Dədə Qorqud dindarlığı oxu işığında
Fitrət dini, əxlaq dini
Birinci yazı
"Qulluq
eylə Tanrıya dini yalnız Ona xas tutaraqdan... Bilin, xalis din
Tanrınındır...." (39, 2-3) - deyilir
Quran-Oxuda. "Xalis din", yəni zamanların təsirlərindən,
əlavələrindən yan ötən, zamanlardan ucada qərar
tutan din!
Zamanüstü keyfiyyətə malik din qeyri-adi, yaxud əlçatmaz
da deyil. Elə təbiət qanunları dediklərimiz,
görüb-duyduqlarımız bütövlükdə bu dinin
içində. Oxuda təlqin edilənlərdən biri də
budur ki, ilahi iradə ilə həyata keçirilən kainat
idarəçiliyi maddi (torpaq, su, döl və s.) və mənəvi
(ruh, can) materialdan yapıb-yaratdılan insana aid əxlaq dəyərlərinin
də bir təbiət hadisəsi, yaxud xalis din bəlirtisi
olaraq dəyişməzliyini təmin edir.
Oxuda təktanrılığa xas dəyərlər
sistemi eyni zamanda fitrət, yəni yaradılış dini kimi
anladılır. Mahiyyət budur ki, Tanrı insanı
yaradanda onun təbiətində məhz gözəlliklərə,
yaxşılıqlara canatım xislətini kodlaşdırmışdır.
Və təbiətin ali varlığı insan məhz
belə bir dinə, fitrətində əzəli
özülü olan, fəqət, zamanın, mühitin təsirilə
uzaqlaşdığı dinə dəvətlidir: "Tut
üzünü dinə sarı təktanrıçı bir
kimsətək. Tanrıcıl bir fitrətə
ki, insanları bu fitrətdə yaratmış.
Başqalaşma ola bilməz Tanrı
yaratmasında. Doğru olan din budur. Amma bilməz insanların əksəri" (30, 30).
İslam sözü fitrət dini olaraq təktanrılığın
sadəcə olaraq ərəbcə ifadə olunan
adıdır.
Məhəmməd Seçilmiş
ötürücülüyülə göndərilən ayələrdə
təlqin olunur ki, Nuhun da, İbrahimin də, Musanın da,
İsanın da və adları xatırlanmayan neçə-neçə
haqq elçisinin də öz soydaşlarını dəvət
etdiyi din təkcə Tanrıya təslim olma məzmununda, yəni
İslamdır. Təslimolmaya
çağırışlar praktik anlamda insanın
özünə, fitrətinə qayıdışı təmin
etməkdən ibarətdir. Bu
qayıdışa sövq edən təktanrılıq
impulsları ilk növbədə insan cəmiyyətlərini
məhv olmaqdan saxlayan əzəli və əbədi əxlaq
qanunlarını hər zaman gündəmdə saxlayır.
Bəllidir ki, ərəblər əksəriyyətcə
bütpərəst olmuş, sonra isə İslama
tapınmışlar. Yeri gəlmişkən qeyd edim ki, təktanrılığa
üz tutmaqla haqq dininin tələblərinə uyğun olaraq
ərəblər bütlərə sitayiş
dövrünün, cahiliyyə çağının tərbiyəsizliklərini,
vəhşi adətlərini (doğulan körpə
qızların diri-diri torpağa basdırılması və
s.) də tərgitmiş oldular. Ancaq
"Allahdan başqa ilah yox!" bəyanı o zamankı ərəb
etnosundan ötrü göydəndüşmə, fövqəladə
bir yenilik də deyildi. Onların
arasında bütləri inkar edib təkallahlığa
etiqadlı olan, İbrahim peyğəmbərin
görüşlərini yaşadan elitar bir zümrə də
vardı. Elmi ədəbiyyatda adları
"həniflər" olaraq xatırlanır. Məhəmməd
Seçilmişin də rəğbətlə
andığı həniflər mahiyyət etibarilə
İslamda, Rəbbimizin fitrət dini mənasında
anlatdığı İslamda idilər, nümunəvi əxlaq sahibləri
sayılırdılar. Və ərəblərin
kütləvi şəkildə İslamı qəbulunu məncə,
belə də dəyərləndirmək mümkündür
ki, bu, insanlıq naminə müəyyənləşən əxlaqi
başlanğıca, fitrət dəyərlərinə
qayıdış mahiyyətli bir tarixi hadisə idi.
İslamın son 1400 illik tarixində burası da
görüləndi ki, təktanrılığın müsəlman
toplumlarında rəsmiləşməsi bəzi dövrlərdə
nəhəng İslam mədəniyyəti nümunəsini ərsəyə
gətirmişsə belə, bu haqq dini dəyərlərinin
kütləviləşməsində tarixi dinamika
pozulmuşdur.
Kütləviləşən isə daha çox bu din adına zamanların bütpərəstlik əlavələri
olmuşdur. Bütün təktanrılıq
dinlərinə üz verən bütpərəstlik bəlaları
tarixi İslam anlamında qavranılan dindən də zatən
yan keçməmişdir.
Oxuda insanların əksəriyyətinin
bütçülüyə varmadan Tanrıya
inanmadıqları vurğulanır (12, 106). Yəni əksər
adamların inancında bütpərəstliyin
qarışığı var. Aktuallığını qiyamətəcən
saxlayacaq bir təlqindir. Bu günün
müsəlmanlarına da birbaşa aidiyyəti var. Şirkə
- bütçülüyə bulaşmamış təktanrılığa
iman gətirənlər azlıqdadırlar. Bu da var ki, bəşəriyyətin zaman-zaman
inkişafını məhz fitrət dinində qalan belə
bir azlıq müəyyənləşdirir. Və tarixin tərəqqiyə doğru axarı təktanrılıq
əxlaqı ilə bütpərəstlik əxlaqı
arasında əbədi ziddiyyətlərin hər
çağın öz inkişaf səviyyəsinə görə
çözülməsilə mümkünləşir.
Dinlər tarixini incələdiyimizdə maraqlı bir məqamı anmamaq olmur. Bəllidir ki, əcdadlarımız tarixi İslam öncəsində də təktanrılığın daşıyıcılarından olmuşlar. Ərəblərdə "həniflər" azsaylı bir zümrədən və mütləq çoxluq bütpərəstlərdən ibarət idisə, oğuzlar da daxil türklərin böyük əksəriyyəti təktanrılıqda, bu fitrət dinində idilər. Bəşəriyyətin xalqlar çoxluğunda əski türklərin tanrıçılığını Yusif surəsində səslənən, yuxarıda istinad edərək məzmunundan qismən söz saldığım bu ayələrin işığında da dəyərləndirmək mümkündür: "Nə qədər istəsən də inanan deyil insanların əksəri. Sən onlardan buna görə bir ödünc istəmirsən. Bu, sadəcə aləmlərçün bir anım. Göylərlə yerdə neçə-neçə ayə var ki, bunlardan üz çevirib ötərlər yanlarından. Əksəri də inanmazlar Tanrıya bütçülüyə varmadan" (12:103-106).
Söhbət əski türk dini olan "Göy Tanrı" inanışından gedir ki, iman əsasları başlıca olaraq təslimolma-islami məzmun daşımış. Təktanrılığın bu arxaik şəkli əcdadlarımızın mənəviyyatında, düşüncə və davranış tərzində reallaşaraq tarixə türk əxlaqı deyilən bir fenomen bəxş etmişdir. Və türklərin tarixən İslama, fitrət dininin bu ən mükəmməl variantına rahatlıqla daxil olmasının psixoloji özülündə Tək Tanrı inanışından gəlmə təsəvvürlər və əxlaqi dəyərlərin durduğu da bir elmi-dini gerçəklikdir.
İman saf olmalı ki, Tanrı qəbul eləyə. Və elə ki, Ondan deyil də
pir, ocaq və s. deyilən bir məkandan
yardım dilədin, elə ki, hansısa əcdadın din
görüşlərinə son həqiqətlərin ifadəsi
kimi tapındın, məsələ gedib çıxacaq
klassiklərimizin zaman-zaman tənqid hədəfində
tutduğu mövhumatçılığa - sərhədsiz
ulu Yaradanı məkanların, zamanların qəliblərində
aramağı özləri
üçün bir din borc bilənlərin dininə, əxlaqına.
Ulu abidəmiz "Kitabi-Dədə Qorqud"da Dəli
Domrulun Tanrıya bir yalvarışı var.
Zatən bir dua gərəyi olaraq Rəbbimizə
həmd oxumaqla başlayır. Deyir: "Ucalardan ucasan! Kimsə
bilməz necəsən, görklü Tanrı. Neçə
cahillər Səni göydə arar, yerdə istər, Sən xud
möminlər könlündəsən..." Dəli Domrul
Tanrıya məkan isnad
eləyənlərə cahillər deyir. Dədə
Qorqud yazısındakı bu neqativ dəyərləndirməni
üçüncü
minilliyə qədəm qoyan mövhumatçı
camaatın ünvanına birinci minillikdən səslənən bir qınaq kimi
də qəbul edə bilərik.
Əslində
zamansız-məkansız Ali Varlığın zaman-məkan
kontekstində qavramaq zəifliyini insana xas təbii bir zəiflik kimi də
qəbul etmək olar. Ancaq bu da var ki, bu zəiflik
insanı daim geriyə çəkir, cəhalətə
aparır. Beləcə, iman duyğusuna bir maddiyyat
ünsürü qatılmış olur ki, bu da İlahiyə
şərik qoşma, bütpərəstlik
anlamında aşkarlanır. Təbii ki, hansısa təzahürdə
bütçülük qatqısı olan din ilahi buyruqlar və hikmətlər
toplusu vəhylərdə, bu elmi-informativ qaynaqlı yazılardakı (Oxuda ayələr
sözüylə bildirilən vəhylərin bir adı da elmdir - 13, 37) dinamik ilahi məntiqdən
kənar olub "bilməzlik-görməzlik-duymazlıq"
istehsallı dəyərlərin sistemi kimi aşkarlanır.
Kənar
qatqılarla saflığını itirmiş belə bir
"din"in məişətdə, əxlaqda, ictimai münasibətlərdə təcəllisi
gerilik, fanatizm, nadanlıq, tərbiyəsizlik, terrorçuluq və s.-dir. Təktanrılıq
insan düşüncəsinə özünün saf
variantında hakim kəsildiyində isə uca əxlaq dəyərlərinin də
təminatçısına çevrilmiş olur. Və yaxud
belə də söyləyə bilərik ki, əxlaq fəzilətləri
bu haqq inanışını hər zamanın
ucalığında saxlayan səbəblərdən
biridir, çünki bu üzdən də söhbət
saldığımız fəzilətlər Tanrıya şəriksiz
iman fəaliyyətinin məzmununu
müəyyənləşdirən önəmli məsələlərin
önündə gedir. Bunun tarixi-əyani ifadəsini
peyğəmbərlərin nümunəsində görmək
olur. Məsələn, oxumağı-yazmağı bilməyən
Məhəmmədin ilahi seçimə layiq
görülməsinin məntiqində məhz uca əxlaq
başlanğıcının dayandığı fakt belə bir nümunəverici məzmun
daşıyır.
Oxu ayələrində
vurğulanan vacib xüsuslardan biri iman-saleh əməl bərabərliyidir. İman
saleh əməl və ya əksinə, saleh əməl iman bəlirtisi
olaraq nəzərimizə
çatdırılır. Bunlar bir-birindən
ayrılmaz, biri digərinin mahiyyətini şərtləndirən
məsələlərdir. Misal
üçün deyək, iman bütpərəstlik təzahürlərindən
nə qədər xalidirsə, əxlaq fəzilətləri də
bir o qədər ucalıqdadır. Əxlaqda nöqsan
varsa, deməli, iman duyğusu da riyakarlıq və məzmun
baxımından küfr-bütpərəstlik
qatqısından arınmış deyil: "Görmüsənmi
dini danan kimsəni? Yetimi qovan odur, yoxsulu yedirtməyə
meyli olmayan odur. Vay halına o namaz
qılanların ki, bilməzlər nədir bu namazları,
riyakarlıq eləyərlər, yaxşılığa,
yardıma əngəl olarlar" (107, 1-7). Əməlisalehlərinsə
özgə bir dəyəri var İlahi nəzərində:
"Yaranmışın ən yaxşısı iman gətirən,
saleh işlər görən kəslər" (98, 7).
Bəllidir
ki, təktanrılıq - uca əxlaq vəhdətinin ən
mükəmməl nümunələrini bəşəriyyətə
peyğəmbərlər bəxş etmişlər. Bu vəhdətin
ayrı-ayrı milli etnoslar səviyyəsində tarixən
kütləviləşmiş bulunan nümunələri də
var ki, zaman davamiyyəti
baxımından, elə bilirəm, türklər
üçün də üstün aidiyyəti olan bir məsələdir.
İlk
növbədə nəzərə almamız lazımdır
ki, əcdadlarımız əksəriyyətcə təktanrılıqdan
kənar olmamışlar. Və ənənəvi
türk mentaliteti və əxlaqı tarixi-elmi bir həqiqət olaraq
türklərin arxaik təktanrılıqdan ("Göy
Tanrı inanışı, tanrıçılıq) mükəmməl təktanrılığa
- İslama keçidi prosesində gəlişmişdir.
Şəksiz
ki, türk fəzilətlərinin bədiiyyatda bizdən
ötrü əvəzsiz və ulu əksi "Kitabi-Dədə
Qorqud" boylarındadır. Bu fəzilətlər
üçün təktanrılığı başlıq da
seçə bilərik.
Gözəldir
ki, Qorqud qəhrəmanlarının tapındığı
din falçı, pir, molla, imam dini deyil, sözün birbaşa mənasında
xalis haqq dinidir, Tanrı dinidir. Xalis təktanrılıq ruhu
oğuzların düşüncə və davranış tərzində
aşkarlanan bütün məqamların
əlahiddə bir enerji qaynağıdır.
Boyların
müqəddiməsindəki Dədə Qorqud deyimləri
oğuzların əxlaq manifestinin bəyanı olaraq Ulu Yaradanın
adıyla başlayır: "Allah-Allah deməyincə işlər önməz". Bəsmələnin
("bismi-lləhi-r-rahməni-r-rahim" - "Rəhman Rəhim
Allahın
adıyla') çox sadə bir təyinatda
açıqlamasıdır. Bu mənada oğuz təfəkkürü
hər işin Tanrı
adıyla və bununla da Onun rizasını qazanmaq
naminə görülməli olduğu qənaətindədir. "Allah-Allah deməyincə", bismillahsız nəcib
işlərin baş tutmayacağına inam ilk məqamda
Tanrıyla təmasa varmağın vacibliyini anlamaqdan doğur.
Oğuz türkünün Tanrıyla təması mistik
aləmə qapılanların, məbədlərdə gün
keçirənlərin, guşənişinlərin ibadətinə
əks məzmundadır. Bu məzmun sırf həyati müstəvidə
və təktanrılığın insan üçün nəzərdə
tutulan təyinatına tamamilə uyğun gəlir ki,
Tanrıdan qəbul görür. Bamsı Beyrək boyunda
olduğu kimi: "Ol zamanda bəylərin alqışı
alqış, qarğışı qarğış idi. Duaları müstəcəb olurdu".
Qorqudçuların tapındığı din saf təktanrılıq
başlanğıcından güc aldığına görədir
ki, aktiv variantda bir imanla gerçəkləşir. Qayəsi
mövhumatçılığa xas ağır mənəvi-psixoloji
bir yük olmaqdan deyil də həyatı hər cür əzablardan
qurtarmaqdan, gözəlləşdirməkdən ibarətdir və
bu anlamda ibrətlidir.
Başqa
sözlə, Dədə Qorqudun bəyanladığı əxlaq
manifesti bir din manifestidir ki, var. "Təkəbbürlük
eyləyəni Tanrı sevməz" (bu ifadə Oxuda da gedir:
16, 23), "könlün uca tutan ərdə dövlət
(ağıl) olmaz", "ər malına qıymadıqca
adı çıxmaz", "çalıb kəsər
üz qılıcı müxənnətlər çalmasa
yey", "qonağı gəlməyən qara evlər
yıxılsa yey", "yalan söz bu dünyada olunca olmasa
yey" və s. və i. qənaətlərə də hakim kəsilən
təktanrılıq dəyərləridir. Və necə ki,
"Allah-Allah deməyincə işlər önməz"
bismillahın bir açıqlaması, bunlara da eləcə
xalis din açıqlamaları söyləməmiz
mümkündür.
Həyatları
üçün təhlükəli bir durumla üzləşdiklərində
dastan qəhrəmanlarının dilindən qopan ifadədir:
"Tanrının birliyinə yox güman". Kəlmeyi-şəhadəti xatırladır. Müsəlman olan bəndənin ənənəvi
bir din borcudur ki, Tanrının birliyinə dair öz şəhadətini
dilə gətirə. Türkcəmizdə belədir:
"Mən şəhadət verirəm, Tanrıdan başqa
ilah yox. Və mən şəhadət verirəm,
Məhəmməd Allahın elçisidir".
"Dədə
Qorqud"un təktanrılıq bəyanında
Məhəmmədin elçilik missiyası anılmır. Əski oğuz təfəkkürü Tanrı
birliyinin peyğəmbər təsdiqinə xüsusi bir ehtiyac
duymur. Ancaq yenə də oğuzların
din şüuru Məhəmməd Seçilmişdən
öncəki zamanlardan bəri arxaik variantında olsa belə,
haqq dininin içindədir. Peyğəmbərin
anıldığı anlar isə əsasən savaşa
hazırlıq məqamlarına təsadüf edir. Qorqudçular "ağ alınların yerə
qoyub iki rükət namaz qılır", "adı
görklü Məhəmmədə salavat gətirirlər",
yaxud boyların birindəki başqa ifadə ilə,
"adı görklü Məhəmmədi yada gətirirlər".
Yeri gəlmişkən, din ayinlərinə aludəçilik
göstərməyən qəhrəmanların namaz
qılması məhz bu məqamlarda gerçəkləşir. Və şəksiz
ki, namazla bərabər Məhəmməd Seçilmişin
anılması İslam fütuhatı tarixinin xatiratı ilə
bağlı bir məsələdir. Özgə
bir nümunəyə Qazan xanın əsirliyi epizodunda rast gəlinir.
Oğuzların qürurunu sındırmaqdan
ötrü məcbur etmək istəyirlər kafirləri
öysün. Oğuz lideri düşməni pərtliyə
salan "öyümündə" bu ifadəni də işlədir:
"Məhəmməd dini eşqinə qılıc
urdum". Əslində sırf təktanrılıq
məntiqi baxımından "Məhəmməd dini eşqinə"
yox, "Tanrı dini eşqinə" deməliydi. Qazan xanın bu "elmi-teoloji
yanlışlığa" yol verməsi
anlaşılandır. Çünki tarixi
din savaşlarının getdiyi zamanlarda İslam daha çox Məhəmməd
peyğəmbərin adıyla assosiasiya olunurdu. Və bu mübarək adın dastanda daha çox
düşmənlə üz-üzə məqamlarda
anılması tamamilə təbiidir. Məhəmməd
seçilmiş bir də boylara sonluq vuran Qorqud dualarında
xatırlanır. Bu, suçların
bağışlanmasında peyğəmbərin Tanrı
yanında iltimasçı olacağına dair ənənəvi
İslami bir inanışla bağlıdır.
Qorqudçuların təktanrılıq şəhadəti
müsəlmanlığın formal izharı və təsdiqi
funksiyasıyla yanaşı, həm də bir dua mahiyyətindədir. Və adi
gündəlik dualardan xeyli fərqlidir. Bir qayda olaraq
olum-ölüm anlarında dilə gətirilir. Məsələn,
əsir düşmüş Uruz atası Qazan xanın
düşmən düşərgəsinə ayaq
basdığını biləntək deyir: "Aman, mərə
kafir, aman! Tanrının birliyinə yoxdur güman!". Kafirlər aman verirlər,
Uruz düşmənlə savaşdan öncə atasıyla
görüş imkanı qazanır. Bu
epizodda incəlik ondan ibarətdir ki, kafirlərin aman verməsi
əslində həmin o dua mahiyyətli ifadəyə görə
məhz Tanrı iradəsilə baş tutur. Aman istəyini dildə kafirə ünvanlayırsa
da, Uruz bəyin yeganə güvənc yeri Tanrıdır.
Və Onun birliyinə şəhadət gətirməklə
bu duası müstəcəb olur, önündə bir
qurtuluş yolu açılır.
Bəs təktanrılıq şəhadətinin kafirə
müraciət fonunda səslənməsinin anlamı nədir? Elə bilirəm
bunu oğuz türkünün ölüm təhlükəsi
altında belə dinindən dönməyəcəyini ifadə
edən bir din jesti kimi də qavramaq olar. Olduqca
normal və psixoloji baxımdan yetərincə bəraətli
görünə bilərdi ki, kafirdən aman istədiyi məqamda
bu igid oğlan öz düşməninin din görüşlərinə
meydan oxumayaydı. Və təkcə
psixoloji baxımdan deyil, elə təktanrılıq
inanışının öz məntiqindəncə
çıxış edərək belə bir hərəkətin
normal olduğunu qeyd etmək də mümkündür. Xüsusən o mənada ki, haqq dininin ən
böyük və başlıca şərti imanın ürəkdə
və əməldə, bütpərəstliklə mücadilə
durumunda isə həm fiziki, həm də intellektual qələbənin
təminatında gerçəkləşməsidir. Təktanrılığın
ali informativ qaynağı Oxuda hətta o da
var ki, iman yiyəsi düşmən caynağında ikən
Tanrını inkar etsə bunun bir saqıncası olmaz. "Məcburiyyət qarşısında qalaraq
diliylə küfr desə də, ürəyi imanda rahatlıq
tapan kimsələr" (16, 106) Rəbbimizin nəzərində
küfrə yuvarlanmış, dinindən dönmüşlər
deyil.
Ancaq əski
oğuz türkünün din şüurunda ali
məqsədlər uğrunda olursa belə, din adına manevr
etmək özəlliyi yoxdur. İman kamilliyinin
müəyyən ölçüdə bir nümunəsidir.
Ona görə müəyyən
ölçüdə ki, burada iman kamilliyi üçün
müqəddəs Oxu məntiqinin nəzərdə tutduğu
ağıl-duyğu tarazlığından danışmaq
olmur. Və əski oğuz türkünə
xas parlaq iman nümunəsini təfəkkürün yetərincə
qatılmadığı duyğusal aləmin bəlirtisi kimi
anlamaq lazım gəlir.
Təktanrılığın, tarixi İslam kontekstində
şifahi bəyanı nümunəsinə (kəlmeyi-şəhadət)
gəlincə, bunu İslamın gəlişi və
yayılışı çağlarında din mövqeyinin
(çağdaş düşüncə stereotiplərilə
yanaşmalı olsaq, bəlkə də daha çox
ictimai-siyasi mövqeyin!) toplum qarşısında ortaya
qoyulması, müəyyənləşdirilib bəyan edilməsinə
yönəlik bir vətəndaşlıq aksiyası kimi də
dəyərləndirmək olar. Kəlmeyi-şəhadət
müsəlmanlığın ilkin formal izharı mahiyyətində
olaraq bütpərəst toplumlarda İslamın tədricən
rəsmiləşdirilməsinə yardım edirdi.
Kəlmeyi-şəhadətə
önəm gətirən başqa bir cəhət də xalis din
dəyərlərinin təbliğində birbaşa ictimaiyyətə,
xalqa ünvanlanan aşkar müraciətlərə
üstünlüyün verilməsində idi. Və
İslam dini tarixən ona tərəfdar olmuşdur ki, bütpərəstliklə
ziddiyyətləri ümumən aşkarlıq müstəvisində
çözülə. Çünki istənilən məsələdə
aşkarlığa meyillənmə təktanrılıq əxlaqına
xas bir özəllikdir. Əhatə etdiyi coğrafiyada rəsmi
və qəti qələbəsindən sonra islam
dini islam bürüncəkli bütpərəstliklə (bəzi
ilahiyyatçılar buna gizli bütpərəstlik deyir) də
mücadilə aparmış. Bu mərhələdə
ənənəvi kəlmeyi-şəhadətin
daşıdığı enerji artıq bir qədər
azalmış kimi görünür. Və
müsəlmanlığın bu formal şifahi bəyanından
islamın içinə fəsad salmaq istəyən, yaxud əski
din vərdişləri üzündən cahillik gətirən
gizli bütpərəstlik təmsilçiləri də
faydalanmağa çalışır. Birincilər Oxuda
din riyakarları-münafiqlər kimi tanımlanır.
Haqlarında ayrıca bir surə var: "Münafiqlər".
Tanrının birliyinə, Məhəmmədin elçiliyinə
dair gətirdikləri şəhadətləri saxtadır:
"Riyacıllar sənə gəlib deyirlər: "Biz
tanıqlıq eyləyirik, sən əlbəttə,
elçisisən Tanrının". Və
Tanrı da bilir ki, elçisisən əlbəttə Onun.
Tanrı Özü tanıqdır ki,
riyacıllar, heç şübhəsiz,
yalançıdırlar. Andlarını özlərinə sipər etdilər,
kənar saldılar Tanrı yolundan. Nə
pis iş tuturdu gerçəkdən onlar" (63, 1-3).
Nəriman Qasımoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 5 avqust.- S.24-25.