Elə yaşamalıyam ki...

 

Mən qaynayan qəlbimin oduna

adi,

boz kül səpim gərək,

Çünki o

bir gün

yenə alovlanıb

məni külə döndərəcək.

 

Mən nəğməli baharımın

səsini

Reproduktorun

səsinə qatım gərək,

Çünki onları

amansız kütlə

eşidə biləcək...

 

Mən elə yaşamlıyam ki,

heç olmayıb sanki.

Heç baş verməyib!

Həyat dənizi

hələ böyüməmiş

zəif məxluqları

sahilə tullayır çünki...

 

Sənin oxuya

bilməyəcəyin kitab

 

Hər səhər

Kəhrəba rəngli

çay dənizində

Sən öz filosof gəmilərini

görürsən.

 

Hər günorta

Yorğun gözlərin

hərfləri

böcəklər kimi

qaçışan  görür:

onlardan

kolleksiya yığırsan.

 

Hər axşam

Mənim saçlarımı

nəvazişlə tumarlayırsan.

Amma fikirlərin

harasa səyahət edir,

Hardasa...

itkin düşmüş Hiperboryada.

 

Mənsə...

Əsirəm,

sənin hər toxunuşundan

titrəyirəm lap...

Kitab olmağa qorxuram -

Sənin oxuya bilməyəcəyin kitab...

 

Tərcümə etdi:

Kamran Nəzirli

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.25.