Ay çəkilər yuxu kimi...

 

Mətnə Cabir Novruzun sözləri ilə başlamağımın psixoloji açması var yəqin ki. Bəlkə də Ayın yazıma təşrif buyurması bir neçə gün bundan öncə Yerdən görünən ikinci parlaq cismin kölgəyə bürünməsi səbəbidir. Haradasa beynimin bir köşəsinə sığınıb qalmış bu qaraltı mən bilmədən şiddətlə böyüyür və yazıya çevrilmək istəyir. Hər gecə göyün üzündə izlədiyim, maraqla  baxdığım insanabənzər surət fikirlərimi öz cazibəsinə salır. Və yaxud sadəcə heç vaxt poeziyamda istifadə etmədiyim Ay obrazı kövrək qədəmləri ilə qələmimə doğru addımlayır. Mən isə qərinələrin romantik ab-havasına bulaşmamaq üçün var gücümlə bu obrazdan qaçmağa çalışıram və dalana dirənirəm.

Bilmirəm, bəlkə də musiqi tənqidçisi Lyudviq Relştab Bethovenin məşhur əsərini "Ay sonatası" adlandırmaqla doğru edib. Yəqin ki, bu adlandırma dahi bəstəkarın sağlığında ona təklif olunsaydı, etiraz etməzdi. Səs dünyasından məhrum bəstəkar bu duyğusal əsəri ruhunun, qəlbinin səsi ilə yaratmışdı. On səkkiz yaşlı Cülyetta Qviççard gedişiylə böyük bir sarsıntının əsasını qoymuşdu. Dəhşətli qəlb yarasının sızıltısının himninə çevrilən məşhur sonatanın yaranmasının səbəbkarı olmuşdu. Sonatanı Bethoven yox, bəlkə də Cülyetta öz gedişi ilə bəstələmişdi.

Ay çəkilər yuxu kimi,

Bir ovçunun oxu kimi.

Hamı deyər, hamı gülər,

Mən gülmərəm çoxu kimi...

C.Novruz

Ay soyuq baxışlarla üzünü bizə tutub. Görəsən digər üzündə təbəssüm varmı? Bunu biz bilmərik, heç vaxt da görməyəcəyik. Qəribəsi odur ki, eyni obyekt bütün dövrlərdə müxtəlif cür qavranılıb. Sənətkarlar, şairlər, xəttatlar, memarlar, rəssamlar onu özlərinəməxsus şəkildə ifadə ediblər. Yəqin ki, alışın-verişin atributuna çevrilən dairəvi dəmir sikkələrin yaradıcısı elə Ayın özüdür. O üzlü-bu üzlü medalyonlar kimi Ay hər halı ilə hayatımızda qarşımıza çıxır.

Kiminin yaratdığı Ay solğun, kimininki mirvari rəngli təsvir olunur. Təbəssüm etmir ki, etmir.

Van Qoqun "Ulduzlu gecə"sində Ay daha parlaq və həyəcanlı görünür. Psixiatrik xəstəxanada depressiv ağrılar ilə çarpışan rəssam bütün anlarında fırçasına sarılır. Hər saniyə onu izləyən tutmalarından sonra yenə də ayağa qalxıb məşhur tablosunun çəkilişini davam etdirir. Hamımızın tanıdığı əsəri yaradır. Nə çəkdiklərindən xəbərsizik, rəsm əsərinə heç nə olmamış kimi baxırıq. Arxasında nələrin dayanmasının bizim üçün elə bir önəmi yoxdur. Qarşımızda sükut dolu tablo var. "Ulduzlu gecə"nin həyəcanlı Ayı.  Bəli, buna sənət deyilir.

Gecələr darayaydı saçlarını ay gözəl!

Sən gözəlsən, Ay gözəl?

Əllərində əllərim, gözlərində gözlərim…

Asılaydı sözlərim,

Könlünün qulağından bir qızıl tana kimi,

Günəş doğana kimi...

M.Müşfiq

Xonsu - Misirdə Ay Allahı belə adlanırdı. İnsanabənzər, qamətli qadın cildində yaradılardı Ay bütü. Başının üzərində oraqşəkilli çərçivədə gəzdirərdi parlaq səma cismini. Misirlilər bu simaya sitayiş edərdilər.

Hübəl isə ərəblər arasında İslamdan öncə pərəstiş edilən bütlərin ən böyüyü idi. İri yaqutdan yonulmuş, qızıldan əli olan insan formalı bu bütü Kəbənin damında ucaltmışdılar. Ay tanrısı idi. Düşünürdülər ki, onları hifz edir, qoruyur. Bəlkə də... Axı bir daş parçasına belə ümidini bağlayıb yaşamaq mümkündür. İnsanın içindəki sarsılmaz inam kökdən düşmüş ruhuna ayaq verə bilir, uçulub puç olmağa, yox olmağa qoymur.

Ay - səbr, dözüm atributudur. Yarın simasını özündə əks etdirən aynadır.

Ay obrazına poeziyada daha çox rast gəlmək mümkündür. Əslində Ay romantiklərin gecə yoldaşıdır. Düşüncələri özündə cəmləyən solğun, günəş qədər yandırıcı olmayan işıqdır. Və hər bir qələm sahibi onu özünəməxsus şəkildə şəkilləndirir. Miflərdən üzü ədəbiyyata doğru Ayı müxtəlif poetik biçimlərdə görə bilərik. İlahi, eyni atributa bu qədər görkəm vermək olarmı?

Ay Yesenin poeziyasında 140 dəfə hallanır. Daha çox mirvari rəngli, sarı, deyə təsvir olunur. Yəni Çexovun təsvir etdiyi qədər qara rəngli, tutqun göstərilmir.

Lev Tolstoy "Hərb və sülh"ündə Nataşa Rastovanın sonrakı həyatında nələrin olmasına eyham vurmaq üçün Ay simvolundan istifadə edir. Tolstoyun təsvir etdiyi sönük, ölü şəfəq saçan Ay sevgilisini düşünən Nataşanın nəzərlərinə tuş gəlir və onu üşüdür.

Şərq Ayı bütün profillərdən təsvir edib. Yapon haykularından tutmuş üzü Hindistana qədər, İslam dünyasına qədər Ay sənət adamlarının poeziya bələdçisinə çevrilib. Sevgilinin, sirrin, məhəbbətin özü olub.

Dinin özülündən keçən bu atribut İbrahimin böyüklük axtarışının bir parçasına çevrilir. Gecələr görünən, gündüzlər yox olan Ay, eləcə də gündüzlər görünən, gecələr yox olan Günəş əbədi inanc yeri ola bilməzdi İbrahim üçün. "Mənim tanrım daha böyükdür" söyləyir hənif peyğəmbər. Amma bu böyüklüyə qovuşmaq üçün İbrahim üzü Aydan bu yana inanclar sistemini sıralayır. İnancların xronologiyasıyla bizləri tanış edir. "Mən Ayı gördüm" dedikdə, əslində yerdən göyə zillənmiş ondan öncəki zümrələrin inanc dayaqlarını bizə söyləyir. Yəni insanlar öncə Aya, sonra Günəşə, sonra nələrə... nələrə sitayiş etdilər, söyləyir. İbrahim daha böyüyün axtarışına çıxır. Və ən kiçikdən başlayır. İnancının harasa daldalanması üçün, qoruma, hifz olunma mühasirəsini öz ətrafında qurmaq üçün daha... daha da böyük axtarışın izinə düşüronu tapır. Böyüklüyü gözlə görmək mümkünsüzlüyünü aşkara çıxarır. Bunu  kəşf edir. Tapdığı böyüklüyə Tanrı adını verir. Görünməzdir, deyir.

Səhv etmirəmsə, Ayın ən müxtəlif rakurslarda təsvirini alman rəssamı Fridrix Kasparın rəsmlərində görmək mümkündür. Ayın müxtəlif çalarları, formaları romantizmin banilərindən sayılan rəssamın əsərlərində əks olunub.

İndinin indisində də Ay, romantikləri hələ də düşündürməkdədir. İnanc dirəyindən uzaqlaşan bu simvol öz varlığını hələ də şeirdə, sənətdə qorumaqdadır. Ədəbiyyat, rəssamlıq adlı təxəyyül dünyasında yaşamını davam etdirməkdədir. İndi mən də məni izləyən, səddə çevrilən Ay işığına üzümü tutub romantik ab-havadan qaçmağa çalışıram. Ramiz Rövşən kimi belə demək istəyirəm:

 

Dilim lal, başım aşağı,

Evin ən mağmın uşağı,

Burax gedim, Ay işığı,

Mən də sən deyən deyiləm.

 

R.Rövşən

 

Günel EYVAZLI

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.7.