XAN LAÇINA GEDƏ
BİLMƏDİ AĞA LAÇINLI
Üçcə dəfə gördüm Ağa Laçınlını-
ağa kişi kimi;
sözünün ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı qaldı damağımda -
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Sonra araya vaxt düşdü-
ayrılıq kimi;
hicran kimi;
həsrət kimi.
....Çiçəklərin ballanmağını
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
Auditoriyalarda bal daddırırdı
tələbələrinə...
Sonra karxana auditoriyalardan
beçələrini uçururdu:
şirə çəkməyə,
bal toplamağa...
...On beş il
xan Laçına gedə bilmədi,
Ağa Laçınlı:
şirə çəkməyə,
bal toplamağa.
Bakıda
mayasını yedi və...
VAĞZAL GƏRAYLISI
Uzun ayrılıqlar vağzallardan
başlayır...
Qatarların, təyyarələrin...
çiyinlərində daşınır
şəhərlərə...
Vağzallarda doğulur,
daşınır ayrılıqlar.
...Divarların yaxasına
mıxlanmış tablolar
alın yazımız sanki.
Böcək gözlü işıqlar tale
yolumuzu aydınlaşdırır.
Yellənən əllər və
"hələlik" sözü
ayrılığın təsdiqidi
burda.
Hər qərib baxışın
rəsmi cızılır
vağzal divarlarına.
Gedənlərin dilində vağzal
bayatısı
ikicə kəlmə-
"mən getdim...."
TORPAĞA BİR TABUT SÖZ
BASDIRDILAR...
Məmməd Aslanın xatirəsinə...
I
İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına
sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq
bu şirin daddan.
...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər
sözə qonacaq,
arılar şirəsin
sözdən çəkəcək.
ürəkdən çəkəcək,
gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək,
gül bitirəcək...
Burda "göyərəcək,
hər kəlmə, hər söz".
II
Uca kürsülərdən şeir
deyirlər,
"söz satıb"
nə qədər çiçək alırlar,
şairlər güllərdən
şirə çəkirlər,
şeir hörürlər...
...Şairlər üzünə
söz tutub ölür.
Söz tutub üzünə gedir şairlər,
haqqın dərgahına
və ayağına...
Bir az yüngül
olur şair cəzası,
sözə bağışlanır
nə günahı var...
....şair öldü!
PAYIZ ADAM
Payız
adam,
bu fəsil sənin çiyinlərindən
nimdaş plaş
kimi asılı qalıb.
Qış kürkünü görmədim.
Dörd
ildi gözlərimdə
bir fəsildə qalmısan:
bomboz rəngdə.
Payız
adam!
Bu fəsil əynində
köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş
arzularınla
can üstə olan xatirələrinə yol gedirsən.
Hələlik...
ŞƏKİLLİ ŞEİR
Mənə şəkil göndərdin...
o şəklin içində
hər şeyin
öz şəkli var:
baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli
var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı
ana düşdü?!
sənsizliyin ağrısın
çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm
olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
ETİRAF
Dünən
doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal
məni çağırmışdı,
hicranın qonaqlığına.
İçim, çölüm çox
azad,
dərdim, qəmim
kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin
dəm idi.
Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.
Bilmirdim
ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə
qaldı,
bu gün sənə möhtacam.
Namiq Dəlidağlı
Ədəbiyyat qəzeti.- 2017.-
12 avqust.- S.29.