Hekayə problemləri -
2016-cı il
İnkaredilməzdir
ki, bir neçə il əvvəl roman bumu
yaşanan müasir ədəbiyyatımızda son illər
güclü bir hekayə axını yaşanmaqdadır. Janrın çərçivələrinin geniş,
sərhədsiz olması, müasir dövrün
yaratdığı sərbəstlik baxımından son illərdə
hekayəyə maraq daha da artmışdır. Təbii
ki, 2013-cü ildə kanadalı hekayə yazarı Elis Manroya ədəbiyyat
üzrə Nobel mükafatının verilməsi də
janrın inkişafına təsirsiz ötüşmədi. Bu səbəbdən də çağdaş
zamanımızda bir janr kimi hekayənin obrazını yaratmaq
olduqca təqdirəlayiq bir hadisə hesab edilməlidir.
Adətən "romandan qoparılmış səhifə"
adlandırılan hekayə həyatımızın mərkəzində
olan, dövrümüzün, cəmiyyətimizin rənglərini
bütün çalarları ilə əks etdirən, insani
halların ən kiçik məqamlarını üzə
çıxarmaq qüdrətinə sahib bir janrdır. Bununla belə
2016-cı ilin hekayə kollajına baxarsaq,
sadaladığımız xüsusiyyətlərə tam mənası
ilə cavab verə bilən əsərlərin çox da
geniş saya malik olmadığını deyə bilərik.
Hər şeydən əvvəl qeyd etmək istərdim
ki, ilin hekayə mənzərəsində sırf hekayə
kitablarının çox da geniş sayda olmaması diqqəti
cəlb edir.
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında hekayə kitabı
çıxarmaq ənənəsi geniş yayılmayıb,
bizim milli ədəbiyyatımızda ya şeir kitabları, ya
da romanlar daha aktual hesab edilir. Halbuki, məhz
hekayə janrı daşıdığı öncəliklər
ilə oxucunu asanlıqla öz aurasına alıb onun
şüuruna təsir etmək imkanına malikdir. Öncəki illərə nisbətən hekayə
kitablarının sayında azalma özünü göstərir.
İlin əsas hekayə kitabları
Narıngülün "Qar çiçəyi", Seymur
Baycanın "Gecikmiş hekayələri", Şəhriyyə
Qəzənfərqızının "Sən gecikmə"
toplularından ibarətdir. Lakin digər janrlarla
qarışıq şəkildə hazırlanmış
Mustafa Çəmənlinin "Üç yaşlı əsir",
Günel Eyvazlının "Cadugər", Həmid Piriyevin
"Şanapipik haqqında mahnı", Səyyad Aranın "Sazaq"
toplularında daha çox öncəki illərin hekayələri,
müsabiqələrə təqdim olunmuş əsərlər
yer almaqdadır. Yeni hekayələr isə əsasən
mətbu orqanlarda, qəzet və jurnallarda, internet
portallarında daha çox çap olunur. Təbii
ki, hekayənin əlçatanlığı baxımından
beləsi daha əlverişlidir. Yəqin ki, çox az
adam sadaladığımız kitablara göz gəzdirib, lakin
Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi",
Elçinin "Qəbiristanlıqda məhəbbət əhvalatı",
Vüsal Nurunun "Tüklü sabun" və ya Çinarə
Ömrayın "Çinar tərəzi" hekayələri qəzet və jurnal səhifələrindən
oxuculara daha tez çatır. Bu məsələdə
"Ədəbiyyat qəzeti"ndə keçirilən hekayə
müzakirələri də əhəmiyyətli rol
oynamış, janra həm yazıçıların, həm də
tənqidçilərin diqqətini yönəltməyə
müvəffəq olmuşdur. Eləcə
də internet portallarından birində, 1905.az saytında
yazarların iştirakı ilə keçirilən Azərbaycan
hekayəsi adlı silsilə müzakirələr maraqlı
detalları ilə diqqəti cəlb edir.
Müasir
hekayələrimiz çağdaş dövrün nəbzini
tuta bilirmi?- sualı hazırda bir
çoxumuzu maraqlandırır. İlin mənzərəsindən
baxarsaq, nə böyük həvəslə müsbət, nə
də kəskin yox deyə biləcəyimiz hekayə nümunələri
ilə qarşılaşırıq. Düzdür, il ərzində istər jurnallarda, istər də
internet portallarında yaxşı hekayələrə təsadüf
edirik. Sadəcə olaraq yaxşı hekayələr,
lakin istərdik ki, yaxşıdan da daha artıq, insan
düşüncəsinə təsir edə bilən, oxucunu
arxasınca apara biləcək, başqa bir dünyanın
qapılarını aça biləcək hekayələr də
çox olsun.
Hekayə janrına marağın artma səbəblərindən
biri də keçirilən müsabiqələrlə
bağlıdır. Ötən il
dördüncüsü keçirilən Beynəlxalq Mahmud
Kaşğari hekayə müsabiqəsinin Azərbaycan üzrə
seçmələrində Təranə Vahidin "Mən toz
dənəsiyəm" hekayəsi birincilik qazanmış, əsas
seçim mərhələsində isə bu hekayə həvəsləndirici
mükafata layiq görülmüşdü. Kamran
Nəzirlinin "Ölən uşağın xatirələri"
hekayəsi isə Belarusiyada keçirilən Beynəlxalq
"Rodnoy dom" ("Doğma ev") ədəbi müsabiqəsinin
qalibi olmuşdur.
Bizim ədəbiyyatda
hekayə müsabiqələri az keçirilir, lakin əsas ədəbi
portallardan olan Kulis.az-ın sosial şəbəkədə
elan etdiyi bu mənim hekayəm qısa hekayə müsabiqəsi böyük maraqla
qarşılanmış, müsabiqəyə göndərilən
600-dən artıq hekayə içərisində Kəramət
Böyükçölün "Qəpik" hekayəsi ən
çox bəyəni qazanaraq lider olmuşdur. Kiçik
bir məişət detalı üzərində qurulan bu hekayənin
bədiilik və ya texnika baxımından qalib hesab edib-etməmək
isə kifayət qədər mübahisəlidir. Ümumiyyətlə, bu kimi müsabiqələr
çox da ciddi qəbul edilməsə də, janrın
inkişafına təkan olması baxımından diqqətəlayiqdir.
Son dövr ədəbiyyatında yazarların qısa
hekayəyə xüsusi diqqət yetirməsi də maraq
doğurur. Müəyyən bir anı, hər hansı bir
hisssi, həyat fraqmentini ehtiva edən qısa hekayələrdə
böyük problemlər, xarakterlər axtarmaq absurddur. Bununla belə müəllifindən istedad və bədii
təfəkkür tələb edən bir janr kimi maraqlı sənət
təcrübələri hesab edilməlidir. Dünya ədəbiyyatında kifayət qədər
diqqətdə saxlanılan qısa hekayə məsələsinə
Üiliam Peden, Stiven Heller və b. kimi
araşdırmaçı yazıçılar tərəfindən
münasibət bildirilmişdir. Peden
subyektiv olaraq, qısa hekayələri bir anda beyində
yanıb-sönən işığa və ya pəncərənin
açılıb-bağlanması anına bənzədir.
Nəzər yetirdiyimiz ildə bu sahədə
yaxşı qələm təcrübəsi olan İlqar Rəsulun
qısa hekayələri diqqəti cəlb edir. Müəllifin bədii təfəkkürü və
modern dünyagörüşü maraqlı hekayələrin ərsəyə
gəlməsinə rəvac vermişdir. İlqar
Rəsulun materialist düşüncə üzərində
qurulan "Yol" hekayəsi maraqlı məzmun və
kompozisiyası ilə diqqəti cəlb edir. Maddi maraqlar üzərində qurulan münasibətləri,
inamı, əqidəni, dolayısı ilə sevgini, həyata
baxışı ehtiva edən hekayədə Allahın və
şeytanın yolu ibarələri insan xislətindəki
işıq və zülməti təmsil edir. Dilemmalar qarşısında qalan insanın nəfsinə
yenilərək inandığı, tapındığı əqidədən
dönməsinin, zülməti seçməsi və bunu qəbullanmasının
uzun-uzadı fikirlər, söz oyunu ilə deyil, qısa,
lakonik fikirlərlə əks etdirilməsi maraqlı eksperiment
kimi əhəmiyyət daşıyır. Müəllifin
"Həmişəki zəng" hekayəsi isə həmişə
hər şeydən narahat olan insanlarımızın həyatından
götürülmüş bir fraqment üzərində
qurulmuşdur. Hekayəni insanın
öz-özüylə hesabatı da adlandırmaq olar.
" Doğuluruq,
ayağımız yer tutunca ürəyimiz ata-anamızda
qalır, bir az da bacı-qardaşımızda.
Böyüyürük, əvvəl ürəyimiz sevdiyimizdə
qalır, sonra da evləndiyimizdə. Yaşlanırıq
ürəyimiz uşaqlarımızda qalır, bir az da işdə-gücdə. Yalnız
sonumuzda ürəyimiz yerinə gəlir. O da
döyünməyə yox, dayanmağa. Biz bu illər ərzində ürəyimizi
yerində tapırıq ki, hələ bir qoruyaq da?! Sən də hər dəfə kiminsə ürək
tutmasından öldüyünü eşitdiyində, tələsik
zəng edib deyirsən ki, ürəyini qoru..."
Bədii ədəbiyyatımızda aktual problemlərdən
olan - cəmiyyətimizin deqradasiyaya uğramış əxlaq
qaydalarına, mənəvi aşınmalara daha çox hekayə
müstəvisinə çıxarılaraq münasibət
bildirilmişdir. Düzdür, müasir dövrümüzün çətinlikləri,
yaşanılan hadisələr, televiziya ekranlarında,
saytlarda verilən sarsıdıcı xəbərlər
baxımından yanaşarsaq, belə bir meyil normal hesab
olunmalıdır və
Meyxoş Abdullahın "Günah", Vaqif Nəsibin
"Qırmızı zəhər", Qəni Camalzadənin
"Müdrik buqələmun", Aqşin Babayevin
"Doktorant", Qərib Mehdinin "Əlavə
sağlıq", Vüsal Qasımovun "Tənhalığın
göz yaşları", Kamran Nəzirli "Qaranlıq
oğruları" hekayələri
daha çox hadisəçilik, təsvirçilik üzərində
qurulsa da, müəlliflərinin çatdırmaq istədiyi
fikirlərin əhəmiyyəti baxımından
maraqlıdır.
Simvolik
çalarlarla zəngin, metaforik üslubda yazılmış
Ülviyyə Heydərovanın "İçərişəhərli",
"Külək" hekayələri isə sanki bu mənəvi
çöküntünün qarşısını almağa
cəhd kimi dəyərləndirilə bilər. Ruhun müxtəlif formalarda insanlar arasında gəzişməsi,
onların həyatına yön vermək məsələləri
ədəbiyyat və kino sahəsində uğurlu priyom kimi dəyərləndirilir.
"İçərişəhərli" hekayəsində dilemma var: İnsanlara
yardım etmək üçün dünyaya göndərilən
xeyirxah mələk və atanın canını almağa
göndərimiş əzrayıl. Müxtəlif məkanlarda
qarşımıza çıxan Mələyin insanlara
yardım etməyə çalışaraq Natəvanı
intihardan xilas etməsi,
oğlunu və özünü öldürməyə
çalışan qadının fikrini yayındırması
həyatın, yaşamağın dəyərini anladır, həyat
və ölüm haqqında düşünməyə təhrik
edir, yaşantımıza göz gəzdirməyi labüdləşdirir.
Bu silsilədən olan Zeynəb Əliqızının
"Ən yaxşı it" və Təranə Vahidin "Mən
toz dənəsiyəm" hekayələri də şüur
axını forması, metaforik çalarları ilə diqqəti
cəlb edir. Nədənsə son zamanlar çağdaş ədəbiyyatımızın
yazarları özünü ifadə vasitəsi kimi kafkavari
addım atmağa cəhd edirlər. Daha çox imitasiya
xarakteri daşıyan bu hekayələrdə insan kimi
bacarmadığı, münasibət göstərə bilmədiyi, çəkindiyi
bütün məsələlərə toz zərrəsi kimi,
küçə iti kimi reaksiya vermək mümkün olsa da,
aydın görünür ki, başqa bir varlığa
çevrilən insan oğlunun əzabları, daxilindəki
çaxnaşmalar heç də azalmır, əksinə, daha
da dərinləşir, fəci bir hala çevrilir.
Hekayələrimizdə özünü göstərən
başqa bir cəhət xarici ədəbiyyatın təsirindən
doğan - xarici obrazlar yaratmaq meyli ilə bağlıdır. Tendensiya daha
çox gənc yazarlarda özünü göstərir.
Yadigar Ələkbərovanın "Dilənçinin
bir günü", Elçin Toranın "Ölü kəpənək",
Günel Eyvazlının "Mona Liza" hekayələri bu cəhətdən
maraq doğurur. Xaç yürüşləri
dövrünə gedib çıxan "Dilənçinin bir
günü" hekayəsində ailə
başçısının gedişi ilə yoxsulluq, səfalət
içində olan, uşaqlarının aclığı ilə
imtahana çəkilən qadının iztirabları, daxilindəki
təbəddülatlar, inamını şübhə
altına alması, Allahına üsyanı çox real təsvir
edilmişdir. "Sən ədalətsizsən,
Tanrı. Hardadı sənin rəhmin?
Ərimi əlimdən almaqdamı, yoxsa
uşaqlarımı ac qoymaqda?" Əslində
isə burada əzilənlərin, yoxsuların heç də
sahibsiz olmaması, dinindən asılı olmadan bir
xeyirxahının var oluşu diqqətə
çatdırılır. Səyyah
İliya isə sanki müsəlman dünyasındakı
Xızırın imitasiya edilmiş variantıdır.
Burada bir sual yaranır: bizim müəlliflər hərtərəfli,
koloritli, misal üçün Novruzəli, Xudayar bəy kimi
mükəmməl milli obrazlar yaratmağa müvəffəq
olublarmı ki, xarici xarakterlər yaratmağa cəhd edirlər?
Fikrimizcə, yox. Çünki ötən
il keçirilmiş sorğuda aydın oldu
ki, hələ də ən yaxşı hekayə
"Poçt qutusu" hesab edilir!
İlin hekayə mənzərəsində diqqət
çəkən məqamlardan biri də nisbətən ironik
çalarlarla zəngin, ideyanın alt-atda
sıxışdırıldığı əsərlərin
yazılmasıdır. Qərib Mehdinin "Rentabelli toy", "Əlavə
sağlıq" hekayələrində vaxtı
keçmiş toy rituallarından, yerli-yersiz təriflər
üzərində qurulan sağlıqlardan, Əlövsət
Bəşirlinin "Tərif" hekayəsində haqqı olmayan adamların yüksək
dəyər görmələri və zamanı gəldiyində
qaldırıldıqları yeddinci qatdan yerə
çırpılmalarının məqbul olduğundan, Qəni
Camalzadənin "Müdrik buqələmun" hekayəsində
Həşim Güllünün simasında müasir insanın
bitməyən mal-dövlət hərisliyindən, idarələrdəki
özbaşınalıqlardan, macəra formasında
yazılmış İmir Məmmədlinin "20 qəpiklik əhvalat"
hekayəsində kiçik bir məişət hadisəsinin
necə böyük hadisələrə səbəb ola biləcəyindən
təsvir edilməsi yazıçılarımızda satirik
ruhun sönmədiyini, cəmiyyətimizin bəlalarını
ifşa etmək cəhdlərini nümayiş etdirir.
Çoxlu sayda ədəbi nümunələr içərisində,
əsasən realizm prinsipləri ilə yazılan, əhvalat təhkiyəsi
üzərində qurulan mətnlər çoxluq təşkil
edir. Məzmunçuluq,
hadisələri az qala təfərrüatı
ilə nəql etmək uzun illərdən bəri Azərbaycan
hekayəsinin qanına, canına hopmuşdur və bu ənənə
indi də davam edir. Süni, quraşdırma süjet xətti,
obrazların düşüncə tərzinin nəzərə
almayıb onları az qala filosof kimi təqdim
etmək cəhdi bu hekayələrin əsas bədii
qüsuruna çevrilir. Mənsur Mattın "Utanc", Cəlil
Cavanşirin "Yarımçıq hekayə", Əjdər
Olun "Qədir", Səxavət Sahilin "Gülverənin
toyu", İmir Məmmədlinin "Vaxtsız qonaq",
Şəhriyyə Qəzənfərqızının "Bu
da belə" hekayələri bu kimi
çatışmazlıqları ilə diqqət çəkən,
sxematik qəhrəmanlar üzərində qurulan mətnlərdir.
Diqqət çəkən məqamlardandır ki, bizim ədəbiyyatımızda
pessimizim, həyatın çətinlikləri altında əzilən,
daima itirən, məğlub olan insanlar, həyatlar hekayə
predmetinə çevrilir. Halbuki, bugünkü
müəllifdən tələb olunan başqa şeydir.
Müasir yazıçılar qorxmadan, çəkinmədən
həyatın reallıqlarını ifadə edən,
insanın hər şeyə qadir ola biləcəyini
göstərə bilən hekayələr də
yazmalıdır. Çünkü cəmiyyətimizin
buna- inama, ümidə ehtiyacı var. Misal üçün
Cavid Zeynallının "Dərd qapını tapmır"
adlı hekayəsi nisbətən yeni mövzuda, həmçinin
psixoloji məqamların üstünlüyü ilə
yazılmış mətndir. Hekayədə
müasir ədəbiyyatda aktual olan yuxu motivindən daha fərqli
bir şəkildə, xalq ədəbiyyatındakı nümunələrin
modifikasiyaya uğramış variantından istifadə
olunmuşdur. Şifahi ədəbiyyatımızda yuxuda alma görmək muradına yetmək kimi yozulsa
da, Məsudun yuxusundakı alma ona bədbəxtlik gətirir. Müəllifin məqsədi insanın mənfiyə
köklənməsi ilə həyatını cəhənnəmə
çevirməsi və öz bədbəxtliyinə səbəb
olması mesajını ötürməkdir. "Daima fikirləşirdi ki, görəsən bəla
niyə bu qədər gecikir. Görəsən
qapını tapmaq o qədərmi çətin olub ki, dərd
bu qədər ləngiyir?" Eləcə
də Rövşən Yerfinin "Qeyri-adi köç"
hekayəsində müasir dövrümüzün ən aktual
problemi sayılan intihar hadisələrinin baş vermə səbəbləri
araşdırılır, sosial və ictimai problemlərin insan
həyatında açdığı yaralar və bu
yaraların verdiyi əzablar real bədii lövhələrlə
əks olunur. Çox qəribədir ki,
istər-istəməz intihar edən Şəmilə haqq
qazandırırsan. Çünki cəmiyyətdəki
nöqsanlar, onu xilas edəcək heç bir "saman
çöpü"nü olmaması bu adddımı
labüdləşdirir. Həytımızda
yüzlərlə belə nümunələr çəkmək
olar.
Alpay Azərin
sənət və siyasətin qarşıdurması və sənətin
siyasi ideologiyaya təsir etmə gücünü ortaya qoyan
"NATO və Rembrand" hekayəsi, Xumar Ələkbərlinin
mənəvi dəyərlərin pozulması nəticəsində
nəsil faciəsini anladan "Haram" hekayəsi, şərəf
və mənliyini işinə qurban verən professorun
peşimanlığı üzərində qurulan "Köləliyin ilk
günü" hekayəsi, insan əzablarının,
peşmançılığının ifadəsi kimi Mübariz
Örənin "Şpaqat vəziyyəti" hekayəsi də
oxucu diqqətini cəlb etməyə yönəlmiş hekayələr
kimi dəyərləndirilə bilər.
2016-cı ilin hekayə nümunələrindən
danışarkən ədəbi prosesdə mühüm yer
tutan bir sıra hekayələr də var ki, məhz
yaşamalı olduğumuz müharibə şəraitini, vətən
və vətənpərvərlik mövzusunu qabardır. Mövcud şəraitlə,
daha doğrusu, bir il öncə baş
vermiş, tariximizə aprel döyüşləri kimi
düşmüş, onlarla şəhidimizin qanı
bahasına qazandığımız kiçicik qalibiyyət
yazarlarımızı da riqqətə gətirmiş və maraqlı
hekayələrin yaranmasına şərait
yaranmışdır. Bu baxımdan İlqar Atabəyli "Qəlpə", Samirə Əşrəf
"Müharibə bitən gün", Kamran Nəzirli
"Sevgi ağ rəngdə olur", "Telman Nəzərli
"İşğal", "Puçur yeli", Elçin
Hüseynbəyli "Atəş səsləri
qulağımda", Mərziyyə Nəcəfova
"Şairin səsi", Rəşad Bərgüşadlı
"Qara buludlar" hekayələrində müharibə
anlayışına fərqli baxışlar sərgiləyir. Əksər hekayələr öncəki illərdə
olduğu kimi, ənənəvi qaydada döyüş, erməni
işğalı əsasında yazılsa da, müharibə
insanının daxili dünyasına, döyüşdən
sonrakı həyatına işıq tutan, hər kəsin
özünün yaşadığı, ictimaiyyət
üçün maraqlı olmayan məqamların
işıqlandırılması baxımından maraqlı
hekayələr də yazılmışdır. Hekayələrində
psixoloji məqamların üstünlüyü ilə
seçilən Kamran Nəzirlinin Şairənin dilindən
verilən, İlqarın həyat hekayəsi üzərində
qurulan "Sevgi ağ rəngdə olur" hekayəsi
işıqlı gələcəyə, xoşbəxtliyə
ümid notları ilə köklənmiş bir əsərdir.
Müxtəlif zaman paralellərində -müharibə
dövrü və müasir zaman kəsimində baş verən
hadisələrlə inkişaf etdirilən hekayədə
müharibədə gözlərini itirən gəncin məhz
sevgisi, ailəsinin, sevdiyinin qayğısı ilə həyatını
yenidən başlaması təfərrüatları ilə təsvir
edilmişdir. Hekayədə təsvirçilik güclü
olsa da, İlqarın qaranlıq dünyası ilə Şairənin
ağ sevgisi arasındakı
paradoksallıq diqqəti cəlb edir. Müəllif
burada hərbiçinin deyil, bu ağır həyatı
yaşayan qadının diliylə yaşananları anladaraq
ümidini ifadə edir. "Bir gün mənim
ağ sevgimin gözlərini də açacaq".
Qarabağ
müharibəsinin hər iki mərhələsini- həm 90-cı
illər hadisələri və aprel döyüşləri
ehtiva edən Samirə
Əşrəfin "Müharibə bitən gün" hekayəsində
də bir qadının iztirabları, nakam sevginin unudulmaz xatirələrində
yaşayan qadının həsrəti ifadə olunmuşdur.
Müharibə hekayələri də bir daha göstərir ki,
istənilən döyüş, müharibə ilk öncə
qadının- ananın, həyat yoldaşının,
sevgilinin, ata həsrətli kiçik qızların həyatını
alt-üst edir, şüuraltında dərin izlər,
sağalmaz yaralar buraxır.
Hekayə yazarlarımızdan biri Natiq Məmmədli
müsahibələrindən birində "Bizim ənənəvi
ladımız var və bütün ədəbi mətnlərimiz
bu lad üstündə yavaş-yavaş,
yırğalana-yırğalana inkişaf edib. Bu da tənqidi
realizmdir. Bizim hekayələr də elə
onun üstündə yaranıb" - deyərək
yazıçılıq metodunu aydın ifadə etmişdir.
Həqiqətən də, müəyyən mərhələlərdə
yazıçılarımız maraqlı eksperimentlər etsə
də, son dövr ədəbiyyatımızda realizm meyilləri
daha da aktuallaşmışdır. Lakin qeyd etməliyik
ki, əksər hekayələrimiz realist planda yazılıb,
strukturunda ənənəvi təhkiyə texnikasından
istifadə edilsə də, orijinal təhkiyə poetikası ilə
seçilən, maraqlı kostruksiyada, postmodern
düşüncə prinsipində yazılmış hekayələrimiz
də var. Mübariz Cəfərlinin fləşbeklərlə
müxtəlif zaman və məkan kəsişmələrində
anlatmağa çalışdığı, gözəgörünmələrlə
şüurunu, mənini açdığı "Div və
cırtdan" seriyasından olan "Kiçik adam",
"Böyük adam" hekayələri, Kamal Abdullanın
öz yazı üslubuna sadiq qalaraq şüur axını, qəhrəmanının
daxili dünyası üzərində qurduğu "Hacı
Mir Həsən ağa Səyyah" hekayəsi, Vüsal
Nurunun "Luvrda hadisə", mətn içində mətn
konstruksiyası ilə yazılmış Kamran Nəzirlinin
"Yatan gül və ya Jozefinanın bənövşəsi",
Qan Turalının dialoqlar üzərində qurulan, fəlsəfi
mühakimələrin ağırlığı ilə
seçilən "Gecə zəngi" hekayələri
maraqlı mətnlər kimi dəyərləndirilməlidir.
Hekayəni asan forma hesab edənlər yanılırlar. Halbuki, o
heç də asan forma deyil. Hər bir
hekayənin özünün məxsusi bir dili var və bu dilin
sirri-sehri bütün hekayə boyu özünü göstərməlidir.
Psixoloji məqamların, həyat və
ölüm haqqında insan düşüncələrinin yer
aldığı, şüur axınının ön planda
olduğu, dilinin sehrinə daldığımız mətnlərdən
biri də Səyyad Aranın "Sazaq" hekayəsidir.
Həyatın bərkinə-boşuna
düşmüş, əzab-əziyyətli günlər
keçirsələr də bir-birindən ayrılmayan dörd
qocanın narahat ovqatı, nigaranlığı, dostlardan
birinin son günlərini yaşaması reallığı,
ölüm xofu oxucuya da təsirsiz ötüşmür, o
sazaq istər-istəməz insanı titrədir. "Dincliklərinə rəxnə
düşmüşdü. Nə
yeyib-içdiklərini bilmirdilər. Cəfərin
xəstələnib yatağa düşməsi
hamısını sarsıtmışdı. Təsbehin sapı qırılmışdı.
Dəc pozulmuşdu. Ona
görə də heç nə axıracan getmirdi. Hər şey - mövzu, məqsəd, niyyət
yarımçıq qalırdı, bitmirdi. "Demək növbə mənə də gəlib
çatır". Vahimələndilər.
Qəfil hamsının içini canavar dili kimi sərt
bir sazaq yalayıb keçdi.
Bir dəstə qarapaltarlı, qarakəlağayılı
arvad Cəfərgilə tərəf diklənirdilər.
Al günəşin altında dördü də
büzüşərək xəfif- xəfif titrəyirdilər. Elə bil
qış geri qayıtmışdı,
üşüyürdülər".
Hekayə janrına olan marağın ifadəsi ölkəmizdən
kənarda çap olunan toplularda da özünü göstərir. 2015-ci ildə Türkiyədə
"Qarabağ hekayələri", 2016-cı ildə isə
Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin
ən iri beynəlxalq layihələrindən biri kimi "Müasir
Azərbaycan hekayəsi antologiyası"nın Misirdə
işıq üzü görməsi olduqca sevindirici haldır.
Azərbaycan ədəbiyyatını ərəb
dünyasına ilk dəfə təqdim edən bu irihəcmli
(400 səh.) topluda XX əsrdə yazıb-yaratmış
yazıçıların hekayələri yer
almışdır. İstanbulda çıxan
"Türk ədəbiyyatı" aylıq fikir və sənət
jurnalının avqust nömrəsində isə Kamran Nəzirlinin "Yarpaqlar
töküləndə" hekayəsi dərc edilib. Hekayəni türk dilinə tanınmış
yazıçı və tərcüməçi İmdat
Avşar çevirib. Müasir hekayələrimzin
bu şəkildə təbliğatı və fərqli
mühitdə, fərqli dünyagörüşündə qəbul
edilməsi qürurvericidir.
Folknerin belə bir fikri var: "Bizim
zəmanəmizin faciəsi hamımızın kütləvi
şəkildə cismani qorxu içərisində
yaşamağımızdadır, biz o qədər çoxdan
bu vəziyyətdəyik ki, artıq onunla
barışmışıq. Onun üçün yalnız bir
sual qalır: Məni haçan məhv edəcəklər?
Buna görə də müasir gənc yazıçılar
insan qəlbinin özü ilə münaqişədə
olması ilə bağlı sorunları unudublar, halbuki əsl
ədəbiyyatı məhz bu problemlər doğurur,
yalnız onlar barədə yazılanlar dəyərli ola bilər. Yazıçı
qorxu deyilən şeyi həmişəlik unutmalı, öz
yaradıcılıq emalatxanasından sevgi, şərəf,
qürur və fədakarlıq kimi köhnə, əbədi,
universal, həqiqətlərdən savayı, - çünki
bunlarsız istənilən əsər ölüdür,
unudulmağa məhkumdur - qalan hər şeyi
atmalıdır." Yazarlarımızdan ədəbiyyata
məhz bu şəkildə yanaşmanı, demək istədiklərini,
yazmaq istədiklərini cəsarətlə qələmə
almağı, dövrün nəbzini tutan,
reallıqlarımızı, çətinliklərimizi ifadə
edən, lakin çıxış yolunu da göstərə
bilən əsərlər yazmaqlarını arzu edirik.
Nərmin Cahangirova
Ədəbiyyat qəzeti.- 2017.- 12
avqust.- S.28-29.