ƏDƏBİYYAT ÜZRƏ
1961-Cİ İLİN NOBEL MÜKAFATÇISI
İvo Andriç
Onu keçmiş Yuqoslaviyada
hamı sevirdi. O, Yuqoslaviyanın milli sərvəti,
insanların sevimli dostu, ölkənin ən nüfuzlu simalarından
biriydi.
1961-ci ildə ədəbiyyat
üzrə növbəti Nobel mükafatına layiq
görülən İvo Andriç 1892-ci ildə
keçmiş Yuqoslaviyada, indiki Bosniyanın Travnik şəhəri
yaxınlığındakı Dolaç kəndində anadan
olmuşdu. Uşaqlığı
katolik tərlim-tərbiyəsi atmosferində keçmiş, ədəbiyyata
gələndən sonra İvan adını İvo ilə dəyişmişdi.
İvo Andriç xorvat ailəsində doğulsa da, nədənsə,
sonralar özünü serb kimi qələmə
vermişdi, bu səbəbdən də serblərlə xorvatlar
onu özünə doğma sayır.
İvo Andriç rus klassik nəsrini,
xüsusilə də Dostoyevski
yaradıcılığını çox sevirdi. Yəqin elə ona gərə idi ki, müəllifin
1918-ci ildə çap olunan "Həyəcan" adlı
kitabında adı çəkilən sənətkarın təsiri
açıq-aydın hiss olunurdu.
Daha sonra yazıçı "Yeni
tarixçələr" (1948), "Lənətlənmiş
saray" (1954) kimi kitablar yazdı, amma ona ən
böyük şöhrəti
"Travnik xronikası" ilə "Drina
körpüsü" kitabları gətirdi. "Çoxmillətli
Yuqoslav ədəbiyyatına yeni ruh və gerçək surətlər
gətirdiyinə görə" Nobel mükafatına layiq
görülən yazıçı 1975-ci ildə
dünyasını dəyişdi. Maraqlı olan cəhət
yazıçının yaradıcılığındakı
türk motivləri, türk qəhrəmanlar, türk adət-ənənələrinə,
keçmiş Yuqoslaviyadakı türklərə olan
münasibətin geniş planda yer almasıdır.
Drina körpüsü
(romandan
parça)
II
İndi o dövrlərə qayıtmalıyıq ki, o
vaxtlar bu sahillərdə körpü söhbətini
ağlına gətirən belə yox idi, özü də belə
bir körpü.
Yəqin, həmin o uzaq zamanlarda yorulub əldən
düşən, islanıb cücəyə dönən
yolçular bu yerlərə çatanda möcüzə nəticəsində
qarşısında bir körpü arzulamış, sahildən
sahilə keçmək, mənzil başına tez, maneəsiz
yetişmək barədə düşünmüşdü. Heç şübhə
yoxdur ki, insanlar lap qədimlərdən səyahət etməyi
sevirlər, səyahət varsa, demək, yol boyu qarşıya
çıxacaq maneə də var və unutmaq lazım deyil
ki, yolçuların əbədi
arzusu həmin maneələri dəf etmək, gecələmək
üçün isti, təhlükəsiz yer tapmaq olub, amma bu
yerlərə çatanda, təbii ki, arzular daşa dirənib.
Amma bir gün bütün səylər yerini
insanın dəmir iradəsinə təslim edir, arzu gerçəyə
çevrilir.
İlk dəfə bu yerdə körpü tikmək arzusu
1516-cı ildə yaxınlıqdakı Sokoloviçi kəndindən
alınıb uzaq, gözqamaşdırıcı və heyrətli
İstanbula aparılan on yaşlı oğlanın xəyalında
yaranmışdı.
O vaxtlar
sahilləri yamyaşıl, bəzi yerlərdə sal qayalara
çırpılan, bəzi yerlərdə suları boz
qumları yuyan bulanıq dağ çayı Drina buralara
çatanda sanki utandığından səsini boğardı.
Şəhər o vaxt da vardı, amma
görünüşünə, ölçüsünə
görə başqa cür idi. Çayın sağ
sahilindəki sıldırım qayalar üstə - hansı
ki, oralar indi xarabalığa çevrilib - o vaxtlar möhtəşəmliyini
itirməyən Bosniya krallığının çiçəkləndiyi
dövrlərin yadigarı Köhnə şəhər
bürcləri, qazamatları, qala divarları ilə birlikdə ucalır,
Pavloviçlərin (Pavloviçlər XIV-XV əsrlərdə
bosniyalı məşhur zadəgan nəsli olub)
ağalığının
nişanəsi kimi diqqət çəkirdi. Qala divarlarının altında xristianların
yaşadığı Meydan və Bıkovaç kəndləri
və onların yanındakı başdan-başa müsəlmanlaşdırılmış
Duşçe qəsəbəsi yerləşirdi. Aşağıda, Drina ilə Rzava çayları
arasındakı ərazidən keçən, sonradan bu şəhərə
çevrilən dərə ilə düzənliyi birləşdirən
yolun üstündə taxta komalar, o vaxtlar üçün
nadir hesab olunan dəyirmanlar vardı.
Drinanın yol ilə kəsişdiyi yerdə
Vışeqrad şəhərin əsas, məşhur bərəsi
işləyirdi. Bərə işlənməkdən qaralmış,
köhnə bir şey idi, bərəçi Yamaka isə qaraqabaqlığı,
bacarıqsızlığı ilə tanınır, bir
şey soruşub cavab alana qədər
adamı haldan çıxarırdı. O, yekəpərin,
qoluzorlunun biriydi, neçə-neçə müharibədə
iştirak edib şikəst olmuşdu, beləcə, heyvərə
kimi ad çıxarmışdı. Onun bir
gözü, bir qulağı, bir ayağı (ikincisi
ağacdan idi) vardı. Qaraqabaq Yamak işini salamsız-kəlamsız
görər, adamları, yükləri bir sahildən o birinə
keçirərdi, amma vicdanlı və düz adam
idi, elə buna görə də yaxşı xüsusiyyətlərindən
də, kobudluğu və sərbəstliyindən də camaat
ağız dolusu danışardı. Daşıdığı
yolçuların heç biriylə kəlmə kəsməz,
suallara cavab verməzdi. Xidmətindən istifadə edənlər
mis pulları bərənin qaralmış taxta döşəməsinə
tullayar, pullar da axşama qədər orada suyun, kirin içində
qalardı, axam işini bitirəndə Yamak bərəyə
dolan suyu, lili boşatmaq üçün abgərdəni
götürüb ağır-ağır əyilər, həm
yerə səpələnən pulları yığar, həm
də təmizlik işləri görərdi.
Bərə yalnız axının sürəti ilə
suyun səviyyəsi normanı keçəndə işləyirdi,
amma elə ki, çay müəyyən səviyyəyə qədər
qalxdı, Yamak yöndəmsiz bərəsini çay körfəzinə
çəkib körpüyə bağlayırdı, Drina da nəhayətsiz
dəniz kimi ləngər vurar, çayı üzüb
keçmək olmazdı. Belə günlərdə Yamakın
ikinci, sağlam qulağı da eşitmirdi, adam
işini gücünü atıb Köhnə şəhərə
qazanc dalınca yollanardı. Bərə işləməyəndə
səhərdən axşamadək çayın qayalı
sahilində Bosniyadan gələn donmuş, islanmış
yolçularla qarşılaşmaq olurdu. Onlar ümidsiz
baxışlarla, mənasız yerə uzaqlara baxar, bərəni,
bərəçini görməyə çalışar,
arabir bulanıq sulara boylanıb çığırışardılar:
- Eheyyy,
Yamak, hardasan?
Amma cavab verən olmaz, sular məcrasına dönənə,
çay sakitləşənə qədər heç kəs
gözə dəyməzdi və bu həsrətlə gözlənilən
anı qaşqabaqlı, heç kəsə izahat verməyən,
bir kəlmə artıq söz danışmayan Yamak
özü təyin edərdi.
Drinanın
sağ sahilində sıxışıb qalan şəhər,
daha doğrusu, görünüşü, ölçüləri
ilə heç nəyə oxşamayan o vaxtkı
cansıxıcı qəsəbə artıb böyüyəndən
sonra çay üstə körpü tikildi, o yerlər ticarət
və rabitə mərkəzinə çevrildi.
Həmin o noyabr günü çayın sol sahilinə
atları yüklənmiş karvanla gələn adamlar gecələmək
üçün düşərgə qurdular. Yeniçər
başçısı silahlı dəstəsilə birlikdə
şərqi Bosniya kəndlərinə yürüşdən
geriyə - İstanbula qayıdırdı. Yürüş zamanı yeniçər
ordusundakı əsgərlərin sayını artırmaq
üçün xeyli xristian uşağı
toplamışdı.
Qanla
ödənən sonuncu xərac toplanışının
üstündən altı il keçdiyindən,
budəfəki toplanış asan və xeyli qənimətlə
başa gəlmişdi; yeniçərlər çətinlik
çəkmədən on yaşından on beş
yaşınadək olan sağlam, ağıllı və
yaraşıqlı oğlanlar seçmişdilər. Amma valideynlərin çoxu uşaqlarını
meşədə gizlətmiş, bəziləri
övladlarına özünü ağıldankəm, şikəst
göstərməyi öyrətmişdi. Bir
çoxları da yeniçər
başçısının gözünə iyrənc
görünsün deyə övladına cır-cındır
geydirmiş, üst-başını çirkə, zibilə
bulamışdı. Hətta aralarında
balasını doğrudan da şikəst edən, əlindəki
barmağı kəsənlər də vardı.
Seçilmiş uşaqları gödəkboy Bosniya
atlarının karvanı ilə aparırdılar. Atların hər
tərəfindən meyvə daşımaq üçün
istifadə olunan iki səbət asılmışdı, hər
səbətdə qucağında evin son xatirəsi kimi
kömbə çörəyi olan oğlan vardı. Atlar hərəkət etdikcə cırıldayan,
aramla yellənən səbətlərdən
oğurlanmış uşaqların heyrətdən və
qorxudan karıxmış baxışlarını görmək
olurdu. Kimisi atların sağrısından
boylanaraq, doğma yerlərin füsunkar gözəlliklərini
seyr edir, kimisi gözünün qorasını əlindəki
çörək tikəsinin üstünə axıdaraq
ürkək-ürkən baxır, kimisi də
başını yəhərə qoyub məsum-məsum
yatırdı.
At karvanından bir qədər aralı uşaqların
valideynləri, qohumları nizamsız dəstələrlə
vurnuxurdular, onları qorxudan övladlarının qürbət
yerlərdə sünnət edilib müsəlman olacaqları,
öz dinlərini, yurd-yuvalarını əbədi olaraq
unudacaqları, yeniçər ordusu tərkibində, ya da
başqa bir vəzifədə bir ömür Türk
imperiyasına xidmət edəcəkləri düşüncəsiydi. Onların əksəriyyəti
qadınlar - seçilmiş oğlanların anaları, nənələri
və bacıları idi. Qadınlar yaxına gələn
kimi atlı mühafizəçilər nərə
çəkərək dəstələrin üstünə
şığıyır, hay-küylə adamları qovur,
qamçılayırdılar. Qadınlar pərən-pərən
düşüb yol kənarındakı meşədə gizlənir,
az sonra yenidən çıxır, yenidən
karvanın arxasına düşərək heç olmasa bir dəfə
də səbətin içindəki balasını görmək
ümidilə vurnuxurdular. Anaları heç
cür ovutmaq olmurdu. Onlar yola-izə baxmadan
gedirdilər; üzgün, saçları dağınıq,
ağlı başdan çıxmış, sanki ölü
üstə ağı deyirmiş kimi, nalə çəkərək,
zahı qadınlar sayağı, ağlamaqdan kor olmuş
qadınlar özlərini mühafizə dəstəsinin
üstünə atır, əvəzində kürəklərində
onların qamçısının göynərtisini hiss
edirdilər. Amma buna baxmayaraq, yenə sakitləşmir, qəzəblə
soruşurdular: "Axı onu hara aparırsız? Məndən alıb hara aparırsz onu?" Bəziləri sanki iki kəlmə
ilə oğluna son nəsihətini verməyə,
ayrılığın son ismarışını
çatdırmağa çalışırdı:
-
Canım oğlum, ananı unutma ha...
-
İlya, İlya, İlya! - qadınlardan
biri durmadan çığırır, dəli
baxışlarla oğlunun doğma, tanış başına
baxır, az qala bu adı çağırmaqla onu
yaddaşına yazmağa səsləyirdi, hansı ki, bir
neçə gündən sonra həmin ad əbədi olaraq
unudulacaqdı.
Amma yol
uzun, torpaq sərt, canlar zəif, sultanın qoluzorluları isə qəddar
və rəhmsizdir.
Həmin o noyabr günündə, həmin o
çoxsaylı səbətlərdən birindən ucqar
dağ kəndi Sokoloviçidən olan on yaşlı, qara
saçlı oğlan boylanırdı. Balaca, sivri
bıçağı soyuqdan qızaran əlində tutaraq
içində oturduğu səbətin altını yonur, eyni
zamanda diqqətlə ətrafı izləyirdi. Ətrafı keçisöyüdü ilə dolu
qayalı sahili, altında gecələməli olduqları, pərləri
hörümçək toruyla dolu dəyirmanı,
dünyanı vecinə almayan bərəçini yadda
saxlamağa çalışdı. Bir qədər sonra
Drina hər şeyi ağuşuna alıb qarğa-quzğuna
yem edəcəkdi...
Bütün bunlar onun ruhuna fiziki ağrı kimi
dolmuşdu və hər şey həmin o məşum,
unudulmaz, onun taleyini, dinini, adını, atasının
adını dəyişən noyabr gününün xatirəsindən
qopub gəlirdi.
Həmin o səbətin içini oyan oğlanın
sonrakı taleyi dünyanın bütün dillərində
dastana çevrildi, hər kəs ondan xəbər tutdu, bizim
onu tanıdığımızdan çox başqaları
tanıdı.
Bir müddət sonra həmin o, cavan, xeyirxah
oğlan sultan sarayında silahları mühafizə etdi, sonra
donanmada admiral - kapudan-paşa, lap axırda da sultanın
kürəkəni, sərkərdəsi, dövlət xadimi
oldu. Bütün dünyada Sokollu
Mehmet-paşa kimi ad çıxartdı. Az
qala üç qitədə qalibiyyət savaşında
iştirak etdi, Türk imperiyasının sərhədlərini
genişlətdi, ədaləti və səxavəti ilə ad
çıxartdı, ölkəni daxildə ağılla idarə
etdi. Öz altmış illik həyatı boyu Mehmet-paşa
üç türk sultanı ilə çalışdı,
onların dərdinə, sevincinə şərik oldu...
Rus dilindən tərcümə etdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.13.