İstanbula
Nə fərqi hardasan, elə hər yerdə
adamlar ləng olur, ömür tələsir.
Qayıt
gəl, uzaqlıq qəssablar kimi
taleyin ən yaxşı yerindən kəsir.
İstanbul dizimin dibidi mənim,
Rəsmi sənədlərdə ancaq
uzaqsan.
Uçur
ümidlərim təyyarələrdə,
Bilirəm, nə vaxtsa qayıdacaqsan.
Orda hansı
səmtə bükülür
dizin?
Orda necə
axır gözünün
yaşı?
Məni
unutmaqçün dualar
elə,
Allahın evi var hər
addımbaşı.
Mən də unudardım, iradəm deyil,
Səni unutmağa ürəyim qıymır.
Bizi bu şəhərlər, küçələr, evlər,
məscidlər ayırır;
Tanrı ayırmır.
Daha şeirlərlə dolur boşluğun,
Ölkə sərhədlərin aşır
həsrətin.
İndi
şeirlərin əzbər
bilirəm,
Atilla İlhanın,
Nazim Hikmətin.
Canım üçün, yaxşıyam
Anamın
doğmalığı atamın
yadlığını
ört-basdır edəndə
anladım ki,
insan ancaq Tanrısız yaşaya bilməz.
Sənsiz də yaşamaq olurmuş, qadası.
Misal üçün, məni səhər yuxudan oyadan da var,
axşam "evə
tez gəl" deyən də.
Gör bir necə varlığı
qoymuşam yoxluğuna,
Özünü yüksəklikdən atıb intihar edən
gəncin cəsarətinə
and olsun ki,
daha yıxılmıram
sənin boşluğuna.
Yaxşıyam, canım üçün,
yaxşıyam.
Elə sən də yaxşısan, qadası.
Mənim
olmadığım yerlərdə
xoşbəxtlik var, bilirəm.
Elə sənin olduğun yer kimi,
80-ci illər kimi.
Bir də ki, səni təzədən
sevməyə nə
var.
Özün də yaxşı
bilirsən,
Bilirsən ki,
əlimin çatmadığı
yerə ürəyim çatırsa,
əlçatmaz deyilsən.
Özün də yaxşı bilirsən.
Bəlkə
Bəlkə asım özümü
həyətdəki ağacdan.
Muxalifətçilər də
xəbər yaysın
şəhərə:
"Bir cavan oğlan
özün
öldürüb ehtiyacdan".
Axı kim hardan
bilsin
mən səninçün
ölürdüm,
Mən səninçün
ölmüşəm.
Bağışlayasan deyə
nələr etməmişəm
ki,
Gecə
evdən çıxmışam
yuxunacan gəlmişəm.
Pərvi Arifə ithaf
Nədən qorxursan axı?
Ölümdür də
- bir gün
hamı dadacaq.
Yaxamızdan yapışıb
anamızı ağladacaq.
Ölümdür də…
Gələndə
bir anamızdan, bir də
sevdiyimiz qadından
çıxıb gedəcəyik.
Üçdə üç,
yeddidə yeddi,
qırxda da qırx nəfərin
yadından çıxıb
gedəcəyik.
Bu Yer kürəsi bizə də qalmayacaq;
öləcəyik.
Cəmi
bir dəfə anamız
namaz üstündə
olmayacaq;
öləcəyik.
İnsan
unutqandır,
bir gün hamı nəfəs almağı unudub ölür;
Bir az da həyasızdır,
hərdən də yaşamağın üzünə
qayıdıb ölür.
Yaxşı olardı,
bir şirin yuxuyla başımızı
qatıb, durmamaq.
Dünən bir kardioloq da bu haqda
danışırdı;
dünyanın ən yaxşı ölümü
imiş
yatıb-durmamaq.
Şair, ölümnən qorxma, qorxma, sən Allah.
Mən də qorxmuram, hərdən əlimi açıb
deyirəm ki:
"Canını almağa məndən yaxşısın
tapan deyilsən,
Allah".
Bir tikə
Məndə qadın ahı
var,
gedir göyə üz tutur.
Adamın
Allahı var,
qarğışı da tez tutur.
İstəsə durub gələr,
gələr əlimdən
tutar,
hər şey öz əlindədi.
Ürəyi yumşaqdı,
nə varsa dilindədi.
Axı onun ürəyi
yumruğundan yekədi,
Sevgisi yüz doyumluq
nifrəti bir tikədi.
Ümidə bax, İlahi:
Bəlkə də o hardasa
darıxır, çox
darıxır.
Bəhanələr axtarır
məni bağışlamaqçün.
Məni
bağışladıqca
məndən acığın
çıxır.
"İqra"
Nə qədər ki, sağdı sevdiyin adam,
sənə yazdığı
şeirləri
səadətlə bu dünyasını dəyişənə
qədər oxu.
Əgər səndən tez
ölsə,
get evindəki bütün kitabları,
arasından məktub
düşənə qədər
oxu.
Yox əgər xəstədirsə
və hələ də ölməyibsə hepatitin C hərfindən,
Əllər yuxarı!
Bildiyin bütün duaları
ölümlə sevişənə
qədər oxu.
Hərf-hərf,
söz-söz,
misra-misra:
İqra!
"İqra, bismi
rabbikəlləzi xalaq".
Qadın
Eyni səbəbdən ağlasa
da bir çox
qadın,
Fərqli
cəzalara layiqdir kişilər;
- hərə ağlatdığı
qədər.
Kişilər günahkardır
- xəyanətin sayı qədər,
qadın sədaqəti,
bir az da özünü aldatdığı qədər.
Və Tanrı kişiləri
qadınları xoşbəxt
etdiyi qədər
bağışlayacaq.
Bir gün bütün kişilər dünyaya gəldikləri üçün
qadınları alqışlayacaq.
İllərdir mətbəxinə məhkumdursa
qadın,
azadlıq bu gün yemək
bişirməməkdədir bəlkə
də.
"Azadlıq" sadəcə
sözdür
heykəlin qadından
daha çox
azad olduğu ölkədə.
Bir qadının ağız boşluğunda
bir vicdanlıq tüpürcəyi var
- tüpürə bilmədiyi.
Bir də hələ də ümidi var ki,
uzaqlarda xoşbəxtlik
var
- kişisinin gətirmək
istədiyi,
gətirə bilmədiyi.
Məsciddə
Məsciddəyəm, kim
var ki?
Bir Allahdı
bir də mən.
Susuram, danışıram,
darıxıram yerdə
mən.
Bir küncdə oturmuşam
əllərimi yoruram.
Allah evindən göyə
duaları qovuram.
İnsan
günah edəndi,
Tanrı bağışlayandı.
Bu gün yenə içirəm
dünən pozduğum
andı.
Burda təqvim hicridir,
burda şəvval ayıdır.
Günahlar maneədir,
Dua dilimdən çıxır
minarədən qayıdır.
Bu evə gəlib-gedən
neçə milyon adam var.
Məscidin imamından
çox şey bilir divarlar.
Şair elegiyasi
Şairlər xoşbəxt olmur,
ola bilmir, qadası.
Dua da edə bilmir
şairlərin əlləri,
Bəzən bir şeir olur
bir şairin duası.
Şeirlərə sığınır,
unudanda Tanrını.
Hərdən yazmaq dindirir
neçə ildi dinməyən
xroniki ağrını.
Ümiddən yetim olur
şairlərin ürəyi.
Belədə nə qorxusu?
Ən pisi yazmamaqdır
şairin gələcəyi.
Şairlər hiyləgərdi,
Gizlədir bir qadını
yazdığı hər sətirdə.
Sən də diqqətlə oxu,
bax gör tapa bilirsən
özünü bu şeirdə.
Şairə yazmaq üçün
nə lazımdı, qadası?
Qələm, payız, darıxmaq,
sevgisizlik,
bir də ki,
üstünə söz dağılmış kiçik
yazı masası.
Rəşad Nağı Mustafa
Ədəbiyyat qəzeti.- 2017.-
26 avqust.- S.3.