Cin səsi
Hekayə
Həqiqət mütləqdir, birdir və hamı üçündür.
Lakin hər kəsin də özünün olan bir həqiqəti mütləq var.
Bəzən hər kəsin həqiqətinə baxmalı olursan ki, hamının həqiqətini görə biləsən.
Bizim hekayəmizdə olduğu kimi.
Oğlan iki gündür nişanlanıb və üçüncü gecə düşməmiş hamamlanıb, ətirlənib, bəzənib... nişanlısının görüşünə getməyə tələsir.
Son dəfə aynada özünə razılıqla baxıb, otağın o başında açılmış divandakı yatağa sarı çönür.
- Necəyəm? - soruşur.
Yataqda bir qoluna yüklənib yarıuzanmış və yarıyuxulu gənc qadın bezginliklə zarıyır:
- Minnəti olsun. Gül kimisən.
Qadının yanındakı bələyin içindən körpə də anasının sözünü təsdiq edirmiş kimi başını tərpədib dodaqlarını marçıldadır. O da yarıyuxuludur.
Oğlan yenə aynaya baxır, razılıqla gülümsəyib ağzının ortasından soluna doğru düzülən qızıl dişləri parıldadır.
Bu vaxt otağın qapısı açılır və evə əlində xeyli bıçaq, şiş və daha nələrsə tutmuş yaşlı bir qadın, qadınla birlikdə də xeyli səs-küy daxil olur.
Yataqdakı gənc qadın deyinir:
- Noldu bu Ay, buraxmadılar? Baş-beynimiz getdi daha.
- Buraxacaqlar, az qalıb, - qadın deyir və yatağa yaxınlaşır, - qaldır uşağı görüm.
Gənc qadın narazı sifətlə yerinin içində oturub körpəni də qucağına alır.
Yaşlı qadın döşəyin baş ucunu qaldırıb altına bir-iki bıçaq düzür, bıçaqların arasına bir tikə çörək qoyur, şişi də lap başdan eninə yataq boyunca uzadıb döşəyin ucunu buraxır. Üstdən yatağı əlləri ilə bir də yaxşıca sıxıb rahat olmasından əmin olandan sonra gənc qadının üzünə baxır:
- Qoy indi yerinə.
Gənc qadın bələyi döşəyin üstünə qoyub üstünü örtür.
Yaşlı
qadın ona mane olur:
- Dayan! - yaşlı qadın jaketinin nəhəng cibindən
nəsə çıxarıb körpənin üstünə
əyilir, körpənin bələyinə iri bir sancaq
ilişdirir, - bismillah...
- Ana, mən
daha gözləyə bilmirəm, getdim, - oğlan hövsələsiz
səslə telefondakı saatına baxıb qapıya sarı
çönür.
- Sən
də dayan! - yaşlı
qadın körpədən ayrılıb oğlana sarı gəlir,
onun qarşısında dayanıb gödəkçəsinin
yaxasını aralayır, köynəyinin cibinin içində
qurdalanmağa başlayır.
- Ayy! - oğlan qəfil ağrıdan diksinmiş kimi
bağırır.
Oğlanın səsinə körpə də diksinib
ağlamağa başlayır. Gənc qadın hirsindən
bələyi dartışıdırıb özündən kənara
itələyir.
-
Başladı da yenə! Başladı!
Körpə daha ucadan ağlamağa başlayır.
Oğlanın mobil telefonuna zəng gəlir. Oğlan
telefonun ekranına baxıb hövsələsiz halda
yaşlı qadının əlindən qurtulmağa
çalışır.
- Ana,
yaxşı da, əl çək bu sancaqdan.
-
Bağlanmır axı zəhrimara qalmış...- yaşlı
qadın dişlərini bir-birinə sıxıb
oğlanın köynəninin cibində bir az
da qurdalanır, - batacaq axı sənə...aha,
şükür, bağladım.
Yaşlı
qadın oğlanın yaxasını səliqəyə
salıb bir addım geriyə çəkilir, fəxrlə ona
və yataqda ağlayan körpənin bələyini bezgin
halıyla silkələyən yarıyuxulu gənc qadına
baxır, - Allah sizi mənə çox görməsin, tfu, tfu
pis gözlərə! Bir də sizi bu qırx gündə cinlərdən
qoruya bilsəydim...
Oğlan
Qəribə məxluqlardı bu cinlər. Başa
düşmürəm ki, bizdən nə istəyirlər.
Anam deyir ki, onlar təzə doğmuş qadınlara, təzə
doğulmuş körpələrə, təzə
nişanlanmışlara, təzə evlənmişlərə
nə olursa-olsun, xətər yetirməyə
çalışırlar. Deyir, gah gözlərinə əcaib
hallarıyla görünüb qorxudurlar, gah başqa
adamların cildinə girib onları aldadıb aparırlar, gah
da insan səsiylə çağırırlar ki, hay verəsən,
yaxınlaşasan. Elə bacımı da buna
görə bizə gətirib. Bacım təzə
doğub axı. Cəmi altı
gündür. Anam onu körpəsiylə
bizə gətirib ki, cinlərdən qoruya bilsin. Bundan əvvəlki körpəsini cinlər altı
axşamında oğurlayıb aparmışdılar. Bacım səhər ayılıb körpəni
yanında görməmişdi, qışqırıb ərini
oyatmışdı. Hamılıqla
bütün evi, həyət-bacanı axtarandan sonra körpə
yatağın altından ölü halda
tapılmışdı, bələyindəki sancaq da
açılıb sinəsinə batmışdı.
Yadımdadır, bacım o vaxt dəli kimi olmuşdu, hətta
ərinin ailəsi onu gətirib üstümüzə
atmışdı, deyirdilər ki, cin vurub, daha bundan adam olmaz. Anam o vaxt atamızdan qalma
"Moskviç"i dəyər-dəyməzinə
satdırdı, pulunu qonşu rayondakı cindar arvada
verdi, cindar arvad da bacımı sağaltdı, hələ
bacımın ərigil üçün də elə bir qələm
vurdu ki, özləri gəlib gəlinlərini evə
apardılar.
Hekayənin
ardı
Həyətdə
bir dəstə uşaq var. Onlar evin qarşısındakı
kiçik dairədə ora-bura
qaçışa-qaçışa, sağ əllərindəki
çömçə və kəfkirlərlə sol əllərindəki
qazan və tavaların arxasına döyür,
yarıqorxu-yarımaraq içində
qışqırışırlar.
- Cinlər,
Ayı buraxın! Cinlər, Ayı buraxın!
Oğlan evdən çıxıb onların arasından
keçərək həyət qapısına doğru
addımlayır. Yeriyərkən başını
qaldırıb göyə baxır. Ay göyün
üzündə bulanıq qan-qara rəngində
görünür. Göyün üzündə
qara buludlar sürətlə hərəkət edir, sanki
onları kimsə qabağına qatıb ayın üstünə
qovur. Uzaqlarda şimşək
çaxır. Oğlan üzünü
uşaqlara tutur.
-
Dağılışın gedin evlərinizə, indi
yağış yağacaq.
Uşaqlar
onu eşitmirlər, çömçə və kəfkirləri
qazan və tavalara döyməyə davam edirlər:
- Cinlər,
Ayı buraxın!
Oğlan
hirslənir:
- Sizinlə
deyiləm? - Evə sarı işarə edir, uşaq səsinizdən
yata bilmir!
Oğlan heç kimin ona məhəl
qoymadığını görüb, hirslə əyilib yerdən
nəsə tapıb uşaqlara atmaq üçün
axtarır. Heç nə tapa bilməyib başını
qaldıranda qarşısında qəfil peyda olan qara kölgədən
diksinib bağıraraq kənara atılır. Uşaqlar onun bağırtısından
hürküb, səslərini kəsirlər və qorxa-qorxa
oğlana sarı baxırlar.
- Bismillah!
- Qara kölgə oğlanın yanına cumub əlini onun
başına və buduna vurmağa başlayır, - bismillah,
bismillah...
- Nənə,
dəli elədin ki məni! - oğlan tərs-tərs
qara kölgəyə baxır, - Elə bil...
- Cin sənin
anandı, köpəyoğlu, - qara kölgə
qımışa-qımışa oğlana, sonra da uşaqlara
baxır, - gedin yatın daha, səhər məktəbə gedəcəksiz,
- üzünü göyə tutur, - Ay da daha
görünmür, bulud örtdü.
Uşaqlar bir gözləri göydə, qorxa-qorxa öz
aralarında astadan
pıçıldaşa-pıçıldaşa
çıxıb gedirlər.
Qara
kölgə oğlana baxır:
- Görürsən
də, bütün qüvvəmi səfərbər eləmişdim
Ayı qurtarmaq üçün. İnşallah,
köməyi oldu, - göyə baxır, üzünə
yağış damlası düşür, əliylə silib
üzünü oğlana tutur, - Sən nahaq bu axşam ora
gedirsən. Nə xəbərdi?
Dünən adaxlamısan da hələ! - hikkə
ilə evə sarı baxır, - adaxlın da yəqin
xalasına oxşayıb. Anan da atanı belə
gecə yollarına sala-sala çərlətmişdi axı.
Yazıq Cəfər... cinlər
boyun-boğaz qoymazdılar uşaqda, hər gecə
sümürüb qaraldıb buraxardılar.
Qara kölgə dərin bir ah çəkib qara nəhəng
yaylığına bürünərək, uşaqların
ardınca yollanır.
Oğlanın mobil telefonuna zəng gəlir.
- Gəlirəm,
yoldayam, - cavab verib həyətdən çıxır.
Qara kölgə
Qəribə məxluqlardı bu cavanlar.
Nə böyük bilirlər, nə kiçik. Heç biri də
sözə qulaq asmır. İki saat
düşdüm məhəllənin canına, heç kimi
evindən çıxarda bilmədim ki, qazan döyüb cinləri
qorxutsunlar. Öz uşaqlarım da
televizorun qabağından durub səsimə hay vermədilər.
Allah yenə bu balaca nəvə-nəticədən
razı olsun, hamısı bir nəfər kimi qab-qacaq
götürüb həyətə düşdü.
Yazıq Ay. Nə günə
qalmışdı. Cinlər yaralayıb al
qana boyamışdılar onu. Nə qədər
ağladım, ay Allah...
Ay
Qəribə məxluqlardı bu yerdəkilər.
Nə məni tanıyırlar, nə də özlərini.
Zəhləmi töküblər lap.
Hekayənin
ardı
Oğlan
qaranlığın içində o yana-bu yana
baxa-baxa irəliləyir.
Hərdənbir kənardan bir çıppıltı,
bir şaqqıltı səsi gələndə qəfildən
diksinib əlindəki telefonun işığı ilə ətrafına
işıq salmağa çalışır,
dodağının altında nəsə
pıçıldayır. Pıçıldayanda
ağzının solundakı qızıl dişlər qəfil
parıldayıb havada sallanıb yellənən
işıldaquşu xatırladır.
-
Bismillah, bismillah, bismillah... - oğlan fasiləsiz
pıçıldayır.
Oğlanın mobil telefonuna zəng gəlir, qəfil zəng
səsindən oğlan diksinib içini çəkir və
telefon əlindən düşür.
Oğlan qorxa-qorxa qaranlıqda əyilib telefonunu
axtarmağa başlayır.
- İt
qızı! Min dəfə zəng eləyir e, min dəfə!
Qoy çatım, qoy gedim onlara çatım, şilləni nətəhər
qoyacam ha ağzının üstündən heyvan
balasının!
Bu vaxt şimşək çaxır və oğlan
qarşısında iri bir həsir zənbil görür.
-
Bismillah! - oğlan bağırıb
qaçmaq istəyəndə ayağı nəyəsə
ilişir və yıxılır. Bu vaxt telefon zəng
çalır, oğlan telefonun işığını
görcək, sürünüb onu yerdən qaldırır və
işığı zənbilə sarı yönəldir.
Ona elə gəlir ki, zənbildən pişik
miyoltusu gəlir.
Oğlan bir də bağırıb ildırım sürətilə
ordan uzaqlaşır.
Oğlan
Qəribə məxluqlardı bu pişiklər.
Nənəm
deyir ki, onların gözlərinin içinə baxmaq olmaz, adam qorxudan dəli ola bilər. Deyir,
cinlər ən çox pişik cildinə girirlər. Ən çox da gecə vaxtlarında.
Nənəm heç vaxt evdə pişik saxlamır,
anamla da davaları ən çox anamın pişik
saxlamasına görə olur. Anam hər dəfə
hardansa bir pişik tapıb evə gətirən kimi nənəm
bir həftə deyinir, sonra da anamın evdə
olmadığı ilk fürsətdəcə pişiyi torbaya
qoyub kəndin başındakı kanala atır.
İndi
bu zənbildə də Allah bilir kim kimin
pişiyindən bezib, gətirib atıb bura. Bəlkə
də elə balalamış pişikdir. Yəqin
erkək balalarını kimsə götürüb, dişiləri
anaları ilə birlikdə gətirib atıblar. Nənəm
deyir ki, dişi pişikləri harda görsən,
öldürmək lazımdır, artmasınlar...
Dişi
pişiklər
Qəribə məxluqlardı bu erkək pişiklər. Hər yerdə
hörmətləri var. Dünyaya gələn kimi adamlar gəlib
onları seçib evlərinə aparırlar. Dişi pişikləri isə ya öldürürlər,
ya da meşəyə, dağa aparıb azdırırlar.
Orada da bizi adamların əlindən
canını qurtarıb sərgərdan gəzən dişi
itlər tapıb parçalayır. Ahh... neyləsinlər,
onlar da bizim kimidirlər, arzuolunmazdırlar...
Dişi
itlər
Qəribə məxluqlardı bu dişi pişiklər. Özlərini kimə-kimə,
bizə tay hesab edirlər. Deyirlər
ki, biz də onlar kimiyik. Amma biz heç
vaxt öz balalarımızı özümüz yemirik. Yeyəndən sonra da hələ arsız-arsız
etdiyimizin adını "çox istədiyimdən yedim"
qoymuruq. Ehh... qədrimizi kim bilir ki?
Hekayənin
ardı
Oğlan kəndin sonuncu evindən də aralanıb, əkin
sahəsinin kənarındakı yolla, qorxu içində yol
gedir. Telefonla danışır.
-
Yaxşı ki, zəng elədin. Telefon əlimdən
düşmüşdü. Amma daha
yığma. Telefon sönəcək,
qalacam qaranlıqda... yox e, dəlisən, nədən qorxacam?
Cin vurar? - gülür,
- Cin qorxsun ki, mən onu vuraram birdən.
Qəfil şimşək çaxır və ardınca
göy guruldayır.
Oğlan telefonu cibinə basıb çiyinlərini
qısaraq addımlarını sürətləndirir.
Bu vaxt hardansa yaxınlıqdan qulağına körpə
ağlaması gəlir.
Oğlan ayaq saxlayıb telefonu çıxarır, ətrafına
işıq salıb qorxa-qorxa yenə nəsə
pıçıldamağa başlayır.
Körpə səsi daha ucadan gəlməyə
başlayır və oğlan yerində donmuş halda dinləyir.
-
Bismillah, bu nədi belə... uşaq səsidi bu?
Yenə şimşək çaxır və ətraf
daha çox işıqlanır, ardınca daha güclü
göy gurultusu gəlir.
Oğlan telefonu cibinə basıb cəld əlini
köynəyinin döş cibinə aparır, anasının
taxdığı yekə sancağı açıb əlində
tutur və ətrafa baxa-baxa yerində fırlanmağa
başlayır, sanki indicə gözəgörünməz bir
orduya qılınc çəkərmiş kimi bir vəziyyət
alır.
-
Yaxın gəlmə! Gəlmə, sancacam sənə bunu!
Bismillah! Sancacam, baxarsan!
Yenə şimşək çaxır, hər yan
işıqlanır və göy guruldayır.
Oğlan
qorxudan içini çəkir və bir az
aralıdan ona sarı gələn yaşlı kişini
görüb ürəklənir.
Yaşlı
kişi yaxınlaşıb oğlana
yazıq-yazıq baxır.
- Kimsən,
ay əmi? Bizim kənddən deyilsən. Nə işin var burda?
- Desəm
tanımazsan, yaxşısı budur soruşma. Gəl
gedək görək o uşaq səsi nədi elə?
- Nə
uşaq? Bu vaxt uşaq olar? Uşaq
səsi deyil o, - oğlan təngnəfəs deyir, - cindi, uşaq
səsi çıxardır. Adam
aparmağa gəlib. Görmürsən, ay da
tutulmuşdu, indi də bu leysan...
- Ay bala,
mən qərib adamam, yolu-izi tanımıram, sən
buralısan axı, gəl deyirəm baxaq səs gələn tərəfdə
nə var, nə məsələdi.
Kişi oğlanın yanından səs gələn tərəfə
sarı addımlayır.
Oğlan
onun dalınca bir-iki addım atıb dayanır,
bağırır:
- Sənə
deyirəm ki, cindi. Getmə ora, vurar səni,
qalarsan kəndimizin ayağında.
- Gəl
kömək elə! - Yaşlı kişi
bir də son ümidlə çönüb oğlana baxır.
Bu vaxt şimşəklə göy gurultusu eyni anda olur və
oğlan bir də "bismillah" deyib ildırım sürətiylə
ordan qaçır.
Yaşlı
kişi çarəsiz halda oğlanın
ardınca baxır.
Cin
Qəribə məxluqlardı bu insanlar.
Bütün axmaqlıqlarını bizim boynumuza yükləyirlər.
Kim harda
vurulsa, kim harda qorxsa, kim dəli olsa, biz
günahkar sayılırıq. Üstümüzə
bıçaqla, şişlə, iynəylə, sancaqla gəlirlər.
Daha demirlər ki, heç də heç nə
onların bildiyi kimi deyil.
Bax mən
iki saatdır ki, bu yaşlı kişi
cildinə girmişəm, kəndin bu yolundan keçən
bütün adamlarının qabağını kəsirəm,
kömək istəyirəm, "ordan uşaq səsi gəlir,
gedək baxaq" deyirəm.
Amma... kimə deyirsən?
Hamısı bir nəfər kimi "cindir, adam
aldadır" deyib qaçır.
Halbuki orda doğrudan da körpə uşaq var.
Anası axşam düşər-düşməz onu bir
zənbilin içinə qoyub, gətirib bu yolun kənarında
atıb, gəldiyi maşınla da çıxıb gedib.
Zənbildə bir şüşədə süd, əmzik,
təmiz dəyişək, xeyli də pul var. Yəqin
uşağın anası ümid eləyib ki, bu adamlardan kimsə
bu körpəni tapıb evinə aparacaq.
Eh...
kül mənim cin başıma. Kül
başıma ki, mən insan deyiləm, adi bir cinəm və mənim
əllərim insan balasını qucağına alıb
qaldırmaq gücündə deyil... başqa cürəm mən,
başqa cür, başa düşürsüz?
Hekayənin
sonu
Yaşlı
kişi zənbilin qarşısında diz
üstə çöküb başını tutaraq
hönkür-hönkür ağlayır.
Zənbilin içi leysan yağışla dolub.
Suyun üstündə uşaq əmziyi və
yüzlüklər üzür.
Şimşək
çaxır, göy guruldayır, leysan yağır...
Həqiqət
Boğuluram...
Cavi Dan
Ədəbiyyat qəzeti.- 2017.- 12
avqust.- S.4-5