Alov saçlı qız
I
Bir çift göz pəncərədən aşağı-yuxarı gedənləri, səs-küy salan uşaqları, hərəkətdə olan avtomobilləri izləyirdi, lakin onu gah hirsləndirən, gah güldürən, gah mübhəm hisslər yaşadan və gah da düşündürən sadəcə hafizəsinin oyunları idi.
O, aşiq olduğunda gözləri parıldamağa, yanaqları alışıb-yanmağa başlamışdı. Eşq gözləmədən gəlirmiş,-vurulduğu zaman ürəyində demişdi, - və həqiqi gözəllik duyğulara azadlıq verirmiş; yaxınlaşanda sevinc, uzaqlaşanda hiddət ehtiva edən duyğulara.
“Gözəlliyi qəlbimi əsdirirdi” – Əflatun kiçik qardaşı Hafizə demişdi. “Gözlərində alışmağa hazır işartı, çöhrəsində adamı çılğına çevirən məsumluq vardı.
Hələ gülüşünü demirəm! Ah, Ayan, mənim yavru sərçəm! Ah, gözəllik necə də insanı dəbərdirmiş, necə də rahatlıq vermirmiş, necə də əzabverici imiş! Yanımda olanda onun üçün darıxıram, anlayırsan, Hafiz? Elə qüsursuz çöhrəsi vardı, elə məlahətli davranırdı, elə qəşəng, elə gözoxşayan, elə göyçək cüssəsi vardı ki! Ah, necə məharətlə rəqs edirdi! Mülayim və həssas əli, əlimin içində adəta yoxa çıxdı, zərif beli sol ovcumda, sanki hər an qəlpələnəcəkmiş kimi dururdu... rəqsə başladığımızda özümü elə yekə, elə nəhəng, elə heybətli və azman hiss etdim ki, bir anlıq bizi “Gözəl və Bədheybət” sandım. Ah, Ayan, Ayan... Rəqsdən sonra sinəsi elə şövqlə qalxıb enirdi ki! “Təşəkkürlər!”-deyə səsi titrəyərək mənə təzim etdi və sağollaşdığımızda xırda əlini bir daha üsulca tutaraq, sıcaq bir busə qondurdum. Sağollaşmamızdan sonrasını xatırlamıram, ağlım xülyalarda dolaşır... onu yenə görməliyəm!”.
Əflatun Ayanı uzun sürən qüssəli ayrılıqdan sonra bir maskaradda gördü. Gördü, çünki, belə məharətli, belə çiçəkaçan cüssəni maska qapaya bilməzdi.
Ayan havada süzürmüş kimi rəqs edirdi, narın, zərif əllərini məharətlə havada gəzdirirdi. Əflatun ona yaxınlaşıb, astaca arxadan əyilərək “Ah, Ayan, sanki hər an daha da göyçəkləşirsiniz!” - deyə pıçıldadı, sıcaq nəfəsi Ayanın qulağına toxunduqda Ayanın içi ürpərdi. Bu səsə vaqif olduğu, dönüb gülümsəyərək baxmasından o qədər bəlli olurdu ki! Dümağ dərisi az qala üzünə keçirdiyi ağ maskadan seçilmirdi.
Bir-birlərinə təzim etdilər və Əflatun nazik şəkildə əlini irəli uzatdaraq onu rəqsə dəvət etdi. Rəqs bu səfər sanki rayihəli mehlə dolmuşdu, sanki küləyi yaran iki quş idilər. Əflatun o gözlərdən başqa bir yerə baxmaq istəmirdi, az qala ağ rəngə çalan mavi, hipnozedici gözlərə baxırdı və zatən baxılası başqa şey yox idi, hər şey yoxa çıxmışdı, ərşə çəkilmişdi...
“Getməliyəm...”
Ayan lətafətli addımlarla geriyə çəkildi. Təzim etməmiş getməsi Əflatunu açmadı, tərpənərək onu həyətə çıxanadək izlədi. Dənizi yarıb keçirmiş kimi, qələbəliyin içindən keçirdi, təlaşlıydı, çünki, narın şeylərin qeyb olması asandır-deyirdi.
- Ayan! – Qapının astanasından səsləndi. – Gözlə məni, getmə!
- Ah, - köksünü ötürərək dedi, alov saçları Əflatun tərəfə küləkdə asılı qalmışdı, əsim-əsim əsirdi, sanki getməyə izin vermə deyirdi, - getməliyəm!
Əflatun yüyürərək əlindən tutdu. Saçları, adəta Əflatuna dolanırdı, tutunurdu, onu yandırır, canına istilik gətirirdi.
- Mən eşqdən naşıyam, bir şey anlamaram, lakin, getsən böyük xəta olar, qəlbim qırılar, - Əflatun, səssiz dinləyən Ayana içindən keçənləri pıçıldayanda, heç özləri də bilmədən ağaclıqların altına uzanmış, göz-gözə, nəfəs-nəfəsə qərar tapmışdılar. Əflatuna, Ayanın əli elə sıcaq, vücudu elə asudə gəldi ki, mübhəm xülyalara daldı...
Rabitəsizcə uzun sayıqlamalardan sonra Əflatun əlinin boş olduğunu gördü və artıq Ayanın alovrayihəli saçlarının qoxusu gəlmirdi.
II
Məlahət gözü yaşlı hıçqıra-hıçqıra içəri girdi, Əflatunun qucağına şütüyərək gileylənirdi. Əflatun xəyallardan qopdu və çönüb qollarını yanlara açaraq onu qucağına götürdü, Məlahət təki dodaqlarını uzadaraq burnunda danışmağa başladı:
- Məlahət, qızım, niyə gözlərin şəlalələnib?
- Şəlalələnib... çünki burnum yekədir, - xırda barmaqları titrək səsinin həmahəngiylə gözlərini eşirdi.
- Sənə kim dedi bunu?
- Anaşgil sabahdan burnumla məzələnir, - lap hönkürməyə başladı.
- O aynanı görürsən? Səncə burnun fındıq qədər kiçik deyilmi?
Məttəəl nəzərlərlə, - Yəni, burnum yekə deyilmi? Bəs niyə hər şeydən yekə görünür? – soruşdu.
- Bax, - işarət barmağını Məlahətin burnuna yaxınlaşdıraraq dedi, - indi barmağım hər şeydən yekədir. Hop, - geri çəkdi, - indi balacadı. Gördünmü, şirinim? Yaxın olan hər şey iri görünür.
- Hə, belə de, - Məlahət dikəlib saçını qurdalayaraq anası Zenfiranı yamsıladı, - deməli yanılmışam.
İkisi də bu yamsılamağa gülməkdən uğunub getdilər.
- Bu nə məzhəkəbazlıqdır? – Zenfira tak-tak ayaqqabılarıyla içəri girdi. – Məlahət, əmiylə sağollaş, müəllimin nə vaxtdır səni gözləyir, - qucaqdan enib ona tərəf gedən Məlahətin qızarmış gözlərini görüb, ciddi görkəmini pozmadan, - get əl-üzünü yu, - amiranə şəkildə dedi. Başını qaldırıb baxdığında Əflatunu artıq ayağını-ayağına aşırmış, stola yayxanmış və damağında siqar duran gördü. – Otaqda çəkməyin, təvəqqe edirəm! – qaşlarını çatıb gözlərini Əflatuna zillədi, gözlərində soyuq atəş yanırdı.
- Nəzərə alaram, - dodaqaltı mırıldanaraq siqarını alışdırdı.
- Belə de! – dikələrək dedi.
Zenfira çıyinlərini çəkərək qeyzlə dönüb getdikdə dəbli ayaqqabısının altlığının qırmızı olduğu nəzərinə çarpdı və qapının arxasında getsikcə daha da uzaqlaşan “tık-tık” səslərini dinlədi. Saata baxdı və hələ saatın üç olduğunu gördü. Hafizin gecikməsinə daha çox dözə bilməyib, gödəkcəsini asqıdan götürdü. Evdən uzaqlaşanda Hafizin səsini eşitdi, arxasıyla şütüyürdü.
- Hara gedirsən?
- Gedək bir şeylər içək, rahatlayarıq, - ayağını saxlamadan dəvam etdi.
- Axı mən içmirəm, bilirsən.
- Şirə də içmirsən? – qımışaraq soruşdu.
- Yaxşı. Amma avtomobillə gedərdik, – addımlarını Əflatuna uyduraraq dedi.
- Xeyr, mən piyada gəzməyi sevirəm.
- Məncə avtomobilin olmadığı üçün belə deyirsən, - gerçəkqarışıq zarafatı bərbad səsləndi və Əflatunun gözucu onu kəsdirdiyini gördükdə ağaran dişlərini gizlətdi.
Bara çatanadək heç biri dinmədi. Barda piştaxtaya dirsəklənən
Əflatun, - Bir pivə, bir də meyvə suyu, - deyə barmenə
səsləndi, lakin, yaxınlıqdakı qızların
gülüşdüyünü eşidəndə Hafiz araya
qarışaraq, - şey... iki pivə, meyvə suyunu unut, - cəld
deyərək sifarişi düzəltdi.
- Əfi, - Hafiz pivə
bakalını qımıldada-qımıldada sözə
başladı, - milyonlarla pul qazanırsan, əlinə dəfələrlə
nə şanslar keçir, lakin, bir çırpıda
hamsını yeyirsən, əyninə-başına baxan səni,
nəinki, opera sənətkarı, heç düdük
çalan da sanmaz. Qardaş, özünə çəki-düzən
verməyin zamanı gəlmədimi?
- Mmm, - siqarı qullablayaraq
piştaxtanın uzaq küncündəki alov saçlı
qızı süzürdü, - boşla getsin.
- Məni dinləmirsən, -
çiynindən tutdu. – Allah eşqinə, nədir sənin bu
qızılsaç vəsvəsəliyin?
- İstədiyin pul qonaq
otağının kitab rəfindədi, - saymazyana qıza
baxa-baxa dedi.
- Oldu, mən gedim, - Hafiz dikələrək
dedi, - bu səfər hansı kitabın arasındadır?
- Yadımda deyil.
- İfanı seyr etməyə
gələcəyəm.
Hafiz
qımışaraq barı tərk etdi.
Əflatun
divardakı saata baxdı, “hələ 2-saatım var” deyə
götür-qoy edərək ürəyində dedi. Əflatun qıza yaxınlaşaraq, - sizə
içki sifariş edə bilərəm? – deyə soruşdu. Qız
gülümsəyərək başını buladı.
III
Solo ifasından yenicə çıxmışdı. İfası bəlkə
də heç bu qədər inanılmaz, heç bu qədər
möhtəşəm olmamışdı. İfa edərkən
sanki gözlərinin önündən o qələbəlik, o
səhnə yoxalmışdı, sanki real bir hadisənin
ortasında idi və ifasında hər zilə
çıxanda, hər əllərini irəli uzadanda sanki
kimisə çağırırdı, sanki “getmə!” deyirdi və
gedən kəsin arxasınca sanki hirsindən avazı
çıxanadək bağırırdı.
Yolda gedərkən
Ayan ağlına gəlmişdi, alov saçlarını,
Əflatuna baxanda məsum ehtiras ildırımları
çaxan ağ çalarlı mavi
gözlərini düşünürdü.
- Ah, Ayan, qanadsız mələyim! – deyə hayqırdı, eynilə ifasında hay
saldığı kimi.
O an bir xeyli uzaqda, ağacın dibində
alovsaçlı və narın bir qızın oturduğunu
gördü.
- Ayan! – yüyürməyə
başladı. – Gözlə məni, getmə!
Sevincindən gözləri yaşardı, kövrəldi,
mutluluqdan şır-şır göz yaşları tökməyə
başladı.
Qızın yanına çatanda qollarını onun boynuna
sardı, qucdu və hıçqırıqlara boğularaq, -
Ayanım! – deyə təkrarən
hayqırdı. Qollarını boşaldıb
çiyinlərindən tutduğunda, qızın da
hönkürdüyünü gördü.
- Necə də gəncsən, təravətlisən!
Mən qocalıram, yaşlanıram, sən isə əvvəlkindən
də gəncsən!
- Nə? – gözləri
geniş açılmış qız mətəəl
qalmış və qorxmuşdu.
- Gəl, evə gedək, sakitləş,
hər şey düzələcək.
Onsuz keçən illərin sərgüzəştlərini
nağıl edə-edə, bəzən məramsız
qucaqlayaraq, bəzən də atəşin saçlarından
öpüb yanıb-alışan dodaqlarından ləzzət
alaraq onu evinə gətirdi. Yedilər, içdilər, əyləndilər...
Qız yeməyi elə gözünə təpmişdi
ki, sanardınız, bir həftədir ağzına bir şey
almayıb. Əflatun ona baxdıqca gözlərinin
necə də eyni cür parladığını, eyni
baxdığını, rəftarının yenə məlahətli,
cüssəsinin eynən zərif və qüsursuz olduğunu
düşünürdü. “Heç dəyişməmisən!”
– vaxtaşırı təkrarlayırdı.
Qız isə ona baxaraq heç nə demirdi,
dinmirdi. “Eynən o vaxt da belə az
danışırdın!” – Əflatun qımışaraq
dedi.
IV
Beləcə aradan aylar keçdi, Əflatun lö-lö
gəzməkləri, işrətpərəstliyi buraxdı və
bütün ömrünü alov saçlı qıza həsr
etməyə başladı. Qız “Ayan” adına
alışdı, dinmədi.
Əflatun onun saçlarının atəş rayihəsini
qoxlamasa, narın əllərini tutmasa, rahatlayıb yuxuya
getmirdi.
Qızın saçları Əflatuna od
kimi isti gəlirdi, yorğanəvəzi bu saçlara
bürünərək, istidən qan-tər içində
yuxuya gedirdi. O, yuxuya gedən kimi qız durub öz
yatağına qayıdırdı, Əflatunsa illər sonra
rahat, qarabasmasız şirin yuxulara dalırdı. Adəti üzrə, hər səhər oyanıb
Ayanını görməyəndə, getdiyini
düşünərək bərkdən
çığırırdı, ah-zar eləyirdi.
Ayanısa o saat gələr, əllərini yanaqlarında qərar
tapdıraraq heç yana getmədiyini, ona
sakit olmasını təlqin edərdi.
Daha bir
neçə il ötdü,
ahıllaşmağa başlayan Əflatun solistliyi buraxdı,
ağlından keçmişini ataraq yalnızca Ayanını
yaşamağa başladı. Saçlarına dən
düşdü, gözləri bulanıqlaşdı,
donuqlaşdı, beli donqarlaşdı, cəldliyi itdi və
buna nisbətən siqarı tərgidi, bir daha barlara getmədi,
alovsaç dalınca düşmədi, orda-burda dərbədər
könlü soraq çəkmədi. Qız
isə getdikcə xoştəbiətli, gözləri daha
ürəkaçan, bədəni şuxlaşıb,
çöhrəsi göyçəkləşdikcə,
vücudu xoşədalı olduqca beli, eynən Ayanın beli
kimi incə və hərarətli görünməyə
başladı. Qız, Əflatunun, illərdir
qoruyub-saxladığı sevgisiylə, şəfqətinin
himayəsi altında böyüdü, mutluluq və bolluq
içərisində yaşadı. Əflatun
onu qocaman, içində bir qızın istəyəcəyi hər
şeylə təmin edilmiş bir villada böyütdü.
Bir gün qız yuxudan oyandığı zaman
asılqanda, eynən gözləri rəngində əlbisə
olduğunu gördü və o qədər xoşuna gəldi
ki, şirin zümzüməsiylə və etdiyi zümzümənin
ritminə uyğun, bədahətən vücudunu oynada-oynada bədənnüma
aynanın qarşısında geyinməyə başladı. Geyinmiş
halda saçlarını düzəldirdi ki, qulağına
musiqi səsi gəldi. Qapını açıb astanadan
baxdığı zaman Əflatunun salonda sağ qolu sinəsinin
üstə qatdaqlı, qəddi dümdüz, ağ
kostyum içində gülümsəyərək durduğunu
gördü.
Əflatun qızı görən kimi, “Ah, Ayan,
qanadsız mələyim!” deyə mızıldadı. Qızın,
Ayanla ilk rəqs etdikləri gün olduğu kimi göz rənginə
çalan donu, parlaq alovlu saçları və zərif durna tərzi
duruşu, Əflatunun güzgü kimi parlayan gözlərində
lətafətliliyin canlı mücəssəməsi kimi əks
olunurdu. Əlini uzadanda donub qalmış qız da
hürkəkcə əlini uzatdı və əli Əflatunun əlində
su kimi yoxa çıxanda Əflatunun ürəyi sancdı, o
biri əli zərif belinə toxunduğunda az qala ürəyi
yatacaqdı, lakin, özünü sıxdı, cəmi bircə
dəqiqə ayaqda qala bilmək üçün bütün
gücüylə dik durdu və dərindən nəfəs
alaraq, musiqinin ritminə uyğun süzməyə
başladılar, iki qu quşunun suda süzdüyü kimi və
ikisi də keçmiş illərin sehrinə elə
düşdülər, elə özlərini qapdırdılar
ki, qız həqiqətən də Ayan ola bilmək, belə
eşqin dadına vara bilmək üçün
ağlını itirərək bütün
varlığını Əflatunun qollarına buraxdı,
lakin, Əflatun çoxdan divanə olmuşdu, o,
ağlını illər əvvəl itirmişdi. Əflatun “bu gün sən həqiqətən osan”
deyə pıçıldadı və getdikcə dizləri
boşalmağa, nəfəsi daralmağa başladı. Üsulca beli üstə yerə döşəndiyində
qız da üzərinə sərilib ağlayırdı.
Əflatun ürəyini tuta-tuta, “duyğular insanı
böyüməyə qoymur, quzum, bağışla məni”
dodaqaltı dedi.
Qızın yaşdan gözləri bir müddət
korlaşdı, əti biz-biz oldu, sanki qəlbi sinə qəfəsinə
sığmırdı, çıxmaq, getmək istəyirdi. Əflatun son
nəfəsini qırıq-qırıq aldı və əliylə
stolun üstdəki futlayara işarə edərək nəsə
demək istədi, lakin, gözləri döndü, nəfəsi
kəsildi və sözü ağzında qaldı.
Qız hıçqıra-hıçqıra durub
futlyarı açdıqda içində ağzına qədər
dolu sənəd və yazılı kağız-kuğuz
olduğunu gördü.
KAMURAN
Ədəbiyyat qəzeti.- 2017.- 5 avqust.- S.30.