Almafobiya
Bəlkə də dünya
Həvvanın Adəmə
verdiyi almadı...
Bəlkə, aldanmaq
elə sevilməkdi,
qovulmaqdı bir adı...
Bu nə arzu tutmaqdı? -
Sənə qədər məsafəni
addım-addım sayıram.
Yorulanda
əlimi
ürəyimin üstə
yox,
Sənin
yarandığın
qabırğama qoyuram!
Vallah,
indi almafobiya bürüyüb canımı.
Kaş əl uzatmazdım almaya
Gəl qayıdaq...
Yerimiz bura deyil
Biz Allahın gözündən
düşdük dünyaya.
Nigaran
Görəsən nə bişirir?
İndi görən nə yeyir?
Kimə baxıb danışır?
Ürəyində nə deyir?
Nə bəhanə gətirir,
yeməyi çiy
bişəndə?
Düşündüyü mənəmmi
qaşıq yerə
düşəndə?
Bəlkə əlindən düşüb
stola duz dağılır.
Mən yoxam, nə ürəyi
nə stəkan qırılır
Gecələri diksinib
yuxudan oyanırmı?
"Hər şey yaxşı olacaq"
Hələ də inanırmı?
Necə yatır oyanır?
Döyürmü gün üzünə?
Neçə yuxu danışıb
bu vaxtacan özünə?
...Qırmızı
işıqda
Mən ömür sürürdüm
həyat yolunda
Əl edib saxladın gəldiyim yerdən.
Qəzanın günahı məndədi,
kaş ki,
Dönəydim həmişə döndüyüm
yerdən.
Nə yolun sonudu, nə
də ortası,
Yolun girişində
qalmışam demə.
Adamdan-adama keçib gedibsən,
Piyada keçidi
olmuşam demə.
Zaman ayrılığa dərman
olmadı,
Çarəmiz dünyanın harasındadı?
Dərdlərə bir damcı məlhəm istədik,
Dedilər dünyanın yarasındadı!
Hərədə bir yerə, hərədə bir cür
Açılır bu ömrün bağlı yolları.
Deyəsən hamıya yaşıl
göstərir,
Bir mənəm
gözləyən işıqforları.
"Div"lər
apardı
Oğlum Mehdiyə
Bu nağıl bitməmiş
yat, əziz balam,
Nağıl da bitəcək axır olacaq.
Özünü nağıla öyrətmə,
balam,
Onsuz da həyatın nağıl olacaq...
İndi
qulaqların səs-küy
istəyir,
Böyüyüb, sükuta tələsəcəksən...
Bax indi, bir mənəm
nağıl danışan,
Böyüsən çoxundan eşidəcəksən...
Gecəni
ac yatır cırtdanlar
daha,
Bir dənə
divlərdi evə tox gəlir.
Düşünmə çox bilib-çox yaşayaram,
Cırtdan nağıllarda divə xox gəlir.
"Kim yatmış-kim oyaq" nağıllardadı,
Yatmasan, qaçmağın
yolları da var.
Ehh, bala, cırtdanlar divlərlə dostdur...
İndiki divlərin pulları da var.
Hər dəfə nağılın
bu yerində mən
Cırtdana div deyib yenə çaşıram.
Sən gecə nağıla hazır olursan,
Mən səhər
nağıla hazılaşıram.
Bir vaxt bu qaranlıq
dərd idi mənə,
Bir işıq
gəzirdim dərdimə
ortaq.
Dünyanın işıqlı yeriymiş
demə,
İndi sən yatdığın qaranlıq otaq.
Yumma gözlərini, inanma mənə,
O vaxt da uşaqlar
səhər yatardı.
Mənə də dedilər
"yat, divlər getsin",
Məni
də o axşam divlər apardı!..
Gün keçdi
Unutmağa çalışıram görürsən,
Götür bütün yaddaşımı,
uzaqlaş.
Ən çətin iş mənə düşdü,
bilirsən,
Bircə dəfə inad etmə, razılaş.
Səsin
itir qulağımdan birinci,
sonra qoxun daha gəlmir burnuma.
Xatirən də "adam kimi" dil bilir,
darıxanda qaçır
girir qoynuma...
İtirirəm səsindəki kədəri,
itir gedir qulağımdan gülüşün.
Bilirdim ki, mən də
çətin adamam,
Bilirdim ki, buz olmaqdı
vərdişim...
Bax, üzümün gülüşünün
memarı,
dön mənə bax,
itir-batır üzümdəki
əl işin,
Bir gün hər şey sona çatır ömürtək.
Yoxa çıxır nəhayətdə
yox olur,
Sevgi elə zəhrimardı, bilirsən.
Bəzən ömür azlıq
edir sevməyə,
bəzən adam özü belə çox olur...
Elvin Paşa
Ədəbiyyat qəzeti.- 2017.- 26
avqust.- S.7.