Metaforanın analitik şərhi
Metaforanın
işləndiyi söyləmlərin məntiqi təsvir
problemi analitik fəlsəfənin mövcudluğunun ilk
onilliyində meydana gəlmişdir. Analitik fəlsəfənin
demək olar yüz illik tarixi ərzində metaforanın tədqiqində
bir neçə əsas mərhələ
formalaşmışdır.
Bu mərhələlərin
mahiyyətini üzə çıxarmazdan və müəyyənləşdirməzdən
qabaq, bir sıra mühüm mülahizələri nəzərə
almaq lazımdır. Əvvəla, analitik filosoflar heç də
ayrılıqda götürülən metaforanı deyil,
metaforanın işləndiyi söyləmi analiz edirlər.
İkincisi, metafora bu sözün ən geniş anlamında
götürülür. Bu, mahiyyəti birmənalı şəkildə
müəyyənləşdirilə bilməyən istənilən
mühakimə və ya söyləmdir.
Üçüncüsü, analitik fəlsəfədə
(xüsusən, onun vətəni İngiltərədə)
metaforanı öyrənən fənlər arasında
çox dürüst müəyyən edilən sərhəd
mövcuddur: məntiq, estetika, filologiya və ədəbiyyatşünaslıq.
Gündəlik danışıqda və poetik dildə
metaforanı sərbəst işlədən və fənlərarası
sərhədləri sərbəst aşan əksər
fransız alimlərindən fərqli olaraq, analitiklər bunu
yolverilməz hesab edirlər. Bununla bağlı olaraq, onlar cəhdlərini
metaforanın məntiqi müzakirəsinə sərf edirlər,
halbuki digər fənlərin çərçivəsində
tədqiqat və nəzəriyyələri də sərf-nəzər
etmirlər. Bu məqalədə analitik fəlsəfədə
metaforaya baxışın üç əsas mərhələsini
seçib-ayırırıq.
Birinci
mərhələdə (1910 - 1940-cı illər) analitik
filosoflar bütün mümkün təcrübə elementlərini
təsvir edə bildiyimiz ideal məntiqi dilin qurulması ilə
məşğuldurlar. Metafora dedikdə mənası hərfi
şəkildə müəyyənləşdirilə bilməyən
anlayış və ya söyləm başa
düşülür. "Principia Mathematica"da, Rasselin məntiqi
atomizmin əsaslandırılmasına həsr edilən əsərlərdə,
Vitgenşteynin "Traktat"ında və digər əsərlərdə
sübut edilir ki, metafora ciddi ideal dil hüdudlarında yolverilməzdir.
Elmi fikirdə metafora varsa, biz ondan ya imtina etməliyik, ya da onu
ciddi məntiqi formaya salmalıyıq. Rasselin diskrepsiya nəzəriyyəsi
baxımından, ciddi dildə metaforanı təkcə məntiqi
deyil, həm də ontoloji qadağanedici arqumentlərə
görə işlədə bilmərik. Məsələn, biz
mövcudluq kvantorunu metafora ilə təsvir edilən əşyaya
aid edə bilmərik, çünki o, müşahidə edilən
fiziki və psixi aləmdə mövcud olan fakta uyğun gəlmir.
Ciddi təsvirə iddia edən istənilən dilin tərkibindən
metaforalar çıxarılmalıdır. Rassel qeyd edir ki,
ciddi formaya düşməmiş istənilən qənaət
dəqiq və konkret formada söylənə bilməz.
"İnam sözlərlə ifadə ediləndə, nəzərə
almalıyıq ki, məntiq və riyaziyyatın sərhədlərindən
kənarda qalan bütün sözlər qeyri-müəyyəndir",
- Rassel yazırdı. Bu halda Rassel belə bir nəzəriyyənin
qəbul edilməsinin çətinliyini dərk edirdi. O,
doğru olaraq qeyd edirdi ki, dəqiq məntiqi dil əksəriyyətinin
tərkibində metafora olan psixoloji və ya poetik mühakimələrin
təhlilində "işləmir". Mur və Rassel tərəfindən
tətbiq edilən təhlil metodologiyası demək olar ki,
müharibəyə qədərki analitik fəlsəfədə
şəriksiz hökmranlıq etmişdir. İdrakda
metaforanın rolunun tam inkar edilməsinə nümunə kimi
Ayerin "Dil, həqiqət və məntiq"
konsepsiyasını göstərmək olar, burada istənilən
yoxlanılmamış metafora qeydsiz-şərtsiz qadağan
edilir, o cümlədən faktların göstərilməsi və
təsvirindən daha çox şeylərə iddia edən
istənilən dilin qarşısıalınmaz qeyri-müəyyənliyinə
dair pozitivist tezis irəli sürülür. Ayer təkcə dəqiqləşdirmə
aparmağın mümkünsüzlüyünə görə
deyil, həm də sonuncunun metaforikliyinə görə bu elmlər sahəsində
mühakiməni qadağan edirdi.
Analitik
fəlsəfədə, inkişafın bu mərhələsində
metaforaya aid daha mötədil şərhlər mövcuddur.
Uaythed, məsələn simvolizm nəzəriyyəsini irəli
sürdü ki, buna uyğun olaraq hətta elementar
müşahidə qənaətini də simvollaşdırma
olmadan ifadə edə bilmərik. Uaythed idrakı simvolizmin
qarşılıqlı əlaqədə olan növləri
kimi şərh edir. Bu halda Uaythed dünyanın dərkində
bədii təcrübəyə nəzərəçarpan rol
ayırır. Vordstvort və Şellinin ingilis romantizmini
araşdırarkən Uaythed o dövr üçün əhəmiyyət
daşıyan təbiətin xarakteri və metafora təsvirini
önə çəkmişdi. Dyi də metaforanın idrak sahəsindən
çıxarılmasının əleyhinə
çıxış edirdi. O, hesab edirdi ki, poetik dil
metafizikanın dili ilə münasibətdə
varlığın dərkində daha uzaqlara gedə
bilmişdir. Ancaq ideal dil nəzəriyyəsinin müddəaları
ilə razılaşmayan Dyui, Uaythed, Broud və digər
mütəfəkkirlər, metaforaya gəlincə daha
ehtiyatlı çıxışlar edirdilər. Bir çox
hallarda onlar metaforadan istifadəni vacib hesab edirdilər, ancaq
bunu o zaman etmək olar ki, fikri daha dəqiq söyləmək
imkanı olmasın. İstənilən halda, biz metaforik
söyləmlərin daha ciddi məntiqi formalarla
salınmasına cəhd etməliyik ki, onların məzmunu təhlilin
və düşüncənin predmetini təşkil edə
bilsin.
İkinci
mərhələ (1950 - 1970-ci illər) analitiklər
arasında metaforaya "bəraət"
qazandırmış Vitgenşteynin son dövrünün
ideyalarının yayılması ilə başlayır.
Vitgenşteyn sözün mənasını onun dildə
işlədilməsi üsulu kimi şərh etdiyi
üçün, bu meyara uyğun olaraq, elmi termindən, yaxud
poetik ifadədən istifadə etməyimiz arasında prinsipial
fərq olmayacaqdır. Vitgenşteyn heç bir konkret əşyanı
bildirməmək mənasında "metaforik" olan bir
sıra cümlə meydana çıxarır ("Oy!",
"Su!", "Rədd ol!" və sair). Linqvist fəlsəfənin
yaradıcısının rəyinə görə, ifadənin dəqiqliyi və ya mənanın
müəyyənləşdirilməsi çətin əldə
ediləndir. Vitgenşteyn "Fəlsəfi
tədqiqlər"in bir çox yerində dəqiq və sadə
(adi) təfsirin imkanlarına yönəlik şübhəli nəticə
çıxarır. Məsələn, dilə tərifi ciddi və
birmənalı şey kimi daxil edirik, ancaq başqa dilin
hüdudlarında elə bu qənaət çoxmənalı və
qeyri-müəyyən bir şey kimi şərh edilə bilər.
Başqa dilin daşıyıcıları üçün həmin
müddəa metafora rolunda çıxış edir. Başqa
bir dilin daşıyıcılarının metaforik müddəası
bizim üçün birmənalı görünə bilər.
Beləliklə, Vitgenşteyn fəlsəfəsinin son
dövrü analitik fəlsəfədə metaforaya münasibətdə
ikinci mərhələ yaranır - dildə bir-biri ilə
qarşılıqlı əlaqədə olan metaforaların
öyrənilməsi.
Vitgenşteynin
ardıcılları olan Payl və Kuayn, müəllimin
ideyalarını təkmilləşdirməklə dilin istənilən
müddəasını (o cümlədən elmin) metaforik
anlayış kimi şərh etməyə başlayırlar.
Payl qeyd edir ki, istənilən formal məntiqi sistemin əsasında
adi dilin "qeyri-formal" məntiqi dayanır. Kuayn
özünün tərcümənin sistemli qeyri-müəyyənlik
nəzəriyyəsində qeyd edir ki, dildə ünsiyyətin
əsasını anlama deyil, etibar təşkil edir. Kuayn hesab
edir ki, ən sadə cümlənin xarici dilə tərcüməsi
həll edilməz çətinliklər yaradır: halbuki tərcüməçi
təkcə adekvat sözləri mexaniki şəkildə
seçməməli, bu sözün işləndiyi
bütün konteksti verməyə
çalışmalıdır. Metaforalar bu problemin kəskinliyini
azaldır və məntiq tutarlı olmayanda insana rahat nəfəs
almaq imkanı verir.
Metaforaya
analitik baxışın üçüncü, müasir mərhələsi
(1970-ci illərdən başlayaraq) Amerika filosofu D.Devidsonun
adı ilə bağlıdır. O, holistik dil nəzəriyyəsi
ideyasını irəli sürür, bu nəzəriyyəyə
görə, sözün, anlayışın və ya söyləmin
dil kontekstindən mücərrəd şəkildə
çıxarılma imkanı mövcud deyildir. Devidson,
"intellektual aləmlərin radikal fərqini" təsdiq
etməklə, bununla bərabər linqvist fəlsəfələrin
konseptual relyativizminin tutarlı olmadığını
sübut edir. "Biz onu necə dərk etməyimizdən
asılı olmayan obyektiv dünya ideyasından vaz keçməməliyik".
Konseptual relyativizmə qarşı çıxan arqument
sübut edir ki, dil dünya haqqında biliklərimizin
keçdiyi ekran və ya filtr deyildir, - filosof qeyd edir. Devidson sələflərinin
linqvist idealizminə riayət etsə də, dillə dünya
arasında münasibətləri terminlərlə ifadə edərək,
metaforaya məntiqi ciddi yanaşmanın ardıcılı kimi
çıxış edir. "Əleyhinə
çıxış edəcəyim əsas səhv odur ki, hərfi
mənasını istisna etməklə, metafora hər hansı
başqa mənaya malikdir", - Devidson yazır. Beləliklə, Devidson nəzəriyyəsinin şəxsində
dil söyləminə metafora kimi baxmaqla bağlı əvvəlki
radikal konsepsiya ciddi tənqid edilir. Devidson dilin "mahiyyəti"
kimi metaforikliyin təsdiqini növbəti fəlsəfi doqma
hesab edir. Metafora işlənən hər bir şərh
holistik nəzəriyyənin çərçivəsindədir
və o, yalnız bu nəzəriyyənin daxilində məna
qazanır. Bu halda Devidson bu nəzəriyyənin mahiyyətinə
yönəlik məsələni açıq saxlayır.
Devidsonu oxuyarkən bizə məlum olan ancaq bunun dilə aid
olmasıdır. Ancaq bu halda Devidsonun hansı dili nəzərdə
tutması məlum deyildir. Empirizmin bütün
doqmalarını atmaqla, amerikan filosofu daxili
bağlılıqla əlaqəli holistik meyarı
qarşılayan istənilən dilin bu mövqedə
olmasını təsdiqləyir. Dəqiq elm dili, gündəlik
danışıq dili, poetik dil, hiss və həyəcanlarımızın
ifadə edildiyi dil və bir çox digər dillər
Devidsonun çəkdiyi sxemdə özünə rahat yer
alır. Fikrimizcə, bu, həm
dəyər, həm də naqislik doğurur. Sözsüz, dəyərlər
arasında konseptual relyativizmin tənqidini və Devidson nəzəriyyəsinin
yüksək dərəcədə
açıqlığını nümunə göstərmək
olar. Ancaq bununla bərabər, Devidson haqlı olaraq sistemin
yayğınlığını və mövqeyin dəqiq
olmadığını tənqid edir. Bu mənada Devidsonun
ideyalarını inkişaf etdirməyi bəyan edən gələcək
nəsil filosofları müxtəlif, bəzən də
bir-birinə zidd mövqelərə çatmışlar.
Bu mənada
Devidsonla Rorti arasında bu məsələnin şərhində
meydana çıxan ciddi fikir ayrılıqlarını yada
salmaq kifayətdir. Rorti
Vitgenşteynin belə bir müddəasını
müdafiə edir ki, "intellektual və mənəvi təkamül
baxışları ilə şeylər özlüyündə
götürüldükdə müvafiq anlayışın
tarixi kimi deyil, faydalı metaforaların tarixinə
baxış kimi razılaşmaq lazımdır". Devidson
Rorti ilə razılaşmır və Dammitin
baxışlarını müdafiə edir, o isə
özünün anti-realist məntiqinə uyğun olaraq dilin
istənilən
metaforasını yalnız müəyyən məntiqi nəzəriyyənin
terminləri ilə şərhə yatan bir şey kimi izah
edir.
Dammit
müasir analitik fəlsəfədə çox yayılmış
belə bir mövqeyi ifadə edir ki, dilin bütün müddəaları
yalnız o halda başa düşülə bilər ki,
müvafiq semantik meyarlara əsaslansın. Müxtəlif semantik meyarların
mövcudluğu şəraitində müxtəlif dillər,
insanın reallığı, xeyri, şəri və sair qiymətləndirmə
bacarığından bəhs edilə bilər. Bu mövqe
kontekstində, metafora müxtəlif dillər çərçivəsində
tərcüməyə yatmır. Buna uyğun olaraq,
metaforanın universal nəzəriyyəsini yaratmaq
mümkün deyildir. Ən yaxşı halda biz konkret bir dilin
çərçivəsində, məsələn Blokun poetik
dili çərçivəsində metaforanın texniki şərhindən
bəhs edə bilərik. Dammitin məntiqi anti-realizmi
baxımından, bu texnika Şekspir poeziyasının təhlilinə
münasib deyildir. Anti-realist hesab edir ki, universal məntiqi nəzəriyyədə,
hipotetik mütləq varlığın yaradılması
mümkün deyildir, yəni, əks halda müvafiq mövqeyə
əsaslanmaqla biz müxtəlif dil və nəzəriyyələr
yarada bilərik. Bununla belə, anti-realist istənilən
dili ciddi məntiqi formaya salmaq imkanından imtina edir.
Bu halda Dammit dil strukturlarının fərdi planda fərqli
olmalarını təsdiq edir. Məhz bu tezis Dammit
haqqında müasir analitik fikirdə məntiqiliyin və
klassik fəlsəfi ideyaların ən ardıcıl
davamçılarından biri kimi bəhs etməyə imkan
verir. Beləliklə, Dammitin metafora
konsepsiyasında, özünün unikallığını
saxlamaqla müəyyən konkret məntiqi kontekst daxilində
olmaqdan imtina edilir.
Analitik metafora nəzəriyyəsində müasir
konsepsiyalar içində U. Çayld və K.Pikok kimi Oksford
filosoflarının nəzəriyyəsini qeyd etmək yerinə
düşər. Çayld öz konsepsiyasını
"linqvistik şərh nəzəriyyəsi"
adlandırır. Bunun məğzi aşağıda
göstərilir: "nəyi isə şərh etdiyimiz zaman
bunun anlaşıqlı olmasına cəhd edirik, hərəkətləri
düşüncə terminləri ilə ifadə etməyə
çalışırıq. Mütənasib
mövqelər faktiki olaraq daxili vəziyyət deyildir. Hər bir gerçək subyekt fiziki şəxsdir.
Bu mənada, linqvist şərh nəzəriyyəsi
fiziki və ya materialist baxış kimi çıxış
edir". Müasir analitik postmodernizmə
xas olan bu nəzəriyyə şərh əsasında digər
düşüncə sistemləri haqqında nə isə
öyrənmək, əldə etmək imkanını inkar
edir. Çayld "düşüncənin radikal
epistemik konsepsiyasını" irəli sürür, buna
uyğun olaraq hər hansı şəraitdə şərhçinin
fərziyyəsi yalan ola bilməz. Şərh şərhçinin dilində həyata
keçirilir, hətta şərhçi mətnin mənasını
təhrif etsə belə, o, bunu özünün
düşüncə sisteminin daxilində icra edir. Çayld "linqvist şərh nəzəriyyəsini"
"anomalizmlə" birləşdirir. Bu sonuncuya
uyğun olaraq, "hərəkət və digər mental
fenomenlərin dəqiq fəhm və izah edilə bildiyi ciddi
qanunlar sistemi ola bilməz". Buna görə də metafora bizi birbaşa başqa
şəxsin və başqa dünyanın dərkinə
sövq edir.
Digər Oksford filosofu K.Pikok "eksternalizm" adı
daşıyan bir nəzəriyyəni irəli sürür. Bu nəzəriyyə
baxımından,
nəzəriyyəni qəbul etmənin istənilən
meyarı təfəkkürə münasibətdə kənarda
olan bir nəsnəyə (external) işarə etməlidir. K.Pikok, anlayışın müstəsna məntiqi əsaslandırılmasının
mümkünsüzlüyünü sübuta yetirməklə
"anlayışların müəyyənləşdirilməsi
nəzəriyyəsinə" (Determination Theory of concept)
qarşı çıxır. "Mənim mövqeyim
belə bir faktla əsaslanır ki, nəyə isə
münasibətdə heç bir nəsnə daxili reprezentasiya
ola bilməz. O, təsdiq edir ki,
reprezentasiya external (kənar) məzmun daşıyır;
reprezentasiyanın alt sisteminin daxili faktları bu məzmunu fiksə
edə bilməz, - Pikok yazır. Pikokun təsdiq
etdiyi "fərziyyə şərtləri" sisteminin
aşıqlığı metaforanı eksternal məzmun
çərçivəsində şərh etməyə imkan
verir. Dəqiqləşdirmə yox, məhz
"manifestasiya"dil ifadəsi üçün mühüm
şərtə çevrilir. Təfəkkürün
istənilən intensional aktının müəyyənləşdirilməsi
ən azı bir xarici obyektin və ya hadisənin mövcud
olmasını nəzərdə tutur ki, bunun köməyi ilə
həmin təfəkkür aktı izah edilir və ya həmin
aktla ona işarə edilir. Çayld kimi
Pikok da istənilən anlayışın
unikallığını, onun başqa bir dildə ifadə
edilməməsini, "qəbul etmənin normativ şərtlərindən"
asılılığını qeyd edir. Pikok hesab edir
ki, yalnız doqmatik "köhnə dəbli fəlsəfə"
mövqeyindən bir-biri ilə ziddiyyət təşkil edən
iki ideyanı birləşdirmək olar: "yol verilməz"
kontekst nəzəriyyəsi (o cümlədən metaforik) və
istənilən söyləmin məntiqi və epistemioloji
ciddiliyi.
Beləliklə, müasir analitik fəlsəfədə
ilk dəfə olaraq özündə məntiqi anti-realizm,
neopraqmatizm və linqvist fəlsəfi ideyaları birləşdirən
orijinal məntiqi metafora nəzəriyyəsinin meydana gəlməsi
üçün münasib şərait yarandı. 1970-ci illərdə
amerikan neopraqmatizmi çərçivəsində meydana gəlməklə
o, İngiltərəyə nüfuz edir və bizim günlərdə
Oksfordda daha fəal inkişaf etməyə başlayır.
Görünür, məhz bizim nəzərdən
keçirdiyimiz metafora nəzəriyyəsi forması artıq
yaxın gələcəkdə klassika kimi təsbit ediləcəkdir.
S. Nikonenko
Rus dilindən tərcümə edən:
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.6-7.