Estetik ağrılar və ya Maşenka
1926-cı
ilin qışı... 27 yaşlı gənc
yazıçı pəncərənin sağında;
naxışlı, üstündə qəribə Şərq
ornamentlərinə bənzəyən süfrə salınmış masa
üzərindəki çap maşınında xatirələrini
diriltməklə məşğuldur.
Siqareti yeni tərgitdiyinə görə yazmağa fasilə
verəndə siqaretə öyrəşmiş barmaqları
dinc dayanmır, özünə nəsə yeni məşğuliyyət
tapmaq istəyir.
Gənc yazıçının həm barmaqlarına, həm
də dodaqlarına rəhmi gəldiyi üçün, bayaq dəmlədiyi
yaşıl çayı üstündə Peterburq
körpüsünün şəkli olan, qulpunun rəngi
getdikcə solğunlaşan fincana süzüb pəncərənin
önünə keçir.
Ağır-ağır yağan qar Berlinin boş və
sakit küçələrini təslim bayrağına
bürüyür. O, bu mənzərəyə baxa-baxa öz
uşaqlığını, qışa və qara daha
çox sahibkarlıq hissi bəxş edən Rusiyasını
düşünür. Bu fikirlərlə yenidən yazı masasına
keçərək yarımçıq qaldığı
yazının davamını işləyir.
İllər
sonra həmin yazıçı dünya şöhrətli
Vladimir Nabokov olacaq və onun bu sakit, xatirə qoxulu qış
gecələrində yazdığı ilk romanı
"Maşenka" doxsan bir il sonra Bakının isti,
bürkülü yay axşamında oxunacaq, seviləcək və
haqqında bir neçə gün sonra kövrək
yazı yazılacaq...
Mühacir
kəpənək
Rus ədəbiyyatının
dünyaya bəxş elədiyi böyük
yazıçı Vladimir Nabokovun
yaradıcılığı, xüsusilə yuxarda qeyd elədiyimiz
"Maşenka" romanı haqda söz açmazdan əvvəl
ədibin həyat yoluna qısa ekskurs təşkil edək ki, əsərlərindəki
mühacirət qoxusu, xatirələr dünyası,
ölülər adası bizim üçün daha diri, daha
aydın olsun.
Vladimir Nabokovun uşaqlığı zadəgan ailədə
dünyaya göz açdığı Sankt-Peterburq şəhərində
keçmişdir. İnqilab vaxtı ailəsi doğma şəhərdən
Krıma,
Krımdan daha sonra birdəfəlik Rusiyadan
Almaniyaya köçür. Bununla da Vladimirin mühacirət həyatı
başlayır. Bu mühacirət onun həyatında
ilk və son olmur. Berlində məskunlaşan
yazıçı faşistlərin hakimiyyətə gəlişindən
sonra 1940-cı ildə ABŞ-a köçür. Bütün köçlər, Nabokovun
yaradıcığına öz təsirini göstərir.
Sanki taleyin fatal oyunu yazıçı
ömrünü bu get-gəllərə qəsdən məhkum
edir. Ömrünü
yurdsuz yaşamış yazıçı 1977-ci ildə
İsveçrənin Möntryö şəhərindəki
"Palas-hotel"də dünyasını dəyişir.
Vladimir
Nabokov həmin böyük yazarlardandır ki, onun haqqında
sadəcə nədən başlamalı olduğunu tapmaqda
çətinlik çəkirsən; sözün
özünü hər şeydən yüksəkdə tutan
dahi estet olduğundan; təhkiyəsinin heyrətamiz şəkildə
gözəl təşbehlərlə, metaforalarla zəginliyindən;
yazıçı dilinin birmənalı şəkildə
gözəlliyindən; ya da sadəcə böyük nasir
istedadının ortaya qoyduğu möhtəşəm əsərlərdən...
bəlkə elə yaradıcılığının
substansiyası olan "Maşenka"dan...
Qərib
ölkədə rəngli kölgələr
"Maşenka" yazıçının
yazdığı ilk bədii romanıdır. Nabokovşünasların
fikrincə ədibin bütün əsərləri elə məhz
"Maşenka"nın modeli əsasında
yazılıb. Mən də bu fikirlə
razıyam. Sevimli yazıçım olan Nabokovun bir neçə
romanını ilk əsərindən əvvəl oxumuşdum,
ancaq "Maşenka"yla tanış olandan sonra doğrudan
da bunu sezmək olur. Məsəlçün, gözəl dil
ilə yazılan "Maşenka"
romanında Maşenka obrazının Nabokuvun məhşur
"Lolita"sını xatırlatdığını; daha
doğrusu, qızın təsvirlərindəki estetizmin hər
iki obraza bənzərlik verdiyini; "Maşenka"dakı
Qanin obrazının xatirələrinin "Lujin müdafiəsi"
romanındakı Lujinin xatirələrinə bənzəməsi
"Maşenka"nın digər romanlar üçün
istinadgah nöqtəsi olduğunu deyə bilərik.
Romanın qəhrəmanı Qanin Berlin şəhərindəki
rus pansionatında qalır. Hal-hazırda işləmir.
Lyudmila adında sevgilisi var. Daha doğrusu, Qanin
Lyudmilaya əvvəlki kimi bağlı deyil, hətta
qadının ətrinin qoxusu belə artıq onu əsəbiləşdirir.
O, cidd-cəhdlə ayrılmaq haqda düşünür, lakin
bunu deməyə cəsarəti çatmır. Ona
görə yox ki, o, Lyudmiladan qorxur, sadəcə, onu dəlicəsinə
sevən qıza ayrılıq haqda deməyə ürəyi gəlmir.
Amma bir gün bunu edir... özü də çox qəddarcasına... Qaninin bir anın
içində bu cür dəyişməsinin səbəblərini
aydınlaşdırmaq üçün, gərək onun
qaldığı pansionat və onun sakinləri haqqında ətraflı
danışaq.
Qanin qaldığı pansionatda ancaq vətəndən
ayrı düşmüş, tənhalaşmış
mühacir ruslar yaşayır. Bu həmin ruslardı
ki, onların hər birinin xəyalında keçmiş və
təmiz Rusiya mövcuddur.
Pansionatın,
xüsusilə Qaninin qaldığı otağın pəncərəsindən
qatar relsləri görünür. Gecələr qatarlar ordan səs-küylə
keçib uzaqlara gedirlər. Təbii ki, qərib ölkədə
yaşayan adamlar üçün hər gecə uzaqlara gedən
qatar səsini eşitmək insanın
içində kəmşirin kədər hissi yaradır ki,
usta yazıçı romanda bundan məharətlə istifadə
edə bilib.
Pansionatda qalan adamlar əslində canlı varlıqdan
daha çox, kölgələrdir. Çoxdan unudulmuş, tərk
edilmiş, tənhalaşmış qara kölgələr
başqa heç nə...
Pansionatın
rəhbəri Lidiya Nikolayevna, riyaziyyatçı Alfyorov, Qanini
sevən Klara, keçmiş məhşur şair Podtyagin, iki
rəqqas mavi Hornosvetov və Kolin və xatirələrdən
yapışan Qanin itirilmiş kölgələrdi.
Roman
Qaninlə Alfyorovun liftdə qalması və Alfyorovun
xarakterinin açılmasıyla başlayır, Belə ki,
riyaziyyatçı Alfyorov bir az da səfeh,
həmişə harda gəldi Rusiyada yaşayan arvadından
danışan obrazdır. O, Qaninin adını hər dəfə
səhv deyir. Yazıçı əslində bu
gedişlə Qaninin həyatının mənasızlığına
işarə edir.
Pansionatda qalan sakinlərdən biri də Klaradır. Klara tənha
yaşayan qızdır. O da həmin kölgələrdən
biridir. Otağının divarında Arnold
Böklinin "Ölülər adası" əsərinin
surəti asılıb. Bu da Klaranın və
pansioanatın sakinlərinin "cansız varlıqlar"
olduğuna yazıçının "səssiz
salamıdır". Klara Qaninin sevgilisi Lyudmilanın rəfiqəsidir,
ancaq ürəyində bu sirli və yorğun görkəmli
Qaninə sevgi bəsləyir. Qanin
Lyudmiladan ayrılandan sonra fikirləşir ki, Qanin məhz onu
sevir. Hətta bu haqda yaşlı şair
Podyaginə də deyir.
Amma bizim Qaninin vəziyyəti bir az
başqadır...
Romanda mənim üçün ən kədərli obraz
olan yaşlı şair Podtyagin Rusiya eşqiylə yaşayan,
keçmiş açıqçalarda şeirləri
yazılan, indi isə qərib ölkədə yaşayan qoca
rus kişidir.
Ürəkgetmədən əziyyət çəkən
Podtyagin bəzən həyata pessimist nəzərlərlə
baxsa da, hələ də nələrəsə ümidi var.
Berlindən Parisə getmək üçün ona pasport
lazımdır. O, hər gün sənədlərini qaydaya salmaq
üçün idarəyə getsə də, ya orda
dalaşır, ya növbədə dayanır, ya sənəddə
problem olur. Sanki yazıçı bununla həyatı
çıxılmazlıqla dolu olan insan üçün yeganə
çıxış yolunun elə çıxılmazlıq
olduğunu göstərir.
Yazıçının Podtyaginlə
bağlı ən qəddar oyunu isə tamam başqa cür
olur. Bu haqda Qaninin Lyudmiladan ayrılması
və bunun səbəbləri haqda söz açandan sonra
qayıdarıq.
Qanin öz otağında fikirli halda uzanan vaxt onunla
qonşu olan Alfyorovun zümzüməsi ona mane olur. Qanin dözməyib
onun otağının qapısını döyür. Alfoyorov təbəssümlə qonşusunu
otağına dəvət edir, Qaninin deyinməsi sanki onun vecinə
də olmur. Alfyorov
deyir, çox sevincliyəm, arvadım gəlir. Qanin qarşısındakı boşboğaz
adamın dediklərinə fikir vermir. Ta ki, riyaziyyatçı qonşusu
təkidlə öz arvadının şəklini ona göstərənə
qədər...
Qanin
Alfoyorovun otağından çıxıb öz
"yuva"na qayıdan kimi
otağın küncündəki köhnə əşyalarını
eşələyir, qara portmanatın içindən
düşən xatirə məktublarını oxuyur...
Qanin
artıq əvvəlki adam deyil. Alfyorovun göstərdiyi şəkil onun içində
mürgüləyən xatirələri bir anın içində
oyadıb. Çünki, Alfyorovun şəkildəki
arvadı Qaninin keçmiş sevgilisi Maşenkadır!
Kölgələrin
yerdəyişməsi və ya sehrbaz yazıçı
Qanin daha əvvəlki
adam deyil; necə ki əvvəlki adam da
indiki Qanin deyil... Qanin ilk sevgisi olan Maşenkaya
yazdığı məktubları, qızın ona
yazdığı cavabları oxuya-oxuya keçmiş zamana
yuvarlanır. Xatirə dolu cümlələr
onu keçmişə, uzaq Peterburqa yola salır.
Cümlələrlə sehrbazlıq edən
yazıçının ən uğurlu fokslarından biri də
bu məqamlarda başlayır. Yazıçı rəngsiz kölgələri,
yurdsuz adamları, Qaninin indiki, xatirələrdən uzaq
düşmüş, uzaqlara gedən qatar
səsiylə yatmağa öyrəşən vəziyyətindən
sonra əsərdə ikinci bir dünya yaradır. Bu dünyada zərrə qədər əzab yoxdur.
Bu dünyanın kədəri də şirindir.
Bununla da yazıçı əsərdə ədəbi
kontrast yaradır. Qaninin xatirələri
dirilir, canlanır. Əsər iki hissəyə
bölünür; indiki pansionat həyatı; keçmiş
xatirələr dünyası...
Yazıçı
Qaninin keçmişini; velosipedlə gəzməyə
çıxan uşağı; qızlarla parkdakı
çardaqda tufanın sovuşmasını gözləyən
Maşenkayla Qaninin ilk tanışlığını; onların
qatarların yanındakı ilk sevişməsini;
görüşdən sonrakı ayrılığın gətirdiyi
şirin kədəri; yeni görüşün verdiyi qəhvəyi
həyəcanı elə incəliklə təsvir edir ki, məndə
belə təəssürat yaranırdı sanki qarda yeriyən
adam bunu elə zərifliklə edir ki, qar üstündə
ayaq izləri qalmır...
Nabokovun Qaninin keçmişini bu qədər həssaslıqla
yazması, onun böyük yazıçı istedadıyla
yanaşı, həm də özünün keçmişinə,
uşaqlığına, gəncliyinə, Rusiyasına olan həsrətinin
ifadəsidir.
Yay bitəndən sonra Qaninlə Maşenka Peterburqun
qışında görüşdülər. Yazıçı
sanki əsəri iki hissəyə - keçmiş və indiki
dövrə bölməklə bərabər Qaninin gənclik
dönəmini də iki hissəyə bölür;
Maşenkayla olan yay görüşləri və qış
görüşləri. Və bunların hər
birini nəfis şəkildə insanın iliklərinə
işləyən cümlələrlə düzəldir.
Hə, yazmır; düzəldir. Sanki heykəltəraş kimi sözləri yonur, rəndələyir,
düzəldir.
Sənətdə yanaşma da məhz belədir. Bəzi yazarlar (hansı ki,
Nabokovun sevmədiyi Dostoyevski xətti) öz
ağrılarını, gördüklərini, xırda məişət
problemlərini yazaraq özlərini sakitləşdirirlər. Nabokov kimi estet yazıçılar
üçünsə ədəbiyyat ağrının
üstünə getməkdən çox ondan
qaçmaqdır. Yəni sözün
gözəlliyi, təhkiyənin orijinallığı
yazıçının öz dərdini,
ağrısını unutduran antidepressantdır. Bir dəfə
bu haqda müəllimim, yazıçı İlqar Fəhmiylə
danışırdıq, Söhbət məhz ağrıdan,
"qaçmaq yoxsa üstünə getmək"dən
düşəndə elə Nabokovdan misal çəkdi:
"Nabokov Lolitanın bədənini təsvir eləməklə
nə qədər ağrısından qaçıb kim bilir".
Arada mənə elə gəlir ki, məişət məsələlərinin
içində qurdalanan yazıçı təxəyyül
qıtlığından əziyyət çəkir. Nə qədər
böyük yazıçı olsa da, ancaq ətrafındakı
hadisələrin içində eşələnirsə, deməli
fantaziyası güclü deyil. Nabokov mənimçün
ona görə böyük yazıçıdır ki, onun
üçün ədəbiyyat, yazdıqları xırda, məişət
səviyyəsində deyil. Onun əsərləri
yüksək estetizmin, rəngarəng təxəyyülün
məhsuludur.
Bu zaman ortaya başqa bir məqam çıxır. Yazıçının
keçmişi, yaşadıqları, uşaqlığı.
Yəni əgər bir yazıçı gözünü
açıb ancaq kasıblıq, ailə-məişət
problemləri görübsə, təbii ki, bu onun yaradıcılığında
da öz əksini tapacaq. Bu zaman Nabokovun zadəgan
ailəsində dünyaya göz açdığı,
çox varlı ailədə böyüdüyünü
misal çəkmək olar. Tamamilə
doğrudur. Sözsüz ki, bunların
yazıçının əsərlərinə təsiri var.
Amma bir incə məsələ çıxır ortaya ki, buna
fikir vermək lazımdır. Nabokovun
mühacir həyatı başlayanda artıq o çox
kasıb idi. Yəni məişət
problemləri onu sıxırdı, ancaq yazıçı
heç vaxt bu mövzuları ədəbiyyatına demək
olar ki, gətirmədi. Onun üçün sözün
özü hər şeydən üstün idi...
Qaninin
oyanışı, kəpənəyin yuxusu
Uzun ayrılıqdan sonra Qanin öz Maşenkasını
tapır. Ona çox təəccüblü gəlir ki,
Maşenka bu səfeh Alfyorova necə ərə gedib. Qanin sanki öz həyatını geri qaytarmaq istəyir.
Bunun üçün isə hərəkətə
keçmək lazımdır. O da belə edir. Həmin gün Lyudmilanın evinə gedib onu sevmədiyini,
həyatında başqa bir qadın olduğunu deyir. Pansionata qayıdandan sonra Alfyorovun otağına gizli
girib siyirtmədən Maşenkanın şəklini
götürür, hətta bu vaxt Klara da qapının
açıq qaldığını görüb otağa daxil
olur. Qanini siyirtmədən nəsə
götürən vaxt görən Klaranın gözündə
Qanin oğruya çevrilir. Amma bu Qaninin
vecinə də deyil. Heç Klara da ona
nifrət edə bilmir. Sanki o oğru
görkəmiylə də Klaranın xoşuna gəlir.
Qanin çox sevinclidir. Maşenkanın şəklinə
baxır, xatirələrə dalır... hətta artıq həyat yolunu da
müəyyənləşidirb panisonatdan ayrılmaq,
Maşenkanı da götürüb uzaqlara getmək. Bunun üçünsə Maşenkanın gəlişini
gözləmək lazımdır. Qanin həmin
günün həyəcanını gözləyə-gözləyə
Podtyaginin də işinə yaramağa
çalışır. Sanki öz içində həyat
sevgisi yaranan adam başqalarına da kömək
edə bilər. O, yaşlı rus şairin pasportunu
almasına kömək etmək üçün onunla birgə
idarəyə gedir. Podtyagin pasprotunun
alınmasına hədsiz sevinir. Elə hey
deyir ki, burdan Parisə gedəcəm. Ancaq
taleyin qəddar oyunu (yazıçının soyuq qəddarlığı)
Podtyagini yenə çarəsiziliyə məhkum edir. Belə ki, onun pasportu avtobusda qalır.
Rəqqas
cütlük Hornosvetov və Kolin Klaranın ad günü,
Qaninin pansionatdan ayrılması və sabah
Alfyorovun arvadının gəlişi münasibətilə
yığıncaq təşkil edirlər. Hər
kəs yeyib-içir, əylənir. Alfyorov çox
xoşbəxtdir, çünki sabah onun mələyi,
arvadı, Maşenkası gələcək. Qanin
onun üçün içki süzür, məqsədli
şəkildə onu piyan etməyə
çalışır. Məclisin
ortasında artıq Alfyorov tamamilə sərxoş olur. Podtyaginin ürəyi tutur, onu otağına
aparırlar. Podtyagin Qaninə baxıb son
sözünü pıçıldayır: "Budur,
pasportsuz" onun dodaqlarından xəfif gülüş
yaranır və sönür.
Səhərə
az qalıb. Qanin
pansionatın yeməkxanasında yatıb qalan Alfyorovun
saatlarını arxaya çəkib, ordan gedir. Klarayla rastlaşan Qanin onunla sağollaşır.
Klara onun ardınca baxıb qəfildən
hönkürür.
Qanin vağzalda Maşenkanı gözləyir. Bir azdan o gələcək
və Qanin xoşbəxt olacaq. Qanin göy
üzünə, dəlmə-deşik dam örtüyünə
baxaraq birdən-birə aydın şəkildə hiss elədi
ki, Maşenkayla olan eşq macərası bitmişdir. Qanin bir anın içində anladı ki, o yeni həyata
hazır deyil. O, sadəcə kölgədir. Qatarsa gəlirdi...
Qanin başa düşdü ki, hər şey
xatirələrdə qalsa yaxşıdır. Qatar
yaxınlaşırdı... Qanin fəhm elədi ki,
keçmişi xatırlamaq olar, amma toxunmaq yox... Qatar vağzala çatırdı. Qanin dərk
elədi ki, keçmişdə gözəl olan şeyləri
korlamaq olmaz, ya da bu mümkün deyil... qatar
gəlib çatdı...
Qanin ordan
uzaqlaşıb başqa vağzala getdi, ordan da Almaniyanın cənub-qərb
istiqamətinə yola düşəcək qatarı
seçdi, varidatının dörddə birini verib bilet
aldı və ləzzətlə heç bir viza olmadan sərhədi
keçib Fransaya, Provansa, oradan isə dəniz
qırağındakı şəhərlərdən birinə
gedəcəyi barədə düşündü...
Vladimir Nabokov öz Rusiyasına qayıtmaq istəmədi.
Çünki xatirələrində daha gözəli
mövcud idi...
Pərviz Seyidli
Ədəbiyyat qəzeti.- 2017.- 5
avqust.- S.28-29.