindən çeşidli bölgələrdə
yaşadığı üçün ərəbcə,
zazaca və kürdcəni yaxşı mənimsəmişdi
Ahmed... Uşaq vaxtlarından həmişə ədalətin
arxasınca düşən Ahmed, zərrə
haqsızlığa dözə bilməzdi. Hələ sevdiklərindən
danışırıqsa bu, daha da şiddətli olurdu.
Şeirlərində həmişə əzilən
insanların tərəfindəydi: "Çocukluğumda
özüm üçün heç vaxt dava etmədim. Amma
dostlarım, məhəlləmiz, ya da məktəb yoldaşlarım
üçün
çox dava etdim. Bu mənim
xarakterimdən irəli gəlir."
Uşaq ikən anasını itirir. Bu səbəbdən həyatı
atasının yeni
həyat yoldaşları ilə davam edəcəkdi.
Səkkiz uşağın ən kiçiyi olan
Ahmed oxumağı, yazmağı ibtidai sinfə getməmiş
öyrənir. Onun poeziya sevgisi orta məktəbdə
oxuduğu zaman yaranır. O, Ankara Dil və Tarix
Coğrafiya fakültəsi Fəlsəfə
bölümündə təhsil alan zaman
iki dəfə həbs olunur...
"Otuz
üç kurşun" şeiri...
1943-cü
ilin iyul ayında Vanda heyvan
qaçaqmalçılığı iddiası ilə 33 nəfər
ordu komandiri Mustafa
Muğlalının əmriylə
güllələnir. 32 nəfərin
ölümü, birinin qaçması ilə nəticələnən
olaya Ahmed Arif "Otuz üç kurşun" adlı
şeir yazır. Şair özü bu şeiri
ağı kimi yazdığını deyir: "Ağı
kimi qələmə aldığım "Otuz üç
kurşun"u yayımlamaq fikrində deyildim. Yaxınlarım,
dostlarım "Niyə yazdın bunu? Bunu
yazacağına Mustafa Sübhidən yaz" dedilər.
Mustafa Sübhinin keçmişdə qaldığını,
bunun isə gözümün önündə baş
vermiş bir olay olduğunu söylədim: "Bu
Bahçelievlərdə manyakın biri otuz dənə
toyuğu oğurlasa, kəssə, küçəyə atsa,
ertəsi gün "Ulus" olayı dörd sütunda verər.
Toyuq deyil bu, 33 nəfər sənin vətəndaşındır.
Heç bir günahı yox. Tərtəmiz. Bəlkə hamımızdan da
günahsız... Kimsəsizlikdən başqa
günahları yox. Kimsəsiz adamlar, o qədər! Həmin bu "Otuz üç kurşun"
şeiri üzündən gəldilər apardılar məni."
Ahmed Arif
dəfələrlə işgəncələrə məruz
qalır, təqib edilir, başqa qruplarda fəaliyyət
göstərdiyi iddiasıyla hədəfə alınır. Onu bir küncə sıxışdırıb
döyməsinlər deyə davamlı olaraq idman edir,
qaçır. 1951-52-ci illərdə iki dəfə həbs
olunan şair bu səbəbdən ali məktəbi
tamamlaya bilmir. Buna baxmayaraq, işgəncələr
və basqılar altında daim ayaqüstə durmağa
çalışır.
"Oxu" - dedilər, oxumadım. "Ölərəm,
oxumaram" - dedim. Sabaha qədər
söydülər, döydülər." Döyüldükdən
sonra şeir Salim Şengil adlı tanışının vasitəsilə
hissə-hissə "Seçilmiş hekayələr" dərgisində
yayımlanır… Şeirin başına gələnlər
bununla bitmir. Serhat adlı uşaq evdə
siyirmədən yazılı bir kağız tapır. Kağızda həmin şeir
yazılıbmış. Bunu görən uşağın
atası qiyamət qoparır. Balaca uşaq
çox qorxur. Bir yandan atası
bağırır, bir yandan anası. "Demək,
orada necə bir terror var, düşüncə terroru,
danışma terroru. Sözünü
danışmaq, fikrini ifadə etmək mövzusunda elə bir
terror var ki, bu şeiri çox gizli, təhlükəli bir
şey kimi görür və gizli-gizli əldən-ələ
ötürürdülər"- deyirdi Ahmed Arif.
Şeirin başına gələn hadisələrdən
danışarkən bunun həyat ilə şeirin, həyat ilə
sənətin iç-içə olduğu bir durum olduğunu
bildirirdi: "Bir zaman gələcək, tarix ilə sənətin,
şeirin iç-içə olduğu bir durum olacaq. İnsanın öz köklərini
araşdırması çox önəmlidir."
Eşq
adlı cənnət
O,
bütöv bir həyatı qovğasına-qalmaqallara və sevdasına xərcləyir.
"Mən böyük deyiləm.
Xalqımın sıradan və qərib bir ozanıyam... Buna inanıram və qürur duyuram. Bəziləri son əlli ilin ən yaxşı
kitabını mənim yazdığımı deyir. O,
öz iddiasıdır həmin möhtərəmin… Nazım Hikmətin məmləkətində belə
söz danışılarmı?" deməklə təvazökarlığını
heç əldən vermir.
Sevdi, döyüldü, savaşdı, işgəncələrdən,
həbsxanalardan və daha nə qədər oyundan
alnıaçıq, üzüağ çıxdı. Xalqına,
yaşadığı torpaqlara böyük ürək və
bənzərsiz şeirlər ərməğan edən
şairin yeganə kitabı olan "Hasretinden prangalar
eskittim" (Həsrətindən qandallar köhnəltdim)
çox büyük səs-küy yaradır. Kitab, işıq üzü gördüyü vaxtdan
sonrakı 12 ildə 18 dəfə yenidən nəşr olunur.
Orhan Velinin şeirə təsir etdiyi bir dönəmdə
yaradıcılığa başlayan Ahmed Arif, Nazım Hikmətin
açdığı cığır ilə gedir. Ondan aldığı ilhamı bir Anadolu həssaslığı
və istedadı ilə şeirə çevirir.
"Cəsarəti söyləyir Ahmed Arif. Və iğidliyi... Bir bulaq kimi, yer altından axan sular kimi...- Cemal Süreya,
"Şapkam dolu çiçekle" kitabında Ahmed Arif
haqda belə yazır. Türk şeirində
müstəsna yeri olan bir neçə şairdən biri kimi
tanınır Ahmed Arif. Onun şeirləri
feodal istismarına, zülm və haqsızlıqlara
qarşı bir üsyandır. Həyatı
boyunca çəkdiyi əzablar, həbslərdə
yatması, həqiqətləri söyləməkdən
çəkinməməsi Ahmed Arif şeirinin əsas cəhətidir.
Üsyanın, mübarizənin, həsrətin,
qandalların ortasında ideal bir cənnəti təsvir edir
bizə Arif. Bu cənnətin adı isə eşqdir...
Yenə
Nazım Hikmət…
"1950-ci
illərin əvvəlləri idi… Abidin Dinogildəydik… Yenə şeirdən danışırıdıq.
İçirdik. Bir
mübahisə başladı. "Türk
şeirində yeniliyi biz etdik, Nazım yox. Bir
çağ varsa, onu biz başlatdıq",-dedilər. Düşündüm ki, Nazım bunların əqrəbası
deyil ki? Bunları yüksəklərə qaldırmış,
tərcümələrinə yardımcı olmuş... Biz eyni xalqın çocuklarıyıq.
Nazımla nə mən, nə də Yaşar Kamal
tanışıq… Dedim: "Güzin xanımdan üzr istəyirəm,
mənim hocamdır, amma bu, bir tərbiyəsizlikdir. Özünüzü Nazımdan daha böyük bir
şair, daha önəmli, ədəbiyyatda cığır
açmış, yenilik etmiş adamlar kimi görməniz sadəcə
təlxəklikdir. Burada mənim ağabəylərimsiniz,
amma məni məcbur etdiniz. İkincisi, deyək
ki, hər sahədə - həm iqtisadiyyatda, həm siyasətdə
çox inkişaf etmiş bir toplumuq. İndi deyil, o
zaman biriləri çıxıb türk şeirindən danışsa və
siz də bu sözlərinizlə ortaya çıxsanız, məsələn,
Yəhya Kamala bir şey deməzlər, amma sizə xain deyərlər.
Ayıbdır, həm Nazımı
tanıyırsınız, həm də bu cür
danışırsınız." Oktay Rifat, Nazımdan
başqa şeir bilib-bilmədiyimi soruşdu. Mən
səsimi çıxarmadım artıq. Amma Güzin
xanım "Oxu",- deyə işarə
etdi… Mən də "Hani kurşun sıksan
geçmez gecen"i oxudum. "Bu kimin?",- deyə sual etdi Oktay Rifat. "Bir dostun",- dedim. Oktay Rifat çaşıb qaldı:
"Qorxunc dərəcədə gözəl bir şeir."
Sonra "Mən bu şeirdən əlli dənə
yazaram",- deyib söhbətə davam
etdi- "Məhsulu necə boşuna xərcləyir bu…" O
zaman bu qarşılığı verdim: "Sən əlli dənə
yazarsan, şitini çıxararsan şeirin.
"Bu boya ilə əlli rəsmi boyayaram" - deyirsən.
O zaman bu şeir olmaz. Zənn etmə ki, sənin dediyini biz
bilmirik…"
* * *
Sənət çevrəsi çox geniş olan
şair, axşamlar Orxan Vəli ilə gəzintiyə
çıxar, Orhan abisinə öz şeirlərini
oxuyardı. Şeirlərini oxuduğu başqa bir dostu isə həmşəhərlisi
Cahit Sıtkı Tarancı idi. "Orxan Vəli
də mənim şeirlərimi bilirdi. Böyük
heyranlıqla, sayğıyla qarşılayardı. Cahit
Sıtkı da o cür… Hönkür-hönkür
ağlardı. Neçə dəfə oxumuşdu mənə
"Otuz üç kurşun"u, "Karanfil
Sokağı"nı… Hər
səfərində Cahit abi kövrələrdi."
Nikah
şəkəri yerinə Ahmed Arifin kitabı
Şairin şeirlərinə diqqət o qədər
böyük idi ki, bir müəllim öz nikahında şəkər
yerinə satın aldığı 500 ədəd Ahmed Arif
kitabını paylayır. Bunu öyrənən
şair utanc qarışıq xəcalət yaşayır.
Bu diqqət özünü dərgilərdə
də göstərir. Adi vaxt 500 tiraj satılan "Soyut"
dərgisi Ahmed Arifin şeirləri dərc olunan vaxtlarda
üç min nüsxə satılır və şeirləri
əldən-ələ dolaşırdı…
Son arzu
Geridə
sadəcə bu arzusu qalır Ahmed Arifin: "Mən buralarda,
bu xəstəxanalarda, bu torpaqlarda deyil, yenə oralarda - Dəclə
sahilində bir çadırda ölmək istəyirəm. O qədər
gözəl ağı deyər ki, o qadınlar…Heç bir
musiqi o qədər toxunmaz ürəyə…"
Ay
qaranlıq
Maviyə,
Maviyə
çalar gözlərin,
Yanğın mavisinə.
Rüzgarda
asi,
Korsam,
Səndən
qeyrisinə yoxamsa,
Dağınığamsa,
Can mənim,
xəyal mənim,
Ellərə nə?
Haydı
gəl,
Ay
qaranlıq…
İtdən
ac,
İlandan
çılpaq,
Vurğun
və bəla
Gəlib
durmuşamsa qapında
Varmı ki, doymazlığım?
İllah
ki, sevməyim,
Sevməyim kimisi?
Oturmuş
yazıcılar
Fərmanımı yazar.
Nə
olar gəl,
Ay
qaranlıq…
Sevdan məni
Tərk
etmədi sevdan məni,
Ac qaldım, susuz qaldım.
Xain,
qaranlıqdı gecə,
Can qərib,
can susqun,
Can
paramparça...
Və əllərim
qandallarda,
Tütünsüz,
yuxusuz qaldım,
Tərk
etmədi sevdan məni...
Susqun
Sus, kimsələr
duymasın,
Duymasın, ölərəm ha.
Ay
imişəm yarı gece,
Səni tapmışam sonra.
Səni, qabırğamın qızıl
parçası.
Səni,
dişlərində alma qoxusu
Bir daha hansı ana doğar bizi?
Ruhum... Misra düzürəm xəbərin olsun.
Bazarların
ən kiçik meyxanası bu,
Saçları üzümdə qardaş, çocuqsu.
Dərimizin
altında o ölüm namussuz...
Və Ahmedin işi ilk andan rast gedir.
İlkdir
dost əlinin xəncərsizliyi...
Ağlayır yaşıl.
Röya, bütün çəkdiyimiz.
Röya qəhrim, röya zindan.
Necə də
illəri tapdı,
Bir misra
boyu macəram...
Bilməzlər
necə aradıq bir-birimizi,
Bilməzlər
necə sevdik,
İki
yetik həsrət,
İki
parça can.
Çatladı
ürəyi çaxmaq daşının,
Ağlayır
göy qurşaqlarının sərinliyində
Çağlardır
boğulmuş bir su...
Ağlayır yaşıl.
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2017.- 5
avqust.- S.22-23.