Dərdlərə inad... gülməyi bacaran şair

 

TÜYAP kitab sərgisinin qonağı Ece Ayhan Çağlardır. Minlərlə, onminlərlə insan şairi ayaq üstə alqışlayır. Sadəcə, tədbirin keçirildiyi yerdə deyil, digər stendlərdəki insanlar da alqışlara qoşulur. Ece Ayhan bu mənzərədən çaşıb qalır: "Mən bu qədər sevilirəmmi?",- deyir,  gözləri dolur. Baxa bilmir tamaşaçılara...

Dürüstlüyə çox önəm verən Ece Ayhan, her şeyi olduğu kimi söylədiyi üçün çox düşməni olduğuna inandırırdı özünü. Pessimistliyini gizləmirdi heç vaxt. "Belə bir cəmiyyətdə pessimistdən başqaolmaq olar, bilmirəm" deyən şair üzüntüsünü də gülümsəyərək anlatmağı tövsiyə edirdi: "Adamlar səndən üzüntünü saçını-başını yolaraq, sapsarı saralaraq anlatmağını gözləyirlər..."  Ece Ayhan nə qədər pessimist olsa da, həyatdan küsmür.  Şaqqanaq çəkməyi də olur ara-sıra.  Ahmet Soysalın bu sözləri, pessimizm mövzusunda dediklərimizi bir az da qabardır: "Xoşbəxt demirəm, amma bir an üçün nəşəli ola bilən Ece Ayhandan söz açmaq istəyirəm bu yerdə. O qara şair həyata çox bağlıydı. Həyatda qala bilmək, yaşamaq üçün çox mübarizə apardı. Qəhqəhələri, qırıq-qırıq gülüşü gözlərimin önündən getmir. Bəzən xoş olmayan nədənsə danışanda da gülürdü." Təbii, onu deyib-gülməyə həsrət qoyan, ruh düşkünlüyünə sürükləyən səbəblər vardı...

 

Xəstəliklərin və yoxsulluğun əsarətində...

 

İntizamlı bir yaşam tərzi və məmurluq həyatı, ədəbiyyat çevrələrində bu gün də "tündxasiyyət şair", "əsəbi şair" kimi xatırlanan Ece Ayhanın yaradıcılığıyla uyğun gəlməyəcək faktlardır. Həyat yoldaşı Dəniz Hafizə xanım vaxtsız-vədəsiz dünyadan köçdükdən sonra Ece Ayhan, yaşının kiçik olması və maddi durumunun düzəlməməsi səbəbindən oğlunu nənə-babasının himayəsinə verir. Və dövlət məmuru kimi çalışdığı işdən ayrılaraq "nəfəs alıb-verdiyimi gerçəkdən duyduğum tək kənd" dediyi İstanbula köçür.         

Şair İstanbulda qısa fasilələrlə qəzet-jurnallarda və kino ilə bağlı layihələrdə çalışır. Ece Ayhan həyatının sonuna qədər beynindəki şişin yol açdığı bir çox xəstəliklərin ağrısı, əzabı ilə yaşayır. Sağ qulağının eşitmə əngəlinə və sağ gözündə görmə probleminə səbəb olan şiş, dünyaca məşhur olan beyin cərrahı Qazi Yaşargilin cərrahi müdaxiləsindən sonra şair ölümün pəncəsindən xilas olur. Ancaq diğər orqanlarda meydana gələn ağrılar ona həyatı boyunca əzab verir.

Maddi çətinlik içində yaşayan Ece Ayhan Çanaqqala Bələdiyyə başqanlığında işə düzəldikdən sonra sosial sığorta ilə təmin olunur və beləcə müalicə olunduğu SSK xəstəxanasından ödənişsiz yararlanır. Sağlamlığını gün-gündən itirdiyi və ayaqları iflic olduğu üçün şair dostu Mətin Üstündağın yardımıyla Çapa tibb fakültəsinə yatırılan Ece Ayhanın buradakı müalicə  və digər xərcləri SSK tərəfındən qarşılanır. Müalicəsinin bir qismi dostlarının və əsərlərinin yayın haqqını alan Yapı Kredi Yayın evinin yardımlarıyla qarşılanır.

 

Bülent Ecevitin köməyi...

 

Şair İstanbulda öncə Maltəpə, daha sonra da o zamankı baş nazir Bülent Ecevitin köməyilə Özəl Acıbadem xəstəxanasına yerləşdirilir. Dostu Ayhan Bozqurd yazır: "Səhər saat 4.00… Özəl bir xəstəxanada  Ece Ayhanın yanındayam. Ustad şairin vəziyyəti yaxşı deyil. Ayaqlarında yaranmış xəstəlik ona yeriməyə imkan vermir. Səsi məni yuxudan oyadır: "Yetər artıq yatdığın, mən ağrıyıram, sənsə yatırsan." "Mürgüləyirdim, Ece baba",-deyirəm və yatdığım kiçik divandan qalxıram. Tez otaqdan çıxıb tibb bacısını çağırıram. Tibb bacısı əsəbiləşir: "Nəyi var yenə bu qocanın?" Arada qalıram həmişə: Ece Ayhan tibb bacısını heç sevmir, tibb bacısı da onu. Düzü, xəstəxana personalı bizi heç sevmirDoktorlar tanımır. Üzülürəm. Bir-iki dəfə "Nə görür bu əmi", - deyə soruşublar, "o, böyük bir şairdir",-demişəm, amma buna heç kim əhəmiyyət verməyib. Pulumuz yoxdu… 15 gündür xəstəxanadayıq. Qəzetlərdə bəzi köşə yazarları Ece Ayhandan yazır. Şairdən bəhs edirlər. Bir-ikisi baş çəkdi və sonra ona sanki sahib çıxırlarmış kimi yazılar yazdılar… Gülürəm onlara... Toyuqlu plov yeyir tez-tez. Ağrımadığı vaxtlarda əhvalı yaxşı olur, söhbət edir. Mən də bir yandan qeydlər götürürəm. "Türk şeirində Ümit Yaşar Oğuzcan hansı yerdədirsə, türk rəsmində də Bedri Baykam o yerdədir",-deyir mənə sohbətimizin bir yerində. Müqayisələr aparır. Can Yücelin Duyğu Asenaya Nazim Hikmətlə bağlı verdiyi cavabdan danışır. "Nazım Hikmət elə oldu ki, artıq poçt markalarına qədər endi" deyənin əslində özü olduğunu söyləyir. Yadıma nə düşdü? İllər öncə sevgili Duyğu Asena mənə də eyni sözü söyləmişdi: "Mən Nazim Hikmətə "kart postal şairi" demək istəmədim. Bunu Ece Ayhan söylədi, nə demək istədiyini soruşmuşdum Can Yüceldən. Amma necə deyərlər, qovurma qazanı mənim başımda partladı." Söz Can Yüceldən düşüncə vətəndən kənardakı xatirələri başlayır Ece babanın: "Mən, Can YücelBülent Ecevit şortiklə tennis oynardıq. Hər kəs bizə qəribə nəzərlərlə baxardı." Gülür... Hə, dövrün baş naziri Bülent Ecevit… Yadımıza o düşür. Məndən Ecevitə zəng etməyimi istəyir. Baş nazirlə əlaqə yaratmaq mümkün olmur. Sözçülərinə not buraxıram. Aradan üç gün keçir… Xəstəxana personalı çox narahatdı artıq bu "tündxasiyyət qoca"dan. Tez-tez bizə acıqları tutur. Xəstəxana xərclərini ödəyə bilsək, tez başqa bir yerə gedə bilərdik.

Ertəsi günKoridordan "Ece Ayhan Çağlar, telefon!" deyə qışqıran bir səsdən dik atılırıq ikimiz də. Nəzarətçi qadın təlaşla otağa girir. Çaşıb qalıb. Kəkələyərək, "Baş nazirlikdən..." deyə bildi ancaq. Başa düşmüşdüm, Bülent Ecevit arayırdı. Qaça-qaça çıxdım otaqdan. Qarşıdakı səs "Hörmətli baş nazirimiz Ece Ayhan Çağlar ilə danışacaq" dedi.

Bu zaman gördüm ki, Ece Ayhan əlil arabasında oturdulmuş və mənə tərəf gəlir. Koridordakı hər kəsin çaşqın baxışları içində Ece Ayhan telefonu alır. Başlayır danışmağa… Düzələcəyini və Çanaqqalaya dönəcəyini söyləyir. Ağrılarının olduğunu, əməliyyatla düzələcəyini söyləyir. Sonra "daha sağlam yerim qalmadı" deyir.

Artıq xeyli rahat idik… Özəl otağa keçdik. Hər şey çox təmiz idi, bizə inanılmaz diqqət və qayğı vardı. Toyuqlu plovun biri gedir, o biri gəlirdi. Səhər obaşdan oyanırıq. O, danışır, mən qeydlər götürürəm… Şeir haqda xeyli bilgi verir mənə. Şeirin səsli oxunan bir şey olmadığını öyrənirəm. Ece Ayhan, sözləri bir divar kimi hörür misralara, sətirlərə… Təxminən 10-15 gündən sonra xəstəxanadan ayrılırıq. Həmin gün bütün xərclərin Bülent Ecevit tərəfindən ödəndiyini öyrənirik…"

Bu müddət ərzində bir neçə xəstəxanada da müalicə alan Ece Ayhan, bir müddət sonra iflicdən azad olub ayağa qalxır.

 

Fərqli qütblərdən biri

 

Metin Üstündağın "Ədəbiyyatın fərqli qütblərindən biri" adlandırdığı Ece Ayhan, müasir türk şeirinin öndə gələn təmsilçilərindəndir. Yeni şeir anlayışının yaranmasında önəmli yeri olan Ece Ayhan çəkdiyi sıxıntılar haqda deyirdi: "Yersiz-yurdsuzam; kənddə kiçik damı, pəncərəsi qırıq bir otağı var anamın. 38-39 kilo çəkisi olan qadın soyuqdan və halsızlıqdan yataqdan qalxa bilmir. Ac idik. Ankaraya iki yüz lirəylə gəldim, artıq satacaq heç bir şeyim də qalmadı, mənim oğlum da qurban bayramı öncəsi Ankarada birdən-birə yersiz-yurdsuzpulsuz qalmışdı… Qətiyyən toplumumuzdan incik-filan deyiləm. Bu qarda, soyuqda mən yerdəki yatağımda, anam divandakı yataqda... Ağır günlər yaşayırıq, acıq, əlimizdən isə heç nə gəlmir. Qətiyyən peşman deyiləm, peşman olmayacam da. Sadəcə, ovqatım təlx olub..."

Doğan Hızlana görə, "Ece Ayhan sevgilinizə hədiyyə edə biləcəyiniz şeirlər yazmaz. Onun şeir dünyasının içinə girmək, mübarizə və əmək istər."

"Bir az tündməzac olduğu üçün sevəni azmış" deyirdilər Ece Ayhana, amma şeirləri haqda bu cür sözlər keçərli deyildi: "Bu şeirlərdə yer alan uzaqya yaxın tarixdəki olaylar, kənd həyatından tablolar, kəndli obrazları, adlar, xatirələr... oxucuda başqa təəssürat yaradır. Bu şeirlər sadəcə, ilk  baxışda anlaşılmaz kimi görünür..."

 

"Mənim heç kitabım yoxdur, bilirsənmi?"  

 

Dünyaya gəlişini də "bir yanlışlık" adlandırırdı Ece Ayhan. Sıxıntılarla keçən bu həyatın ondakı kədəri bəsləyən kökləri çocuqluğuna, ailə və yaradıcılıq çevrəsinə qədər uzanır. Məktəbli paltarı geyməyən, ayaqyalın gəzmək məcburiyyətində qalaraq keçirdiyi uşaqlıq illərini xatırlamaq onu daha da həssaslaşdıran bir durumdur: "...Zeytun ağacları arasında Fazıl Ahmedin bayraqlı türbəsi önündə ayağıma tikanlar batmıştı. Və bəli, bu qədər ildən bəri mən ağlamamaq üçün özümü güclə saxlayıram!"

Erdoğan Kulun "Ece Ayhanın şeirləri üzərinə bir araşdırma" kitabında oxuyuruq: "Xaricdə müalicəsi gedən üç il ərzində anası da çox maddi sıxıntı çəkirdi;  dolanmaq üçün bir neçə adamın pul yardımı yetərli olmayınca Ece Ayhanın kitablarını satmağa məcbur olur. Bu haqda şair özü deyirdi: "İndi mən öz imkanlarımla gedib əməliyyat ola bilməzdim. Milyarderlərin yeridir ora. Hələ üç il qalmaq nə deməkdir? Orada təqaüd almağa müvəffəq oldum. Anam da burada mənim kitablarımı sataraq dolandı. Mənim indi heç kitabım yoxdur, bilirsənmi? Halbuki orta məktəbdə oxuduğum zamandan kitab alıram. Çaktırmadan İdris də yardım edərmiş anama. Ev sahibi də kirayəpulunu artırmayıbmış. Nə soyuducu, nə paltaryuyan maşını vardı. Ocaq belə yox idi. Səyahət balonu istifadə edirdik. Amma heç şikayət etdiyini xatırlamıram anamın. Sanki varmış kimi davranırdı."

Futboldan başqa iki xobbisi də vardı uşaqlıq illərində - kinoya getmək və çərpələng uçurmaq. Cibxərcliyi bir az artdığı vaxtlarda kinoya gedib kovboy filmlərini izləməkdən, qazlı su içməkdən zövq alırdı: "Bizi altı qəpiyə qoyun qırxan kimi qırxan qoca, zəif erməni bərbərə verdiyimiz pulun artığıyla Alkazar sinemasına gedər, Amerika filmlərini izləyər və qazlı su içərdik."   

 

"Adım Ece Ayhan Çağlar"

 

Türk şeirinin usta şairi Ece Ayhanın heç bir yerdə yayımlanmamış şeirlərindən ibarət kitab nəşr olunur. Araşdırmaçı və tərcüməçi Tunç Tayançın hazırladığı "Adım Ece Ayhan Çağlar" adlı kitab, şairin "yoxam" dediyi bir dönəmdən bəhs edir. Ece Ayhan əlyazmalarında ədəbiyyat dünyasına addım atmasını bu cümlələrlə anladır:

"… 1931 doğumlu olsam da, 1956-da dərc oluna bildim. Orta məktəbdən bəri yazırdım, amma qayda-qanunları bilmirdim. 1956-nın sonlarına qədər ortada yox idim, hər anlamda yox idim."

Ece Ayhan qədər 1956-cı il üçün hər anlamda yox olduğunu desə də, vəfatından 12 il sonra Tunç Tayanç tərəfindən bir kitap hazırlanır. Kitabda şairin özünü "yox" hesab etdiyi illərə aid - 1949-1958-ci illər arasında qələmə aldığı və əksəriyyəti heç bir yerdə yayımlanmamış şeirləri, yazıları  yer alır.

Zəhra Onatın yazdığına görə, usta bir şairin yaşantılarından bəhs edən "Adım Ece Ayhan Çağlar"ın (Yapı Kredi Yayınları) meydana çıxması da maraqlı olur. 2013-cü ildə prof. dr. Oğuz Onaran, Tayança "bunlara da bir bax " deyərək saralmış  bir qovluğu ona uzadır. Qovluqda xeyli əlyazma vardı. Çoxunun altında E. Ayhan Çağlar, bəzisində A. Ebiri imzası vardı… Kitap boyda 26 şeirdən ibarət nüsxənin qapağında "Çocukların ölüm şərqiləri" yazılmışdı. İkinci isə 91 səhifədə yer alan 81 şeirdən ibarət idi. Tayançın dediyinə görə kitab kimi hazırlanan nüsxədəki şeirlərin çox hissəsi qəzet-jurnallarda, kitablarda dərc olunmuşdu. Daha sonra şairin "Kınar Hanımın Denizleri" kitabında  yer aldı. Digər şeirlərin heç biri işığa çıxmamışdı.

Əlyazmaların Onaranın əlinə necə keçdiyi isə bilinmir. Oğuz Onaran, Çetin Ziylan, Ece Ayhan və Üner Birkan (o dönəm iki nüsxə hazırlanan "Çocukların ölüm şarkıları"nın bir nüsxəsi də Birkanda qalır) Ankara Üniversitetində dost olurlar, hətta bir ara Onaran, Ziylan ve Ayhan eyni evi paylaşırlar. Ancaq şeirlərin necə Onaranda qalması dəqiq bilinmir…

 

Məni

Xatırlamalısınız məni,

Birlikdə xəyallarımız vardı.

Gecələr düşünməyimiz,

Qəribliyə qarşı

adamlar

Gülməmi bilərsiniz

Gec olsa anlatdıqlarımı

unutmamalısınız.

Günün birində sizlərə rast gələ bilərəm,

Tanıya bilərsinizmi?

Xatırlarsınız bəlkə

bir zamanlar yaşadığımı?

 

Açarlar

Çünki qapıları

çıxarırlar (elə bir səhv ki)

Şüşə qırıntıları üzərində

Gülür

Gülən artıq qaraçı deyil,

Deyilmi? Deyil...

Bilmirəm, o  uzaqdakı otaqların

caynaqlarını açmışlar

Açmışlarmı? Açmışlar

dənizə qarşı

(dəniz yoxdu axı)

İçəridəkilər içəridə

Bayırdakılar bayırda qalmışlar,

Qalmışlarmı? Qalmışlar...

Açarları oğurlayan bir qaraçıdır,

Bir qaraçımı? Bir qaraçı...

 

Üç gəncin qəlbi

Bir gəmiçi tanıyıram;

Qəlbini bir limanda qoymuş

Birdən itərsə?

Ağlar çocuqluğundakı kimi

Könlünü almağa gedəcəyik hələ

 

Bir oğlan tanıyıram;

Dərin yaşıl gözlü

Könlü güney dənizlərinin dibi

Qəlbi isə yerində

Birinə verməyə gedəcək

Bir gəmi arayar

Buludlardan.

 

Bir şair tanıyıram

İçi dərdlə dolu.

Qəlbini əsla kimsəyə verməmiş

Oğurlamışlar,

Qəlbi qədim bir əfsanədə qaldı...

 

Xuraman Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.20-21.