Ədaləti və azadlığı qadın təmsil edir

 

Amerikanın simvolu sayılan Azadlıq abidəsi bir qadının obrazıdır. Ədaləti Femida təmsil edən kimi, Amerikanın özgürlüyünübir qadın siması və vücudu təqdim edir. Qadının bir əlində məşəl, digərində kitabə var. Kitab hər yerdədir, özgürlüyün olduğu yerdə isə onun olmaması mümkün deyil. Bu gün abidə nə qədər güclü, sarsılmaz durubsa, onun ərsəyə gəlməsi bir o qədər çətin olub. Abidənin ilkin adı dünyanı aydınladan azadlıqdı. Hazırda isə bu ad sadəcə Azadlıq abidəsi qədər qısaldılıb. Azadlıq mesajı bütün dünya üçün nəzərdə tutulmuşduözgürlük hər yeri işığa aparan vasitə kimi göstərilmişdi. Obrazın ərsəyə gəlməsi üçün müxtəlif qadınların modellik etdiyi deyilirdi. Bəziləri üzün heykəltəraşın anasına, bəziləri sevgilisinə, bəziləri isə tikiş maşınlarının yaradıcı Zingerin arvadına məxsus olduğunu deyirdi. Ən çox bu versiya üzərində durdular: üz Zingerin arvadınının olsa da, ümumilikdə obraz Romanın özgürlük tanrıçası Libertasdır. (Paltarı da Roma tərzindədir) O, elə böyük, elə əzəmətlidir ki, ayaqqabılarının ölçüsü 879-dur. Dediyim kimi, heykəl asanlıqla hazır olmadı. Maliyyə çətinliyi isə abidənin istər hazırlanması, istərsə də yerləşdirilməsi zamanı ortaya çıxırdı. İş o yerə çatdı ki, istər Fransada, istərsə də Amerikada müxtəlif adamlar ianə aksiyaları təşkil etməyə başladılar. 1885-də "Dünya" adlı bir Nyu-York qəzeti pultoplama elanı verərək 102.000 dollar yığa bildi. Aksiyada hədsiz dərəcədə çox insan iştirak etdi. Aksiyaya qatılan adamların 80 faizinin qatqısı bir dollardan aşağı idi. Fransada da "Azadlıq" adlı bir lotereya oynanıldı. Qazananlar abidənin miniatür modellərini hədiyyə olaraq alacaqdılar. Xalq abidənin ərsəyə gəlməsini nə qədər çox istəsə də, rəsmi orqanlar bir o qədər laqeyd idilər. ABŞ KonqresiNyu-York şəhər administrasiyası maliyyə vəsaiti ayırmaqdan imtina etmişdi. Göründüyü kimi, rəsmi orqanlara azadlığın nəinki özü, hətta abidəsi də lazım deyildi. Xalq və ziyalılar isə təslim olmurdular. Amerikalı zənginllərin heykələ olan etinasızlığına hirslənən Jozef Pulitzer 1883-cü ildə qəzeti "Nyu-York-World"-də kampaniyaya start verdi. İanə verənlərin adları qəzetdə çap olunmağa başladı. Qəzetdə gündəlik yemək xərclərini heykəlin tikilməsinə göndərən kasıb tələbələrin də adı çıxınca zənginlər qeyrətə gəldilər. Pulitzerin bu kampaniyası sayəsində yuxarılar fikirlərini dəyişdilər. Xalqın gücü və azadlıq sevgisi onların istiqamətini dəyişdi. Onlar "hər amerikalı heykəlin yerləşdirilməsi üçün yaradılmış fonda yardım etdiyi üçün qürur duymalıdır" deyərək rəsmi şəkildə prosesə dəstək olmağa başladılar.

Əvvəlcə heykəlin məşəl tutan sağ qolu düzəldilmişdi. Sonra baş hazır oldubu hissələr ianə toplanılması üçün 1876-82-ci illərdə sərgilərdə eksponat olaraq göstərildi.

Gerçək ədəbiyyat azadlıq ideyasına və zəruriyyətinə hər zaman həssas yanaşıb. Azadlıq heykəlinin poetik tərəfi də maraqlı və əhəmiyyətlidir. Yəhudi mənşəli Emma Lazarus "The New Colossus" (Yeni görkəm) şeirini yazmaqla abidənin mahiyyətini azca dəyişmiş oldu. Şeir immiqrantların balladası kimi səslənərək Amerikanın qapılarını gəlmələrin üzünə açıq elan edirdi. Bu şeirlə romalı azadlıq tanrıçası daha real qadına - sürgünlərin anasına çevrildi. Şeir ianə kampaniyalarında səslənir, insanların qatqısını çoxaldırdı. Emma Lazarusun şeiri 1903-cü ildə lövhəyə yazılaraq abidənin içinə qoyuldu. Emma bu şeiri yazanda əsər kifayət qədər səs yaratmışdı. Emma özü Amerikaya yəhudi mühacir olaraq gəlmişdi. Mövzu ona yaxın olduğundan, şeirin energetikası güclü alınmışdı. Haşiyəyə çıxaraq qeyd edim ki, Emma  Emerson onun şeirlərini bəyənib dəstəkləyəndən sonra məşhurlaşmışdı. Şairə hətta bir kitabını Emersona ithaf etmişdi. Bir müddət sonra isə Emma Lazarus bir az unudulmuşdu, sanki. Şeirin Azadlıq heykəlinin hazırlanmasındakı rolunu unutmayan Pulitzer 1901-ci ildə onu yenidən qəzetində çap elədi, sonra "New York Times" əsəri yenidən yaydı. Emmanın rəfiqəsi şeirin yenidən gündəmə gəlməsi üçün çox çalışdı, nəticədə 1903-cü ildə şeir azadlıq heykəlinə vuruldu.

 

Bitkin düşmüşləri,

Zavallıları ver mənə.

Azad nəfəs almağa həsrət,

Biçarə qələbəliyi gətir.

Səfillərə yer yox

Bərəkətli torpaqlarda...

 

Bəzi tarixçilər heykəlin Suveyş kanalının dənizə açıldığı yerdə ucaldılmasını istəyən Misir hakimi Səid Paşa tərəfindən sifariş edildiyini belə iddia edir. Guya sonra Səid Paşa Rodos heykəli boyda ucaldılmalı olan abidənin xərclərini ödəyə bilmədiyi üçün sifarişdən vaz keçib, əsər illərlə depoda qalıb. Deyirdilər əslində, azadlıq heykəli müsəlman qadını olmalıymış. Müsəlman kəndli qadın kanalı qoruyurmuş kimi görünməliymiş. Bu iddiaların heç biri sübuta yetirilməyib və hər nə olubsa, önəmini itirib. Bu günə haqlı olaraq önəmli olan bircə şey gəlib çatıb - amerikalılar bu abidəni, özgürlük ideyasını və simvolikasını birgə, həmrəyliklə çalışaraq qazanıblar. Onlar bu abidə üzərində nəinki maddi, məhz mənəvi haqqı əldə ediblər. Mən Azadlıq abidəsinə Fransanın hədiyyəsi kimi baxmıram. Azadlıqdan hədiyyə olmur, onu qazanmaq, onun üzərində mübarizə aparmaq lazımdır. Azadlıq abidəsi isə quru daş parçası deyil, canlı və diridir. Amerika azadlıq ideyasını yuxarıların diktəsi ilə deyil, sadə xalqın sevgisi ilə ucaldıb, onu sevməyə başlayıb. Və unutmayaq ki, azadlıq ideyası bütün dünya üçün nəzərdə tutulub - Emmanın yeni yanaşmasında göstərildiyi kimi, Amerika dünyanın harasından gəlməyindən asılı olmayaraq, bütün insanlar üçün vətən ola bilir... Keçmiş prezidentər bu siyasi xətti dəstəkləmək üçün çıxışlarında tez-tez Emmanın "Yeni görkəm" şeirinə müraciət edirdilər. Kennedi 1958-ci ildə, Obama immiqrant siyasətində reformu dəstəkləyən kampaniyasında şeirdən misralar səsləndirmişdi. Bu cür ədəbi faktlar mənə yazmağın nə qədər önəmli olduğunu bir daha xatırladır. Mən ədəbiyyatın siyasətin və ədalətin, özgürlüyün və həmrəyliyin yanında olmasından qürur duyuram.

 

Sahilə

 

Ədəbiyyat qəzeti.- 2017.- 26 avqust.- S.11.