Suğra Bağırzadə: İsi Məlikzadə
məndən xahiş etdi ki, bu rola çəkilim ...
O, keçmişimizin ən gözəl
xatirələrini bəzəyən obrazlardan birini yaratmağa
nail olmuşdu. Sonralar nə qədər vaxt keçsə
də biz onun "Ulduz" filmindəki dialoqlarını
unutmadıq. Aktrisa Suğra Bağırzadə bu gün incəsənətin
digər sahəsi ilə məşğul olsa da bizim
yaddaşımızda həmişə Yetər obrazı ilə
yaşayır. Elə bu yaşantının izi ilə də
onunla söhbətləşmək qərarına gəldim. Bu
gün "Dördüncü divar" layihəsinin
qonağı aktrisa Suğra Bağırzadədir.
- Suğra
xanım, erkən yaşdan kinolara çəkilsəniz də
atanızın qadağası aktyorluq sənəti üzrə
təhsil almanızı məhdudlaşdırıb. Amma
bildiyim qədər ailə qurandan sonra həyat
yoldaşınız sizə sənət qadağası
qoymamışdı. Nə baş verdi ki, həyatın sizə
verdiyi şanslardan istifadə etmədiniz?
- Haqlısınız. Atam aktrisa olmağıma
icazə vermədi. Mən də mühəndislik ixtisasına
yiyələndim. Bu isə aktyorluqla düz gəlmirdi. Mühəndisi
kim teatra işə götürəcəkdi? Sonralar da
kinostuduyadakı işim, vəzifəm aktrisalıqla tam olaraq
məşğul olmağa imkan vermirdi. Daha sonra
övladlarım dünyaya gəldi. Bütün bunlar təbii
ki, məni kinoya çəkilməkdən ayrı salan səbəblərdir.
Amma sizə bir söz deyim ki, mən həmişə kinonun
içərisində olmuşam. Aşkarlanma sexində işlədiyim
zaman mənim işim həm maraqlı, həm də məsuliyyətli
idi. Çəkilən
kino lentinin bir metrinə görə də başımla cavabdeh
idim. Bu səbəbdən həm iş məsuliyyəti, həm
ailəmin işləri o qədər də imkan vermirdi ki, mən
davamlı olaraq aktyorluqla məşğul olum.
- Bəlkə erkən gələn məşhurluq
da sizi bir az arxayınlaşdırdı...
- Yox, sadəcə
olaraq, atam icazə vermədi. Çünki mən
orta məktəbi bitirəndə artıq
tanınırdım. Zeynəb
Kazımovanın "Yollar və küçələr"
filmində baş rolda çəkilmişdim. Səkkizinci sinifdə isə "Ulduz" filmindəki
Yetər roluna təsdiq olundum. Yetər
obrazı baş rol olmasa da, tamaşaçı tərəfindən
yaxşı qarşılandı. Obraz yaddaşlarda
qaldı. O vaxtı hətta məni Moskva Kinematoqrafiya
İnstitutuna oxumağa göndərirdilər. Amma
atam razı olmadı.
Ümumiyyətlə, mən orta məktəbdə də,
institutda da əla qiymətlərlə oxumuşam. Atam da dedi ki, -
ağıllı qızsan, yaxşı oxuyursan, özünə
düz-əməlli sənət seç, aktyorluq sənə
lazım deyil.
Sonra kinostudiyada işləməyə başladım, vəzifəm
də yüksəldi. Ailə, iki uşaq, bütün bunlar
başımı qatdı. İş yerimdən
ayda cəmi bir dəfə məzuniyyət verilirdi. Kinolara çəkilmək üçün isə bəzən
aylarla şəhərdən çıxmaq lazım gəlirdi.
Buna isə imkanım olmurdu. Hansı
filmlər ki, Bakıda çəkilirdi məni dəvət
edirdilər çəkilirdim. Hansılar
ki, rayonda olurdu, məcbur olub imtina etməli olurdum. Hətta "Alma almaya bənzər" filmində
rejissor çox istəyirdi ki, mən həmin filmə çəkilim,
bu səbəbdən bütün çəkilişi
Bakıya keçirmişdi.
- Adətən aktyorlara məşhurluq
gətirən ilk obrazları haqqında sual verəndə bu
onlara xoş gəlmir. Amma sizdə belə bir kompleks hiss
olunmur.
- Mən, ümumiyyətlə, kompleksli adam deyiləm. Film barəsində də həmçinin. Yəni işimin yaratdığı məhdudiyyətdən dolayı aktrisalıqla məşğul olmadığımı da həmişə qeyd edirəm. Bu kimi məsələlər məndə kompleks yaratmayıb. Əgər sırf aktrisalıq sənəti ilə məşğul olsaydım, əlbəttə ki, filmlərə az çəkilməyim mənə pis təsir edərdi. Amma mənim axı diplomum, sənətim vardı. Aktyorluq mənim üçün xobbi kimi idi. Amma buna baxmayaraq aktyorluğa da çox ciddi yanaşmışam. İrili-xırdalı fərqi yoxdur. Ona görə də insanlar mənim yaratdığım obrazları sevirlər. Nə bilim. Görünür, mənim qismətim də belə yazılıb...
- Sizi adətən
müsbət rolların qəhrəmanı kimi bilirlər. Bu,
sırf fakturanızla bağlıdır, ya rejissor məsələsidir?
- Yəqin ki, rejissorlarla bağlıdır. Görünür, onlar fikirləşirlər ki, mən daha çox müsbət obrazlar ifa edə bilərəm. Amma "Həyat sən nə qəribəsən" serialındakı Ülviyyə rolunu da əvvəl müsbət ifa edirəm, lakin sonradan mənfi qəhramana çevrilirəm.
Mən özüm çox istərdim ki, mənfi
bir rol ifa edim. Çünki aktrisa kimi bu mənə çox
maraqlıdır. Bir az pislik edən, planlar quran obraz olsa, çox
istərdim.
Onsuz da həyatda hamı bilir ki, mən müsbət
insanam. Ona görə də müsbət rollar ifa edəndə
elə bilirlər ki, özüm özümü oynayıram.
Amma mənfi obraz olanda maraqlı olur.
- "Güllələnmə
təxirə salınır" filmində fərqli bir
roldasınız. Oğrunu sevən, onun
üçün həyatını qurban verməyə
hazır olan qadın. Mən bilən
özünüzün də sevdiyiniz rollardan biridir. Amma
filmlə bağlı narazı qaldığınız məqamlar
olub...
- Həmin
filmdə qadın oğruya aşiq olur. Onlar
bir-birlərini sevsələr də, heç vaxt ailə qura
bilmirlər. Çünki Xan ləqəbli
oğru hər an həbs oluna bilər. O, qadını bədbəxt
etmək istəmir. Qadın isə
başqasını sevə bilmir.
Haqlısınız, çox gözəl obraz idi. Filmin
ssenarisini İsi Məlikzadə yazmışdı. İsi Məlikzadə məndən xahiş etdi ki,
bu rola çəkilim. Çünki həmin
rolun mənə yaxın olduğunu
düşünürdü. Filmlə
bağlı narazılığım onunla bağlıdır
ki, filmin neqativinə göbələk xəstəliyi
düşdüyündən Fuad Poladovla çəkilmiş
olan səhnələrin xeyli hissəsi xarab oldu. Bu səbəbdən də həmin filmdə mənim
ifa etdiyim səhnələr çox azdı. Filmin
çəkilməsindən on üç il
sonra Azərbaycanfilm istədi ki, filmi yenidən montaj etsin. Onda da filmdə iştirak edən aktyorların
çoxu dünyasını dərişmişdi. Uşaqlar böyümüşdü. Biz də artıq yaşlanmışdıq. On
üç il az müddət deyil
axı...
Bu filmin taleyinin belə olmasına mən çox heyifisləndim. Çünki
siz qeyd etdiyiniz kimi orada çox fərqli roldaydım. Ordakı saç düzümümü,
paltarlarımın modelini hamısını anamın 40-cı
illərdə çəkilmiş olan fotolarına baxıb
hazırlamışdım. Anamın
sırğalarından istifadə etmişdim. Yəni dediyim odur ki, həmin obrazın üzərində
çox zəhmət çəkmişdim. Filmin mövzusu da ürəyimcə olmuşdu.
Tərəf-müqabilim Fuad Poladovla işləmək
də çox maraqlı idi. Ümumiyyətlə,
o filmdə iştirak edən doqquz oğlanın hamısı
istedadlı aktyorlar idi.
Mən obrazını yaratdığım qadın
Əmircanda yaşayırdı. O vaxtı filmin premyerası
Əmircanda keçiriləndə rejissor məni dəvət
etsə də, getmədim. Çünki filmdə
mənim rolum demək olar ki, qalmamışdı. Buna
görə də
çox hirsliydim.
- İsi Məlikzadənin
adını çəkdiniz. Sizi
mütaliə edən aktrisalarımızdan biri hesab etmək
olar. İndi vəziyyət necədir?
Mütaliə edə bilirsinizmi?
- Mən
7 saylı məktəbdə oxumuşam. Bizim ədəbiyyat
müəlliməmiz Sürəyya Mədətova idi. Məktəbdə oxuduğumuz illərdə tez-tez
yığışıb ədəbiyyat gecələri
keçirirdik. Bizə kitablar verirdi. Oxuyub hazırlaşandan sonra yazıçılar gəlirdi
və biz olnara əsərlər haqqında öz fikrimzi
bildirib suallar verirdik. O zaman çox maraqlı həyatımız
vardı. Amma məktəbi bitirəndən sonra
Neft-Kimya İnstitunusna qəbul olundum. Demək olar ki,
dörd il dərsdən başqa heç
bir əlavə məşğuliyyətə vaxtım
qalmırdı.
Mütaliəni həmişə sevmişəm. Axır vaxtlar,
düzdür, az oxuyuram. Çünki
yaratdığım əsərlər məndən çox
vaxt aparır. Əllərim, gözlərim
yorulur. İndi az oxumağa
çalışıram. Televizora ümümiyyətlə
baxmıram. Daha çox radio dinləyirəm.
- Mütaliədə nəsrə daha
çox üstünlük verirsiniz, ya poeziyaya?
-
Poeziyanı çox sevirəm. Əlimə
düşən kitabların hamısını oxuyuram. Masamın üzərində həm Azərbaycan, həm
də rus dilində kitablar olur. Moskvada
olanda özümə elektron kitabça aldım. Orada üç mindən çox
yazıçının kitabı var. İstirahətə gedəndə
həmin kitabçanı da özümlə
götürürəm ki, istirahət vaxtı oxuyum.
- Elektron kitab canlı kitabı əvəz
edir?
- Kitab bir
az başqadır. Kitabı o
qədər çox sevirdim ki, oxuduğum zaman orda hansısa sətir
xoşuma gəlirdisə, kitabda qeyd etmirdim. Ayrıca dəftərim vardı və qeydlərimi
ora yazırdım. Əsasən də
oxuduğum zaman mənim düşündükərimlə
üst-üstə düşən fikirləri qeyd edirdim.
Bu səbəbdən mən ədəbiyyat adamlarını
həmişə çox sevmişəm. Fikirlərini
gözəl şəkildə çatdırmaq hər adama nəsib
olmur.
Fikrət
Qocanın atası ilə mənim atam cavanlıqdan dost idilər.
Onlar Ağdaşda yaşayırdılar. Amma Fikrət Qoca institutda oxuyanda bizdə
qalırdı. Sonra da onun bacısı ilə
mənim qardaşım ailə qurdular.
O
vaxtı Fikrət bizim evdə həm dərslərini oxuyur, həm
də şeirlərini yazırdı. Mən onu ədəbiyyat
adamı, şair kimi o qədər çox sevirdim ki, onun
yazdıqlarını tez bir zamanda oxumaq istəyirdim.
Deyirdim- Fikrət, nə olar, ver də yeni şeirlərini
oxuyum. O, isə deyirdi ki, yox, hələ tam hazır deyil.
- Nazim Hikmət sizi
övladlığa götürmək istəyib. Atanız isə buna razı olmayıb.
Siz özünüz böyüyəndən
sonra Nazim Hikmətin mənəvi qızı olmamağın
peşmançılığını çəkmədiniz?
- Əlbəttə ki, yox. Mən
çoxuşaqlı ailədə böyümüşəm.
Yeddi qız, bir oğlan olmuşuq. Və bir-birimizə çox bağlı olmuşuq.
Lap atam razılıq versəydi də, yəqin
ki, bir müddət sonra özüm qaçıb gələrdim.
Çünki bacılarım olmadan başqa yerdə
yaşaya bilmərəm. Sonralar da
bacılarımın hamısının başqa ölkələrdə
yaşamaq imkanları oldu. Amma bir-brirmizə o qədər
bağlıyıq ki, heç kim belə
bir imkandan istifadə etmədi. İndinin
özündə də səhər açılan kimi
bacılardan biri mütləq ardıcıllıqla
hamımıza zəng vurur ki, bilsin, görsün işlərimiz
nə yerdədi.
Təbii
ki, sonralar Nazim Hikmətin yaradıcılığı ilə
daha dərindən tanış oldum. Onun necə böyük insan olmasını bildim.
Amma bütün hallarda yenə də ailəmdən
ayrıla bilməzdim.
- Suğra xanım, bu günün
insanının təbiətlə təmasını itirdiyi
bir vaxtda siz çiçəklərlə, bitkilərlə
işləyirsiniz. Təbiətlə təmasda olmaq necə
hissdir, nə kimi üstünlükləri var?
- Bu, əsasən,
anam Məleykə xanımdan mənə
ötürülmüş bir vərdişdi. Həm
də ikinci sinifdə oxuyandan artıq hamı mənə
gül bağışlayırdı. Özüm
də güllərə qulluq etməyi sevirdim. Bizim hamımızın evində dibçək
gülləri var. Hər səhər yuxudan oyanan kimi evimdəki
güllərlə salamlaşıram, onların
torpağını yoxlayıram. Bir yana
gedəndə yarı canım güllərimin yanında
qalır ki, həyat yoldaşım onlara yaxşı baxmaz. Bitkilərin, yarpaqlarından, onların
uzanmasından, çiçəkləməsindən bilirəm
ki, yoldaşım onlara necə qulluq edib. Özünə
izah edəndə deyir, - sən oturub güllər haqqında
kitab yazmalısan. Səndən heç nəyi
gizlətmək olmur (gülür).
- Bir neçə sahə üzrə peşəkarlıq
qazanmaq bir az çətin olur. Amma siz həm aktrisa, həm mühəndis, həm də
peşəkar florist olmağı bacardınız. Buna
necə nail oldunuz?
- Ancaq və
ancaq işgüzarlıq nəticəsində nail oldum. Bu işlərin dünyada analoqu yoxdur. Bu sənət növünü özüm kəşf
etmişəm və rəsmlərimin hamısını
özüm yaratmışam. Ümümdünya
Floristlər şurasının üzvüyəm. Onlar tərəfindən "Floristika
industriyasında yeni professional səmt yaratdığına
görə" sertfikata da layiq görülmüşəm.
Siz indi bu
otaqda gördüyünüz əsərlər mənim
yaradıcılığımın çox az
hissəsini təşkil edir. Evdə yüzdən
çox əsərim var. Hər əsərin üzərində
də iki ilə yaxın işləyirəm. Hamısı da sərgilərdə nümayiş
olunub.
- Suğra xanım, əsər
üzərində iki il işlədiyinizi
dediniz. Yəqin pararlel başqa əsərlər
üzərində də işləyirsiniz.
- Bəli.
Bəzən iyirmi, otuz əsər üzərində
birdən işləyirəm. İndi bir qədər
yaşa dolmuşam. Ona görə də üzərimə
çox iş götürmək, yüklənmək
istəmirəm. Amma hal-hazırda ən azı
yeddi-səkkiz əsər üzərində işləyirəm.
Çünki başqa cür mümkün deyil.
Elə əsərlər var ki, onların keramikasının
hazırlanmasına iki il, dörd il vaxt
gedir.
- Bu yaxınlarda Amaliya Pənahova ilə
söhbət edərkən Amaliya xanım belə bir fikir
işlətdi ki, keçmiş rejissorlar bizim
aktrisalarımızdan öz filmlərində çox istifadə
etməyiblər. Daha çox rus, gürcü aktyorlara
üstünlük veriblər. Bu fikrə bir kino
aktrisası kimi münasibətiniz maraqlı olardı.
-
Bilirsiniz, ən çox filmlərimiz sovet vaxtında çəkilib.
Onda da bizim bütün filmlərimiz Moskvaya
göndərilib Qoskinoya təvil verilirdi. Yəni
ilk olaraq onlar bu filmi qəbul etməliydilər ki, film istehsala
buraxılsın. Ona görə də filmlərimizdə
rus obrazları olanda, rus aktyorları iştirak edəndə
filmin qəbul olunması və istehsala buraxılması daha
asan olurdu. Amma rejissorlardan çox şey
asılı idi. Misal üçün, Rasim
Ocaqov Aleskandr Kalyagini
çox sevirdi. İstəyirdi ki, bütün
filmlərində o çəkilsin.
Hərdən mənim də acığıma gəlirdi
ki, axı başqa ölkələrdən gəlib çəkilənləri
bizim aktyorlarımız çox yaxşı və rahat şəkildə
əvəz edə bilərdilər. Həm də nə qədər
gözəl və ya məşhur aktrisa olsa belə, onlar filmlərdə
kənar ölkədən olmaları ilə seçilirdilər.
Çünki bizim qızların özlərinə məxsus
cizgiləri və hərəkətləri var. Filmə baxan
kimi hiss olunur ki, bu rolu ifa edən aktrisa azərbaycanlı
deyil. Amma sizə deyim ki, sovet vaxtı başqa
ölkələrin aktyorları ilə işləmək digər
ölkələrdə də dəbdə idi. Misal üçün, mənim özümü
Qazaxıstana, Özbəkistana filmə çəkilməyə
dəvət etmişdilər. Atam icazə
vermədiyi üçün imtina etməli olmuşdum.
- Özünüzün təsirləndiyiniz
aktrisalar necə, olub?
- O
zamanın aktrisalarını çox sevirdim. Xüsusən
də Elina Bıstritskayanın vurğunu idim. Onun zahiri görünüşü, şahanə
aktrisalıq qabiliyyətini çox sevirdim. Onun çəkildiyi
heç bir filmə pis film demək olmaz. Çünki
o vaxtın aktyorları özlərinə qarşı
çox tələbkar idilər. İndi
cavan aktrisaların hamısı eyni sifətdədirlər.
Hamısı estetik əməliyyat nətcəsində
bir-birilərinə bənzəyirlər. Amma
əvvəki aktyorlar həm də fərqli üz cizgiləri
ilə də seçilirdilər. Axı
insan yaşlanan varlıqdır. O danışanda
üzü, mimikaları dəyişməlidir ki, onun
yaşını, daxilində gedən prosesləri, həyat təcrübəsini
görmək, hiss etmək mümkün olsun. Yaşın
şırımları simada hiss olunmalıdır. Nə qədər əməliyyat və digər
cavanlaşdırıcı vasitələr olsa belə, yaş
axı öz sözünü deyir. Heç
bir rejissor iyirmi yaşlı obraza altmış yaşlı
aktrisanı çəkməz. Buna görə
də aktrisa həm də yaşlanmalıdır ki,
yaşlı rollara da çəkilə bilsin.
Söhbətləşdi: Samirə
ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2017.- 12
avqust.- S.18-19.