Qul nə üçün azad olmaq istəmir və ya

mən Fazil İsgəndərə niyə borcluyam

 

İndi dəqiq xatırlaya bilmirəm, 1989-cu il idimi, yoxsa 1990-cı illərin əvvəlləri, abunə olduğum "Xəzər" jurnalında Fazil İsgəndər adlı yazıçının "Sandro əmi və qul Həzrət" adlı hekayəsini  oxuyanda hədsiz ləzzət almışdım, çünki o vaxta qədər belə birnəfəsə oxunan,  "şux", (o hekayənin məndə yaratdığı təəssüratı bu gün məhz bu cür ifadə eləyə bilirəm: "şux" kəlməsiylə) əsər oxumamışdım.

Və o hekayə vasitəsilə o müəllif yaddaşıma ömürlük həkk oldu və bir də heç vaxt yadımdan çıxmadı. (Fazil İsgəndərdən sonra  gürcü Nodar Dumbadze də mənə eyni təsiri göstərmişdi, ancaq Dumbadzeni İsgəndərdən sonra tanımışam, ona görə də abxaza qarşı haqsızlıq eləyə bilmərəm).

Odur ki, həmişə hesab etmişəm ki, yeniyetməliyimin qəhrəmanlarından olan İsgəndərə hardasa mənəvi bir borcum var və onu nə zamansa ödəməyə çalışmalıyam...

...Və bu qeydləri ona  görə yazıram ki, Fazil İsgəndərin borcunu az da olsa qaytarım.

Bu kiçik yazıda "Sandro əmi və qul Həzrət"i lap başdan xatırlayaq ki, həm Fazil İsgəndərin ruhu daha da şad olsun, həm də mənim o keçib getmiş uşaqlıq, yeniyetməlik və gənclik illərim üçün gün-gündən daha artıq  hiss elədiyim nisgil azca toxtasın...

Düzdür, hekayənin adı, dediyim kimi, "Sandro əmi və qul Həzrət"dir, ancaq orada təkcə onların ikisindən danışılmır, eyni zamanda, keçmiş hərbi təyyarəçi Kamalın İkinci Dünya müharibəsində Almaniyadakı sərgüzəştlərinə, müəllifin uşaqlıq xatirəsi - gürcü Vaxtanqın faciəli taleyinə  də "qulaq kəsilirik"...

..."Amra" restoranının yuxarı mərtəbəsində müəllifin də iştirakıyla  balaca bir məclis qurulub, yığıncağın toplanış məramı da ondan ibarətdir ki, əmi oğlu Kamal sərxoş vəziyyətdə öz "Jiquli"sini hərbi təyyarə sürətilə sıxmağa çalışıb, lakin bu dəfəki nöqsanını yoluna qoymağa macal tapmamış, qayda pozması azmış kimi, avtomobilini saxladıqda sükan arxasında dərin sərxoşluq yuxusuna gedib,  bir də səhər avtomobil müfəttişliyində oyanıb.

Kamalı labüd cəzadan knyaz Emuxvari qurtarır; Sandro əmi keçmiş təyyarəçiyə məsləhət verir ki, avtomobil müfəttişliyi rəisinin doğma kəndinə inqilabdan əvvəl knyazlıq etmiş şəxs Emuxvarinin uzaq qohumlarından olub, belə ki, keçmiş knyazın o kənddə və xüsusilə, baş müfəttişin yanında necə hörməti vardısa, problem tezliklə həllini tapır...

Sandro əmi knyaz Emuxvarinin sadəliyinin,  gözütoxluğunun və nəcibliyinin səbəbini haqlı olaraq belə izah edir ki, heç nəyə ehtiyac  duymayan adama, kasıbladıqdan sonra hələ qırx il də elə gəlir ki, hər şeyi var,  lakin lüt varlandıqdan sonra hələ qırx ilözünü lüt sayır.

Hekayənin  ən təsirli hissəsi  Sandro əminin danışdığı əhvalatdır, yəqin ki, elə  buna görə də hekayənin adı qocanın söylədiyi  süjetdən qaynaqlanır...

BatalbaÇiçba ailələrinin mənasız bir mübahisədən yaranmış qan düşmənçiliyi bu iki nəsli qırıb-çatır, hər iki tərəfdən axıra anadörd qardaşlar qalır, sonra qırğından on il keçir, hamı fikirləşir ki, daha sakitlikdir və işlər yoluna düşüb, lakin qəfildən atəşkəs  pozulur, çiçbalılar bir hücümla Adamır və anası istisna olmaqla, bütün Batalbalı  qardaşları öldürürlər, Adamırınsa bəxti onda gətirir ki, sürüsünü yaylağa aparmışdı...

Dəhşətli xəbəri öyrənən Adamır qisasını qiyamətə qoymadı, hücuma keçib üç çiçbalılı böyük qardaşı öldürdü, ön üç yaşlı  kiçik Həzrətinsə əl-qolunu bağlayıb onu ömrü boyu qul kimi saxlamaqdan ötrü öz tövləsində zəncirlədi. Həzrətin anası,  Adamırın son beşiyini də öldürəcəyi qorxusundan hökumətə şikayət etmədi, camaatsa bu hadisəyə heyrətlənir və Adamırın Həzrəti qula çevirməsinin səbəb və nəticələri barədə filosofluq edirdilər.

Sandro əmi on səkkiz yaşına yetişəndə ağlına doldu ki, Həzrəti Adamırın zülmündən xilas etsin, odur ki, qolunu çırmalayıb işə girişdi. Bunun üçünsə, ilk növbədə Adamırla münasibət qurub onun evinə ayaq açmaq, bədbəxt cinayətkarı  inandırmaq lazımdı.

Qərarını həyata keçirməyə başlayan Sandro Adamırın etibarını qazanır, belə ki, Adamır Həzrəti yemləmək (!) işini Sandroya həvalə edir (Sandro haçan ora gedirdisə). Təknəsindəki südü hortultuyla içməsi və parıldayan gözləriylə Sandroya baxması cavan oğlanı dəhşətə salır, lakin Sandronun onu bu vəziyyətdə görməsi qulun qətiyyən vecinə olmur, necə ki, müəllif yazır ki, adam hər şeyə öyrəşir... Ayaqları zəncirlənmiş Həzrətin yalnız iki işi vardı; əl dəyirmanında qarğıdalı üyüdür və qamışdan səbət toxuyur, Adamırsa bu səbətləri yunanlara satırdı, çünki çegemlilər onunla alış-verişi özlərinə sığışdırmırdılar.

Adamır bir dəfə Sandroyla söhbətləşəndə deyir ki, qul saxlamaq heç onun özünə də xoş deyil, çünki gecələr yuxusu ərşə çəkilir ki, birdən Həzrət qaçar, yaxud zəncirini qırıb Adamırı öldürər, buna görə də demək olar ki, Adamır bu məsələdə daha çox əzab-əziyyət çəkir, lakin o, qardaşlarının qəbrinə içdiyi andını poza və Həzrəti buraxa bilməz...

Nəhayət, Adamırın evdə olmadığı günlərin birində Sandro öz arzusunu reallaşdırmağa çox yaxınlaşır, lakin o, nə qədər israr etsə də, Həzrət Sandronun gətirdiyi  yeyəylə zəncirini kəsib onunla birlikdə getmir, Sandrodan istəyisə yalnız bu olur ki, iki metr uzunluğunda əlavə bir zəncir versin, bu xahişini belə əsaslandırır ki, təzə zənciri ayaqlarındakı zəncirə bağlayıb onu bir az uzatsın və beləliklə, gecələr durub yeriməyi yadırğamış ayaqlarıyla yavaş-yavaş  addımlasın  ki, sonra rahat qaçıb qurtula  bilsin...

Aradan on beş-iyirmi gün keçir, qəfildən Çegemin yuxarısından keçən yolun üst tərəfindən Həzrətin anasının dəhşətli  naləsi eşidilir, tez ora tələsən kəndlilər Adamırın tövləsində qorxunc mənzərəylə qarşılaşır, üzü ölümündən əvvəl yaşadığı canalıcı ağrılardan vahiməli  görkəmə düşmüş Adamırın və əllərini döşünə qoymuş, sifətindən rahatlıq  və əminlik tökülən,  peyğəmbərlərə bənzəyən Həzrətin meyitini tapırlar...

Dəhşətli faciə haqqında yenə də hərə müxtəlif fikirlər irəli sürür, lakin yalnız  Sandro bilirdi ki, hadisə əslində necə baş verib...

Sonralar Sandro Həzrət barədə çox düşünür, özünü sorğuya tutur ki, nə üçün həmin gecə Həzrət onunla getmədi, niyə imkanı ola-ola qaçıb qurtarmadı. Yekunda Sandro bu suala belə bir cavab tapır ki, o vaxt Həzrət tövləsindən o səbəbdən ayrılmadı ki, qisasını Adamırdan ala bilməyəcəyindən qorxurdu, iki metrlik zənciri də Sandrodan ona görə almışdı ki, köhnə zəncirini uzadıb qəfildən Adamırın üstünə atılsın və əl dəyirmanında qarğıdalı üyütməkdən bərkimiş  əlləriylə onu boğub öldürsün. Çünki qul azadlıq arzulamır, onun ancaq bir diləyi mövcuddur; qisas almaq, onu əzəni əzmək. Qulun azadlıq arzusuyla alışıb-yanması yalnız axmaqların fikridir.

Düzdür, əmi oğlu Kamal "Amra" restoranındakı qonaqlıqda Sandro əminin Həzrətin hərəkətinin motivi barədə mülahizəsiylə razılaşmır, deyir ki, iyirmi il boyunca Həzrət öz tövləsinə elə çox bağlanmışdı ki, açıqlıqdan, azadlıqdan qorxurdu, qorxusa çox qəribə şeydir, onun izahı qeyri-mümkündür. Lakin öz tövləsinə möhkəm bağlılığı və azadlıqdan qorxusu   o demək deyildi ki,  qulun Adamırdan qisas almaq niyyəti yoxdu...

Böyük yazıçının hədsiz bəyəndiyim  lap kiçik bir hekayəsi də var, "İşıqfor" adlanır.

Hekayədə ondan söz açılır ki, qədim bir alman şəhərciyində müəllifin də daxil olduğu Rusiya nümayəndə heyətinin bir-neçə üzvü gecəyarı qaldıqları mehmanxaya dönürlər, işıqforun onlara qırmızını göstərməsinə baxmayıb avtomobil olmadığından küçəni keçirlər. Bu vaxt yazıçı müşahidə edir ki, səkidə dayanmış almanlar işıqforun yaşıl işığının yanmasını gözləyirlər.

Heç bir maşın yoxdu və qırmızı işıqda yolu keçib-keçməyəcəklərini heç kimsə görməyəcək, bilməyəcəkdi, lakin o almanlar ürəklərinin səsinə qulaq asıb (başqa necə ola bilərdi?!) yaşıl işığın nə vaxt yanacağına göz qoyurlar və belə görünür ki, bunu məmnuniyyətlə, cani-dildən  edirlər, heç kim onları buna məcbur eləmir.

Müəllif bu epizodu belə açıqlayır: alman vətəndaşı öz hakimiyyətinin ondan oğurluq etmədiyini, ona yalan danışmadığıni, bu gün etdiyi səhvi məhz elə bu gün boynuna aldığını görüb düşünür ki, işıqforda yaşıl işığın yanmasını gözləmək lazımdır.

Vətəndaşlıq-çəkdiyin siqaretin kötüyünü aparıb zibil qablarına tullamaqdır, dövlətsə qayğısına qalmalıdır ki, bu zibil qutuları bir-birindən çox uzaqda yerləşməsin ki, vətəndaş həm əziyyət çəkməsin, həm də öz vətəndaşlıq borcunu yerinə yetirərkən fikri  qarışmasın...

Alman vətəndaşı anlayır ki, ləyaqətli olmalı, siqaret kötüyünü zibil qutusuna heç bir kənar müdaxilə olmadan özü atmalıdır, bu, daha yaxşı və sərfəlidir, alman dövləti də qarşılıq olaraq hər addımda zibil qutuları qoyur, çünki dövlət də öz payına belə düşünür ki, hər addımda polis dayandırmaq ona həm baha qiymətə oturacaq, həm də polis qorxusu onunla insanının arasında inamsızlıq, uçurum  yaradacaq.

   ...İsgəndər "Mərhəmət" adlı hekayəsindəsə yazır ki, bir gün yeraltı keçiddə oturmuş dilənçiylə rastlaşdığında  paltosunun cibindən xeyli miqdarda xırda pullar eşib çıxartdı və dilənçinin dəmir qutusuna boşaltdı.Yoluna davam etdiyində təsadüfən əlini cibinə saldı, orada yenə də xırda pulların olmasını gördü, dilənçinin yanına dönüb  onları yenidən qutuya tökdü. On addım getməmiş əlini təzədən cibinə saldığında, əli yenə  xırda pullara toxundu. O, ilk anda heyrətləndi, elə fikirləşdi  ki, Allah xeyirxahlığına görə onun cibini  durmadan pulla doldurur. Lakin dərhal da başa düşdü ki,  pullarvaxtdansa paltosunun dərin qatlarında ilişib qalıb. Bəs niyə o pulları birinci, yaxud ikinci dəfəsində cibindən  bütövlükdə tapmamışdı? Yəqin ki, bu "xeyriyyə marafonunu" saymazyanaqeyri-şüuri etdiyindən. Bəlkə də xeyirxahlığın qarşılığında minnətdarlıq görməmək  üçün yaxşılığı soyuqqanlılıqla etmək lazımdır, belə ki, əgər yaxşılığına görə sənə minnətdarlıq bildirirlərsə, onda daha bunun nəyi yaxşılıq oldu, bu ki, təmənnalı bir şeydir. Əgər kiminsə nəyəsə ehtiyacı varsa, onu laqeydliklə verheç nə olmamıştək çıx get.Ancaq ayrı  cür də fikirləşmək olar; Xeyirxahlıq və minnətdarlığın əlaqəsi hədsiz mühümdür və insanlığın  mənəvi tərəqqisində ticarətin maddiyyatın inkişafında daşıdığı əhəmiyyətə malikdir. Yəni, insani dəyərlərin dəyiş-düyüşü, xeyirxahlığın cavabında edilən təşəkkür insana ticarətdən də artıq gərəkdir...

...Hər halda, uzun ömür yaşamış Fazil İsgəndər daha yaxşı bilir bunu...

...Mənsə, qeyri-təvazökarlıq kimi çıxsa da, ona olan borcumu az da olsa qaytardığımı fikirləşirəm...

 

Mətləb Ağa

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.12.