Zamzanın eşqi  

 

Hekayə

 

O gözlərini açanda Qriqor Zamzaya çevrildiyini başa düşdü.

Çarpayıda arxasıüstə uzanmış vəziyyətdəydi və gözlərini otağln tavanına zilləmişdi. Otağın alatoran qaranlığına gözləri vərdişkar olsun deyə bir azca gözləməliydi. Belə başa düşdü ki, bu hər yerdə rast gələbiləcəyi adi bir tavan idi. Bəlkə də ilk dəfə rənglənəndə və ya krem rəngində olub. Di gəl ki, zaman keçdikcə tozdan və kirdən xarab olmuş süd rəngini almışdı. Tavanın üzərində hər hansı bir naxış və ya bəzək olmadığı üçün, "Məhz budur!" deyə  biləcəyi xüsusiyyəti də yox idi. Nə bir nəsnəni ehtiva edirdi, nə də ki ayrıca bir mənası var idi. Bu bir tavan kimi ona aid olan vəzifəni yerinə yetirməkdən savayı bir ayrıca xüsusiyyəti yox idi.

Otağın bir tətəfindəki divarda (onun sol tərədində) hündür bir pəncərə var idi. Pəncərə içəridən kilidlənmişdi. Əvvəlcədən asılmış pərdə yerindən çıxarılmışdı və başdan-ayağa kimi qalın taxtalar pərçimlənmişdi. Taxtanın aralarından (düşünüşlü olaraq edilmişdi?) boşluqlar qoyulmuşdu və həmin aralıqlardan səhərin günəşi ilk şualarını evin içinə səpir, döşəmədə paralel məsafədə uzanan cizgilər  yaradırdı. Görəsən, pənəcərə niyə belə möhkəmcə bağlanmışdı. Bilimirdi. Bəlkə də bu otağa heç kim girməsin deyə, belə bir tədbir görmüşdülər? Ya da otaqdan kimsə çölə çıxmasın deyə? (Həmin kimsə özü idi?) Yoxsa, qarşısıalınmaz bir fırtına və ya qasırğamı yaxınlaşırdı?

O, hələ də arxası üstə uzanmış halda, başını tərpədərək otağı gözdən keçirdi.

Otaqda uzandığı çarpayıdan savayı mebel əşyası olaraq qəbul ediləcək başqa heç bir şey yox idi. Sandıq, siyirməli şkaf, stol, stul və ya başqa hər hansı bir əşya yox idi. Divardan nə bir tablo, nə bir saat və ya nə də ki, hər hansı bir güzgü asılmamışdı. Otağı işıqlandırmaq üçün istifadə ediləcək hər hansı bir əşya da yox idi. Belə başa düşdü ki, döşəmədə də kilim, xalı və ya başqa heç bir şey yoxdur, boş taxta döşəmədir. Divarlarda üzərində incə naxışları təsvir olunmuş divar kağızı var idi, zəif işıqdan bu təsvirlərin nə olduğunu başa düşmək, görmək mümkün deyildi.

Pəncərə ilə üzbəüz, onun sağ tərəfində bir qapı var idi. Qapının üzərində, bəzi yerləri aşınmış, köhnə sarı bir toxmaq var idi. Ehtimal ki, bu otağı əvvələr bir yataq otağı kimi istifadə edirdilər. İçəridə elə bir ab-hava mövcud idi. Amma əvvələr bu otaqda var olmuş, yaşamış hər kəsin izləri silinmişdi. Onun indi yatdığı yataq otağın ortasına, eləcə atılmışdı. Yatağın üzərində hər hansı bir mələfə və ya örtük sərilməmişdi. Nə yorğan var idi, nə də ki yastıq... Eləcə, köhnə bir döşək atılmışdı yatağın üzərinə...

Zamza bu yerin hara olduğunu, nə etməli olduğunu bilmirdi. O, bircə şeyə əmin idi ki, Qriqor Zamza adlı bir insana çevrilib. Görəsən, bunu necə bilirdi? Bəlkə də o yuxuda olanda kimsə onun qulağına pıçıldamışdı ki, "Sənin adın Qriqor Zamzadır!"

Yaxşı, Qriqor Zamzaya çevrilməmişdən əvvəl kim idi? Görəsən, nə idi?

O, bunu fikirləşəndə beyni dumanlanmağa başladı. Sanki başının üzərində qaranlıq bir sütun kimi milçək qatarı səmanın dərinliyinə yüksəldi. Bu sütun tədriclə böyüdü və beyninin yumşaq qisminə doğru hərəkət etdi.  Bundan sonra Zamza fikriləşməkdən əl çəkdi. İndiki vəziyyətdə hər hansi bir şeyi ciddi-ciddi fikirləşmək onun üçün çox ağır bir yük idi.

O, bədənini hərəkət etdirməyi hər hansı bir şəkildə öyrənməliydi. Eləcə hərəkətsiz bir vəziyyətdə uzanıb gözlərini tavana zilləyə bilməzdi. Özünü belə vəziyyətdə gücsüz və müdafiəsiz hiss edirdi. Onun özünə qarşı bir hücum olsa- vəhşi quşlar üzərinə şığısa- həyatda qalmaq, yaşamaq şansı olmayacaqdı. Əvvəlcə əl barmaqlarını xəfifcə hərəkət etdirməyə başladı. Sol və sağ əllərində, toplam on barmağı var idi. Barmaqlarının hər birində bir neçə büküm var idi. Ona görə də hamısını eyni vaxtda hərəkət etdirmək çətin idi. Bundan əlavə bütün bədəni keyimişdi, əllərinə güc gələ bilmirdi. (Sanki bütün bədəni elastik, yapışqan bir maddənin içindəydi...)

Yenə də gözlərini yumub bütün diqqətini yöndəldib bir neçə uğursuz cəhdin ardından hər iki əlinin barmaqlarını tədricən daha rahat bir şəkildə hərəkət etdirdi. Barmağının uclarını hərəkət etdirdikcə, bütün bədəninə yayılan keylik düzəlməyə başladı. Ancaq sonra bu keyləşmənin yerini qəribə bir ağrı doldurubmiş kimi qəribə bir ağrı hissi etdi.

Sanki bu ağrının aclıq hissi olduğunu başa düşməsi üçün bir müddət gözləməliydi. Həmin ərəfəyə qədər heç bir zaman hiss etmədiyi, bütünlüklə dərk etmədiyi bir aclıq hissini duymuşdu. Elə bil ki, bir həftədir ağzına bircə tikə də loxma qoymayıb. Bədəninin ortasında dərin bir boşluq yaranmışdı. Bütün sümükləri qəribə şəkildə sızıldayırdı.

Zamza hiss etdiyi ağrılara dayana bilməyəcəyini başa düşdü və dirsəklənib  ayağa qalxmağa çalışdı. Ayağa qalxanda kürəyində qəribə bir qulunc qırılmasının səsini eşitdi. Görəsən, nə qədər müddətdir bu yataqda belə qalıb? Onun bütün bədəni ayağa qalxmağına qarşı dirənir və mövcud vəziyyəti dəyişdirməyinə mane olurdu. Di gəl ki, hiss etdiyi bu ağrıya qarşı dirənib, çətin bir şəkildə də olsa yatağın bir küncündə oturmağı bacardı.

Bu nə qəribə və əcaib bir bədən idi. Çılpaq bədəninə baxıb, görə bilmədiyi yerlərinə əli ilə toxunana Zamza istər-istəməz belə bir şey düşündü.  Bədəni, sadəcə, çirkin deyildi, eyni zamanda müdafiəsiz və zəif bir vəziyyətdə görsənirdi. O, çirkin deyildi, həm də müdafiəsiz idi. Təmiz, ağ dərisi (bəzi hissələrdə xırda tüklər peyda olmuşdu), tamamilə zəif və yumşaq bir qarın, təsəvvür edilməz dərəcədə qəribə bir cinsiyyət orqanı, ikicə dənə incə qolu və ayaqları, mavi rəngli uzun naqil kimi uzanan damarları, qırılıb düşəcəkmiş kimi dayanan uzun boyun, böyük bir baş...  Bu başın təpəsinə bürünən uzun qıllar  və balıqulağı kimi sağa-sola uzanan çıxıntıları olan qulaqları... Asanlıqla zədələnə biləcək belə bir bədənlə bu dünyada yaşamağı necə bacarırdı? (Üzərində onu qorumaq üçün sərt bir qabıq və ya müdafiə olunmaq üçün əlində silahı yox idi.) Niyə dünyaya bir balıq kimi doğulmamışdı? Niyə bu dünyada bir günəbaxan kimi yetişməmişdi? Bəlkə də balıq və ya günəbaxan olması daha mənalıydı. Yəni, bir Qriqor Zamza olmaqdansa, belə bir varlıq kimi doğulmaq daha yaxşıydı. O, belə dşüüncələrdən əl çəkə bilmirdi.

İçindəki cəsarətlə ayaqlarını çarpayıdan çıxardı, topuqları döşəməyə dəydi. Boş taxta döşəmə onun fikirləşdiyindən də soyuq idi. Qeyri-iradi olaraq nəfəsni tutdu.  Ayaq üstdə dayana bilmədi və sağa-sola ləngərlədi.  Bir əliylə çarpaının başından möhkəmcə yapışdı, bir müddət eləcə dayandı. Hərəkətsizcə dayandığı üçün başının ağırlaşdığını və boynunun tutulmaq üzrə olduğunu hiss etdi.

Döşəmənin üzərində beləcə sabit bir şəkildə bir müddət dayanandan sonra hətəkət etməyi, addımlarını atmağı öyrənməliydi. Di gəl ki, iki ayağı üzərində dayanmaq işgəncəyə bərabər bir iş idi və hər bir hərəkəti dözülməz əzaba səbəb olurdu. Sol və sağ ayağını bir-birinin ardınca hərəkət etdirərək addımlamaq, demək olar ki, təbiət qanunlarına qarşı bir hərəkət idi. Baxış bucağının yüksək və qeyri-adi bir nöqtədən olması onu bir növ iflic edirdi. Dizlərini büküb-açmağı və ayaqlarını iradəli bir şəkildə hərəkət etdirməyi öyrənmişdi, ancaq bu bütünlüklə çox çətin bir fəaliyyət idi.  Attığı hər adddımda yerə yıxılmaq qorxusu ilə divara yapışaraq hərəkət edirdi.

O, ömrünün sonuna qədər bu otaqda qala bilməzdi. Hər hansı bir yerdən yemək tapıb yeməsə, aclıq hissi onu tamamilə məhv edəcəkdi.

Divardan yapışaraq səndirləyə-səndirləyə qapıya yaxınlaşmağı bir qədər vaxtını aldı. O, zamanı və onun ölçüsünü bilmirdi. Ancaq bu müddətin uzun olduğunu deyə bilərik. Yeriyərkən hiss  etdiyi əzab hissi bunu ona dərketdirirdi. O hərəkət etdikcə əzələlərinin fəaliyyətini bərpa etsə də, bu hərəkətlər həddindən artıq yavaş idi. Hər hansı bir kömək olmadan yeriyə bilmirdi. O, bu vəziyyətdə əlil, fiziki qüsurlu bir insan kimi görünürdü.

Qapının toxmağından möhkəmcə yapışdı və çəkdi. Qapı hərəkətsizcə dayanmışdı. İtələsə də, heç nə dəyişmədi. Sonra qapı toxmağını sağa çevirdi və özünə tərəf çəkdi. Bu dəfə qapı qəribə bir cırıltı çıxararaq içəriyə doğru açıldı. Qapı kilidlənməmişdi. Qapının arasından başını çölə çıxardı. Dəhlizdə heç kim yox idi. İçəridə dərin dəniz dibsizliyi qədər qaranlıq var idi. Dəhlizə əvvəlcə sol ayağını atdı, bədəninin üst qismini çölə çıxarıb, sağ ayağını da var gücüylə çıxardı. Divarlardan yapışaraq, dəhliz boyu addımlamağa başladı.

Dəhlizdə onun çıxadığı otağın qapısıyla birlikdə dörd otaq var idi.  Hər biri eyni rəngli, boz taxta qapılar idi.  Görəsən, qapıların arxasında nə var idi? Həmin qapıların arxasında kim var idi? O, qapını açıb içəriyə baxmaq üçün qəlbində qəribə bir istək, izaholunmaz həvəs hiss edirdi. Bəlkə də qapını açdığı an, hazırkı vəziyyətinin mahiyyətini özü üçün izah edə bilərdi. Ya da məntiqli bir səbəb tapa bilərdi. Ancaq o, həmin otaqların qarşısında heç bir səs çıxarmadan, sakitçiliyə riayət edərək ötüb  keçdi. Mütləq həmin qapıları açmamışdan qabaq mədəsini gəmirən bu aclıq hissini ortadan qaldırmalıydı. Bədəninini bütünlüklə ələ keçirən dayanılmaz boşluğu tezliklə doyğunluq hissiylə doldurmalıydı.

Bu duyğunu ortadan qaldırmaq üçün hansı istiqamətə doğru hərəkət  etməli olduğunu Zamza bilirdi.

"Bu qoxunu izləməliyəm" deyə fikirləşir və havanı qoxulayırdı. Bu, isti yemək qoxusuydu. Bişirilimiş yeməyin qoxusu, kiçik zərrələr halında havada uçuşurdu. Bu zərrələr onun burnuna dolurdu.  Qoxu alma sinirləri beyinə siqnallar göndərirdi, bunun nəticəsində güclü bir intusiya və şiddətli arzu, vərdişkar olunmuş bir əzab kimi bağırsaqlarını yavaş-yavaş büzüşdürürdü. Ağzının içi seliklə dolmuşdu.

Di gəl ki, qoxunun gəldiyi yerə getmək üçün pillələri enməliydi. Düz bir döşəmə üzəfrində yerimək də onun üçün çox çətin bir fəaliyyət idi. Bütünlüklə on yeddi pillədən ibarət olan pilləkəni enmək onun üçün çox əzablı bir iş idi. Divardan daha da möhkmcə yapışıb aşağı mərtəbəyə doğru addımladı. Hər pillədə bədəninin ağırlığı incə ayaq biləklərinə yükləndiyi üçün müvazinətini itirib az qala sənirləyərək yıxılacaqdı. Onun qeyri-təbbi hərəkətləri bədənindəki bütün sümükərin az qala ovulub tökülməsinə səbəb olacaqdı.

Pilləkəndən enəndə Zamza fikirləşdi ki, kaş balıq və ya günəbaxan olaydı. O, əgər balıq və ya günəbxana olsaydı, ehtimal ki, belə bir pilləkən çıxamğa və ya qalxmağa ehtiyacı olmayacaqdı və bu dünyadakı bütün həyatını xoş bir rahatçılıq içərisində keçirəcəkdi.  Axı, niyə belə təhlükəli işlərə cəhd edirdi? Qətiyyən, düşünə bilmirdi.

On yeddi pillənin hər birini enib aşağı mərtəbəyə çatanda Zamza belini dikəldib qoxunun gəldiyi istiqamətə doğru yönəldi. Hündür tavanlı giriş dəhlizini keçib açıq qapıdan mətbəxə daxil oldu. Mətbəxtdə, böyük, dairəvi bir masanın üzərində içərisində yeməklər olan boşqablar düzülmüşdü. Masanın ətrafında beş stul qooyulmuşdu, ancaq yan-yörədə heç kim gözə dəymirdi.  Boşqablarda ağ rəngli buxar yüksəlirdi. Masanın ortasında güldanın içərisinə ağ zanbaq gülləri qoylmuşdu, boşqabların yanında kağız dəsmallar istifadə edilməmiş şəkildə düzülmüşdü. Süfrə hazırlanmışdı və hərhansı qeyri-adi bir hadisə baş veridyi üçün ev əhalisi süfrıyə əlini uzatmamış qeybə çəkilmişdilər. Sanki onların qəfildən yox oluşu nəticəsində ortada belə bir mənzərə qalmışdı. Bu hadiəslərin üəzrindən də elə də böyük bir zaman ötməmişdi.

Yaxşı, görəsən, nə baş vermişdi? İnsanlar qəfildən hara  yoxa çıxmışdılar? Yaxud da ki, hara aparılmışdılar? Yemək üçün yenidən geriyə qayıdacaqdılar?

Zamzanın belə şeyləri fikirləşmək üçün vaxtı yox idi. O, ən yaxınındakı stula oturdu. Süfrədəki qaşıq və ya çəngəldən istifadə etmədən, əliylə yeməkləri bir-birinin ardınca yedi. Kərə yağı və mürəbbə çəkilmiş çörəkləri eləcə yedi, qaynadılmış yumurtaları ala yarımçıq soyub yedi, qaynadılmış sosiskaları bütün-bütün uddu. İsti kartof pürəsini əliylə yedi.  O, bütün yeməkləri eyni anda udurdu və uda bilmədiklərini su ilə mədəsinə endirirdi.  Yediyi yeməklərin dadını ayırd edə bilmirdi. Görəsən acı idilər, yoxsa şirin? Onun yeganə məqsədi mədəsindəki boşluğu doldurmaq idi.  Elə bil ki, zamanla mübarizə aparırdı, əlinə bulaşmış yeməkləri yalayırdı. Süfrədəki böyük boşqablardan biri yerə düşdü və parça-parça oldu. Ancaq Zamza bunu qətiyyən hiss etmədi.

Süfrə qarışıq və qəribə bir vəziyyətdə idi.  Sanki açıq qalmış pəncərədən içəri daxil olan qarğa sürüsü süfrədəki yeməkləri necə gəldi yemmiş, sonra da heç bir şey olmamış kimi uçub getmişdirlər.  Zamza doyunca yedikdən sonra, dərin nəfəs alanda artıq süfrədə heç bir şey qalmamışdı. Onun əlini toxundurmağdığı yeganə nəsnə süfrədəki zanbaq idi. Əgər süfrədə bu qədər çox yemək olmasaydı, Zamza güldandakı gülləri də yeyə bilərdi. Zamza elə dəhşətli şəkildə acmışdı.

Zamza süfrənin arxasında bir müddət sakitcə oturdu. İki əllərini masanın üstünə qoymuş, aramla nəfəs alır və yarı açıq gözlərini süfrədəki zambağa zilləmişdi. Dənizin sahilində ləpələrin köpüklənməsi kimi içində qəribə bir rahatçılıq hissi keçdi. Bu duyğu sanki bədənindəki boşluğun sahəsi getdikcə daralmış kimi bir hiss idi.

O, dəmir çayniki götürdü və ağ, keramika fincana qəhvə doldurdu. Qəhvənin kəskin acı qoxusu ona nə isə xatırladırdı. Bu xatirə qəti deyildi. Bu labirintli, qeyri-müəyyən bir şeyə eyham vururmuş kimi, dayanan çoxqatlı bir duyğu idi. İndi içində hiss etdiyi bu duyğuya sanki bir xatirə kimi gələcəkdən boylanırdı. Elə qəribə bir ürpərtiydi. Sanki təcrübə və xatirə qapalı bir labirintin içərəsində fırlanırdı. Qəhvənin içinə bolluca süd tozu əlavə etdi və barmağı ilə qarışdırdı.  Qəhvə ılıq idi. Qəhvəni bir müddət ağzında tutdu, sonra uddu. Qəhvə içmək onun bədənini əsir almış gərginliyi ortadan qaldırdı.

Qəfil bir titrəmə, ürpərti hiss etdi. Bədəni tir-tir əsirdi. Həmin dəqiqəyə qədər hiss etdiyi aclıq hissi onun digər ağrılarını   duyğularını dərk etməyə imkan vermirdi. Nəhayət, qarnı doyduğu an, səhərin soyuğunu iliklərində hiss etdi. Sobanın atəşi sönmüşdü, mətbəx soyuq idi. O lüt soyuq idi.

Zamza həmin məqamda başa düşdü ki, əyninə nə isə geyinməlidir. Belə vəziyyətdə çox üşüyürdü. Həm də ki, insanların qarşısına çılpaq çıxmağı düzgün deyildi.  Hər dəqiqə kimsə qapının kandarında görünə bilərdi. Bir neçə dəqiqə bundan əvvəl burada olan - süfrədəki hazır yeməkləri yemək üçün toplaşmış insanlar- insanlar yenidən geriyə qayıda bilərdi. Onlar geriyə qayıdanda Zamzanın belə olmağı problem yarada bilərdi.

Qəribə bir şəkildə elə şeyləri başa düşürdü. Bu təxmin, hiss, qavaryış deyildi, hər hansı bir şəkildə dərk edirdi. O, düşüncəsindəki bu dərketmə məqamının haradan və necə yarandığını bilmirdi.  Bəlkə də bu bir az öncə hiss etdiyi qapalı labirint içərisindəki duyğular idi.

Zamza stuldan qalxdı və yemək otağından çıxıb dəhlizə keçdi. Bədənində hiss etdiy uyuşmuşluq ötüb keçməmişdi, ancaq artıq iki ayağının üzərində heç bir yerdən yapışmadan adlaya bilirdi. Dəhlizin girişində qapının ağzında bir çətirliyin içində bir neçə taxta dəstəkli çətir yığılmışdı. Həmin çətirlərin arasındakı bir neçə əsaya gözü sataşdı. Qara ağcaqayın ağacından hazırlanmış olanı götürdü, bundan kömək üçün istifadə edə bilərdi. Yeriyəndə divarlara yapışmadan bununla hərəkət edə biləcəkdi. Əsanı tutduğu an hiss etdiyi əminlik onun qəlbində rahatlıq hissi yaratdı. Zamza cəsaərtləndi və quşların hücumundan əlindəki əsanı silah kimi istifadə edə biləcəyini fikirləşdi. Pəncərənin qarşısında dayanıb ağ, hörməli pərdənin arxasından həyətə tamaşa etdi.

Evin qarşısından bir yol keçirdi. Bu elə də geniş bir küçə deyildi. Küçədə elə də çox insan görünmürdü. Arabir yoldan iti addımlarla ötən insanalrın hər birinin əynində paltar var idi. Bunlar fərqli rənglərdə, müxtəlif tərzlərdə geyimlər idi. Yoldan ötənlərin əksəriyyəti kişi idi, ancaq aralarında qadınlar da vardı. Kişilərn və qadınların geyimləri fərqli idi. Onlar ayaqlarına sərt dəridən hazırlanmış ayaqqabılar geyinmişdilər. Hamının başında şapqalar var idi. Hər kəs, sanki normal bir vərdişmiş kimi iki ayağının üzərində yeriyirdi. Zamza dəhlizdəki  bədənüma güzgünün qabağında dayandı və çöldən ötənlərlə öz bədənini müqayisə etdi. Onun güzgüdə gördüyü  adam zəif və səfil bir insan idi. Göbəyinin üstünə yağ və sous ləkəsi yayılmışdı, bədənindəki uzun tüklər arasındakı çörək qırıntıları topa pambıq kimi yapışıb qalmışdı. O, bunları əliylə təmizlədi.

"Əynimə nə isə geyinməliyəm" deyə yenidən fikirləşdi.

O, yenidən dəhlizə baxdı. Gözləri ilə quşları axtardı. Çöldə bir dənə də olsun quş yox idi.

Birinci mərtəbədə dəhliz, yemək otağı, mətbəx və salon var idi. Di gəl ki, yan-yörədə geyinmək üçün heç nə yox idi. Deməli, bu mərtəbədə geyinib-soyunmaq üçün bir yer ayrılmamışdı. Yəqin ki, pal-paltarlarların hamısı yuxarıdakı otaqların birindəydi.

O, yenidən gücünü toplayıb pilləkənlərlə yuxarıya doğru çıxdı. Onun gözləmədiyi bir şey idi, ancaq pilləkənləri çıxmaq enməkdən daha asan idi. Pilləkənin kənarlarından yapışıb on yeddi pilləni asanca yuxarıya çıxdı.

Deyəsən bəxti gətirmişdi...

 

Ardı var...

 

Haruki Murakami

 

Tərcümə edən:

Ziyad Quluzadə

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.26-27.