Kəşfiyyatçı yazıçılar

 

Bəzən detektiv əsərlərdə elə nüanslar yer alır ki, istər-istəməz düşünürsən: "Ya bu yazıçının özü, ya da hansısa dostu kəşfiyyat xidmətində çalışır". Çünki belə məlumatlar gizli xarakter daşıyır. Onun kitab səhifələrində oxuculara təqdimatı təhlükəsizlik orqanlarının fəaliyyətinə maneçilik törədə bilər. Ancaq digərləri vurğulayır ki, burada konkret əməliyyatlar və adlar çəkilmir. Ümumi söz yığını, yaxud süjet xətti dövlətin təhlükəsizliyinə təhdid sayılmaz. Hər halda dünyanın bir sıra ölkələrinin yazıçıları həm də sırf kəşfiyyatçı kimi tanınıblar.

 

Kristofer Marlo

 

Günlərin birində hakimiyyət strukturlarına məlumat daxil olur ki, məşhur dramaturq Kristofer Marlonun meyiti Londondan üç mil aralıda tapılıb. Ölüm faktına don geydirildi: "Hansısa sərxoşla sözləri çəp gəlib". Hətta həqiqətə oxşarlıq üçün neçə il əvvəl Marlonun başına gələn bir hadisəni yada saldılar. O vaxt yazıçı şikayət etmişdi ki, onu kafelərin birində soyublar. Beləliklə, adi dalaşmaölüm. Kristofer Marlo ülyahəzrət Yelizavetanın vaxtında ilk dramaturq sayılıb. Uilyam Şekspir özünü onun şagirdi sayıb. Hərçənd, ikisi də 1564-ci ildə doğulsalar da, Şekspir təvazökarlıq nümayiş etdirib. Marlonun Şekspirdən üstünlüyü Kembric universitetinin magistr diplomunu alması göstərilir. Kübar universitetin məzunu, London gənclərinin toplandığı dərnəyin fəal üzvü, cəmiyyətin yuxarı eşalonu ilə sıx bağlılığı ilə seçilən Marlo 1593-cü ilin mayın 30-da 12 pensə alınan xəncərlə sağ gözündən aldığı yaradan dərhal ölmüşdü. Bəs, məşhur dramaturqun qətlə yetirilməsinin əsil səsbəi nə idi? Bunun üçün uzaq illərə qayıtmaq lazımdır. Marlo tələbə olarkən ingilis kəşfiyyatının yaradıcılarından sayılan, Avropada geniş xəfiyyəlik şəbəkəsi yaradan bir nəfərin oğlu ilə tanışlıq imkanı əldə edir. Yazıçının avantüraya meyilli olması, üstəlik, xəbər verməyi xoşlaması onu qurumun üzvlüyünə gətirib çıxarır. O, gizli təşkilata daxil olur, verdiyi məlumatlar ülyahəzrəti dərindən maraqlandırır. Yazıçı kimi qitəni dolanır, istədiyi adamlarla görüşür. Heç kim bilmirdi ki, bu adi yazıçı yalnız səyahətə çıxmayıb. Üzvü olduğu qurumun tapşırıqlarını yerinə yetirir. O, katoliklərin arasına girərək etibar qazanır. Nəticədə antiprotestant çıxışları ilə gizli fəaliyyət göstərən təşkilat barədə məlumat verir. Onun bir xəbəri isə ülyahəzrəti ölümdən qurtarır. Həmin xəbər Yelizavetaya qarşı təşkil edilən sui-qəsd cəhdi idi. Marlo yaradıcılıqla məşğul olmağa da vaxt tapırdı. 1593-cü ildə yazdığı bir əsərə görə polis tərəfindən saxlanılır. Sonra Gizli Təşkilatın iclasına çağırılır, üzvlər tərəfindən xəbərdarlıq edilir, üzərində gündəlik nəzarət tətbiq olunur. Ola bilsin təşkilat barədə haradasa ağzından söz qaçırdığına görə öldürülür.

 

Daniel Defo

 

Yazıçı Conatan Svift Daniel Defonu həmişə tənqid edib. O vaxtkı mətbuat orqanlarında yazırdı ki, "Defo heç vaxt hökuməti tənqid etmir, bu da şübhə doğurur". Ancaq bilmirdi ki, Defo kəşfiyyat orqanları ilə çoxdan əməkdaşlıq qurub. XVII əsrin sonu, XVIII əsrin başlanğıcında Böyük Britaniyada tez-tez hakimiyyət dəyişikliyi baş verərmiş. Həmin günlərdə ölkədə qarışıqlıq hökm sürüb. Daniel Defo da avantüraya gedib. Onun siyasi jurnalistika istiqamətindəki fəaliyyəti həbsxana ilə bitib. Oksfordun birinci qrafı Robert Harli onun yanına gedib. Baxıb görüb ki, hakimiyyətin düşməni kifayət qədər ağıllı adamdır. Düşmənin siyasətdən anlayışının olması Robert Harlini maraqlandırıb. Bu barədə lazımi orqanlara məlumat verib. Oradan cavab gəlib: "Daniel Defo ələ alınmalı bizə işləməlidir". Yazıçının başqa əlacı qalmayıb. Ya ələ alınmalı, ya uzun illər həbsxanada yatmalı idi. Defo birincini seçib, ölkənin təhlükəsizlik orqanının cərgəsinə qoşulub. Yazıçının yaşadığı illərdə ölkənin həyatında mühüm hadisələr baş verib. İngiltərə ilə Şotlandiya birləşməsi istiqamətində xəfiyyələrin mürəkkəb qrafiki varmış. Defo əsasən kilsə parlament üzrə çalışıb. Onun xəfiyyəlik fəaliyyəti Britaniya ədəbiyyatını rövnəqləndirib. Kəşfiyyat əməliyyatlarını konkret ad göstərilmədən ədəbiyyatda təzahürü oxucularının sayını artırıb.

 

Somerset Moem

 

Yazıçını heç kim ələ almayıb. O, öz istəyi ilə kəşfiyyatçı olub. İxtisasca tibb işçisi olan Moem Birinci Dünya müharibəsində Qırmızı xaç təşkilatının xətti ilə dünyanı dolaşıb. 1915-ci ildə onun razılığı ilə gələcək həyat yoldaşı vacib bir şəxslə görüş təşkil edib. Həmin şəxs kəşfiyyat xidmətinin yüksək rütbəli şəxsi sayılıb. Tezliklə Somerset Moem yenidən qitə ölkələrinə səfərə çıxıb. Amma bu dəfə başqa məqsədlə. Çünki sıralarını genişləndirdiyi kəşfiyyat xidmətinin rəhbərliyi ona tapşırıq vermişdi. İsveçrədə yaşamaq üçün heç bir nağıl uydurmağa ehtiyac qalmayıb. Moem həmin ölkədə yazıçı kimi yaşamağa başlayıb, eyni zamanda, verilən tapşırıqların icrası ilə məşğul olub. Yazıçının əsas fəaliyyəti Rusiyanın çökdürülməsinə töhfə verməsi idi. Onun qarşısına qoyulan vəzifə kifayət qədər çətinliyi ilə seçilib. Moem müttəfiqlərin müharibədən çıxmaması təbliğatını aparıb. Dəfələrlə yüksək rütbəli zabitlərlə görüşüb. Onların içində Kerenski Savinkovla görüşlərini xüsusilə qeyd etmək lazımdır. Görüşlər səmərə verməyib. Özünə qarşı təhlükəni duyduğundan Rusiyanı tərk edib. Həmin uğursuzluqdan məyus halda bir müddət özünə gəlməyib. Somerset Moemin sakit təbiəti, güclü müşahidə qabiliyyəti, qərar qəbulunda soyuqqanlılıq nümayiş etdirməsi kəşfiyyat üçün yararlı sayılıb. Əsərlərinin birində isə 14 hekayəni ixtisara salıb. Ona izah edilib ki, ölkənin kəşfiyyat xidməti barədə belə aydın müfəssəl yazılış düzgün deyil. Həyat yoldaşı Kennet Klark xatirələrində yazıb ki, "Somerset kəşfiyyatçı olması ilə fəxr edib".

 

Qrem Qrin

 

Siyasət qərib ölkələr yazıçını tez maraqlandırıb. Təzadlı xarakteri ilə seçilən Qrinin vaxtsa xəfiyyə olacağına heç kim inanmazdı. Çünki dəfələrlə intihar etmək istəyib, buna görə psixi xəstələr üçün nəzərdə tutulan stasionarda müalicə alıb. Belə bir şəxsin təhlükəsizlik orqanına qəbul edilməsi indiyə qədər müəmma olaraq qalır. Qrem Qrin yaradıçılığına şeirlə başlayıb. Eyni zamanda, həm jurnalistika, həm nasirliklə məşğul olub. İkinci Dünya müharibəsinə 15 il qalmış artıq məşhur qələm adamı kimi tanınıb. Əsərlərinin mahiyyətini isə gizli əməliyyatlar siyasət təşkil edib. Ancaq bütün ömrü boyu israrla bildirib ki, o, kəşfiyyata işləmir: "Əsərlərimin məğzi təxəyyülümün məhsuludur buna görə məni ittiham etmək gülüncdür". 1940-cı ilin əvvəlində Mİ-6 Cyerra-Leonede çalışacaq adam axtarıb. Qrinin bacısı kəşfiyyat xidmətində çalışdığından qardaşının namizədliyini irəli sürüb. Xidmətin rəhbərliyi zəmanətə inanıb, Qrem Qrin tapşırığın icrasına başlayıb. O, İsveç, Meksika Liberiyaya səyahətə çıxıb. Gəzdiyi ölkələrin sərhədini yazıçı adı ilə aşıb kimsə kəşfiyyatçı olmasına inanmayıb. Hətta Afrikaya dair tapşırığa da əməl edib. Lakin sonradan gözdən düşüb. SSRİ- çalışmış Kim Filbi ilə dostluğuna görə dəfələrlə xəbərdarlıq alsa da, sözə baxmayıb. Nəticədə dilini dinc saxlamaq tələbi ilə ona daha heç tapşırılmayıb.

 

Yan Fleminq

 

Onu həyatda Ceyms Bond da adlandırıblar. İlk romanından kino istehsalçıları milyonlar qazanıb. Əks-kəşfiyyatın bütün sirlərinə bələdliyi ilk vaxtlar oxucularda şübhə doğurub. İncə detalların təsviri indiyə qədər oxucuları təəccübləndirir. 1933-cü ildə "Röyters" informasiya agentliyinin reportyoru kimi Moskvaya gəlib. Ona tapşırılıb ki, Britaniyanın 6 mühəndisinin məhkəmə prosesi barədə yazsın. O, az qala Stalindən müsahibə götürəcəkmiş. Lakin "ellər atası" müsahibə verməkdən imtina edib. Fleminq özünü müxtəlif sahələrdə sınasa da, heç birində uğur qazanmayıb. İkinci Dünya müharibəsinə neçə ay qalmış Hərbi-dəniz kəşfiyyatının rəhbəri, kontr-admiral Con Qodfrinin şəxsi köməkçisi seçilib. Elə bu təyinat gələcək fəaliyyətini müəyyənləşdirib. Kəşfiyyatın yeni xəfiyyəsi məxfi sənədləri qaydasına salar, kontr-admiralın tədbirlərdəki çıxışlarını yazar, kəşfiyyat orqanlarının digər strukturları ilə birbaşa əlaqə saxlayarmış. Fleminqə nəinki etibarlı əməkdaş, həmçinin, istedadlı təşkilatçı kimi tanınıb. Müharibə ona nəinki ədəbi material verib, eləcə rahat yazmağa məkan da müəyyənləşdirib. 1942-ci ildə 17 F-in əməkdaşı Yamaykaya - ingilis-amerikan sammitinə qatılıb. Yamayka yaradıcılıq üçün rahat idi. O, burada ev alıb. Düz 10 il sonra - 1952-ci ildə əfsanəvi Ceyms Bondun məcaralarını yazmağa başlayıb. Yan Fleminq digərlərindən fərqli olaraq kəşfiyyatçılıq fəaliyyətini gizlətməyib.

 

Azər Qismət

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.30-31.