İçki düşkünü yazıçılar

 

Dünya yazıçılarının əksəriyyətinin beynində bir fikir hakim kəsilib ki, spirtli içki qəbul etməyən yaxşı yaza bilməz. "İçki sərbəstlik gətirir" fikri ancaq yazıçıların təxəyyülünün məhsuludur. Spirtli içki insanı cəsarətli edə bilər. Amma o heç vaxt beyin damarlarını açmır, əksinə, daraldır. Dünyanın bəzi məşhurlarının məhz içkidən çox istifadəsi həyatlarını erkən bitirib.

 

Karson Makkalers

 

Amerikalı cənublu. Bu yazıçı ölkənin cənubunda doğulub. Cənubda doğulmuş insanlar digər qütblərdə anadan olanlardan çox fərqlənirlər. Onun yaşadığı mühitdə adamlar çılğınlıqları ilə seçiliblər. Çox qəribədir ki, dünyanın əksər hissəsində cənubda doğulanlar konservator olmaları ilə fərqlənirlər. Karsonun doğulduğu mühitdə mövzu seçimi az olmayıb. Buranın adamları onun taleyində yaradıcılığında öz izini qoyub. Axı cənublular köhnə fikirli olsalar da, çox işləməyi sevsələr , qəribə taleləri ilə seçilsələr , həmişə pozitiv əhvallarını qoruyub saxlayıblar. Bu da nasir üçün əsl yaradıcılıq mühiti formalaşdırır.

Karson 20 yaşından yazıb. Kiçik hekayələr, esselər. 23 yaşına çatanda isə artıq ciddi mövzulara müraciət edərək roman janrına keçib. Elə onun "Ürək - tənha ovçu" romanı dillər əzbəri olub. Böyük nasirlər hiss ediblər ki, ölkədə yeni yazıçı günəşi doğur. Bu günəş çox parlayardı, əgər Karson içki düşkününə çevrilməsəydi. Onun dostları arasında rəssam Salvador Dali, şair Uisten Oden, bəstəkar Pol Boulz da vardı. Yüksək səviyyəli insanlarla tanışlıq mütləq spirtli içkidən istifadəyə gətirib çıxarıb. Necə ola bilər ki, böyük Salvador Dali badəsini sənin badənlə toqquşdursun, sən isə içməkdən imtina edəsən?! Belə məclislərin çoxluğu Karson Makkalersi içki düşkününə çevirib. Bu simptom "Möcüzənin kvadrat kötüyü" pyesi uğursuzluğa düçar olandan sonra daha da güclənib. Əzablı həyatı başlayıb. Yazıçı neçə dəfə insult keçirib, əlil arabasında gəzib. Ömrünün ən yaxşı vaxtında - 50 yaşında 15 günlük komadan sonra dünyasını dəyişib.

 

Reymond Çandler

 

Amerika əsilli, Böyük Britaniya yazıçısı. O, əvvəlcə mühasib vəzifəsində çalışıb. Birinci Dünya müharibəsi zamanı Kanada ordusunda xidmət edib. Özündən 16 yaş böyük, ailəli qadınla sevgi romanı yaşayıb. Sonda onunla evlənib. Çandler öz yaradıcılığına şeirlə başlayıb. Şair dostlarının təşkil etdikləri məclislər yazıçını ilk vaxtlardan içki aludəçisinə çevirib. İlk vaxtlar az içib. Lakin yaradıcılıq dünyasına baş vurduqca, spirtli içkilərə meyli güclənib. Özü deyib ki, içəndə beyni açılır. Ancaq bir dəfə həkim deyib ki, "əksinə, içki beyin damarlarında tıxac yaradır". İçki düşkününə çevrilməsi yazıçının cəmiyyətdəki imicinə mənfi təsir göstərib. Hətta 1933-cü ildə onu neft şirkətinin vitse-prezidenti vəzifəsindən azad ediblər. İşsiz qalan Çandlerin dostlarının hesabına yaşaması az çəkib. Çünki bütün pulu içkiyə xərcləməsi onları da bezdirib. Güzəranın ağırlığını gördükdən sonra daha şeir yazmayıb, detektiv əsərlərə keçib. Bu janr ona pul gətirib. Detektiv janrı həmişə pullu işdir. Yetər ki, hadisələrin düyününü sonda açıb oxucunu təəccübləndirməyi bacarasan. Belə təxəyyül Çandlerdə həmişə olub. Əsərlərinə film çəkilib. Hollivud onun əsərlərinə biganə qalmayıb. Pula gedən kitabın pula gedən filmi olar. Onu Hollivuda dəvət ediblər. Dünyanın məşhur kinoindustriyasına yaxınlıq işlərini asanlaşdırıb. Daha əvvəlki kimi ora getməyə neçə yüz kilometrlər məsafə qət etməyib. Ancaq içkini gücləndirib. O, bir filmin ssenarisini yazarkən ona iki katib tibb qardaşı da təhkim olunub. Katiblər ağzından çıxanı yazarmışlar. Tibb qardaşı isə vitaminlərlə təchiz edirmiş. Amma bütün bunlara baxmayaraq Çandler viski ehtiyatını da götürübmüş. Bir tərəfdən vitaminlər, bir tərəfdən viski. Yazıçı içkidən əl çəkə bilməyib. Həyat yoldaşının vəfatı Çandlerin sağlamlığını daha da pisləşdirib. Depressiyaya düşən yazıçı içkinin həddini artırıb. Hətta belə içki şeytanı da təəccübləndirərdi. Daha yaza bilmir, heç alınmırmış. Təxəyyülün gücü tükənib. Özünü öldürməyi qərara alıb. Lakin hansısa səbəbdən fikrindən daşınıb. Qəflətən Amerika vətəndaşlığı alaraq səyahətə çıxıb. Böyük Britaniyaya qayıdanda isə özü ilə xəstəlik gətirib. Dünya səviyyəli detektiv yazıçı 70 yaşında pnevmaniyadan dünyasını dəyişib. Həkimlər bildiriblər ki, spirtli içkinin təsiri pnevmaniyanın müalicəsinə maneçilik törədib.

 

Erix Mariya Remark

 

Alman yazıçı kitabçı ailəsində doğulub. Birincü Dünya müharibəsinin iştirakçısı olub. Psixi xəstəxanada orqan ifaçısı kimi çalışıb. Nəhayət, özünü jurnalistikada tapıb. "Qərb cəbhəsində dəyişiklik yoxdur" romanı bütün dövrlərin antimüharibə əsəri kimi tanınır. Varlı, uğurlu xoşbəxt Remark rəqqasə qadına vurulub. Vərəmə tutulan həmin qadının qayğısına qalıb. Aktrisa Marlen Ditrixə vurulandan sonra həyatı dəyişib. Faşistlər kitablarını yandırandan sonra ölkəsini tərk edərək ABŞ-a köçüb. Orada Çarli Çaplinin keçmiş həyat yoldaşı ilə evlənib. 72 yaşında İsveçrədə dünyasını dəyişib. Sağlığında içki düşkünü olub. Bəzi əsərlərindəki qəhrəmanlar nəinki içirlər, hətta spirtin xeyrindən danışırlar. Elə onun məşhur "Üç yoldaş" əsəri rəqs edən sərxoşla başlayır. Ditrixə olan sevgisinə qədər az içərmiş. Həmin sevgi içkini artırıb.

 

Uilyam Folkner

 

Dahi yenə dahi. Onun haqqında başqa heç demək mümkün deyil. Başqa sözlər dahiliyin yanında sadəcə tozdur. Amerika yazıçısı Folkner bütün zamanların nasiridir. Onun əsərləri həmişə sevilib oxunacaq. Çünki öz ruhunu əsərlərinə hopdurub. Cənub centlmeni, qəlyanlı bığlı yaraşıqlı, qutu kimi kostyumda azad insan obrazı. O, universitet qulluqçusunun ailəsində doğulub. Babası məşhur yazıçılardan sayılıb. Sevdiyi qızın başqasına ərə getməsinə dözməyən Folkner hər şeyə tüpürərək Birinci Dünya müharibəsinə qatılıb. Gedişi müharibənin son günlərinə düşüb. Qazandığı yay hərbi məktəbini bitirməsi olub. Universitet illərində Şervud Andersonun təsiri altına düşərək şeir yazıb. Şervud Andersonun təsiri altına düşməyə dəyərdi. Niyə düşməyəsən?! Amerikanın məşhur proza ustasının yaradıcılığı Folknerə güclü təsir göstərib. Hiss edəndə ki, romana keçmək vaxtıdır, onda dünya ədəbiyyatının üzü gülüb. Folkner bir dairə yaradırdı, ora sanki canlı insanları yığırdı. Onun ssenari yaradıcılığı da uğurlu alınıb. Əsərləri Avropada ildırım sürətilə dərc edilib. Andre Malro Jan-Pol Sartr amerikalılara deyərmişlər ki, "siz onunla fəxr etməlisiz". Maraqlı məqam burasındadır ki, "Nobel" mükafatını almayana qədər Folknerin əsərləri vətənində ciddi qəbul edilməyib.

Belə pozitiv insan çox yaşayardı... əgər içki düşkününə çevrilməsəydi. Hər məclisdə içəndən sonra evə spirtli içkilər alıb gətirərmiş. Hətta içkidən bir həftə özünə gəlmədiyi vaxtlar da olub. O, 65 yaşında trombozdan vəfat edib. Bu dəfə həkimlər öz sözünü deyiblər: "İçki onu çox yaşamağa qoymadı".

 

Yaroslav Haşek

 

Çexiyanın satirik yazıçısı. Çox kasıb ailədə doğulub. Kasıblığa görə gimnaziyanı bitirməyib. Həm almanların əleyhinə təşkil edilmiş nümayişlərdə iştirakı onu nəzarət kitabçasına salıb. Aptekdə işləyib. Çexiyanı Şərqi Avropanı gəzib. Avara həyat tərzinə görə həbs edilib. Vətənə qayıdandan sonra satirik şeirlər novellalar yazıb. Öz yaradıcılığına ciddi yanaşmayıb. Bahalı cins itlərin satışından yaxşı qazanarmış. Birinci Dünya müharibəsi zamanı əsir düşüb. Rusiya ordusunun Çex korpusuna yazılıb, "Georgi" ordeninə layiq görülüb. Kommunist Partiyasının üzvlüyünə daxil ediblər. Samaradakı anarxist üsyanın yatırılmasında böyük rol oynayıb. Çex xalqı onu xain hesab edib, əksəriyyəti sevməyib. İçki düşkününə çevrilməsi qara ciyərində problem yaradıb. 39 yaşında vəfat edib. Sağlığında həddindən artıq spirtli içki qəbulu yaradıcılığına mənfi təsir göstərib. Əgər sağlam həyat tərzi keçirsəymiş, satira dünyası qazanacaqmış. Lakin içki bunun qarşısını alıb.

 

Azər Qismət

 

Ədəbiyyat qəzeti.- 2017.- 5 avqust.- S.31.