Biganəlik sindromu  

 

İsveç yazıçısı Harri Martinsonun "Boş bazar günü" hekayəsi üzərinə

 

"Uşaqları və əri vəd verirdilər:

- Bir dəfə yayda, istirahət günü mütləq səni şəhər kənarına göndərəcəyik. Təsəvvür eləyirsən, ana, bütün günü təmiz havada olacaqsan!

Uşaqlar bir-birinin sözünü kəsə-kəsə onu necə gözəl istirahət gözlədiyi barədə danışırdılar. Ana hey başını tərpədib gülürdü:

- Hə, yaxşı olardı, əlbəttə - deyirdi, - əgər baş tutsa...

- Mütləq baş tutacaq! - Uşaqlar qızğıncasına inandırırdılar..."

Görkəmli İsveç yazıçısı Harri Martinsonun "Boş bazar günü" hekayəsi belə başlayır. Və elə ilk mükalimədəncə şəhər kənarına səyahətin lap yaxın bazar günlərinin birində baş tutacağı inamı yaradır. Di gəl mülayimmehriban ananın hər dəfə eyhamla gülümsünüb "əgər baş tutsa" deməsinə göz atmaq bəs edir düşünəsən ki, bu kiçik hekayə boyunca mətləb içindən mətləb, içindən çıxacaq. Ancaq yazıçı maraqlı təhkiyəsi ilə hekayədə sonun əvvəlcədən deyildiyini düşünməyə imkan vermir. Hər növbəti vəd daha cazibədar göründüyü üçün kimsə deyilənlərin, sadəcə, söz xətrinə söz demək olduğunun fərqinə varmır. Uşaqların səmimiyyətinə şübhə yeri belə qalmır: "Bu dəfə ana şəhər kənarına yollanıb bütün günü orda keçirəcək..."

Yenə də qızğın bəhsləşmə hər şeyin yaxşı olacağını vəd edir:

" - Həmin gün yeməyi özümüz bişirəcəyik, - adətən uşaqlardan biri deyirdi.

- Sən ancaq necə yaxşı dincələcəyin barədə fikirləş, ana! - Digəri onun səsinə səs verirdi.

- Bəs nə? - Üçüncü dillənirdi.

Dördüncü isə yekunlaşdırırdı:

- Hə, ana, sən dincəlməlisən. Yeməyi isə, əlbəttə, özümüz bişirəcəyik, ancaq nə bişirəcəyimizi söylə".

Verilən vədlər o qədər inandırıcı görünür ki, mütəəssir olan ana səyahətqabağı tapşırıqlarını da verməyi unutmur: "Bax, qaza qənaət eləyin, ha!"

Payızda bu söhbət bir qədər səngiyir, yağışlı oktyabr gəlib çatır, eyni cür yağışlı günləri noyabr əvəz eləyir. Arxasınca dekabr, yanvar gəlir. Və yeni vədlər başlayır:

"- Ötən il niyyətimiz baş tutmadı, - uşaqlar deyirdilər. - Amma bu il mütləq anamızı şəhər kənarına göndərəcəyik". "Hər şeyin qayğısğına özümüz qalacağıq".

Bu, həm də növbəti yaz-yay aylarının söhbətidi: "Gedib kənddə dincələrsən, keçmiş günləri yadına salarsan, bütün günü şəhər kənarında dolaşarsan. Mütləq!"

Beş il belə keçir. Nəhayət, səkkiz ildən sonra ana mülayim bir avqust səhəri gizlincə evdən çıxır. Və uzun illər boyu hər dəfə təkrar-təkrar verilən vədlərin törətdiyi fəsadı məhz bu vaxt bütün dəhşəti, gerçəkliyi ilə dərk edir; dərəyə axan çayın qırağındakı çəmənlikdə bir az gəzinmək istəyir, amma ayaqları sözünə baxmır. Gözləri qaralır, nəzərlərində hər şey ilğım kimi titrəyir. Ona elə gəlir çiçəklər, ağaclar, çöllər, hər şey, hər şey yoxa çıxıb. Harda olduğunu anlaya bilmir, təbiəti görmür. Elə bilir baxışlarının qarşısını şəhərin tozu tutub. Əslində isə bu, övlad biganəliyinin, baxımsızlığının tozudu. Ömrünün bütün yaxşı illərini övladlarına, doğma ev-eşiyinə həsr edən anaya verilən quru vədlərin aqibətini belə yaşamalı olur. Gəlib bu yerə çıxır; daha onu heçsevindirmir. Təbiət onu qorxudur, boşalmış könlünə ağrı gətirir. Ətrafında bütün gördüklərinə kədərlə baxır. Vaxtilə bu yerlərin gözəlliyinin ona verdiyi zövqün, bütün buradakıların mənasız yerə məhv olub getməsi fikrindən əzab çəkir. Və bu gözəl yay havası bütün duyğularını üşütdüyündən var gücü ilə evinə doğru qaçmaq istəyir. Ən böyük əzab da bu vaxt başlayır; şişmiş ayaqları onu evinə götürə bilmir. Qabarmanın sahilə atdığı balıq dənizə can atdığı kimi çırpınır. Yeriyə bilmir. Var gücünü toplayıb yaxınlıqdakı stansiyaya doğru sürünür; belə daha yaxşıdı, adamlar onu görər, hayına çatardoğma evinə götürərlər. İrəliyə doğru etdiyi cəhdin hər anı anaya kəskin ağrı və əzab yaşadır.

Doğma evində isə onu hədsiz qınaqla qarşılayırlar. Bu qınaq dünyanın ən böyük rəhimsizliyidi; uzun illər boyu davam edən biganəliyin bəsləyib-böyütdüyü rəhimsizlik... Əsl mərəkəsə ana evə dönəndən sonra başlayır; yenə də onu rahat qoymurlar. Gecədən xeyli keçənəcən uşaqları və əri bir-birinin sözünü kəsə-kəsə ona sübut etmək istəyirlər ki, evdən gizlicə çıxıb getməkdə yaxşı hərəkət etməyib:

"- Bəyəm, bir az gözləmək olmazdımı, ana? Elə biz də sənə sərbəst gün verməyə hazırlaşırdıq.

- Doğrudan da, fikirləşmək olar ki, guya biz səni dincəlməyə qoymaq istəmirdik, axı sən özün bilirsən, biz səni çoxdan şəhərətrafına buraxmaq istəyirdik.

- Bütün bunlar heç yaxşı olmadı! - Böyük qız nəfəsini dərdi.

- Bəli, açığını desək, yaman rüsvayçılıq oldu! - Stadiondan yenicə qayıtmış oğlan incik halda fınxırdı".

Nəcib, övladcanlı, dünyanın ən iddiasız insanı olan ana bu dəfə də övladlarını haqlı sayır, ömründə bircə dəfə öz ürəyincə yaşamaq istəməsinə görə günahkar bilir özünü: "Hə, hə, - deyə yorğun halda razılaşır. - Hə, hə, əlbəttə..."

Ana qəlbinin mərhəmətidi bu...

Onu əhatələyənsə əslində çağdaşlığın, qloballaşan dünyanın gətirdiyi biganəlik, laqeydlik mühitidi. Bu mühit isə həyatının ən gözəl anlarını insanlıq naminə qurban verən, fövqəladə çətinliklərə qatlaşan fərdi amansızcsına istismar edir, şirəsini sorur, öldürür, bitirir... və sonda cəsədini də mühakimə edir.

Yazıçı bu hekayə ilə hər cür biganəliyə, laqeydliyə qarşı mücadiləyə, üsyana səsləyir, bu qorxunc sindiroma qarşı SOS işarəsi verir, həyəcan təbili çalır. Ancaq necə? Yersiz, lüzumsuz təfərrüatlara yol vermədən, əsl yazıçı peşəkarlığı və ustalığı ilə; əsib-coşmur, danlamır, sadəcə, mənzərəni təqdim edir. Özü də xəsis boyalarla, zərif işləmələrlə, yığcam, sadə detallarla. Yazıçının kiçik ştrixlərinin açdığı dərin şırım, yarğan, əslində hekayənin alt yanısında, mətnin daxilindədi. Ən çox halda 2-3 kitab səhifəsi həcmində olan hekayə son dərəcə ibrətamiz və bitkin bir roman tutumunda gəlir oxucuya. Elə bil onilliklər boyunca yaşanan illərin bütün olmuşları ən xırda detallarına kimi gəlib keçir göz önündən... Amma yazıçı bu illərin məcmusunu sıxılmış, iç-içə kipləşdirilmiş və dönə-dönə cilalanmış hava, duyğu kimi təqdim edir; həyatı olduğu kimi qəbul edirsən, kimisə aşağılamır, qınamırsan...

Sadəcə, nəticə çıxarmaq, dərk etmək qalır hər kəsə...

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 12 avqust.- S.32.