Vaxt karuselindən düşən adamlar
və ya Günəşin
avqust akkordları
Həyətdə mexaniki hərəkətlər səngimək bilmir.
Bir həyətdə
yaşayan müxtəlif
adamların bezdirici dava-dalaşı, uşaqların
fasiləsiz səs-küyü,
bitib-tükənmək bilməyən
təmir işləri
absurd situasiya yaradır. Həyətin
daimi sakinləri olan siçovulların ətürpədən civiltisi,
pişiklərin gecə
"razborkaları", kirayənişin
ailələrdə ər-arvad
söyüşməsi, ikrah
doğuran qadın qeybətləri, saçyoldu,
sakitlik öncəsi furiozo yaxud tufanqabağı
sakitlik... Normal insanın əsəblərinin
sıradan çıxması
üçün bu həyətdə hər cür şərait var.
Burda bir yazıçı yaşayırsa,
bu, sözün əsl mənasında məşəqqətdir. Düşüncə adamı üçün bundan artıq işgəncə təsəvvür
etmək mümkün
deyil. Yazıçı dözür, susur,
sakitləşdirici dərmanlar
qəbul edir, müşahidələr aparır,
kuryoz hadisələri
fiksə edir.
Təsəvvür edin ki, xəyalınızda hansısa
süjeti qurursunuz, pəncərənin açıq
tayından həyasız
bir cümlə içəri soxulub bütün düşüncələrinizi
alt-üst edir: "Dü-birlə ailə saxlamaq olar, alə?" Avaralar nərd oyununu
da əməllicə hörmətdən salıblar.
Bekarçılıq nərdtaxtanın sürtülmüş sinəsində
bədxassəli şişə
dönüb oyunçuların
da ömrünü yeyib bitirir. Bu səsli-küylü kabusların mühasirəsini
yarıb çıxmaq
mümkün deyil.
Kənd,
dəniz durmadan səni öz ağuşuna səsləyir.
Günəş yer üzündəki
təndirxanasını işə
salmamış sivişib
qaçırsan kəndə.
Nabokovun Lujini şahmatdan necə qaçırdısa,
sən də şəhərdən qaçırsan.
Özünü lap "Maşenka"dakı
vətəninə dönmək
üçün uğursuz
cəhdlər edən
qoca şair Podtyagin kimi hiss edirsən. Stolun üstündə sevdiyim türk yazıçısı
Zülfü Livanelinin
"Huzursuzluq" romanının
yarımçıq mütaliəsi...
Romanın qəhrəmanı Hüseynin taleyi düşüncələrimi təqib
edir; o da talesiz bir qadını
götürüb ailəsindən,
vətənindən, bəlkə
də özündən
qaçmışdı. Amerikada axtarmışdı xoşbəxtliyini.
Hüseyn bilmirdi ki,
tale başımız üstündə
səma kimidi, ha qaçsaq da altından çıxmaq mümkün deyil. Özündən qaça
bilməzsən...
Mən özümdən
özümə sarı
qaçırdım. Baməzə birisi zarafatla deyə bilər ki, bu yaşda
hara qaçırsan, yıxılmaq təhlükəsi
var. Sakit addımlarla,
səssizcə də qaçmaq olur. Fikrim qarışıqdır, gedib
kənddə özümü,
uşaqlığımı, gəncliyimi görə biləcəyəmmi?
İçimdəki huzursuzluğu da özümlə daşıyırdım və
bu hüzursuzluq bir az da məğlubiyyət deməkdi. Fələklə öcləşmək olmaz, o sakitcə işini görər, bilməzsən. Zaman dostların
da çöhrəsinə
"əl gəzdirib"
- gözlərindəki qığılcım
öləziyib, üzlərindəki
qırışlar dərinləşib,
vaxtilə ipə-sapa yatmayan bu dəli-dolu
cavanların müdrik
söhbətləri, ağır-ağır
oturub-durmağı, hərəkətlərindəki
astagəllik mənə
çöçün gəlir,
bu dəyişikliyi sinirə bilmirəm.
Bu kənd hər dəfə cidd-cəhdlə
mənə artıq cavan olmadığımı
xatırladır... Gəncliyin fırtınaları
çoxdan, lap çoxdan
səngiyib. Yoxuşu
qalxmağa belə nəfəs çatmır...
Yatmış xatirələri oyatmağa
əlin gəlmir, çünki kədər
gətirir. Hardasa bir
küncə çəkilib
çayını içirsən,
gözlərini dənizin
sonsuzluğuna zilləyib
düşünürsən. Çay şərab qoxulu günlərin (burada "şərab"
müstəqim mənada
başa düşülməsin)
dadını vermir ki, vermir... Köhnə nəsil
artıq yoxdu, tanımadığım yeni
nəsil yetişib.
Bizə "əmi",
"dayı" deyən
nəsil... Belə... Zaman bu qədər
amansızdı...
Can yaxan istilərdən qaçıb xatirələrin
alovunda qovrulmaq da bir ayrı
dərddir. Bu odu dənizlər söndürə bilməz.
Həm də xatirələrlə
mənim aramda Çin səddi ucalıb. Bu səddi zaman və kitablar yaradıb. Beyində boş ərazi
yoxdur, o boş əraziləri doyumsuz mütaliədən əxz
etdiyim düşüncələr
zəbt edib. Gəncliyə xas dağınıq
xatirələrin yerində
müdrikcəsinə addımlayan
bir insan təsəvvür edin.
Mən indi özümü daha rahat ifadə
edə bilirəm və bu, mənə
inanılmaz dərəcədə
zövq verir. Yox, xatirələrin xarabalığında
dolaşan münzəvi
deyiləm. Qoy
lap bu xatirələr arabir əzab da versin, Nazim
Hikmət demiş,
"xatirələrimdən şikayətçi deyiləm".
Həyat
elə bir prosesdir ki, bəzən
oxuduğun kitablar da sənə çıxış yolu göstərə bilmir.
Çıxış yolunu sən
özün tapmalısan
və bu yol səni elə
bir zirvəyə gətirib çıxarmalıdır
ki, o zirvədən aşağıları seyr
edəndə keçdiyin
yolun əzabları səni ağrıtmasın,
əksinə, o ağrılar
canından çıxsın.
Mən indi o ağrıları xatırlayıram və düşünürəm ki,
elə o ağrılardan
doğulmuşam. Məni müalicə
edən də elə ağrının özü oldu. İnsana ağrı lazımdır
ki, özünü xilas edə bilsin. Onsuz hamımız zamana
məğlub olmuşuq.
Zaman insanı ağrıdır,
məhv edir və həm də sağaldır.
Sonu ölüm olsa belə!
Şəhərdən kəndə gəlib kənddəki keçmişini
- keçmişdəki, kənddəki
"mən"i axtarırsan,
amma şəhərdəki
"mən"lə üz-üzə
gəlirsən və dənizin ləpədöyənində
oturub dərdləşsən. O altereqo
sənin yazılarına köçüb
və indi sənin düşüncələrinlə
bədənin uyumlu hala
gələ bilmir. Buna
zaman imkan vermir. O cazibənin çənbərində dolaşa bilərsən, amma
yaş o yaş deyil, yaz o yaz
deyil, heç dəniz
də həmin dəniz deyil. Vaxtın
karuselində tədricən məkanlar da,
adamlar da dəyişir.
Şair demiş,
"niyə də dəyişməsin, axı dünya
fırlanır".
Vaxtın karuselindən düşən adamlar başqa bir dünyaya köçürlər. Odur ki, əziz oxucu, zərin "dü bir" verəndə qətiyyən əsəbiləşmək lazım deyil. Dostun zər tutursa, yenə kefini pozma. Böyük şairimiz Məmməd Arazın ölməz misralarını xatırla:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik...
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2017.- 12
avqust.- S.31.