Qəfəsdəki
quş
Nədən oxuyursan, qəfəsdəki quş?
Necə tora düşdün, o barədəmi?
Yoxsa ki, yuvanı hördüyün haqda,
yoxsa necə gəldi ayrılıq dəmi -
istəkli dostundan ayırdı qəfəs,
o haqda ötürmü bu kədərli səs?
Yuvanmı yadına düşüb bu anda?-
Necə xoşbəxt idin isti yuvanda?
Bəlkə də tutaraq sən cücüləri
Necə
aparırdın balalarına
O haqda ötürsən bayaqdan bəri?
Yoxsa meşələrin azadlığından,
Bəlkə təpələrin ucalığından,
Yaxud çəmənlərin yaşıllığından,
Və ucsuz-bucaqsız çöllərdən
bu an
Bu cür yanğı
ilə sən oxuyursan?
O kiçik pəncərə
dalından indi
dünyaya boylanmaq
necə miskindi.
Günəşli günlərdə gur
nəğmən ilə,
Yorulmaq bilmədən
çimirsən elə.
Yadına
salırsan olub-keçəni,
Belə unudursan dərdini yəni?
Sonra da dənləri dimdikləyib sən
Eləcə yanğıyla su
da içirsən...
6 aprel 1897
* * *
Mən özüm tütəyəm
öz təranəmə.
Nəfsim dünyanı istəyir.
Üzən burulğan kimi halələrimə
üzüyola ulduzlar axıb-tökülür.
Mən özüm tütəyəm
öz təranəmə
-
Dünyanın taleyini
ifa edirəm.
1908
* * *
Kisədən
döşəməyə əşyalar
səpələnib.
Düşünürəm,
bu dünya
asılmış adamın
dodaqlarında
xəfif-xəfif işıq
saçan
bir təbəssümdü
yalnız.
1908
Mən bilmirəm
Yer fırlanır, yoxsa
yox...
Mən bilmirəm, Yer fırlanır, yoxsa yox -
bu, sözlərin sətirlərə necə
yerləşməsindən asılıdı.
Eynən
şirin, ya turş istədiyimi bilmədiyim kimi,
bilmirəm, babam, nənəm meymundan törəyib, yoxsa yox.
Amma içəridən qaynamaq
istədiyimi bilirəm,
və istəyirəm ki, günəşlə əllərimin damarlarının
titrəyişi bir araya gəlsin.
İstəyirəm ulduzların şüasıyla
gözlərimin şəfəqləri
öpüşsün -
lap bir cüt maral
kimi (ah onların gözəl olur gözləri!).
İstəyirəm ki, mən titrəyəndə
həyəcanım kainatın
titrəməsinə qovuşsun.
Və sevgili qızın hörüklərini, məsələn, zamanla
dəyişəndə
onlardan mütləq nəsə qalacağına
inanmaq istəyirəm.
Və istəyirəm ki,
məni günəşlə,
göy üzüylə,
incilərin tozuyla birləşdirən
ümumi ədədləri
mötərizədən kənara
çıxarım.
1909
* * *
Fillər
elə döyüşürdü,
dişləri bəyaz
daşlara oxşayırdı
rəssamın əli altında.
Marallar buynuz-buynuza elə girişirdi,
elə bilirdin onları qarşılıqlı
həvəs və xəyanətlə dolu
qədim bir nikah qovuşdurub.
Çaylar dənizə elə
tökülürdü,
sanırdın birinin əli o birinin boğazından yapışıb
boğmaqla məşğuldu.
1910-1911
* * *
Bir cüt əyri xəncər kimi
Batıb göyə qoşa qovaq.
Ölü kimi düşüb
qalıb,
Dörd tərəfində torpaq.
Tərk
edilib bir ağ saray
Həsrətə, toranlığa.
Bir qayıq üzüb dirənib
Burda qızıl
qumluğa.
Gur saçlar qucaqlayır
Görüş çağı qadını.
Əlini
qoyur çiyninə,
Gülür, çəkir adını.
Qadın
o al köynəklini
əylənməyə alıb
gedir.
Səhər o xoşbəxt cəsədi
Dənizə diyirlədir...
1911
* * *
Atlar öləndə
- nəfəs alır.
Otlar öləndə
- quruyur.
Günəş öləndə - sönür.
İnsanlar öləndə - nəğmə
oxuyurlar...
1912
* * *
Çəmənlər bir ucdan yaşıllaşanda
Şüşəli axşamda şəfəqin izi,
Uzaqda ağaran göylərin üzü,
Fikrə
dalmış kimi göyərir onda,
Sönmüş bir tonqaldan qalan topa kül,
Ulduz məzarlığı astanasında,
Alov qapısına sovrulan anda,
Axan şüalarla süzdükcə
süzür
Bəyaz
şama sarı pərvanə uçur.
Budur, sinəsiylə
toxunur oda.
Batır
atəş rəngli kiçik dalğada,
Bax, bax, iradəsiz ölür o nə cür...
1911-1912
* * *
Yaşıllıqlar içindən
maralın buynuzu görünəndə
qurumuş ağaca
oxşayır.
Sözüm tükənib ürəyim
çılpaqlaşanda
deyirlər: havalanıb.
1912
Velimir Xlebnikov
Tərcümə edən:
Zahid Sarıtorpaq
Ədəbiyyat qəzeti.- 2017.-
12 avqust.- S.8.