Sumqayıtda bir şairə-
Gülnarə Cəmaləddin
Şeirdə təzə söz demək, özünəməxsus
ifadə tərzi ilə seçilmək hər şairə nəsib
olmur. Şeir poetik istedad tələb edir və
poeziyanın ilkin şərti elə budur - "Bəli,
şair olmaq odur ki, gərək Öz damarlarından qanı
çəkərək Vurub isidəsən özgə
qanını" (Sergey Yesenin). Gülnarə
Cəmaləddin elə ilk şeirlərindən
istedadının, onu daxilən, ruhən həyəcanlandıran
duyğularının axarınca gedib. "Mən
və Dünya!"- Özümü bu geniş, intəhasız
dünyada necə hiss edirəm və görürəm? İçimdəki Dünya ilə böyük
Dünya arasında nə kimi ilişgilər, körpülər
və təzadlar var? O, sanki hər şeirində bu
suallara cavab axtarıb.
Ömrümün
üstünə qalxıb
başımın üstündəki
dar
ağacından tutub
boylanıram Azadlığıma.
Azadlığımın
o üzündə mavilik
və
sonsuzluq.
Dünya
necə gözəl
Və təmiz.
Bu şeiri çoxdan yazıb Gülnarə. İçindəki
bir təzadın, azadlıq həsrətinin, dünyanı
gözəl və təmiz görmək istəyinin
şöləsi olan bu misralar sonralar neçə şeirində
yeni versiyalarla üzə çıxdı.
Gülnarə Cəmaləddin təzadlı, bir-birinə
əks duyğuları, zaman etibarilə keçmişi və
indini, gözəlliyi və bunun qəsdinə duran aləmi
şeirlərində beləcə əks etdirir. Bizə məlum
olan motivlərə mürəciət edəndə mütləq
sxemdən, deyilmiş fikirlərdən mümkün qədər
uzaqlaşır. Deyək ki,Vətəndən
şeir yazanda Vətən sevgisini şablona çevirmir, bu
sevginin təzə çalarını bizə təqdim edir:
Mən səni
elə sevirdim, vətən,
Şəhid
qəbirlərinə
qərənfillər düzülməmişdi,
Xocalı əsir düşməmişdi.
Mən səni
elə sevirdim, vətən,
Quşlar göy üzünü sevəntək.
Mən səni
elə sevirdim, vətən,
Pioner
balaların gül daşıyırdı
Bolşeviklərin
bəzəkli məzarına,
Proletar
balaların inanırdı
Kommunizmin nağılına.
Bir də
səni
o cürə sevməmək
o vaxt
Gəlməzdi heç kəsin ağlına.
Mən səni
elə sevirdim, VƏTƏN,
Çünki
sən
məndən çox,
özgənin idin
o vaxt.
Hər
mövzuya bu sayaq sərbəst, özünün
düşündüyü, lakin bizi də
düşündürdüyü kimi yanaşdıqda
baxış bucağı dəyişir, məlum nöqtəyə
bir başqa cür boylanırsan.Gülnarə Cəmaləddin
bu "gəlimli-gedimli dünyaya" da adi baxmır, həmişə
qeyri-adilik axtarır. Şeirdə qeyri-adilik
fikir təzəliyində üzə çıxır.
Siz intihar edən qar dənələri
görmüsünüzmü? Elə bunun özü obrazlı bir ifadədir. Gülnarənin şeirində bir
qar dənəciyi Yer üzünə özünü atır
ki, onu çirkabdan təmizləsin, dünyaya bir saflıq
yaysın.Düşünürsən ki, sən demə,
ömrü saniyələrlə ölçülən maddi
bir varlığın öz ölümü, intiharı
hesabına belə "qəhrəmancasına hərəkəti"
adi təbiət hadisəsi deyilmiş… Doğrudanmı,
onun intiharı insanları müdhiş ölüm barədə
düşünməyə sövq edəcək?
Sənin
ağlığından adam
üşüyür,
Sənin təmizliyin çoxuna yaddı.
Sənin
səssizliyin, sənin sükutun
Sənin
soyuqluğun adam öldürür.
Allahdan
yuxarı getməyə yol yox,
Allahdan aşağı ölməyə yer var.
Hər kəsin
dilində sevdiyi dua,
Hər kəsin içində ilahi sirr var.
İntihar
eləyən qar dənəciyi
Çırpırsan özünü torpağa, daşa.
Qorxuram
hamını çəkə intihar
Dünyada
bir təmiz adam qalmaya.
Gülnarə Cəmaləddin ən zərif, ən
kövrək hissləri qələmə alır bəzən ən
sərt həqiqətlərə üz tutur, amma hər ikisində
fikir, məna yolunu tutur, bircə işarə, informasiya kifayətdir
ki, həmin fikir hissin, duyğunun da ifadəsinə çevrilə. Balıqlar niyə
ablamırlar? Çünki: "Mələklər
qonası çiyinləri yox, Su yuyub aparar
günahlarını". Qaranquş bu yaz
gecikir. Bu təsadüfə Cülnarə bir təəssüf
çaları qatır: "Dedim bəlkə yaz gələndə
anam gələ, evini sahmana salmağa, Səməni göyərtməyə
elə tələsirdi anam". Torpağından
çiçək deyil, qan daman ərəb
baharı- "Səhrada bahar olmur, çiçəklər
açılmır, Hardan gəldi bu bahar güllələr
açıldı. Bahar kimə gərəkdi
sevinci yoxsa çiçək gətirməyəcəksə".
Şeirlərində müharibə dövrü
qadınlarının əhval-ruhiyyəsi, psixoloji
yaşantıları duyulur. "Mənim sevgi
yaşımda yağmalandı məmləkətim.
Üsyan dolu şeir yazdım sevgi, həsrət nəğmələri
dinləmədim".Amma sevgi şeirləri yazanda da
orijinallığa meyl edir:
Səni
sevmək
Şopeni
dinləmək qədər dadlı
Və
Bir
çiçəyi anlamaq qədər hüznlü
Səni
sevmək
odla
oynamaq qədər qorxulu
Səni
sevmək
Ölümü
sevmək
demək..
Sevgi elə
bir hiss, duyğudur ki, onun min bir çaları var. Qəmin min
bir çaları olduğu kimi. Kimsə deyir ki,
sonu vüsal olan məhəbbətlər heç zaman ruhi
ehtiyacdan doğmur, burada müqəddəslikdən
uzaqlaşırsan. Amma söhbət sevginin
təmizliyindən, saflığından gedirsə, vüsal da
gözəldir, hicran da. Gülnarənin
sevgi şeirləırində bu mənada bir təmizlik
görürsən.
Kişilər
öləndə
ilk
öncə sevdiyi qadınlar yetim qalar.
Kədərini
ovcunda cırmaqlayaraq
Çəkilib
kimsənin görmədiyi yerdə
Gizlicə hönkürər.
İlk
sözü qadınlar yazar
Sinəaltı baş daşlarına.
Yer
üzündə
qərib
qalar,
ürəksiz olar
əslində, sevdiyi kişiylə birgə ölər
bütün sevən qadınlar.
Gülnarə Cəmaləddinin elə bir şeiri yoxdu
ki, o şeirdə insan hissləri ilə təbiət
arasında bir harmoniya, bir oxşarlıq görməyəsən. Hətta elə şeiri var
ki, təbiətin özü də insaniləşir: "Bu
şəhərin havası Sevgi kimi kədərli, Həsrət
kimi ağırdı".Yaxud: "Göyün bağrı
çatlayır, Od püskürür qəhərdən. Köhnə, kimsəsiz evlər Könlüm kimi kədərli.
Adamlar quşlar kimi çəkilir
yuvasına".
Ana ölümü, ata həsrəti…Gülnarənin bu
nisgillərində də ənənəvi,
çoxlarının söylədiyi və artıq şablona
çevrilmiş ifadələr görməzsən. Bir şeirində
Allahla Ana üzü arasında bir assosiasiya yaradılır.
Başqa bir şeirində: "Anam Allahı köməyə
çağıranda göyə baxardı. Öləndə
qapıya baxdı, bir də nakam balasının şəklinə.
Mən anamı itirəndən dünya
anasız qaldı"- anasızlıq hüznü çox təbiidir.
Başqa bir şeirində isə: "Gec oldu xoşbəxt eləyə
bilmədim səni. Dünyanın ən xoşbəxt
qadınıydın bəlkə də, dünyanın ən
xoşbəxt anası eləyə bilmədim səni"- təəssüf,
itkidən doğan ağrıdı bu. Ana itkisiylə tamam təzadlı
bir mənzərəyə diqqət edin:
Bu yaz da
beləcə çıxıb əlimdən
qəfil
parıltıyla uçub gedəcək
Hər qırılan budaq.
hər
düşən yarpaq
Anamı,
Anamı xatırladacaq.
Adətən, bizim qadın yazarların şeirlənindən
həmişə tənhalıq qoxusu gəlir, hətta tənhalığın
acısını hiss edirsən o şeirlərdə. Bu tənhalıq
ya onların bəxtinin kəm olmağından, ya sevginin
ayrılıq nisgilindən, ya da kimsəsizlikdən, təklikdən
yaranır…Əlbəttə, tənhalığın
yaratdığı ağrı-acılar da insan
ömrünün yaşantılarıdır, bəzən
insan özünü tənhalıqda daha xoşbəxt hiss
edir, bəzən isə bu tənhalıq onun ömrünü
tükəndirir. Gülnarənin şeirlərində də
tənhalığın yaratdığı ab-hava, səssiz fəryada,
hıçqırtıya çevrilən anları izləyirsən,
ancaq sanki bunun əksinə olaraq tənhalığa üsyan
edən bir qəlbin nidaları eşidilir. "Öpdüm bu
yağışın gözlərindən barmağımla.
Pəncərəyə adımı yazdım dodaqlarımla,
köhnə, lap köhnə bir mahnını
mızıldadım içimdə"-bu misralar hər halda
bir tənhalıq əsirinin dilindən qopur. Amma
"Söndürün gecə lampalarını, Kəsin
beynimi didən o qaraçı havasını. Şahid tutmayın buludların qoltuğunda daldalanan
solğun ayı. Ağlamayın,
üzülməyin, oyatmayın yalanları" misraları tənhalığın
inkarıdır.
Ümumiyyətlə,
Gülnarə Cəmaləddinin istər kədərli, istər
tənhalıq qoxulu, istər sevinc, səadət damcılanan,
istərsə də həyatla, gerçəkliklə, vətən
havası ilə yazılan şeirləri olsun, bütün
bunlar həyatı sevən bir şairənin poetik
yaşantılarıdır… Görəsən, həyatı
belə sevmək olarmı?
Sən
atamın dərdi qədər kübar,
Anamın göz yaşları qədər zalım.
Bir
uşaq oyuncağı kimi aldadıcı,
Bir yalan qədər məsum.
Dostlara
adlar yazılacaq qədər
vəfasız.…
Amma mən
bu misralarda əsl həyat eşqini də gördüm:
Bayrağını
başa çəkdim,
Torpağına
ana dedim.
Heç
bir kəsə qıymadığım
Canı
qurban sana-dedim.
Quşlar
paşa-paşa uçar,
Çiçəklərin xanım-xatın.
Buludların
əlçim-əlçim,
Ətəklərin gülabatın.
P.S.
İyulun isti yay günlərindən biri- 27 iyul. Sumqayıtda,
Əli Kərim poeziya klubunda kiçik bir toplantı. Burada yaşayan söz adamları Azərbaycan
Yazıçılar Birliyinin Sumqayıt bölməsinə
yeni sədr seçəcəkdilər. Uzun
illər bu bölmənin rəhbəri olmuş istedadlı
şair Sabir Sarvan bir neçə aydı ki,
dünyasını dəyişmişdi. Mən
də o toplantıda iştirak elədim. Rəşad Məcid
Yazıçılar Bimrliyinin sədri Anar müəllimin
imzaladığı bir sərəncamla
iştirakçıları tanış
etdi. Şairə Gülnarə Cəmaləddin
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin
sədri seçildi. Hamı kimi mən də
ona uğurlar arzuladım. Oxucuları Gülnarənin
qısa tərcümeyi-halı ilə tanış
edirəm: Gülnarə Şirinalı qızı Niftiyeva
1963-cü ildə Yardımlıda dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra Sumqayıta
köçüb, burada universitet bitirib. Səksəninci
illərdən şeir yazmağa başlayıb. 2000-ci ildən Yazıçılar Birliyi Sumqayıt
bölməsində məsləhətçi işləyirdi.
Bir şeir kitabı ("Qəhvə rəngi")
nəşr edilib, amma "Azərbaycan", "Uldüz"
jurnallarında, "Ədəbiyyat qəzeti"ndə tez-tez
şeirləri dərc edilir.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2017.- 12
avqust.- S.22.